Bazar ertəsi , May 27 2024
Ana səhifə / Dünya / Tokayev Paşinyanla görüşə hansı təkliflərlə gedir? – TƏHLİL

Tokayev Paşinyanla görüşə hansı təkliflərlə gedir? – TƏHLİL

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev aprelin 15-də Ermənistana rəsmi səfər edəcək. 

Dövlət başçısı İrəvanda Ermənistan Prezidenti Vaahn Xaçaturyan və Baş nazir Nikol Paşinyanla görüşəcək. Gündəliyə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi daxil olsa da, regional əməkdaşlıq məsələlərinin daha çox müzakirə predmeti olacağı gözlənilir.

Kasım-Jomart Tokayevin regional əməkdaşlığa dair konkret təkliflərlə gələcəyi gözlənilir. Qazaxıstan Prezidentinin qovluğundakı məsələlər çox güman ki, qapalı danışıqların mövzusunu təşkil edəcək.

Ermənistan mediası Tokayevin səfərini rəsmi Astananın Nikol Paşinyan hakimiyyətinin irəli sürdüyü “Dünyanın kəsişməsi” layihəsinə maraq göstərməsi ilə izah edir.

Qeyd edilir ki, Prezident Tokayev “Armenpress”ə müsahibəsində qarşılıqlı əlaqələrin regional logistik strukturuna qoşulmaq baxımından, diqqətə və hərtərəfli öyrənməyə layiq olan yeni nəqliyyat ideyası kimi qiymətləndirib.

“Layihələrin səmərəli şəkildə irəliləməsi üçün ən başlıcası, regionda kommunikasiyaların gələcəkdə blokdan açılması ilə bağlı bütün maraqlı tərəflərin qarşılıqlı məqbul razılaşmalar əldə etməsidir. Nəqliyyat əlaqələrinin tam işləməsi bütün Cənubi Qafqazın iqtisadi inteqrasiyası və regionda sabit sülhün bərqərar olması istiqamətində mühüm addımdır”, – Qazaxıstan Prezidenti belə deyib.

Xatırladaq ki, Prezident Tokayev martın 11-12-də Azərbaycanda səfərdə olub. Füzuli şəhərində Qazaxıstanın maliyyə dəstəyi ilə uşaqlar üçün inşa edilmiş Kurmanqazı adına Yaradıcılığın İnkişafı  Mərkəzinin açılışında iştirak edib. Sonra Azərbaycan və Qazaxıstan prezidentləri birlikdə Şuşaya səfər etmişdi. Tokayevin işğaldan azad edilmiş bölgələrə səfər etməsi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstək mesajı kimi qiymətləndirilmişdi. 

Lakin Tokayevin Azərbaycana səfəri həm də rəsmi Astananın bütövlükdə Cənubi Qafqaza marağlnın artması ilə bağlıdır. Bunu martın 18-də Qazaxıstanın xarici işlər naziri Murad Nurtleu Ermənistana səfəri də təsdiq edir. Həm Kasım-Jomart Tokayevin Bakıda, həmçinin Murad Nurtleunun İrəvanda verdiyi açıqlamalar Qazaxıstanın Cənubi Qafqazdan keçən nəqliyyat-kommunikasiya dəhlizlərinə marağının artdığını göstərir.

Xüsusilə də Azərbaycanın öz ərazilərini işğaldan azad etməsi, yəni Cənubi Qafqazda sabitliyin bərpası istiqamətində mühüm addımın atılması, eyni zamanda, Ukraynada müharibə başladıqdan sonra Rusiya üzərindən Avropa bazarlarına çıxış imkanlarının tam məhdudlaşması Qazaxıstan üçün daha əlverişli  nəqliyyat-kommunikasiya marşrutlarının meydana çıxması üçün geosiyasi və geoiqtisadi şərait yaradıb.

Söhbət Avropa və Çin arasında ticarət əlaqəsi rolunu oynayan “Orta dəhliz”dən gedir. Qazaxıstan “Orta dəhliz” vasitəsilə taxıl, neft, qaz, elektrik enerjisi, uran və digər məhsullarının Avropa bazarlarına daşınmasına çalışır. Rəsmi Astananın Cənubi Qafqaza marağının artması həm də bununla bağlıdır.

Bu kontekstdə Zəngəzur dəhlizinin açılması Qazaxıstan üçün strateji əhəmiyyət kəsb edir. Eyni zamanda, “Orta dəhliz”in əsas marşrutlarından biri Qazaxıstan ərazisindən keçir. Bu baxımdan, Qazaxıstan Avrasiya nəqliyyat dəhlizinin əsas tranzit ölkələrindən birin çevrilə bilər. Tokayevin Bakıya səfəri zamanı Azərbaycan mediasına müsahibəsində Qazaxıstanın Avrasiya regionunun dinc və sabit inkişafına yönəlmiş istənilən səyləri dəs təkləmə hazır olduğunu demişdi.

Çünki Qazaxıstanın üzv olduğu Türk Dövlətləri Təşkilatına daxil olan ölkələr məhz Avrasiya nəqliyyat dəhlizinin üzərində yerləşir. Qazaxıstan həm də Xəzərsahili ölkə kimi “Transxəzər” nəqliyyat və enerji marşrutlarında fəal iştirakçı olmaq istəyir. Lakin indiyə qədər Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmaması bu prosesə mane olur.

Ona görə də Zəngəzur dəhlizinin açılmaması Qazaxıstanın Cənubi Qafqazdakı strateji maraqlarını bloklayır. Rəsmi Astana xarici münaqişələrin həllində vasitəçilik təcrübəsinə malik tərəf kimi, cox güman ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması və kommunikasiyaların açılması üçün təşəbbüs irəli sürəcək.

Bu mənada, Tokayevin Paşinyan və Xaçaturyanla  görüşdə Astana sülh platformasını təklif edəcəyi istisna olunmur. Hətta Qazaxıstan Prezidenti neft və təbii qazın Avropa bazarlarına Ermənistan vasitəsilə nəqlini nəzərdə tutan yeni infrastruktur layihələri təklif edə bilər.

Kasım-Jomart Tokayev Bakıya səfəri zamanı Qazaxıstanın Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə bağlanmasında maraqlı olduğunu demişdi. Qazaxıstan Prezidenti bildirib ki, regionun infrastrukturunun bərpası təkcə Azərbaycanın deyil, bütün Cənubi Qafqazın inkişafına töhfə verəcək. Əslində, Tokayevin bu mesajı Ermənistana ünvanlanıb. 

Çünki sülh müqaviləsi olmasa, regionda nəqliyyat-kommunikasiya infrastrukrunu əngəlləməklə yanaşı, yeni münaqişə risqləri yaradır. Ermənistan hakimiyyəti Qazaxıstanın təşəbbüsündən daha çox öz maraqları üçün istifadə etməyə çalışır. Murad Nurtleunun İrəvana səfəri zamanı Ermənistan xarici işlər naziri Ararat Mirzoyan qazaxıstanlı həmkarına “Dünyanın kəsişməsi” proqramını təqdim edib. 

Yəni Ermənistan daha çox adıçəkilən layihəyə beynəlxaql diqqəti cəlb etməklə Zəngəzur dəhlizinin açılmasından yayınmağa çalışır. Halbuki Zəngəzur dəhlizi açılmasa Türkiyə ilə sərhədlərin açılması perspektivi görünmür. Bu halda “Dünyanın kəsişməsi” layihəsinin reallaşması mümkün ola bilməz. Qazaxıstan üçün ən qısa və rentabelli marşrut Zəngəzurdan keçən dəmir və avtomobil yollarının bərpası ola bilər. 

Eyni zamanda, rəsmi İrəvan Qazaxıstanın sülh təşəbbüsündən də öz maraqları üçün sui-istifadə etməyə çalışır. Ermənistan Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası prosesində 1991-ci il Alma-Ata Bəyannaməsinin imzalandığı dövrə aid xəritələrə istinad olunmasını təklif edir. Lakin bu təklifin hüquqi əsası olmadığına görə, Azərbaycan tərəfindən qəbul edilmir. 

Paşinyan hakimiyyəti isə vaxtilə Alma-Ata Bəyannaməsinin imzalanmasına ev sahibliyi etmiş Qazaxıstandan bunu xahiş etməklə Azərbaycanı sovet dövründə mövcud olmuş inzibati sərhədlərin yenidən tətbiqinə razı salmaq niyyəti güdür. 

Halbuki, həmin sənəd sərhədlərin müəyyənləşməsi üçün hüquqi baza yaratmır. Ona görə də Qazaxıstan özü qonşu ölkələrlə sərhədlərin delimitasiyası və demarkasiyası zamanı Alma-Ata Bəyannaməsini əsas kimi götürməyib. 

“Cebhe.info”

Həmçinin oxuyun

Subasma səbəbindən azərbaycanlıların kompakt yaşadığı 15 kəndlə əlaqə kəsildi – VİDEO

Güclü yağış Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli, Bolnisi, Dmanisi və Tetriskaro rayonlarında ciddi fəsadlara səbəb …