Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Türkiyə ordusunun Baş Qərargah rəisi Tehrana gedib

Türkiyə ordusunun Baş Qərargah rəisi Tehrana gedib

General Hulusi Akarı həmkarı dəvət edib; əsas mövzu kürdlər, sərhəd və Suriya mövzusudur

Türkiyə ordusu Baş Qərargah rəisi, ordu generalı Hulusi Akar İrana səfər edib. “Təsnim” İnformasiya Agentliyinin məlumatına görə, Akar Tehrana İran ordusu Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Baqirinin dəvəti ilə səfər edib. Tehran hava limanında Türkiyə Baş Qərargah rəisini İran ordusu Baş Qərargahı rəisinin xarici əlaqələr üzrə müavini general-mayor Qadir Nizami, Türkiyənin Tehran səfiri və hərbi attaşesi qarşılayıb.

İran mediasının xəbərinə görə, səfər zamanı Şimali İraq Kürd Muxtariyyətində sentyabrın 25-də keçirilən referendum, iki ölkə arasında əməkdaşlıq, hərbi əlaqələr, sərhəd təhlükəsizliyi, hərbi əməkdaşlıq, qaçaqmalçılıqla mübarizə, Suriya böhranı və regional problemlər müzakirə olunacaq. H.Akar səfər gedişində İran Milli Təhlükəsizlik Şurası Baş Katibi, general Şamxani ilə görüşəcək.

Qeyd edək ki, oktyabrın 4-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İrana səfər edəcək. Yeri gəlmişkən, iki ay əvvəl İran ordusunun baş qərargah rəisi Türkiyəyə səfər etmişdi və qeyd olunan mövzularda danışıqlar aparmışdı. Hulusi Akarın Tehran ziyarəti müdafiə və təhlükəsizlik sahəsində iki ölkə arasında əməkdaşlığın artırılması ilə yanaşı, Türkiyə prezidentinin Tehran səfəri öncəsi əldə olunacaq hərbi sahədə anlaşmaların detallarının razılaşdırılması məqsədi daşıya bilər. Xüsusən də ortada iki mühüm məsələ var. Birincisi Suriyada münaqişənin həlli, İdlib əməliyyatının həyata keçirilməsində iki ölkə arasında koordinasiyanın təşkil olunması, ikinci mühüm məsələ isə kürd separatizmidir.

Fikrimcə, Akarın indi Tehrana səfərində əsas gündəm mövzu məhz kürd məsələsidir. Çünki İraqda yaranmış yeni vəziyyət, kürdlərin referendum keçirməsi birbaşa iki ölkəni – İran və Türkiyəni təhdid edir. Hər iki ölkə İraqdakı kürd muxtariyyəti ilə birbaşa sərhədə malikdir, üstəlik öz ərazilərində ciddi sayda kürd etnik qrupu var və bunların içərisində silahlı separatçı təşkilatlar mövcuddur. Həm Ankara, həm də Tehran növbəti mərhələdə kürd separatizminin öz ərazilərində alovlanmasından narahatdır. Bunun üçün sərhədlərin möhkəmləndirilməsi, daxildəki separatizmin qarşısının alınması ilə yanaşı regional əməkdaşlıq mühümdür. Çünki sərhədlər xeyli dərəcədə “açıqdır” və iki ölkə arasında əməkdaşlıq olmasa, terrorun yayılmasının qarşısını almaq mümkün olmayacaq.

Bu səbəbdən də indi Ankara və Tehran “saatların tutuşdurulmasına” ehtiyac duyur. Yeri gəlmişkən, İranın yeni təyin edilmiş Baş Qərargah rəisi, general Baqiri SEPAH-dan gəlmədir və uzun illər kürd silahlı ünsürlərinə – PEJAK-a qarşı mübarizə aparıb. Əslən Təbriz yaxınlığından olan Baqirinin kürdlərə qarşı əməliyyatlarda iştirak etdiyi bildirilir. İndi isə şərtlər iki ölkənin hərbiyyəsini sərhəddə və regional sahədə əməkdaşlığa vadar edir. (Musavat.com)

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …