Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Dünya / Tofiq Zülfüqarov: “Ermənistana ultimatum vermək lazımdır”

Tofiq Zülfüqarov: “Ermənistana ultimatum vermək lazımdır”

İyulun 4-də işğalçı Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində Füzuli rayonunun Alxanlı kəndində 18 aylıq Zəhra və nənəsinin qətlə yetirilməsi Qarabağ danışıqlarının mənasız olduğunu və işğalçı ilə “öz dilində” – silahla danışmağın zəruriliyini ortaya qoydu. Yaranmış yeni situasiya ilə bağlı Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovla söhbət etdik.

– Tofiq bəy, Alxanlıdakı hadisədən bir neçə saat sonra Rusiya XİN erməni əsilli Rusiya vətəndaşlarının Bakıda hava limanında incidildiyi barədə iddia irəli sürdü. Əslində həmsədr ölkə Ermənistana təpki göstərməli, onun hərəkətini pisləməliydi. Sizcə, Azərbaycan əleyhinə yönəlik bu bəyanatın verilməsində məqsəd nə idi? Bu, Ermənistanı dolayı müdafiədən xəbər vermirmi?

– Birincisi, mənim məlumatıma görə, ermənilərin Azərbaycana gəlişi ilə əlaqədar məsələ bir neçə dəfə Azərbaycan və Rusiya arasında müzakirə olunub. Ələlxüsus da XİN vasitəsilə Rusiya tərəfini nə isə maraqlandırırsa, məsələ müzakirə oluna bilərdi. Yəni səfirlər görüşə, bizim Rusiyadakı səfir, yaxud Rusiyanın burdakı səfiri vasitəsilə narahatlıq çatdırıla bilərdi. Amma bu məsələni ictimailəşdirmək, gözəçarpan şəkildə onu göstərmək ondan xəbər verir ki, məqsəd məsələni həll etmək yox, əksinə, Azərbaycana qarşı jest etməkdir. Azərbaycan və Rusiya arasında 90-cı illərdə bağlanmış sazişdə xüsusi bir bənd var.

Tərəflər öz ərazilərində digər tərəfə qarşı heç bir fəaliyyətə dəstək vermirlər və onun qarşısını alırlar. Amma bizim bildiyimiz qədər erməni diaspor təşkilatları və erməni mənşəli Rusiya vətəndaşları Azərbaycanın ərazi bütövlüyünə qarşı proseslərdə iştirak edirlər və erməni diaspor təşkilatları Azərbaycan əleyhinə fəaliyyətdə fəaldırlar. Amma dediyim kimi, bu, imzalanmış sazişə zidd fəaliyyətdir. Azərbaycan tərəfi dəfələrlə öz narahatlığını göstərirdi ki, separatçı rejimin “Moskva nümayəndəliyi” açıq-aşkar fəaliyyət göstərir, diaspor təşkilatları Azərbaycanın ərazi bütövlüyünə qarşı müxtəlif tədbirlərdə “bayraqlar” qaldırırlar, tədbirlər keçirir, pul yığırlar və s. Bu, Azərbaycana qarşı separatçı bir fəaliyyətdir. Sazişə görə Rusiya tərəfi bunun qarşısını almalı idi. Amma təəssüf ki, almadı. Misal kimi deyə bilərik ki, Azərbaycan bu maddəyə uyğun olaraq öz siyasətini aparırdı. Yəni Azərbaycanın müvafiq dairələri Şimali Qafqazda olan problemlər vaxtı, terrorla mübarizədə Rusiyadan olan həmkarları ilə koordinasiyalı fəaliyyət göstərirdilər. İndi Azərbaycana gələn erməni mənşəli Rusiya vətəndaşları bilmək olmaz ki, bu fəaliyyətdə iştirak ediblər, ya yox. Bunu yoxlamaq üçünsə təbii ki, müəyyən qədər vaxt lazımdır. Ondan sonra onlara icazə verilə bilər ki, Azərbaycana daxil olsunlar. Yəni bu, bəlli məsələdir. Hesab edirəm ki, bəyanatın bu şəkildə verilməsi siyasi addımdır və Azərbaycan-Rusiya əlaqələrinin xeyrinə deyil.

– Rəsmi Bakının verdiyi reaksiya necə, adekvat idimi?

– Rəsmi Bakının reaksiyası məni qane etmədi. Nəyə görə? Çünki orada göstərilirdi ki, guya biz təhlükəsizliyi təmin edə bilmərik, əsas fikir ondan ibarət olub. Amma əslinə qalsa, digər bir şəkildə vurğulanmalı idi ki, siz separatçı əhval-ruhiyyəli diaspor təşkilatlarının fəaliyyətinin qarşısını almalı idiniz, amma almırsınız. Bu, Azərbaycan dövlətçiliyinə qarşı bir fəaliyyətdir. Sazişə görə buna imkan verməməliydiniz. Biz vaxtilə sizə dostluq münasibəti göstərərək Rusiya əleyhinə olan separatçı dairələrin qarşısını almışıq, terrorla mübarizədə sizinlə əməkdaşlıq edirik və s. Amma siz əksinə olaraq bunu eləmirsiniz. Bu baxımdan, erməni mənşəli insanlar böyük ehtimalla bu fəaliyyətdə fəaldırlar. Təbii ki, Azərbaycan dövləti bunu yoxlamalıdır. Məntiq bundan ibarət olmalıdır.

– Alxanlıdakı qətliama Rusiyanın gecikmiş də olsa, reaksiyasını necə qəbul edirsiniz?

– Hesab edirəm ki, reaksiya normaldır, gec də olsa, başsağlığı veriblər.

– Azərbaycan dünyanın gözü qarşısında Ermənistanın törətdiyi vəhşiliyin ardınca nələr etməlidir?

– Bu hadisədən sonra Qarabağ məsələsinin həllində yeni bir baxış və mərhələ olmalıdır.

– Danışıqlar dalana dirənib, Ermənistan islah olmaq istəmir və beynəlxalq çağırışlara məhəl qoymur. Belə olan halda Azərbaycan birmənalı şəkildə danışıqlardan çıxdığını bəyanlamalı, həmsədrlərin fəaliyyətindən imtina etməli, torpaqlarının azadlığı üçün savaş qərarı verməlidir kimi fikirlərə sizin yanaşmanız necədir?

– Azərbaycan həmsədrlərin qarşısında bir tələb irəli sürməlidir. Onlar dəfələrlə deyiblər ki, təhlükəsizlik tədbirləri güclənməlidir və s. İndi imkan tapıb Ermənistana başa salsınlar ki, öz qoşunlarını 15 km geri çəksinlər. Çünki biz tərəfdən əhali yaşayır, Alxanlı hadisələri də göstərdi ki, qurbanlar mülki vətəndaşlardır. Təmas xəttinin digər hissəsi isə etnik təmizləməyə məruz qalmış bomboş ərazilərdir. Əgər erməni tərəf sülhməramlı mövqedən çıxış etdiyini göstərmək istəyirsə, o halda birtərəfli qaydada öz qoşunlarını 15 km arxaya çəksinlər. Ondan sonra təhlükəsizlik bərpa oluna bilər.

– Amma həmsədrlər həmişə tərəflər arasında bərabərlik işarəsi qoyurlar, hətta Ermənistanı müdafiə etdiklərinin də şahidi olmuşuq. Bu mənada onların belə mövqedən çıxış edəcəkləri inandırıcı deyil. Hətta Azərbaycana snayperləri geri çəkməklə bağlı absurd çağırış etmişdilər.

– Təbii, onlar məntiqsiz məsələlər irəli sürürlər. Amma nəhayət, məntiqli çağırışlar etməlidirlər. Özləri də bilir ki, bu ərazilər işğal olunub, orada erməni əhali yoxdur. Odur ki, Ermənistandan tələb etsinlər ki, qoşununu geri çək. Yəni indiki mərhələdə Ermənistan hərbçiləri də ölməsin, həm də mülki əhalimizə zərər dəyməsin. Bu, şərait yaradacaq ki, sülh danışıqları davam eləsin.

– Bəs əks halda düşmənə torpaqları azad etməsi üçün konkret vaxt verilməlidirmi, hərbi əməliyyatlara başlanılmalıdırmı?

– Yuxarıda qeyd etdiyim şəkildə bəyanat olmalıdır. Bəyanatın birinci bəndində deməliyik ki, biz Vyana razılaşmasından imtina edirik və danışıqlarda iştirakımızı dayandırırıq. İkinci bənddə ultimatum şəklində bəyan edilməlidir ki, Ermənistan qoşunları ilk addım kimi, 5, 10, 15 km geri çəkilsin. Bu, Azərbaycan üçün də işarə olacaq ki, Ermənistan tərəfi indi ciddi danışıqlara şərait yaratmaq üçün birtərəfli bu addımı atır. Əgər bunu etmirsə və həmsədrlər onları məcbur edə bilmirlərsə, onda danışıqlar mənasızdır, ələlxüsus Alxanlı hadisələrindən sonra.

– Belə olan təqdirdə, düşmənə konkret vaxt verilməlidirmi?

– Mən konkret vaxtın tərəfdarı deyiləm. Amma məsələ bu şəkildə qoyulmalıdır ki, əgər bu addım atılmayacaqsa, onda Azərbaycan danışıqlarda heç bir məna görmür və həmsədrlərə xəbərdarlıq edilməlidir ki, boş-boş danışıqlar lazım deyil. Ona görə də həmsədrlər buyursunlar, vasitəçi kimi tələblərin həyata keçməsini təmin eləsinlər.

– 11 iyulda nazirlər səviyyəsində görüşün təşkil olunması üçün hazırlıqlar görülür. Bu görüşdə iştirakın mənası varmı?

– Mən elə bilirəm ki, bu görüş lazım deyil. Yəni mövqelər bəllidir, ona görə də bu təmasların heç bir mənası yoxdur. Ermənilər istəyirlər ki, hansısa formada indiki halda sakitlik yaratsınlar. Mən də onu deyirəm ki, təhlükəsizliyin bərqərar olunmasını istəyirsinizsə, müvafiq qətnamələrin icrasının bir hissəsi olacaq addım atın, qoşunları geri çəkin! Əgər bu ultimatuma əməl olunsa, danışıqları davam etdirmək olar, əks təqdirdə, mənasız danışıqlar Azərbaycana lazım deyil.

– BMT Təhlükəsizlik Şurasının fövqəladə toplantısının çağırılması təşəbbüsü ilə çıxış etmək nəticə verərmi?

– Hesab etmirəm ki, bizə yeni müzakirələr lazımdır, artıq hər şey bəllidir.

– Yəni qərar vermək məsələsi yalnız Azərbaycana aiddir, eləmi?

– Ümumiyyətlə, adətən biz beynəlxalq ictimaiyyətin reaksiyasını gözləyirik. Azərbaycan bir dövlət olaraq öz vətəndaşlarının təhlükəsizliyini təmin etməlidir. Beynəlxalq reaksiya oldu-olmadı, biz bu məsələni kənara qoya bilmərik. Bu baxımdan, Azərbaycan ilk növbədə müstəqil dövlət olaraq öz addımlarını atmalıdır. Bu addımlarla bağlı kimin nə deməsi artıq ikinci dərəcəli məsələdir.

– Görünən budur ki, Ermənistan tərəf uşağa və qadına atəş açmaqla çox çətin bir situasiya ilə üzləşib və bu ölkənin havadarları da tərəddüddədir. Belə demək olarmı ki, bu durumda Azərbaycanın ərazilərini hərbi yolla azad etməsinə qarşı əvvəlki qaydada sərt təpki olmayacaq?

– Bu, realistik addım olacaq. Biz, sadəcə olaraq, şanslardan istifadə etmirik, adekvat reaksiya veririk, cavab addımı atırıq. Biz artıq vasitəçilərin mənasını görmürük. Ona görə ki, ortada gündəlik məsələlər yoxdur. Ermənilərsə deyir təhlükəsizlik məsələlərini müzakirə etmək istəyirik. Biz təhlükəsizliyi müzakirə etmək istəmirik. Deyirik təhlükəsizliyi təmin etmək üçün unikal bir şans veririk ki, erməni ordusu 10-15 km arxaya çəkilsin. Unikal şans veririk ki, Ermənistan öz əsgərlərinin həyatını qorusun. Belə şərtlər formalaşdırıla bilər ki, təminat olaraq biz azad olunmuş ərazilərə öz qoşunlarımızı yeritməyəcəyik.

Bundan sonra demək lazımdır ki, cənab həmsədrlər, bu, bizim şərtlərimizdir, erməni tərəf nə cavab verəcəksə, bizə çatdırın!

– Ümumilikdə Alxanlı qətliamına beynəlxalq reaksiyanı qənaətbəxş saymaq olarmı?

– Yuxarıda dediklərim istiqamətində addım atıldığı halda beynəlxalq reaksiya artıq Azərbaycanın mövqeyi qarşısında qalır. Bu zaman biz ortaya mövqe qoyuruq və o halda beynəlxalq reaksiyadan danışmaq olar. Yoxsa uşağı qətlə yetiriblər, filankəs başsağlığı verdi, digəri vermədi… Bu mövqedən uzağa getmək lazımdır. Deməliyik ki, biz bu hadisədən belə bir nəticə çıxartdıq və sizə belə bir ultimatum verdik. Mən onun tərəfdarıyam ki, mövqeyimizi ultimativ şəkildə bildirək. Beynəlxalq reaksiya məgər bizə hansısa təminat verirmi ki, sabah bu hadisələr təkrarlanmayacaq? Başsağlığı yetərli məsələ deyil. Biz düşünməliyik ki, bu hadisələr təkrar olunmasın. Biz belə bir mövqedən çıxış etsək, təşəbbüsü öz əlimizə alacağıq. Bu dalğada ortaya ultimativ mövqe ortaya qoyuruq və deyirik ki, gedin Ermənistanla danışın! Yəni bu ölkəni məcbur edin ki, ilkin addım kimi işğalçı ordusunu torpaqlarımızdan geri çəksin! (Musavat.com)

Həmçinin oxuyun

Vanqanın proqnozları ortaya çıxdı: May-dekabr aylarında dünyanı nə gözləyir?

Dünyaca məşhur görücü Vanqa 2024-cü ildə bir çox xoşagəlməz hadisələrin baş verəcəyini proqnozlaşdırıb. Lent.az xarici …

Bir cavab yazın