Alın yazısı mücərrəd
anlayışdır. Mövcudluğuna inananlar da var, inanmayanlar da. Lakin bir
həqiqət danılmazdır, heç kim öz aqibətini öncədən bilmir.
O,
hərbiçi olmaq istəyirdi. Bu məqsədlə hərbi məktəbə üz tutmuşdu. Fəqət,
sonda hər şey başqa cür oldu, necə deyərlər, cahanda bir general azalsa
da, bir alim artdı…
Bəli, bu dəfəki söhbətimin qəhrəmanı C.Naxçıvanski adına Hərbi Liseyin məzunu Əli Əskərovdur.
O, 1970-ci ildə Qərbi Azərbaycanın Amasiya rayonunda dünyaya gəlib.
1988-ci ildə orta təhsilini hərbi liseydə başa vurub, əsgəri xidmətə
yollanıb. Ordudan tərxis olunduqdan iki il sonra isə Türkiyənin Orta
Doğu Texniki Universitetinə qəbul olunub. Bes il oranın beynəlxalq
münasibətlər bölümündə ali təhsil alıb. 1999-2001-ci illərdə Bakı Dövlət
Universitetinin beynəlxalq münasibətlər fakültəsində magistr dərəcəsinə
yiyələnib. 2001-ci ildə ABŞ-a gəlib. 2002-ci ilədək Corc Meyson
Universitetində elmi tədqiqatla məşğul olub. 2003-2005-ci illərdə həmin
universitetin sülh və münaqişə elmi institutunda magistraturada
təhsilini davam etdirib. 2005-2007-ci illərdə Vaşinqtonda müxtəlif
yerlərdə çalışıb. 2007-2011-ci illərdə Kanadanın Manitoba
Universitetində sülh və münaqişələr mərkəzinin doktoranturasında
təhsilini artıraraq konfliktologiya üzrə fəlsəfə doktoru alimlik
dərəcəsinə yiyələnib. 2011-2013-cü illərdə Kanadanın Manitoba, Vinnipeq
və Regina universitetlərində müəllim işləyib. 2013-cü ildən ABŞ-ın
Şimali Karolina Universitetinin konfliktologiya departamentində tenure
almış dosent vəzifəsində çalışır…
…Ömür-gün yoldaşı Şəlalə
xanım ixtisasca həkimdir. 2015-2017-ci illərdə Şimali Karolina
Universitetində terapevtik bərpa departamentində magistraturada
təhsilini artırıb. Autizm cəmiyyətində işləyir. İki övladı var. Oğlu
Təkin 15, qızı Fatima 11 yaşındadırlar. Yeri gəlmişkən, Fatima xanımın
doqquz yaşı olanda ilk azərbaycanlı azyaşlı müəllif kimi “Aya və Maya”
adlı hekayələr kitabı ABŞ-da işıq üzü görüb…
Deyir ki,- “Ən
böyük arzum Qarabağın tezliklə geri alınmasıdır. İkinci arzum isə
Azərbaycanın inkişaf etmiş ölkələr sırasında adının hallanmasıdır”…
Dörd kitab müəllifidir. Onlardan biri Almaniyada, üçü isə ABŞ-da işıq
üzü görüb. Məqalələri Avropa və Amerika elmi jurnallarında dərc edilib.
Virtual şahmat oynamağı xoşlayır. Təbiətlə ünsiyyətdən zövq alır. Bədii
yaradıcılıqla da məşğul olur. İngilis dilində hekayələr, azərbaycan
dilində isə şeirlər yazır. İndiyədək iki azərbaycanlı tələbəsi olub.
Söylədiyinə görə, gənclərimiz çox bacarıqlıdırlar. Onları xaricdə yüksək
təhsil almağa səsləyir. Maddi dəstək verə bilməsə də Şimali Karolina
Universitetinə gələcək hər bir gəncə kömək etməyə hazır olduğunu dilə
gətirir…
Bəli, uzaq Amerikada min bir əziyyətlə alim adına layiq görülən bu soydaşımız orduda xidmət etsəydi, bəlkə də artıq general idi. Amma bir həqiqət də var alimlər də elmin generallarıdır…
Elman Eldaroğlu,
ABŞ, Miçiqan