Bazar ertəsi , Sentyabr 26 2022
Ana səhifə / Dünya / “Sizi o uzunqulağın alnından öpməyə məcbur etməmişdim…”

“Sizi o uzunqulağın alnından öpməyə məcbur etməmişdim…”

Ermənistanın sabiq Prezidenti Serj Sarqsyan rəhbərlik etdiyi Respublikaçılar partiyasının qurultayında çıxış edərək, bir sıra qalmaqallı fikirlər söyləyib.

“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, sabiq Prezident ölkədə yaranmış ağır demoqrafik duruma görə indiki hakimiyyəti sərt tənqid edib və bildirib ki, ötən il ərzində ölkədə yeni doğulanlarla ölənlərin sayı bərabərləşib. Bu isə demoqrafik fəlakət deməkdir. Bundan əlavə, ölkəni birdəfəlik tərk edən ermənilərin də sayının günbəgün artdığını nəzərə aldıqda, vəziyyətin nə yerdə olduğu aydın görünür. Ancaq erməni mətbuatında Sarqsyanın söylədiklərilə bağlı dərc edilən şərhlərdə göstərilir ki, heç sabiq Prezidentin dövründə də vəziyyət indikindən fərqlənmirdi və Ermənistanın boşalması prosesi artıq uzun illərdir ki, davam edir.

Qurultaydakı çıxışında Sarqsyan hakimiyyətdə olarkən yol verdiyi səhvlərə də toxunub və bəzi etiraflar edib: “Mənim öz günahlarımı başqalarının üzərinə atmaq hədəfim yoxdur. Mənim idarəçiliyim dövründə çoxlu problemlər olub – ədalətsizlik, yüksək səviyyəli korrupsiya. Bizim adımızdan istifadə edib var-dövlət yığanlara qarşı kifayət qədər sərt, xalqla kifayət qədər açıq olmamışam. Dövlətin təhlükəsizliyi məsələlərilə məşğul olduğumdan, bir çox daxili problemlərə əhəmiyyət verməmişəm.”

Sarqsyan qeyd edib ki, onun partiyasına xeyli sayda “etibar etməyə layiq olmayan” şəxslər qəbul olunub və hakimiyyət dəyişən kimi, partiyanı ilk tərk edənlər də onlar olub.

Daha sonra Sarqsyan ad çəkməsə də əhalinin Nikol Paşinyanı hakimiyyətə gətirən və ona səs verən kəsimini, yəni ermənilərin böyük əksəriyyətini nəzərdə tutaraq, deyib: “Öz səhvlərinizi mənim üstümə yazmayın. Mən sizi bu avantürada iştirak etməyə, sonra isə gedib sürüdə ən ucadan çığıran uzunqulağın alnından öpməyə məcbur etməmişdim.”

Sabiq Prezidentin “sürü” deyərkən erməni toplumunu, “uzunqulaq” deyərkən isə Paşinyanı nəzərdə tutduğu şübhə doğurmur. Hər halda, bu, Ermənistana uzun müddət rəhbərlik etmiş şəxsin fikridir və yəqin ki, öz xalqını Sarqsyan qədər tanıyan adam az tapılar…

Onu da qeyd edək ki, bu, Ermənistanın əvvəlki hakimiyyətini və indiki müxalifəti təmsil edənlərin erməni xalqını təhqir etməsinə dair ilk və yeganə fakt deyil. Görünür ki, 44 günlük müharibədəki acı məğlubiyyətə və ölkədəki ağır duruma rəğmən ermənilərin heç cür Koçaryan-Sarqsyan dönəminə geri dönmək istəməməsi və son seçkidə yenə Paşinyana səs verməsi bu qüvvələri öz xalqını təhqir edəcək həddə qədər özündən çıxarıb.

Həmçinin oxuyun

İranda aksiyada gənc qız öldürüldü – Fotolar + Video

İranda keçirilən etiraz aksiyaları zamanı gənc qız hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən güllələnib. “ Azinforum.az ” …