Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Dünya / Türkiyə Öcalanı Amerikadan hansı şərtlərlə alıb – Başbuğun dediklərinə reaksiyalar

Türkiyə Öcalanı Amerikadan hansı şərtlərlə alıb – Başbuğun dediklərinə reaksiyalar

Azərbaycanlı ekspertlərdən olayla bağlı maraqlı şərh

1999-cu ildə ABŞ Abdullah Öcalanı Türkiyəyə verməklə PKK-ya nəzarəti Suriyadan öz əlinə aldı. Axar.az xəbər verir ki, bunu “Hürriyet” qəzetinə açıqlamasında Türkiyə Baş Qərargahının keçmiş rəisi İlkər Başbuğ deyib.

“Bunu ilk dəfə deyəcəyəm. ABŞ 1999-cu ildə Abdullah Öcalanı niyə Türkiyəyə verdi? O zamankı baş nazir Bülənt Əcəvitin açıqlamasını xatırlayın. O, “niyə bunu bizə verdiklərini anlaya bilmədim” demişdi. Mən öz fikrimi sizə söyləyəcəm. Öcalan 1979-cu ildə Suriyaya gedir. Orada özünə kürd qruplaşması qurur. Dəməşqdə yaşayanda Öcalan kimin nəzarəti altında idi? Əsəd rejiminin, daha açıq desək, Mühabəratın (Suriya kəşfiyyatı – red.).

Təbii ki, buna Rusiyanın da təsiri olub. Onu Suriyadan çıxardıb Türkiyəyə təslim etdilər. Nəticədə terror təşkilatı Suriyanın nəzarətindən çıxdı və Amerikanın nəzarətinə girdi. ABŞ PKK-ya nəzarəti Qəndil vasitəsilə həyata keçirir. Öcalanın təşkilata təsiri hələ də həbsdən davam edir, amma artıq Suriya faktoru yoxdur. ABŞ-ın Öcalanı Türkiyəyə verməsinin əsas səbəbi məhz təşkilata nəzarət idi. Təbii ki, 1999-cu ildən sonra ABŞ-ın PKK probleminin həllinə böyük önəm verdiyini görürük. Bu da Öcalanın Türkiyəyə verilməsinin ikinci səbəbidir. Abdullah Öcalanı həbsxanaya yerləşdirməklə PKK problemini həll etmək mümkün deyil”, – deyə o bildirib.

İ.Başbuğun bu açıqlamaları ciddi müzakirələrə səbəb olub. Türkiyə ordusunun Afrinin 2 kilometrliyinə qədər irəlilədiyi bir gündə onun bu cür açıqlamalar verməsi ilə bağlı mövqelər birmənalı deyil. Başbuğun fikirlərində həqiqət payının çox olduğunu deyənlər də var, bunun əksini düşünənlər də.

Elxan Şahinoğlu ile ilgili görsel sonucu

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a açıqlamasında Amerikanın heç bir dövlətə təmənnasız dəstək vermədiyini söylədi: “Başbuğun sözlərində həqiqət də var, razılaşmadığım məqamlar da. Razıyam ki, Amerika təmənnasız heç bir dövlətə dəstək vermir, hər zaman qarşılığını istəyir. Bu siyasətin və elə həyatın da əsas qanunudur. Mümkündür ki, Amerika 1999-cu ildə PKK liderini Türkiyə kəşfiyyatına təslim etməklə qarşılığında Ankaradan nəsə istəyib. Ancaq mən hesab etmirəm ki, bu qarşılıq məhz PKK-ya nəzarət olub. Amerikanın PKK-ya nəzarət etməsi üçün Türkiyədən icazə almasına ehtiyacı yox idi.

Öcalan Başbuğ ile ilgili görsel sonucu

Bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi özbaşına da edə bilərdi. Ancaq sual yaranır: PKK-nın indiki idarəçiləri bilə-bilə ki, liderlərini Amerika Türkiyəyə təslim edib, nədən həmin Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlığa üstünlük verdilər? Belə çıxıb ki, terrorçular həm öz liderlərini satıblar, həm də marksist ideologiyadan birdəfəlik uzaqlaşaraq düşmən kapitalistlərlə dostlaşmağa qərar veriblər. Başbuğun bir başqa fikrinə də şərikəm. Bəli, Amerikanın Suriyada kürd terrorçulara verdiyini dəstəyin əsas hədəfi Türkiyə deyil, İrandır. Amerika elə etmək istəyir ki, İran Suriya üzərindən Yaxın Şərqdəki dost qruplaşmalara pul və silah göndərə bilməsin. Ona görə də Amerika istəyirdi ki, Suriyanın kürd ərazilərinə nəzarət etsin. Ancaq ABŞ bunu edərkən Türkiyənin maraqlarını nəzərə almadı. Çünki kürd silahlı qruplaşmalar faktiki terrorçudurlar və İrandan əvvəl Türkiyəni təhdid edirlər. Türkiyə Amerikanın kürd terrorçularına artan dəstəyinə seyrçı qalıb Suriya ilə sərhədinin əldən getməsinə seyrçi qala bilməzdi. Amerikalı strateqlər bunu nəzərdən qaçırmışdılar. Ona görə də indi Türkiyə Amerikanın planlarını alt-üst edərək PKK/PYD/YPG üçlüyünü zəiflədir, sərhəddən uzaqlaşdırır. Amerikanın səhvi onda idi ki, Vaşinqton bölgədə İran amilini zəiflətmək istəyirdisə, Türkiyəni qarşısına yox, yanına almalı və kürd terrorçularına dəstək verməməli idi”.

Siyasi şərhçi Əhəd Məmmədli ile ilgili görsel sonucu

Siyasi şərhçi Əhəd Məmmədli Başbuğun daha çox bir fikri ilə razıdır: “Bu Başbuğun subyektiv fikridir. Yəni heç bir fakta əsaslanmayan bir mülahizədir. Amma onu da qeyd edək ki, Başbuğ mövqeyinə, keçmişinə görə informasiyalı adamdır. Subyektiv fikrini belə hansısa informasiyaya dayanıb söyləyə bilər, təbii ki, informasiya mənbəyini açıqlamamaq şərti ilə. Başbuğun bu fikrinin bir nüansı ilə tamamilə razıyam, Öcalanı həbs etməklə PKK problemi həll edilməz. Öcalan gərək həbs ediləndə öldürülməli idi. Necə ki, Bin Laden öldürüldü. ABŞ-ın maraqlarına cavab verilməsəydi, Öcalan Türkiyəyə təhvil verilməzdi. Ona görə Öcalan Türkiyəyə təhvil verilməklə PKK tamamilə Amerikanın nəzarətinə keçdi sözlərində həqiqət var. İllər keçdi, gedişat onu göstərdi ki, PKK tam Amerikanın nəzarətindədir. Fikrimcə, PKK-nın ABŞ-ın tam nəzarətinə keçməsi SSRİ-nin dağılması ilə başlandı. Afrin əməliyyatının başa çatdığı vaxtda Tillersonun istefası, yerinə anti-Türkiyə mövqeli Pompeunun təyin edilməsi zamanında Türkiyə ABŞ-a bu mesajı verə bilər ki, Öcalanın həbsi zamanı hansı razılıqlar əldə edilib, bu razılaşmanı davam etməsəniz, biz anlaşmanı pozacağıq və bununla PKK ”kartı”nı sizinlə yox Rusiya ilə oynayacağıq. Fikir verin, Başbuğ açıqlamasında “Rusiyadan fərqli Amerikanın Suriyada strategiyası yoxdur” söylədi. Bu Başbuğun dili ilə Türkiyənin Amerikaya önəmli mesajı idi. Həqiqətən ABŞ dövlət qurumları içində bir koordinasiyasızlıq müşahidə edilir. Ən azı, Afrini ABŞ Türkiyəyə uduzdu, bunu hamı gördü, o cümlədən PKK da. Növbə Menbicindir. Vaxtilə Öcalanı Türkiyəyə təhvil verməklə, ABŞ PKK-nı Suriyanın, o cümlədən, Rusiyanın nəzarətindən alsa da, həyatın ironiyası elə gətirdi ki, indiki günlərimizdə, PKK-nın taleyi Suriyada Türkiyə və ABŞ arasında həll edilir”.

Həmçinin oxuyun

“Paşinyan da bunu başa düşür” – Ərdoğan

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Cənubi Qafqaz regionunda yeni nizam yaradılır və Ermənistanın …