Ana səhifə / Dünya / “Telefonun başına keçərək tək-tək dövlətlərə zəng ediblər və hədələyiblər” – Ərdoğandan Vaşinqtona daha bir mesaj

“Telefonun başına keçərək tək-tək dövlətlərə zəng ediblər və hədələyiblər” – Ərdoğandan Vaşinqtona daha bir mesaj

 

 “Bir daha xatırladıram, dünya 5-dən böyük (BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü), birdən də (ABŞ) xeyli böyükdür”.
“Report” xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Türkiyə prezidenti dekabrın 21-də BMT Baş Assambleyasının sessiyasında Qüdsün İsrailin paytaxtı kimi tanınmaması haqqında qətnamənin lehinə səs verən dövlətlərə təşəkkür edib:”Səsvermə zamanı tərəfsiz qalan və ya səsverməyə qatılmayanların yeri böyük ehtimalla 128-in yanındadır”.
R.T.Ərdoğan vurğulayıb ki, Türkiyə və Yəmənin təqdim etdiyi “İsrailin işğal edilmiş Şərqi Qüdsdə və Fələstin ərazisinin qalan hissəsində qanunsuz fəaliyyəti” adlı qətnamə layihəsinin lehinə BMT Baş Assambleyasında 160-190 dövlətin səs verəcəyini gözləyirmişlər:
“Biz qətnamə layihəmizin 160-190 dövlətin dəstəyi ilə qəbul olunacağını ehtimal edirdik. Son ana qədər bunu təsbit etmişdik. Ancaq Ağ evdə oturanlar telefonun başına keçərək tək-tək dövlətlərə zəng ediblər və hədələyiblər. İnsanoğlunun, hələ dövlətlərin demokratik iradələri nə vaxtdan bəri pulla satın alınmağa başladı? Demokratik iradələrin satın alındığı bir anlayış, bir sistem, bir rejim mövcud deyildir. Belə yanaşanlar varsa, onlar da dərsini almağa məhkumdur”.
Qeyd edək ki, ötən gecə BMT Baş Assambleyası Türkiyə və Yəmənin təqdim etdiyi “İsrailin işğal edilmiş Şərqi Qüdsdə və Fələstin ərazisinin qalan hissəsində qanunsuz fəaliyyəti” adlı qətnamə layihəsini təsdiqləyib. Sənədin lehinə 128 ölkə səs verib.
ABŞ, İsrail, Qvatemala, Honduras, Marşall adaları, Toqo, Nauru, Palau, Mikroneziya qətnamə layihəsinin əleyhinə olub. 35 dövlət, o cümlədən Çexiya, Argentina, Avstraliya, Latviya, Polşa, Xorvatiya isə bitərəf qalıb.
Gürcüstan, Ukrayna, Moldova, Monqol Eli, Zambiya daxil olmaqla 21 ölkə səsvermədə iştirak etməyib.

 

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …