Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Trampın oğlunun istintaqa ifadəsi: “Atam Emini Floridaya qolf oynamağa dəvət etdi, orada…”

Trampın oğlunun istintaqa ifadəsi: “Atam Emini Floridaya qolf oynamağa dəvət etdi, orada…”

Ötən gün ABŞ Senatının hüquq komitəsi prezident Donald Trampın oğlunun və köməkçilərinin 2016-cı il iyunun 9-da Nyu-Yorkdakı “Trump Tower”də rusiyalı vəkil Natalya Veselnitskaya ilə görüşünə dair istintaqın materiallarını yayıb. Virtualaz.org xəbər verir ki, 2500 səhifədən çox olan istintaq materiallarında həmin görüşün bir sıra iştirakçılarının, o cümlədən Trampın oğlunun ifadələri yer alır.

Həmin görüş Donald Trampın yaxın ətrafının Rusiya ilə gizli işbirliyinin mərkəzi epizodlarından biridir. Əgər xüsusi prokuror Robert Müller Trampın qərargahının Moskva ilə gizli sövdələşməsinə dair rəsmi ittiham irəli sürsə o zaman Veselnitski ilə görüş ittiham aktında əsas yerlərdən birini tutmalıdır.

Amerika KİV-ləri həmin istintaq materiallarından Trampın oğlunun 232 səhifəlik ifadəsinə geniş yer ayırır. Oğul Donald dinləmələrə eyni zamanda üç vəkilin müşaiyəti ilə qatılıb və ifadəsinə əvvəlcədən hazırlanmış yazılı bəyanatını oxuyaraq başlayıb. Bildirib ki, 2002-2013-cü illərdə “Trump Organization” “Kainat gözəli” müsabiqəsinin keçirilməsi hüququna malik idi və atasının 2013-cü ildə Moskvaya səfəri də bu müsabiqə ilə bağlı olub.

Orada Tramp müğənni Emin Ağalarovla və atası, milyarder Araz Ağalarovla tanış olub. Bundan sonra Tramp Ağalarovun “Crocus Group” şirkəti ilə Moskvada daşınmaz əmlak layihələrinə dair danışıqlara girib, amma bu danışıqlar nəticəsiz bitib.

Oğul Tramp deyib ki, onun özü həmin vaxt atası ilə birlikdə Moskvaya getməyib, amma əvvəllər Rusiya paytaxtında olub. Müsabiqədən sonra atası Emini Floridadakı qolf-klubda keçirilən turnirə dəvət edib və orada Trampın oğlu müğənni ilə, habelə onun promouteri Rob Qoldstounla tanış olub. Qoldstoun sonradan Tramp praymerizlərdə  qələbə münasibətilə  hərdən e-maillə təbrik edib, bir dəfə isə Trampın oğlunu Eminin Nyu-Yorkdakı konsertinə dəvət edib.

Trampın oğlunun ifadəsinə görə 2016-cı il iyunun 3-də o, Qoldstoundan e-mail alıb, orada deyilirdi ki, “bir nəfərin əlində Hillari Klintonu və onun Rusiya ilə münasibətlərini ifşa edən, Trampın qərargahının işinə yaraya biləcək” sənədlər və informasiyalar var.

“Mən buna skeptik yanaşdım. Çünki Qoldstounu Eminin kifayət qədər koloritli promouteri kimi tanıyırdım. Ona görə də anlaya bilmədim ki, Qoldstounun dedikləri nə dərəcədə ciddidir. Sonradan görüşdə heç bir faydalı informasiya ala bilmədiyimizə görə bu məsələdə haqlı olduğum təsdiqləndi”-Trampın oğlu bildirib.

Oğul Donald ifadəsində bildirir ki, Qoldstoun ona Rusiya tərəfdən görüşdə kimlərin iştirak edəcəyi barədə siyahı təqdim edəcəyini demişdi, amma belə siyahı göndərilməyib. Trampın oğlu isə əvvəlcədən bildirib ki, özü ilə görüşə Cared Kuşneri (Trampın kürəkəni) və seçki qəargahının rəhbəri Pol Manafortu gətirəcək.

Həmin gün Qoldstoun Trampın kontoruna vəkil Veselnitskayanın müşaiyəti ilə daxil olur. Onunla birlikdə sonradan Trampa İrakli Kavaladze kimi təqdim olunan tərcüməçi də görüşdə iştirak edir. Bir neçə dəqiqə sonra görüşün keçirildiyi konfrans zalına Kuşner və Manafort daxil olurlar, onlar görüşün məzmunu qeydə alırlar.

Görüşdə rusiyalı vəkil əvvəlcə Rusiya ilə bağlı olan və Hillari Klintonun kampaniyasını maliyyələşdirən amerikalı biznesmenlər barədə danışıb. “Mənə başa düşmək çox çətin idi ki, o nə deyir və nədən bunları danışır”-Trampın oğlu deyir.

Onun ifadəsinə əsasən vəkil tez mövzunu dəyişib və rusiyalı uşaqların Amerikada övladlığa götürülməsi məsələsindən, habelə “Maqnitski aktı”ından danışıb. “O vaxta qədər mən “Maqnitski aktı” barədə eşitməmişdim və bu məsələ ilə tanış deyildim. Görüşə də bunun üçün getməmişdim”-Trampın oğlu deyir.

Kuşner zalı tərk edəndən sonra Trampın oğlu da Veselnitskayaya nəzakətlə görüşün başa çatdığını bildirib, deyib ki, atası fərdi şəxsdir və bu mövzularla bağlı diskussiyalar aparması faydasızdır. Qonaq ona təşəkkür edib və zaldan çıxıb. Trampın oğlu onun zalda hansısa sənəd qoyub-qoymadığını xatırlamır.

Qoldstoun isə ifadəsində bildirib ki, həmin görüş Emin Ağalarovun təşəbbüsü ilə təşkil edilmişdi. Hansı ki, Emin israrla ona Hillari Klinton barədə kompromatların olduğunu demişdi. Qoldstounun dediyinə görə o, Emini belə görüşün arzulunmaz nəticələr doğura biləcəyi haqda xəbərdar edib. Amma Emin bildirib ki, bunun heç bir önəmi yoxdur: “Sən sadəcə olaraq bu görüşü təşkil etməlisən”.

İstintaqda Trampın oğlunun Qoldstounla elektron yazışmaları da əksini tapıb. Orada oğul Donald bildirir ki, əgər rusiyalı vəkil Hillari Klinton barədə kompromatlar təqdim etsə bu əla olardı. Məhz bu cavab Trampın oğlunun Rusiyadan kömək qəbul etməyə hazır olmasının sübutu hesab edilir…

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …