Bazar ertəsi , Avqust 19 2019
Ana səhifə / Dünya / “Sevdiyi insanla sevişməyənlərə yazığım gəlir” – Xanım yazıçı

“Sevdiyi insanla sevişməyənlərə yazığım gəlir” – Xanım yazıçı

İradə Aytel: “Əbülfəz Elçibəylə tanış olmaq istəyərdim”

Yazıçı İradə Aytel Cebhe.info-nun suallarını cavablandırıb.

– İradə xanım, bu il həyatınızın sonu olsaydı, nələri daha fərqli edərdiniz?

– İlk sualın son dedi. Qəribə başlanğıc olsa da, mən hər bir başlanğıcdakı zərurətə inanıram. Əslində insan hər gününü həyatının sonu kimi yaşamalıdır, heç nəyi sabaha saxlamamalıdır. Amma mən gecələr yuxumda pıçıldadığım o adı ucadan çəkərdim, yasaqlara meydan oxuyardım və məni boğan sözləri söyləyərdim ona.

– Keçmişdə baş vermiş bir hadisənin şahidi olmaq istəsəydiniz, hansını seçərdiniz?

– Keçmişi heç sevmirəm. Keçmişdən qorxuram. Yaxın keçmişdə olan bir hadisəni isə yenidən yaşasaydım, fərqli addım atardım. Ciddi səhvə yol verdim. O səhvi təkrarlamazdım. Sevgimi qoruyardım, özümü qoruyardım.

– Dünyasını dəyişmiş hansı adamla tanış olmaq istərdiniz?

– Əbülfəz Elçibəylə. Xalqını sevən – millət ayrıseçkiliyinə varmadan, xalqını göz bəbəyi kimi qoruyan, siyasətlə məşğul olsa da, xalqını siyasətə qurban verməyən. “Əgər bir məsələni siyasətlə həll etmək mümkündürsə, o halda xalqa əzab-əziyyət vermək nadanlıqdır” – belə deyirdi. Canını bu xalqın yolunda fəda edən Əbülfəz Elçibəylə. Hətta ondan müsahibə götürmək istəyərdim. Bir də həmişə qəribə bir arzum olub Füzulini görmək istəmişəm. Onun siması, baxışı, duruşu mənə o qədər maraqlıdır ki…

“Şəbü-hicran yanar canım, tökər qan çeşmi-giryanım, Oyadar xəlqi əfğanım, qarə bəxtim oyanmazmı?”, – deyə fəryad edən bir insanın bu dünyaya necə sığışdığını görmək istəyərdim. Şeirin Allahını Allah xəlq edib fanilərin arasına necə göndərdi? Yəni onun şeir pıçıltıları həqiqətən bir faninin pıçıltılarıdır?! Bəlkə elə Tanrı özü Füzuli donunda Yer kürəsinə gəlib. Bir insan ürəyi bu qədər yanğıya dözə bilərdi? Füzuli necə dözdü, bu ağrılara?

– Xəyali qəhrəman olmaq şansınız olsa, kim olardınız və niyə o?

– İnanın ki, heç vaxt bu barədə düşünməmişəm. Axı mən niyə hansısa qəhrəman olmağa çalışmalıyam? Öz olmağı bacararamsa, Öz olaram, bacarmaramsa, yenə də bacarıqsız Öz olaram.

– Böyüdükdən sonra başınıza bəla olan şey nədir? Sizi həyəcanlandıran ən köhnə anınız haqqında danışardınız.

– Başımın bəlası ürəyim olub həmişə. Balaca vaxtımdan sevmişəm. Bəlkə də kitablara olan bağlılığım idi məndə sevgi hissləri yaradan. Çoxlu roman oxuyurdum və oradakı sevgilərlə sevgilənirdim. Sevirdim, sevdikcə əzab çəkirdim: qısqanırdım, ağlayırdım, təkliyə çəkilirdim, şeirlər yazırdım, balaca ürəyimi yükləyirdim. Böyüdükcə ürəyim də böyüdü və yükü daha da artdı. İndi böyük ürəyim başıma bəladır. Ürəyim o qədər böyüyüb ki, ağlımdan yuxarı çıxıb. Ağlımla heç nə edə, düşünə bilmirəm, ürək imkan vermir. Ürəyə də güvənmək olmur, adamı yarıyolda qoyur. Və peşman oluram, ağlayıram. O qədər səhvlərim var ki, ağlımın götürə bilməyəcəyi, ürəyimin də peşman-peşman yenə o səhvləri təkrarlayacağı qədər. Kimsəyə imkan vermərəm ki, səhvlərimə görə irad tutsun mənə. Səhvimi hamı görsə də susur, bircə anam susmur. Anam məni danlayır, lap balaca uşaq kimi. Onda da bir də üzülürəm, bir də ağlayıram və bir də səhvlər edirəm!

– Sizcə sevgi nədir?

– Sevgi üzünü görmədiyim balamdır! Sevgi varlığına həsrət qaldığım atamdır. Sevgi ömrü gödəldikcə ömrümü gödəldən anamdır! Bax, bütün bu ali hisslərin məcmusudur sevgi! Sevgi işıqdır! Sevgi səsdir! Sevgi Allahdır! Bax, bütün bu ali hisslərin də məcmusudur sevgi! İnsan sevəndə durulur, saflaşır, həyatı sevir, özünə dəyər verir. Xoşbəxtliyin nəfəsini hiss edir. Sevgi şairimiz Nüsrət Kəsəmənli “Sən demə yenidən sevmək olarmış”, deyirdi. Hətta dəfələrlə sevmək olar. Lakin əsil sevgini – yəni, müdrikləşmiş sevgini görüncə, insan o yenidən sevməkləri dərk edir. Mən o sevgini gördüm, yaşadım. Süleyman peyğəmbərin dilimdən düşməyən bir kəlamı var: “Sevgiylə sevişmək ismətdir”. Sevgi ismətdir! Sevgi harada varsa, orada yaranış var, sevinc var, həyat var. Yazığım gəlir əsil sevgini yaşamadan dünyadan köçənlərə. Yazığım gəlir sevdiyi insanla canbir olmayanlara (sevişməyənlərə). Yazığım gəlir Füzulinin Məcmununa, Leylisinə. Onlar havasız qaldılar. Sevdiyin insanla sevişmək Allahın sənə bəxş etdiyi havasız tənin havasını bulmaqdır. Bax, onda bütövlük nədir dərk edir insan. Onda həyata niyə gəldiyini dərk edir insan! Onda Allahın bəndəyə, bəndənin Allaha sevgisini dərk edir insan!

– İradə xanım, ən çox nəyə ehtiyac hiss edirsiniz?

irade1

– Tənhayam. Yanımda yaxınlarım olsa da içimdə tənhayam. Dediklərim anlaşılmır, demədiklərim məni üzür. Dünyanı əynimə geyinmişəm, amma mənim libasım deyil, mənim ölçümdə deyil, özgənindir, bu da məni sıxır. Soyunub atmaqdan qorxuram, anama qıymıram, anam üzülər mən dünyanı əynimdən çıxarsam:

Bir dəli sevdaya düşmüşəm, ana,

İntihar sevdasına!

Amma

Qıymıram sənin ürəyinin bir parçasına,

Qıymıram sənə!

Bax, ana,

Bircə canımnan başqa

heç nəyim yoxdu.

Onu da borcluyam Sən Tanrıma!

Bilirəm, onsuz da qatiləm!

Mənli arzularının,

İstəklərinin,

Sənə verəmədiyim nəvələrinin “qatili”!

İndi də

balanın qatili olmaqdan qorxuram!

Ana!

Sənin ölümünü gözləyirəm!

Başımdakı bu sevdanın xatirinə!

Bağışla!!!

Sıxılıram, o qədər sıxılıram ki, evimi də bezdirirəm, evimdəkiləri də bezdirirəm, dost istəyirəm, sirdaş istəyirəm və bilirəm ki, tapmayacağam. Ona görə tapmayacağam ki, o dostu özüm-özümdən uzaqlaşdırdım, özüm itirdim. Ona ehtiyacım var. Məktub yazmaq istəyirəm ona! Şeir yazmaq istəyirəm ona! Onunla bahara baxmaq, yağışı qucaqlamaq, ona şeirlərimi pıçıldamaq istəyirəm, ondakı kimi.

Gəl, sənə bir nağıl söyləyim,

O nağıl ömrümün noğulu idi.

O nağılda biri vardı – o Səndin,

O nağılda biri yoxdu – o məndim.

O nağılda Sən Günəşdin, mən gecə.

O nağılda Sən məndəydin,

Mən təkcə!

O nağılda gözlərin göz işığım,

Səsin İlahi səsi,

Səsin “Azan”ım idi.

O nağılda baxışın ürək dağım,

Sözün Müqəddəs ayə,

Özün alnıma tale,

Qismət yazanım idin.

O nağılda “ağ atlı”,

Bəyaz don gözləmirdim,

Qaranlıq gecələrdə

Təklikdən asılsam da,

Göydən düşən üç alma,

Mutlu son gözləmirdim.

O nağılda, bircə Sən,

Bircə Səni görürdüm!

O Nağılda tək səni,

Təkcə Səni sevirdim!

Yahu!

Yahu!

Yahu!

Mən ki, Səni sevirdim!

Mən ki, Səni sevirəm!

– Nə cür xəyallarınız var?

– Xəyallarım da elə özüm kimidir: gah gülür, gah ağlayır, gah danışır, gah susur. Hərdən bezirəm xəyallarımdan. Sanki xəyallarım məni çarmıxa çəkir. İstədiyim qədər istəmirəm o xəyalları. Gənc, istedadlı bir şair var – Tural Sahab, onu ilk dəfə bir şeirində tanıdım “Mən səni sevirəm, məni sevmədiyin qədər!” – deyirdi. Gənclərdən misal çəkmək böyüklər arasında yasaqlanıb sanki. Amma etiraf edim ki, çox təsir etmişdi mənə o misra. Bax, xəyallarım məni sevdiyi qədər mən onları sevmirəm! Amma onlarsız günüm yoxdur. Əvvəllər özüm cürbəcür xəyallar qurardım. Və o xəyallar məni o qədər yarıyolda qoydu ki… Desəm, daha xəyal qurmuram, bəlkə də elə doğru demiş olaram. Daha xəyal qurmuram, xəyalların əlindən qopa da bilmirəm…

– Dediniz ki, gənclərdən misal çəkmək böyüklər arasında yasaqlanıb. Açıqlama verərdiniz, lütfən.

– Yasaq deyərkən, Sultan Süleymanın sarayındakı yasaqlardan deyil bu yasaq (gülür). Yəni orta yaşlı, yaşlı yazarlar özlərindən o qədər razıdılar ki, ayıb bilirlər bir gəncdən misal çəkməyi. Misal çəkmək olar, yalnız özünütəsdiq etmiş dahilərdən. Amma mən belə düşünmürəm. Bu yaxınlarda yəhudilər barədə bir yazı oxudum, Cebhe.info portalında. Çox maraqlı fikirlər var idi orada. Dünyaya öz elm və bacarıqları ilə meydan oxuyan yəhudilərin uşağı necə tərbiyə etdiklərindən gedirdi söhbət. Uşağı kiçik yaşdan qürura, fəxarətə alışdıran yəhudilər onlara uşaq kimi yox, gələcəyin dahisi kimi münasibət göstərirlər. Yeri gəlmişkən, yəhudiləri çox sevirəm. Ən böyük arzum onların tarixi və bu günü barədə sənədli roman yazmaqdır. “Partizanın acı həqiqətləri” sənədli romanımda Böyük Vətən Müharibəsi zamanı alman faşistlərinin yəhudilərə etdiyi işgəncələrdən yazmışam. Lakin onların mədəniyyəti, ədəbiyyatı, tarixi mənə o qədər maraqlıdır ki, Tanrım bütün bunları öyrənib yazmağı nəsib eləsin. Söhbət ədəbiyyatçılardan getdiyi üçün sırf bu sahədən danışıram. Çox az ədəbiyyat adamı – həm də sözü keçən, qələmi işləyən, möhürü-ştampı olan ədəbiyyat adamı var ki, gənclərə dəstək olur. Əslində dəstək olmasa da istedad özünə yol tapacaq. Amma dəstəyi əsirgəməsək daha yaxşı olmazmı? Bu yaxınlarda istedadlı bir gənc feysbukda mənim yazdığım şərhi sildi və məktublar bölümündə yazdı ki, “İradə xanım, bağışlayın, şərhinizi sildim. Mən Rəşad Məcidin dərnəyinə gedirəm, məni ordan çıxarar birdən”. Bu nə gənclikdir axı? Belə gəncliklə nə arzulamaq olar? Onu başa sala bilmədim ki, Rəşad Məcidin istedad istehsal edən dəzgahı yoxdu. O, sənin istedadını əlindən ala bilməz axı. Uzaq başı bir iki dərgidə, çap olmayacaqsan, adın az hallanacaq. Bütün günü mediada gözlərimizi mazol edən şairlər var, amma heç biri yadda qalmır, çünki istedad çatışmır. Ramiz Rövşənə bax, Musa Yaquba bax, Məmməd İsmayıla və s. bax, onları kim reklam edir heç kim, amma kim yaşadır, kim sevir – xalq! Asılı, yaltaq, sözünü deməkdən çəkinən gənclik yetişdirməli deyilik. Gəncliyə yol versək, gəncliyə inansaq, onları daha çox irəli çəksək üzümüz də ağ olar.

– İndiki zamana, gələcəyə, yoxsa keçmişə köklənmisiniz? Hansında yaşamaq sizin üçün rahat ola bilərdi?

– Keçmişi istəmirəm. Nə qədər şirin olsa, atalı uşaqlıq illərim olsa da, qayğısız olsam da, istəmirəm! Yəni bu günə qədər keçdiyim o çətin yollardan bir də keçməkdən qorxuram. Gələcəyə bel bağlamıram. Gələcək nələr gətirəcəyindən bixəbərəm. Bu günlə yaşayan insanam. Demirəm bu gün rahatdı, gözəldi hər şey. Lakin bu günü görürəm, nə qədər romantik birisi olsam da, görünən görünməyəndən daha işıqlıdı.

– Xoşbəxt olmaq üçün nə etmək lazımdır?

– Sevmək lazımdı, qovuşmağa can atmadan sevmək!

– Yeni kitabınız barədə söhbət etmişdik. Bu yaxınlarda bir müsahibənizdə oxudum ki, “Bağışla” şeirlər kitabınız məhz bir nəfərə ünvanlanıb. Bəs bu kitabdan sonra o sizi bağışladımı?

– Çətin sualdır. Amma bağışlasaydı… Bilmirəm! Heç bilmirəm ki, kitabı oxudumu.

Mənsur Rəğbətoğlu

Həmçinin oxuyun

Netanyahunun xanımı təyyarədə qalmaqal yaratdı

İsrailin Baş naziri Binyamin Netanyahunu səfər zamanı müşayiət edən xanımı Sara Netanyahu laynerə daxil olarkən …

Bir cavab yazın