Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Türkiyədə şok bank fırıldağı – 25 yaşlı gənc yüz minləri aldatdı

Türkiyədə şok bank fırıldağı – 25 yaşlı gənc yüz minləri aldatdı

“Ciftlikbank” rəhbəri ölkədən qaçdı; virtual oyundan real bank dələduzluğuna

Türkiyə “Ciftlikbank” şokunu yaşamaqdadır. 2016-cı ildə xırda fermer Mehmet Aydın tərəfindən qurulan “Ciftlikbank” qısa müddətdə Türkiyədə böyük məşhurluq qazanmışdı. Onu bir növ, Azərbaycanda yaşanan “Vahidbank” hadisəsi ilə müqayisə etmək mümkündür.

Çox maraqlıdır ki, ilkin mərhələdə bank virtual oyun kimi yaradılıb. Daha sonra üzvlərin yatırdığı əmanətlər hesabına real hesablar formalaşdırılıb. Bu hesablara toplanan pullarla M.Aydın əvvəlcə Bursada bir fermer təsərrüfatı, daha sonra Manisada broyler fabriki qurduğunu elan edib. Yeni üzvlərdən əldə etdiyi vəsaitlər hesabına əvvəlki üzvlərin əmanət faizlərini qaytaran fırıldaqçı virtual aləmdən real həyata keçməyi qərara alaraq “Ciftlikbank”ı sənədləşdirib. Bank getdikcə Türkiyədə məşhurlaşıb, hər yerdə reklam olunub. İş o yerə çatıb ki, Türkiyədən kənardan, elə Azərbaycanın özündən də insanlar ona yatırım etməyə başlayıblar. Hazırda 27 yaşı olan bir gəncin qurduğu fırıldaq piramidası Türkiyə hüquq-mühafizə orqanlarının diqqətini bu ilin əvvəlindən cəlb edib. Buna ölkənin müxtəlif ərazilərində yaşayan bank “üzvlərindən” daxil olan şikayətlər səbəb olub. Belə ki, çoxsaylı insanlar “banka” qoyduqları pulların faizlərini ala bilmədikləri üçün hüquq-mühafizə orqanlarına üz tutublar. Bundan sonra bütövlükdə bankın fəaliyyəti ilə bağlı şübhələr yaranıb. Yanvar ayının ortalarında bank rəhbərliyi üzvlərin qəbulunun dayandırıldığını elan edib. Daha sonra bankın sahibi olan Mehmet Aydın Türkiyəni tərk edib. Onun ən son fevralın ortalarında Türkiyədə olduğu istintaqa məlumdur. Həmin vaxt İstanbuldakı ünvanını dəyişən bank sahibini ondan sonra Türkiyədə görən olmayıb.

Yüz minlərlə insana milyardlarla lirə “atılıb”

Ä°lgili resim

Türkiyə Baş Prokurorluğu martın 24-də ölkə üzrə “Ciftlikbank”a qarşı qaldırılmış bütün iddiaların İstanbulda toplanması barədə qərar qəbul edib. İstintaq materiallarından aydın olur ki, “Ciftlikbank” üzvlərindən 1 milyard 139 milyon lirədən çox vəsait toplanıb. Bunun cəmi 687 milyon 838 min lirəsi geri ödənilib. Bankın aktivlərinin həcmi cəmi 58 milyon 126 min lirə təşkil edir. Daha 128 milyon 490 min lirə müxtəlif şirkətlərə sərmayə yatırımları edilib. Qalan pulların M.Aydın, xanımı və qardaşı tərəfindən mənimsənildiyi ehtimal olunur. İstintaqa görə, yarandığı gündən indiyədək “Ciftlikbank” üzvlərinə 2 milyard 971 milyon lirə ödəniş etməli olduğu halda, bunun dörddə birindən də az ödəyib. Sistemin qurucuları ilk günlərdəncə insanları aldatmaq niyyətində olublar. Beləliklə də, fırıldaq piramidası vasitəsilə132 min 222 nəfərdən pul toplamağı bacarıblar.

İstanbul Baş Prokurorluğunun təqdimatı əsasında 16 şübhəli şəxsin, həmçinin şəbəkəyə daxil olan 3 firmanın əmlakına həbs qoyulub.

Sakarya Baş Prokurorluğunun qərarı ilə bankın keçmiş baş müdiri Savaş Yıkılmaz, Cəfər Çolak, Həmzə Toklu, M.Aydının xanımı Sıla Aydın, qardaşının xanımı  Həvva Aydın həbs olunub. Böyük qardaşı Fatih Aydın da ölkədən qaçıb. İki qardaşın Ukraynada bir seriala vəsait yatırdıqları da istintaqa məlum olub.

Türkiyənin “Hürriyet” qəzetinin məlumatına görə, cinayət işində M.Aydından əlavə, eyni soyadlı daha 3 nəfər idarəçinin də adı keçir. Onlara bağlı daha 4 nəfərin də şəbəkənin idarəçiliyində aktiv rol oynadığı deyilir. İstintaqa məlum olub ki, toplanan pullar hesabına Türkiyənin müxtəlif bölgələrində kağız üzərində iribuynuzlu heyvan, arıçılıq, broyler təsərrüfatları yaradılıb, saxta açılış mərasimləri düzənlənirmiş.

“Ciftlikbank”  ile ilgili görsel sonucu

M.Aydının ilk olaraq Uruqvaya getdiyi güman olunur. Artıq Türkiyə hüquq-mühafizə orqanları onun alınması üçün Uruqvayın müvafiq qurumları ilə rəsmi təmaslara başlayıblar.

Fırıldaqçı “bankir”in Uruqvayda olması ehtimalı onun ötən ildən etibarən vaxtının böyük hissəsini bu ölkədə keçirməsi, orada özünə bahalı mənzil və avtomobil alması səbəbilə yaranıb. Qeyd edək ki, martın əvvəllərində Türkiyə mətbuatı M.Aydının Uruqvayda lüks evlərin yerləşdiyi ərazidə, mühafizəli evlərdən birini aldığını üzə çıxarıb. Onun həmçinin çox bahalı “Ferrari” avtomobili də aldığı məlum olub. Maraqlıdır ki, M.Aydın Uruqvaydakı qonşularına 640 min dollarlıq avtomobilin ona atası tərəfindən hədiyyə edildiyini bildiribmiş. Daha maraqlısı isə budur ki, o, mənzili və avtomobili özünün deyil, 12 il əvvəl Uruqvaya köçmüş kasıb bir türkün adına rəsmiləşdirib.

Lakin son məlumatlara görə, M.Aydın Uruqvaydan Braziliyaya qaçıb. Buna görə də Türkiyə hökuməti yalnız Uruqvay və Braziliya deyil, Argentina və digər ətraf  ölkələr, həmçinin Dubay hüquq-mühafizə orqanlarına da müvafiq bilgilər göndərib. Bütün ölkələrdən M.Aydının saxlanaraq Türkiyəyə təslim olunması istənilməkdədir…

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …