Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / Dünya / TÜRKİYƏ-ABŞ MÜNASİBƏTLƏRİNİN GƏRGİNLƏŞMƏSİNƏ SƏBƏB OLAN FAKTORLAR

TÜRKİYƏ-ABŞ MÜNASİBƏTLƏRİNİN GƏRGİNLƏŞMƏSİNƏ SƏBƏB OLAN FAKTORLAR

Amerika Birləşmiş Ştatları və Türkiyənin uzun tarixi ittifaqı və əməkdaşlıqları var. Amerika Birləşmiş Ştatları və Türkiyə münasibətləri Osmanlı imperiyası dövründən başlayan və 1947-ci ildən etibarən aktiv fəaliyyət göstərən beynəlxalq siyasətdir. İki dövlət arasında münasibətlərin “qızıl dövrü” 1950-1990-cı illər idi. Bu dövrdə Türkiyə Sovet təhlükəsinə qarşı ABŞ və Qərb ölkələrinin müttəfiqi idi. Türkiyə 1952-ci ildə NATO-ya qoşulub və bu ABŞ və Qərb dünyası ilə ittifaqını daha da möhkəmləndirdi. Lakin zaman keçdikcə Türkiyənin güclənməsi və regionda baş verən hadisələrə müdaxiləsi Qərb dövlətləri ilə qarşıdurmaya gətirib çıxardı.
İki dövlət arasında gərginlik birdən-birə yaranmayıb. Uzun müddət idi ki, ABŞ-Türkiyə münasibətləri soyumaqda idi. 2003-cü ildə baş verən və tarixdə “Çuval hadisəsi” kimi tanınan türk əsgərlərinin amerikan əsgərləri tərəfindən saxlanılması iki dövlət arasındakı münasibətləri gərginləşdirdi. Hazırda Türkiyə və ABŞ arasındakı münasibətlərində çoxlu sayda gərginlik ocaqları var:
Birinci, İsrail-Fələstin münaqişəsində Türkiyənin Fələstini, ABŞ-ın isə İsraili müdafiə etməsi iki dövlət arasında narazılıqlara səbəb oldu.
İkinci, PKK ilə PYD 2016-cı ildə Ankaraya hücum təşkil etdi. Ərdoğan ABŞ-ı PYD-yə silah yardımı etməsində günahlandırır. Ötən il Türkiyədə dövlət çevrilişinə cəhdin başında dayanan Fətullah Gülənin hələ də ABŞ-ın Pensilvaniya ştatında rahat şəkildə fəaliyyət göstərməsi münasibətlərə ciddi təsir göstərir. ABŞ onu Türkiyəyə təhvil verməkdən boyun qaçırır.

Üçüncüsü, Türkiyənin Rusiya ilə ciddi surətdə yaxınlaşmasıdır. Türkiyənin Rusiyadan müxtəlif növ silahlar alması, Rusiya və Türkiyənin birlikdə İdlibdə əməliyyatlara başlaması ABŞ-ı narazı salan məqamlardır. 2017-ci ilin iyulunda Ankara ilə Moskvanın hərbi sferada əməkdaşlığı və “S-400” hava hücumundan müdafiə sistemlərinin Türkiyəyə çatdırılacağı ilə bağlı xəbərdən ən çox həyəcan keçirən ölkələrdən biri də ABŞ-dır.
Dördüncü məqam Suriya məsələsi ilə bağlıdır. Burada bir çox dövlətlərin maraqları toqquşur və ABŞ-ın aktiv müdaxiləsi regiondakı müttəfiqləri arasında razılıqla qarşılanmır. Türkiyənin Suriya məsələsində öz xarici siyasət xətti var və bu siyasət ABŞ və İsrail maraqlarına ziddir. Suriyada vətəndaş müharibəsinin alovlanması və getdikcə daha çox ölkənin bu müharibəyə cəlb olunması Türkiyə ilə ABŞ arasında münasibətlərin nizamlanmasını əngəlləyir. Türkiyə Suriya konfliktinin həll olunmasında açar rol oynayan ölkədir. Ancaq Türkiyə təkbaşına konflikti həll etmək iqtidarında deyil. Bunu yalnız bölgədəki müttəfiqlərin köməyilə edə bilər. Bu səbəbdən də Türkiyə Səudiyyə Ərəbistan və körfəz ölkələri ilə birgə hərəkət edir. Amma Suriya probleminin həllinə regionun önəmli dövləti olan İran da töhfə verməlidir. İran Türkiyə və ərəb ölkələri ilə bu məsələnin həlli üçün birgə səy göstərməlidir.
Tərəflərin addımlarını analiz edəndə hər iki tərəfdə də yol verilmiş xətalar olduğunu görmək olur. Məsələn, Türkiyə Rusiya və İranla strateji səviyyədə müttəfiqlik qurub və bu əlaqələrdə ABŞ-ın maraqları nəzərə alınmır. Digər tərəfdən, ABŞ PKK-nın qolları olan PYD və YPG ilə əlaqələr qurub və kürd dövlətinin yaranması istiqamətində addımlar atır və həmin bölgəyə demokratik qüvvələrə yardım adı altında xeyli silah-sursat göndərir. Və bu silahlar da gələcəkdə Türkiyənin təhlükəsizliyinə ciddi xələl gətirə bilər. ABŞ keçid dövrü üçün Əsədin hakimiyyətdə qalmasını qəbul etməyə başladı. Türkiyə isə bu fikirlə heç cür razılaşa bilmir. Amerika heç vaxt Türkiyənin regionda şəraitə rəhbərlik etməsinə imkan verə bilməz. Türkiyənin regionda daha da güclənməsi ABŞ tərəfindən təhlükə kimi qiymətləndirilir. Buna görə də Türkiyəyə qarşı qoymaq üçün PYD və YPG-ni əlində saxlayır.

Türkiyə ilə İran arasında dollardan imtina razılığı əldə olunanda ABŞ-ın bunu həzm etməyəcəyi güman olunurdu. Türkiyə rəhbərliyinin ABŞ-ın əzəli rəqibləri ilə ittifaqı dərin geosiyasi qarşıdurmaya gətirir. Hazırda Türkiyə prezidenti ABŞ-ın Yaxın Şərqdə strateji planlarına qarşı Rusiya və İranla razılaşma əldə edib.
Türkiyə və Amerika arasında ciddi fikir ayrılıqlarına İran və İsrail məsələsi də təsir edir. Türkiyənin BMT-nin Təhlükəsizlik Şurasında İrana qarşı sanksiyaların əleyhinə olması bunlardan biridir.
2016-cı ildə ABŞ-ın İŞİD-ə qarşı təşkil etmək istədiyi koalisiyaya rəsmi Ankaranın qoşulmaqdan imtina etməsi son illər münasibətləri gərgin olan bu iki ölkənin açıq şəkildə ittiham dili ilə danışmalarına səbəb oldu. Türkiyə 49 konsulunun İŞİD-in əlində olduğu üçün ABŞ-ın Yaxın Şərqdəki koalisiyasına qoşulmaqdan imtina edib.
2017-ci il mayın 16-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Amerika Birləşmiş Ştatlarına səfəri və bu ölkənin dövlət başçısı Donald Trampla görüşündə Türkiyə-ABŞ münasibətlərində soyuqluğun aradan qalxması, bir sıra qaranlıq məqamlara aydınlıq gətirilməsi, əməkdaşlığın inkişaf etdirilməsi məsələləri ilə yadda qaldı. İki ölkə arasında son illər münasibətlərdə gərginlik artmışdır. Obama höküməti dövründən Yaxın Şərqdə baş verən hadisələrdə Türkiyənin göstərdiyi mövqe, Ərdoğanın Suriya böhranının nizamlanmasında ABŞ-ın maraqlarına zidd siyasət yürütməsi ABŞ-ı narahat edirdi. Görüşdə Türkiyə üçün əsas məsələlərdən biri olan terrorla mübarizə məsələsi müzakirə olundu. Yaxın Şərq və Suriya münaqişəsində terrorçulara qarşı birgə səylərin gücləndirilməsi və ABŞ-ın YPG-nin silahlandırılması qərarına Türkiyənin sərt münasibəti ifadə edildi.
2017-ci il oktyabrın 12-də ABŞ-Türkiyə münasibətləri daha da gərginləşdi. Tərəflər arasında diplomatik qalmaqal Türkiyədə ABŞ konsulluğunun əməkdaşı Metin Topuzun saxlanılmasından sonra baş verib. Rəsmi Ankara onu Türkiyədə baş verən dövlət çevrilişi cəhdinin təşkilində ittiham olunan Fətullah Gülənlə əlaqədə şübhəli bilir. Bu hadisədən sonra iki dövlət qarşılıqlı olaraq viza müraciətlərini təxirə salıblar.
Həm ABŞ, həm də Türkiyə bir-biri üçün nə qədər mühüm olduqlarını anlayır. Türkiyənin iqtisadiyyatı daha çox Qərbə inteqrasiya olunub. Türkiyə Qərbdən aldığı iqtisadi üstünlüklərdən imtina edə bilməz. Bundan başqa, Türkiyənin regiondakı nüfuzu onun NATO üzvlüyünə bağlıdır. Amerika NATO-nun aparıcı dövləti kimi NATO-Türkiyə münasibətlərinə mənfi təsir göstərə bilər. Türkiyənin Əfqanıstandakı rolu Amerika üçün xüsusi əhəmiyyət kəsb edir. Belə ki, türk qüvvələri əfqan əsgərlərinə təlim verilməsində aparıcı rol oynayır.
İki dövlət arasında münasibətlərin qaydaya salınması üçün hər iki tərəf ciddi cəhdlər etməlidir. Bunun üçün ABŞ Suriya siyasətinə göz gəzdirməli, terrorçu kürdlərə dəstəyi dayandırmalı və Gülən məsələsinə aydınlıq gətirməlidir. Türkiyə isə ABŞ-la münasibətdə Rusiya faktoruna diqqət yetirməli və çalışmalıdır ki, Yaxın Şərqdəki siyasətini ABŞ-la uzlaşdırsın.
2017-ci ilin oktyabrında NATO Baş katibi Yens Stoltenberq Türkiyə və ABŞ-ı problemləri həll etmək üçün masa arxasına oturmağa dəvət edib.

ABŞ və Türkiyə arasında yaşanan viza böhranından sonra Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ iki ölkə arasında nümayəndələrin bir araya gəlib bu məsələ üzərində işləmələrinə dair qərar veriləcəyi barədə açıqlamalar verib.
Artıq iki dövlət arasındakı gərginliyin nizamlanması üçün addımlar atılır. 2017-ci ilin 17 oktyabrında Ağ Ev administrasiyası yeni qərarla, tibbi və humanitar vəziyyətlərdə Türkiyə vətəndaşlarına viza veriləcəyini açıqlayıb. Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ viza verilməsi qaydalarının əvvəlki vəziyyətə qayıdacağını bildirib. İki ölkə arasında diplomatik böhrana səbəb olan Metin Topuzun azadlığa buraxılması ABŞ və Türkiyə arasında münasibətlərin nizamlanması üçün ciddi səylərin aparıldığını göstərir və bu problemin həll olunmasında hər iki ölkənin diplomatları çalışır.
ABŞ ilə Türkiyə arasında problem həll olunacaq. Çünki ABŞ və Türkiyə bir-birinə yaxın ölkələrdir və beynəlxalq birlikdə əməkdaşlıq sahələri çoxdur. Nə Amerika Türkiyəsiz, nə də Türkiyə Amerikasız bu gün beynəlxalq aləmdə rahat addımlaya bilər.

ƏSMƏR BƏGƏLİYEVA AĞALAR QIZI
magistr, Azərbaycan Respublikası Prezidentinin Yanında Dövlət İdarəçilik Akademiyası

Həmçinin oxuyun

Pakistan Fransaya nota verdi

Pakistanın Xarici İşlər Nazirliyi Fransanın İslamabaddakı səfirliyinə Parisdəki antiislam kampaniyası ilə əlaqədar etirazını bildirib. Azinforum.az …