Ana səhifə / Dünya / Tbilisidə etiraz aksiyasına bir həftəlik fasilə verildi

Tbilisidə etiraz aksiyasına bir həftəlik fasilə verildi

Tbilisidə son iki gün ərzində gecə klublarındakı xüsusi əməliyyata etiraz olaraq keçirilən aksiya başa çatıb.

APA-nın məlumatına əsasən, aksiyanın təşkilatçısı olan “Ağ səs-küy” hərəkatının lideri Beka Tsikarişvili bildirib ki, aksiyaya bir həftəlik fasilə verilir.

O bildirib ki, bu müddət ərzində etirazçılar daxili işlər naziri ilə görüşdə onlara verilmiş vədlərin nə qədər real olacağını müşahidə edəcəklər.

Növbəti aksiya gələn həftənin şənbə gününə təyin olunub.

Qeyd edək ki, bir az əvvəl Tbilisinin mərkəzində aksiyaların keçirildiyi Rustaveli prospektinə “akustik toplar”ı olan maşınlar gətirilmişdi.

Yeri gəlmişkən, “akustik toplar”dan ilk dəfə Mixail Saakaşvilinin prezidentliyi dövründə 2007-ci ilin noyabrında müxalifətin mitinqini dağıtmaq üçün istifadə olunub.

**

23:54/13.05/

Gürcüstanın daxili işlər naziri Georgi Qaxariya Tbilisidə aksiyaların keçirildiyi Rustaveli küçəsinə gəlib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, o, “Ağ səs-küy” hərəkatının üzvləri ilə parlament binasında görüş keçirib.

Görüşdən sonra hərəkatın lideri Beka Tsikarişvili aksiya iştirakçılarına müraciət edərək onları sakit olmağa çağırıb. O bildirib ki, görüşün vacib nəticələri olacaq.

G.Qaxariya və etirazçılar arasında baş tutmuş görüşdə parlament sədri İrakli Kobaxidze və Tbilisi meri Kaxa Kaladze də iştirak edib.

Xatırladaq ki, Tbilisidə gecə klublarında narkotikə qarşı böyük səs-küylə aparılan reydlərdən sonra gənclərin aksiyası başlayıb. Reydlər əsasən “Bassiani” və “Qalleri” (Cafe Gallery) gecə klublarına təşkil edilib. Əməliyyat zamanı 8 narkotacir tutulub ki, onlardan da biri “Qalleri”nin mühafizəçisidir.

Əməliyyat son bir həftə ərzində 5 gəncin mənşəyi məlum olmayan narkotik qəbulundan sonra ölməsi və 8 gəncin xəstəxanalara yerləşdirilməsindən sonra aparılıb.

Əməliyyata etiraz edən onlarla gənc saxlanılıb. Bunun ardınca isə parlamentin və hökumətin önündə gənclərin çoxminli aksiyaları başlayıb.

“Ağ səs-küy hərəkatı”nın bu gün parlament önündəki aksiyasına cavab aksiyası keçirildiyi üçün polis arada kordon qurub və toqquşmaya imkan vermir.

Onu da qeyd edək ki, bir az əvvəl Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili son günlər ölkədə baş verən hadisələrlə bağlı xüsusi brifinq keçirib. Baş nazir deyib ki, hər kəs fikrini ifadə etmək hüququna malikdir, lakin qarşıdurmaya və cəmiyyəti parçalamağa qətiyyən yol verilməməlidir.

O, hüquq-mühafizə orqanlarının əməkdaşlarını vətəndaşların təhlükəsizliyini maksimum təmin etməyə və mümkün qarşıdurmanın qarşısını almağa çağırıb.

Lakin bütün bunlara baxmayaraq, Tbilisidə polis və etirazçılar arasında qarşıdurma olub.

Bu səbəbdən də, aksiyaların keçirildiyi ərazilərə əlavə polis qüvvələri gətirilib.

Həmçinin oxuyun

Zelenskinin andiçmə mərasimində kimlərin iştirak edəcəyi məlum oldu

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin andiçmə mərasimində təxminən 60 ölkənin prezidenti, hökumət başçıları və …