Ana səhifə / Dünya / Tənqidi jurnalistika ilə milli düşmənçiliyin fərqi

Tənqidi jurnalistika ilə milli düşmənçiliyin fərqi

Maltada blogger, araşdırmaçı jurnalist kimi tanınan Dafne Karuana Qalizianın oktyabrın 16-da terror yolu ilə öldürülməsi bütün dünyada ciddi rezonans doğurub. Əlbəttə, jurnalistika riskli peşələr sırasındadır və dünyanın bütün guşələrində xəbər istehsalçılarının hər il qətlə yetirilmələrinə dair onlarla fakt baş verir. ABŞ və Avropa ölkələri də istisna deyillər. Avropanın mərkəzində son illərdə intensivləşən terror hadisələri nəinki fərdi jurnalistləri, hətta bütöv redaksiyaları hədəf alır, ciddi problemə çevrilir. Bu sahədə 2015-ci ildə Fransada baş vermiş “Şarli Ebdo” (“Charlie Hebdo”) qətliamı pik nöqtə oldu. Paytaxt Parisdə yerləşən “Charlie Hebdo” satirik jurnalının redaksiyasına edilən silahlı hücum nəticəsində 12 nəfərin həlak olması əsl şok yaratmışdı. İcraçılar da kənardan gəlməmişdilər. Terrora səbəb kimi adı çəkilən nəşrdə Peyğəmbərlərin karikaturalarının dərc olunduğu göstərilirdi. Nəşrin sonuncu – “Dekabr 2014-Yanvar 2015” sayında dərc olunmuş və Milad bayramına (İsa peyğəmbərin doğulmasına) həsr olunmuş karikaturada xristianların peyğəmbəri, eləcə də onun anası Məryəmi təhqir edilmişdi. Karikatura Fransada narazılıqla qarşılanmışdı.

Amma problem təkcə karikaturada, müqəddəslərin təhqir olunmasında, söz-ifadə azadlığından sui-istifadə edilməsində, buna qarşılıq olaraq terror törədilməsində deyil. Problem həm də Avropada təhlükəsizlik məsələsidir. Parisdə olduğu kimi, Maltada da jurnalistin nümayişkəranə şəkildə, açıq terror yoluyla qətlə yetirilməsi təkcə jurnalistin ölümü faktı olaraq deyil, həm də Avropa məkanında demokratiya və təhlükəsizlik prinsipinin pozulması kimi narahatlıq doğurur. Malta olayının dünyanı sarsıdan, lərzəyə salan, həyəcanlandıran cəhəti həm də budur. Əks təqdirdə, Dafne Karuana Qalizianın ölümünə də indiyədək qətlə yetirilmiş 2700-dən artıq xəbər istehsalçısının taleyi kimi yanaşılar, QHT-lərin bəyanat verməsilə kifayətlənilərdi. Avropa ikili siyasəti, qərəzli yanaşması, bəzən laqeyd münasibətilə bölgədə terrorun çiçəklənməsinə rəvac verib, indi özü də bu siyasətin qurbanına çevrilir. Terror sərhəd tanımır: bir vaxtlar İraqda, Suriyada, Türkiyədə alovlandırılan terror, bu gün Avropanın mərkəzinə daşınıb, qarısıalınmaz problemə çevrilib. Jurnalist ölümlərinə görə dünya dövlətlərini ittiham edən Avropa, indi özü xəbər istehsalçıları üçün qəbiristana çevrilir: söz-ifadə azadlığına tolerant yanaşma imici dağılır. Durum təkcə mərkəzi Avropada yaşayanları deyil, bütün dünyanı narahat edir. Dövlət-hökümət başçıları, beynəlxalq dövlətlərarası təşklatlar, beynəlxalq QHT-lər hər biri faktı pisləyən açıqlamalar verir, yanlış tendensiyanın qarşısının alınması üçün çaba göstərirlər.

Maltanın müvafiq dövlət qurumları, hüquq -mühafizə orqanları bəyanat yayıblar, günahkarların aşkarlanması üçün bütün imkanlarını səfərbər etdiklərini bildiriblər. Ölkənin baş naziri, bu ilin əvvəlində Karuana Qalizia tərəfindən ittiham edilən Cosef Muskat da bəyanatla çıxış edib, jurnalistə qarşı tətbiq edilən sui-qəsdi pisləyərək, bunu “mətbuat azadlığına qarşı barbar bir hücum” adlandırıb, “bu hadisənin ədalətli nəticələndiyini görməyincə, rahat olmayacam “, – deyib.

Son terror hadisəsilə bağlı xəbərləri oxuyarkən, diqqət çəkən bir məqam da ortaya çıxır. Maraqlıdır ki, miqyasına görə dünyanı çalxamış, hər kəsi pərişan etmiş olayı Azərbaycanla əlaqələndirmək istəyənlər də var. Həm də bu iddiaya düşənlər başqaları deyil, Azərbaycan soyadı daşıyan, özünü “tənqidi jurnalistikanın nümayəndəsi” adlandıran bir qrupdur. Utanmadan, çəkinmədən yazılarına belə başlıq qoyublar: “Azərbaycanla bağlı çirkli pulları araşdıran maltalı jurnalist öldürüldü”. Dünyanın harasında nə pislik varsa, bir ucunu Azərbaycana calaşdırmaq istəyən bu şəxslərə nə ad vermək olar?! Media təmsilçisi olaraq dəqiq bilirəm ki, bu, jurnalistika deyil: Millətə və dövlətə qarşı düşmənçilikdir, xəyanətdir! Özlərini jurnalist hesab edən bu “jurnalist soydaşlar” Dafne Karuana Qalizianın yaradıcılığını araşdırsaydılar, görərdilər ki, o, hər il yüzlərlə məqalə yazıb və tənqid etmədiyi bir kimsə qalmayıb. Maltanın hökumət rəsmilərindən tutmuş, Avropa Birliyi strukturlarının təmsilçilərinə qədər hər kəsi hədəf edib. Keçmiş Avropa komissarı Con Dalli (John Dalli) Qalizianı silsilə hücumlarına, onun adını yersiz olaraq “a tobacco lobbying scandal”da hallandırdığına görə “terrorist” adlandırıb, məhkəmə ilə hədələyib. Başqaları daha da irəli gediblər, Qalizianı ölümlə hədələyiblər. “Milli araşdırmaçılar” bu faktları nədən gözardı edirlər, Qalizianın ölümünü bu faktlarla əlaqələndirmirlər?! Kimdən alıblar bu sifarişi?

Əgər yazılarına skandallı başlıqlar qoymaqla diqqət çəkmək, daha da “məşhurlaşmaq” istəyirlərsə, onda “Avropalı komissarın terrorist adlandırdığı və hədələdiyi maltalı jurnalist öldürüldü!” yazmaqla daha çox diqqət cəlb etməzdilərmi? Amma çəkinirlər, yalnız Azərbaycanı hədəf seçirlər bu millət
düşmənləri.

Müşfiq Ələsgərli

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …