Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Dünya / Türkiyədə keçirilən bələdiyyə seçkilərində sürprizlər yaşana bilər

Türkiyədə keçirilən bələdiyyə seçkilərində sürprizlər yaşana bilər

Qardaş Türkiyədə bu gün səhər saatlarından başlayaraq bələdiyyə seçkiləri keçirilir. 64 milyon seçici yaşadığı məhəllənin və kəndin muxtarını (seçilmiş icra nümyəndəsi), ilçe (rayon) və vilayət mərkəzlərinin bələdiyyə başqanlarını seçəcək.

Əslində bu seçkilərdə partiyaların siyasi proqramlarından daha çox, namizədlərin öz qabiliyyətləri, onların yerli əhaliyə hansı dərəcədə xidmət göstərdiyi və ya göstərməyə hazır olduğu müzakirə edilməlidir.

Lakin məsələnin siyasi ölçüləri yerli səviyyəni aşır və çox vaxt bələdiyyə seçkiləri ölkənin siyasi gələcəyini müəyyən edən bir çox nəticələri özü ilə bərabər gətirir.

Məsələn 1983-cü ildə təkbaşına hakimiyyətə gələn Turqut Özal və onun Ana Vətən partiyasına ən böyük zərbə məhz 1989-cu ildə keçirilən bələdiyyə seçkilərində vurulub. Həmin il İstanbul (Nurettin Sözen), Ankara (Murat Karayalçın) və İzmir (Yüksel Çamur) şəhərləri CHP-nin (o vaxtkı adı ilə SHP-nin), əlinə keçdi. Bundan sonra özünə gəlməyən ANAP 1991-ci il parlament seçkilərində ağır məlubiyyətə uğradı.

1994-cü ilin bələdiyyə seçkiləri isə Türkiyə mühafizəkarlarının və onun gələcək lideri Rəcəp Tayyip Ərdoğanın parladığı siyasi sonucları doğurdu. Nəcməddin Ərbakan öndərliyindəki Rifah partiyası İstanbul (Rəcəp Tayyip Ərdoğan) və Ankara (Melih Gökçek) şəhərlərində qalib gəldi. Həmin vaxtdan bu yana sağ mühafizəkar cəbhəni təmsil edən siyasi qüvvə (Rifah-Fazilet-Ak Parti) bu iki şəhərdəki üstünlüklərini itirməyiblər.

1994-cü ilin bələdiyyə seçkilərinin Türkiyəyə ən böyük hədiyyəsi isə şübhəsiz onun gələcək lideri Rəcəp Tayyip Ərdoğan sayıla bilər. Türkiyənin gələcək prezidentinin merlik etdiyi 4 il ərzində gördüyü işlər ona İstanbulun əfsanəvi başqanı statusunu qazandırdı və bir sonrakı siyasi karyerası üçün tükənməz kredit bəxş etdi.

Ədalət və İnkişaf partiyasının 2002-ci ildə qalib gələrək iqtidara yerləşməsindən bu yana bələdiyyə seçkiləri həmişə onların dominantlığı altında keçib.

Xüsusilə Türkiyədə kırsal kəsim deyilən, yəni Mərkəzi Anadolu bölgəsinin əksəriyyətində milliyətçi-mühafizəkar güclərin üstünlüyü mütləq olub. Müxalif CHP isə öz ağırlığını sənaye regionlarında, sahil şəhərlərində və Qərb bölgəsində hiss etdirib.

Bu mənada İzmir, Tekirdağ, Ədirnə kimi şəhərləri CHP-nin “alınmaz qalaları” adlandırmaq olar. Sahildə Antalya, Hatay, Trabzon, Giresun, Mersin kimi şəhərlərdə seçki mühafizəkarlarla sosial-demokratlar arasında gərgin yarışa səhnə olur.

Ənənəvi olaraq bu il əsas mübarizə yenə də İstanbul və Ankara şəhərlərində gedəcək. Ak Parti bu şəhərlərə iki ağır topunu Binali Yıldırım və Mehmet Özhasekinin namizədliklərini irəlü sürüb.

Binali Yıldırımın əsl vəzifə insanı olduğunu söyləyənlər yanılmırlar. Türkiyənin keçmiş baş naziri və parlamentin sədri siyasi karyerası boyunca prezident Rəcəp Tayyip Ərdoğanın yanında olub. Ərdoğanın İstanbul merliyi dövründə Binali Yıldırım İstanbul dəniz nəqliyyatının (İstanbul dəniz otobüsleri) rəisi, baş nazirliyi və prezidentliyi dövründə Türkiyənin nəqliyyat naziri (2002-2016), Türkiyənin baş naziri (2016-2018) və nəhayət Türkiyə Böyük Millət Məclisinin sədri (2018-2019) kimi fəaliyyət göstərib.

Ak Partinin Ankara merlliyinə namizədi Mehmet Özhaseki isə Kayserilidir. Ülkücü (MHP) kökənli Özhaseki gənclik illərindən siyasətə atılıb. 1999-cu ildən 2015-ci ilə qədər Kayseri bələdiyyə başqanı olub. 2016-ci ilin may ayından etibarən isə Binali Yıldırımın kabinetində şəhər quruculuğu və ətraf mühit naziri vəzifəsində çalışıb.

CHP isə İstanbulda əvvəlki dövrlərdən fərqli olaraq bu dəfə tamamilə yeni profildə namizəd, Beylikdüzü rayonu bələdiyyə başqanı Əkrəm İmamoğlunu irəli sürüb. Əkrəm İmamoğlu 1970-ci ildə Trabzonda anadan olub. Ali təhsilini İstanbul univeristetində Menecmentlik fakultəsində alıb. 22 yaşından iş həyatına atılan İmamoğlu, hətta Trabzonspor klubunun idarə heyətinin üzvü olub. Siyasi həyatını Cümhuriyyət Xalq Partiyasında quran Əkrəm İmamoğlu 2014-cü ilədək partiyanın Beylikdüzü təşkilatının sədri vəzifəsində çalışıb. 2014-cü il seçkilərində isə o, Ak Partili bələdiyyə başqanı Yusuf Uzuna qalib gələrək həmin rayonun meri seçilib.

İmamoğlunu İstanbul merliyinə namizədliyinə irəli sürülməsinə səbəb onun Beylikdüzündə gördüyü işlərlə bağlı təqdir qazanmasının böyük rolu var. Yeni yaranan bu rayonda son 5 ildə aparılan quruculuq və abadlıq işləri rəhbərliyin diqqətindən qaçmayıb.

Ankarada isə CHP Mehmet Özhasekinin qabağına başqa bir ülkücü və MHP kökənli namizədi irəli sürüb. Bu 2014-cü ildə Melih Gökçeke olduqca az bir fərqlə məğlub olan Mansur Yavaşdır.

Son anketlər hər iki şəhərdə mübarizənin baş-başa gedəcəyini göstərib. ORC agentliyinin araşdırmasına əsasən, Binali Yıldırım rəqibi İmamoğlunun qarşısında sadəcə 2% irəlidədir: 49,6%-46,4%. Bu, CHP namizədinin güclü rəqibi arasındakı fərqi qapatdığını göstərir.

ORV Ankarada da üstünlüyü iqtidar namizədinə verib. Buna rəğmən Türkiyədə seçkilər anketləri tez-tez yanıldır. Siyasi müşahidəçilər CHP namizədlərinin İstanbul və Ankarada qalib gəlməsinin sürpriz olmayacağını deyirlər.

Buna bir neçə səbəb göstərilir. Əsas olaraq isə iqtisadi vəziyyətin bir qədər pisləşməsi göstərilir.

Daha bir səbəb olaraq özünü türk milliyətçiliyinin başqa bir qanadı sayan Meral Akşener öndərliyindəki İYİ partiyanın və PKK-ya yaxınlığı ilə bilinən Xalqların Demokrat Partiyasının iqtidara qarşı eyni cəbhədə yer almasıdır.

XDP-nin burdakı vəzifəsinin kürd əsilli vətəndaşların kompakt olaraq CHP-ni dəstəkləməsi, İYİ partiyanın isə Ak Partinin yanında duran milliyətçi elektoratı parçalamaq ve beləliklə hakim siyasi qüvvəni zəiflətmək olduğu söylənilir. 3-cü səbəb kimi isə iqtidarın öz içindəki dinamik inkişafın zəifliyi və bir qədər yorulduğu qeyd olunur.

Bütün bunları göstərərək, hakim partiyanın Bursa, Trabzon kimi alınmaz hesab edilən şəhərləri də rəqibə təslim edəcəyini söyləyənlər az deyil.

Türkiyədə seçki araşdırmaları üzrə tanınmış ekspertlərdən sayılan Adil Gürün fikrincə, bu seçkilərdə iqtidar partiyası üçün mənfi yöndə sürprizlər olması ehtimalı olduqca qüvvətlidir. O, Ankarada Mansur Yavaşın qələbəyə daha çox yaxın olduğunu söyləyib.

Lakin sürprizin əks yöndə olacağını deyənlər də var. Onların fikrincə, anketlər əslində müxalifətin başının altına yastıq qoymaq üçündür.

Hər bir halda bu seçkilər əvvəlki illərdəkindən fərqli olaraq başa-baş keçən yarışa şahidlik edəcək. Son sözü isə hər bir halda türk xalqı söyləməlidir!, (Musavat.com)

Həmçinin oxuyun

Aparıcı Rusiya saytı Qarabağdakı separatçı-terrorçu rejimin “bayrağı”nın reklamına başladı…-FOTO

Eyni sayt 2016-cı ildə  qondarma rejimin başçısı Bako Saakyanla müsahibə dərc etmişdi… Rusiyanın məşhur Lenta.ru …