Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Sinan Oğana təklif olunacaq vəzifələr açıqlandı – SİYAHI

Sinan Oğana təklif olunacaq vəzifələr açıqlandı – SİYAHI

Türkiyədə keçirilən prezident seçkiləri “Cümhur İttifaqı”nın namizədi Rəcəb Tayyib Ərdoğanın qalibiyyəti ilə başa çatdıqdan sonra Ankaradakı mənzərə xüsusi müzakirələrə səbəb olub. Prezidentin Ankarada Prezident Külliyəsi önündəkı çıxışı, ittifaqa daxil olan partiya liderləri ilə yanaşı Sinan Oğanı da səhnəyə dəvət etməsi, onunla xüsusi salamlaşması gecənin ən diqqətçəkən məqamlarından olub. Həmçinin səhnə arxası Prezident sarayında dövlət rəsmiləri və partiya liderləri ilə müzakirədə Oğanın da iştirak etməsi fərqli istiqamətdə dəyələndirilib.

Bəzi siyasi ekspertlər Sinan Oğanın əhəmiyyətli dövlət vəzifələrinə təyin edilə biləcəyini qeyd etsə də, onun Ərdoğandan sonra Türkiyə liderliyinə güclü alternativ namizəd olacağı da iddia edilir.

Bəs bu nə dərəcədə real görünür? Bundan sonrakı müddətdə Oğanın siyasi karyerası necə olacaq?

Mövzunu Globalinfo.az-a şərh edən siyasi analitik, professor Hüsaməddin İnac Sinan Oğanın dəstəyinin seçki prosesindəki rolunu dəyərləndirib:

“Prezident seçkilərinin ikinci turunda Sinan Oğanın Rəcəb Tayyib Ərdoğana dəstək verməsi çox vacib idi. Çünki ölkədə xüsusilə Atatürkçü, türk milliyyətçisi kəsimin “Cümhur İttifaqı” və Ərdoğanın arxasında yer alması seçkilərin taleyi və Türkiyənin gələcəyi üçün çox ciddi əhəmiyyət daşıyırdı. Nəticə etibarı ilə Sinan Oğan doğru tərəfi seçdi və öz düşüncə tərzinə uyğun olan ittifaqa dəstək verdi. Hətta seçkilərdəki qalibiyyətdən sonra Rəcəb Tayyib Ərdoğan Ankarada Prezident Külliyyəsində çıxışı zamanı Sinan Oğanla xüsusi şəkildə salamlaşdı, dəstəyi üçün ona təşəkkür etdiyini bildirdi. Bütün bunlar çox vacib nüanslardır”.

Professor Sinan Oğanın növbəti mərhələ Türkiyə prezidenti ola biləcəyi ilə bağlı iddialara aydınlıq gətirib:

“Bundan sonra Meral Akşenerin sədri olduğu “İYİ” Partiyasında daxili boşluq müşahidə olunacaq. Bu partiyaya dəstək verənlərin əksər hissəsi Sinan Oğana yönələcəklər. Bütün bu tərəf dəyişikliyi, fərqli güclərin Oğana dəstəyi onun R.T.Ərdoğandan sonra prezident postuna gələ bilməsi üçün kifayət deyil. Çünki Ədalət və İnkişaf Partiyasının (AKP) 21 il ərzində formalaşmış bir strukturu mövcuddur. Bu struktur daxilində də liderliyə namizədliyi getdikcə güclənən şəxslər var. Nəticədə Sinan Oğanın partiya daxilindən ön plana çıxmaması, keçmiş Milliyyətçi Hərəkat Partiyası (MHP) və Dövlət Baxçalı ilə müəyyən problemlər yaşaması onun üçün dezavantaj formalaşdırır”.

Analitik Oğanın yaxın zamanlarda müxtəlif vəzifələrə təyin oluna biləcəyini deyib:

“Amma Sinan Oğan bu müddətdə çox vacib istiqamətlərdə dəyərləndiriləcək. Xüsusilə Türk Dövlətləri Təşkilatında (TDT) vacib vəzifəyə təyin oluna bilər. Yaxud Türkiyənin digər türk dövlətləri ilə əlaqələrin formalaşdırılması və möhkəmləndirilməsi istiqamətində də Oğana vəzifə verilə bilər. Hətta Sinan Oğanın gələcəkdə Türkiyənin Azərbaycandakı səfiri ola biləcəyi də müzakirə edilir. Yəni bu kimi vacib vəzifələrə təyinatı mümkün olsa da, Rəcəb Tayyib Ərdoğandan sonra liderlik funksiyasını icra edəcəyini düşünmürəm”.

Qeyd edək ki, seçki prosesindən sonra Türkiyədə boş qalan nazir və digər dövlət vəzifələrinə kimlərin təyin olunacağı yaxın günlərdə açıqlanacaq.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …