Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Tramp Çini Rusiyadan uzaqlaşdıra biləcəkmi? – TƏHLİL

Tramp Çini Rusiyadan uzaqlaşdıra biləcəkmi? – TƏHLİL

Henri Kissincer (Henry Kissinger) 1971-ci ildə Çinə səfər edəndə təkcə Vaşinqton və Pekin arasında 25 il davam edən soyuqluğa son qoymayıb. O, həmçinin uğurlu diplomatik gediş edərək, Amerikanın əsas düşmənləri Çin və Sovet İttifaqını bir-birindən ayırıb. Bununla Kissincer beynəlxalq münasibətlərdə əsl inqilab edib, Amerikaya strateji üstünlüyünü geri qaytarıb. Con Hopkins universiteti nəzdində Beynəlxalq Araşdırmalar Məktəbinin dünya siyasəti məsələləri üzrə professoru, tarixçi Hel Brends (Hal Brands) “Bloomberg”-də dərc olunan məqalədə yazır.

Bu gün Amerika yenidən Moskva və Pekinin düşmən münasibəti ilə üzləşib. Donald Tramp (Donald Trump) administrasiyası isə Kissincerin manevrini təkrarlamağı düşünür. Ancaq bu dəfə Amerika Rusiyanı öz tərəfinə çəkmək, onu qüdrətli Çinə qarşı çıxarmağa ümid edir. Bu, böyük yük hiss edən böyük dövlətə qarşı incə düşünülmüş fikirdir. Amma onu yalnız o vaxt həyata keçirmək mümkün olacaq ki, vəziyyət xeyli yaxşılaşacaq və eyni zamanda xeyli pisləşəcək.

İlk baxışda, Rusiya və Çini bir-birinə qarşı çıxarmaq geosiyasi məntiq baxımından qüsursuz görünür. Bu ölkələr Amerikanın təsiri və ABŞ-ın başçılıq etdiyi beynəlxalq sistemin stabilliyinə böyük təhlükə kəsb edirlər. Onlar paralel olaraq öz təsir dairələrini yaratmaq üçün kampaniya keçirir, Amerika alyanslarını və tərəfdaşlıqlarını zəiflədir, həmçinin dünya arenasında öz güclərini nümayiş etdirirlər.

Halbuki keçmişdə bu ölkələr əməkdaşlıq etməkdən daha çox rəqabət aparıblar. Onlar öz aralarında həm soyuq, həm isti müharibə aparıblar. Onlar indi də Mərkəzi Asiya və başqa regionlarda təsir uğrunda mübarizə aparan rəqib olaraq qalıblar. Tarixi təcrübə göstərir ki, min kilometrə yaxın ümumi sərhədə malik bu böyük, iddialı ölkələr vaxt keçdikcə bir-birinə qarşı çıxacaq. Və onlar da bunu bilirlər.

Bununla yanaşı, Amerika düşmənlərinin sayını azaltsa, heç də pis olmaz. ABŞ sürətlə strateji iflasa doğru yaxınlaşır, onda Amerika üzərinə götürdüyü qlobal öhdəlikləri yerinə yetirə bilməyəcək. Əgər Rusiya ilə münasibətlərdə gərginliyə ara verilsə, onda bu, ABŞ-ın müdafiə potensialının Şərqi Avropadakı hərbi yükünü azaldacaq. Bu səbəbdən ağıllı administrasiya var gücü ilə Rusiya və Çinlə eyni vaxtda qarşıdurmadan qaçmalı, bəlkə hətta Moskva ilə strateji tərəfdaşlıq yaradıb, Pekin tərəfdən daha ciddi və uzunmüddətli təhlükəni azaltmalıdır.

Əslində, uzun illər əvvəl Kissincer və Riçard Niksonun (Richard Nixon) etdiyi məhz bu olub.  Düzdür, onda Rusiya və Çinə tam əsk rollar nəsib olmuşdu. Çin və Sovet İttifaqı arasında aşkar düşmənçilik və artan gərginliyi izləyən Nikson administrasiyası daha güclü tərəfə – Moskvaya qarşı çıxmaq üçün daha zəif tərəf – Pekinlə münasibət qurmağa başlamışdı.

1970 və 1980-ci illərdə Amerika rəhbərliyi sovet təsirinin qarşısını almaq və onu zəiflətmək məqsədilə bu münasibətləri tədricən qeyri-rəsmi alyansa çevirib. “İt oğlunun öhdəsindən gəlmək üçün birlikdə işləyə, səylərimizi birləşdirə bilərik” – 1973-cü ildə Mao (Mao Zedong) Kissincerə deyib. ABŞ Çinlə məhz belə edib, diplomatiya, iqtisadiyyat, kəşfiyyat və hətta hərb sahəsində əməkdaşlığı tədricən genişlədib.

Bu cür dönüş böyük strateji qazanc gətirib, Sovet İttifaqında böyük əndişəyə səbəb olub. Həmin vaxt Kreml rəhbərlərindən biri yazırdı ki, ABŞ “Asiya və ümumilikdə bütün dünyada beynəlxalq siyasətdə yeni strateji qüvvələr balansı” yaradır. Kissincerin “üçbucaq diplomatiyası” SSRİ-ni (amma Amerikanı yox) çətin dilemma qarşısında qoymuşdu. Sovet İttifaqı iki güclü rəqiblə üzləşmişdi. Bu, bir çox halda sonradan Qərbin soyuq müharibədə qələbə qazanmasına da yardım edib.

Şübhəsiz, Rusiya ilə barışıqda israr edən və bunda Çinə təzyiq vasitəsi görən Tramp administrasiyasının və digər qurumların strateqləri məhz bu analogiyanı nəzərdə tutub. Təəssüf ki, reallıqda bu analogiya özünü doğrultmur, ən azından, hələlik.

Əsas səbəb ondan ibarətdir ki, Rusiya və Çin arasında qarşılıqlı cazibə qüvvəsi, onları ayıran qüvvədən daha güclüdür. 1960-cı illərin sonu Sovet İttifaqı və Çin Xalq Respublikası müharibə, özü də nüvə müharibəsi həddinə çatıb. Buna səbəb onların kommunist dünyasında liderlik uğrunda apardıqları amansız rəqabət olub. Hazırda Moskva və Pekin bir-biri ilə yaxşı yola gedir. Onlar hərbi texnikanın istehsalı kimi sahələrdə aktiv əməkdaşlıq edir, Cənub Çin dənizindən Baltik dənizinə kimi ən qaynar nöqtələrdə birgə hərbi təlimlər keçirir, qlobal idarəetmənin avtoritar normalarını (belə deyək, “internetdə suverenlik” ideyasını) inkişaf etdirir və Qazaxıstandan tutmuş Venesuelaya qədər ən müxtəlif ölkələrdə istibdadını möhkəmlədir.

Onların əsas məqsədi ABŞ-ın başçılıq etdiyi beynəlxalq nizamı parçalamaqdır. Çünki hesab edirlər ki, bu nizam onların təsir və nüfuzlarını artırmağa mane olur. Belə ki, həmin ölkələrə avtokratik rejimlər başçılıq edir. Onlar da böyük demokratik dövlət tərəfindən ciddi ideoloji təhlükə hiss edirlər. Rusiya və Çin rəhbərləri 1990-cı ildən etibarən Amerika üstünlüyünə qarşı strateji tərəfdaşlığın rəsmi şəkildə formalaşdırılması barədə danışıqlar aparırlar. Deyəsən, bu gün artıq belə bir tərəfdaşlıq yaradılıb.

Lakin diplomatiya çətin vəziyyətdə əlverişli imkanları axtarmaq sənətidir. Amerika istibdad oxunu sındırıb, Putinə qarşı düşmən siyasətini zəiflədə bilərmi? Bilər, ancaq buna görə astronomik bədəl ödəməli olacaq.

Nəticə etibarilə Çin daha böyük iqtisadi, hərbi potensiala malik olduğu üçün Amerikanın maraqlarına daha böyük təhlükə kəsb edir. Qısamüddətli perspektivdən danışsaq, onda Vladimir Putin daha təhlükəli və destruktiv oyunçu olduğunu sübut edib. Son 10 il ərzində rusiyalı lider üç böyük hərbi müdaxilə həyata keçirib: Gürcüstana, Ukraynaya və Suriyaya. Bundan başqa, o, qərb siyasi sistemlərinə həyasız, cəsarətli hücumlar həyata keçirib.  Çox güman Putin hesab edir ki, Rusiyanın Ukrayna və Suriyadakı hərbi qələbələrini, 2016-cı il Amerika seçkilərinə ucuz (və çox effektiv) müdaxiləsini, AB və NATO-nu sarsıdan dərin daxili böhranlarını nəzərə alsaq, hücumlar kifayət qədər uğurlu olub.

Ona görə ABŞ Putini Qərbə hücumları dayandırmağa inandırmaq və şərqdə Çin tərəfdaşına münasibətdə düşmən mövqe nümayiş etdirmək üçün çoxlu güzəştə getməli olacaq. Və bu, “Suriya müqabilində Ukrayna” mübadiləsi olacaq. Administrasiyanın bəzi üzvləri buna üstünlük verir (bu sxem üzrə Vaşinqton Ukraynaya görə anti-rusiya sanksiyalarını ləğv edir, Moskva terrorizmlə mübarizə çərçivəsində Suriyaya yardım göstərir).

Çox güman, daha geniş güzəşt, kompromis və razılıq paketi, o cümlədən qüvvələrin demontajı və NATO-nun Şərqi Avropa və Baltikyanı regionda yerləşdirməyə başladığı rus aqressiyasına qarşı vasitələr gərək olacaq. Öz növbəsində, bu cür güzəştlər Amerika alyanslarının strukturunu daha çox zəiflədəcək. Onlar onsuz da Trampın xüsusilə Kanadada keçirilən “G7” görüşü və NATO-nun Brüssel sammitində vurduğu zərbələrdən özünə gələ bilməyib. Ola bilsin, beynəlxalq sistemin xilası naminə Amerika onun bəzi elementlərini məhv etməli olacaq.

Bu o demək deyil ki, Çinə qarşı koalisiyanın tərkibinə Rusiyanı daxil etmək üçün Amerikanın heç vaxt fürsəti olmayacaq. Ancaq bunları etmək üçün həm yaxşı, həm pis tərəfə ciddi dəyişikliklər lazımdır. Bir tərəfdən, Rusiyanın Çin tərəfdən gördüyü təhlükə xeyli artmalıdır, çünki Pekinin təsiri və aqressivliyi artır, Rusiyanın uzunmüddətli geosiyasi potensialı zəifləməyə davam edir. Çin ekspansionizmi Moskvanın Mərkəzi Asiya, hətta Sibirdə təhlükəsizlik maraqlarına ciddi təhlükə törətməyə başlayıb. Bu da səbəblərdən biri ola bilər.

Digər tərəfdən, Putin və ya xələfini inandırmaq lazım gələcək ki, Rusiyanın Qərb ilə münasibətlərini yaxşılaşdırmalıdır, ABŞ və onun qərb müttəfiqləri ilə qarşıdurmaya görə böyük bədəl ödəyəcək və daha mötədil mövqe tutmalı olacaq. Çinin qarşısını almaq məsələsində Moskvanı Qərbə birləşdirmək üçün o, əvvəlcə belə bir nəticə çıxarmalıdır ki, Pekinlə qarşılıqlı fəaliyyətdə Qərbə üstün gəlməlidir.

Bu şərtlər həyata keçsə də, Amerikaya üçbucaq diplomatiya sənətində uğur qazanan yeni Kissincer lazım olacaq. Belə bir şəxs meydana çıxmayanadək, Rusiyanı ələ keçirmək hesabına Çinə qarşı çıxmaq baha başa gələn səhv ola bilər.

Mənbə: BLOOMBERG

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …