Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Dünya / Samir Adıgözəlli: “… ABŞ-ın öz adına utanc gətirir”

Samir Adıgözəlli: “… ABŞ-ın öz adına utanc gətirir”

ABŞ-dan olan konqresmen Frank Pallone ölkəsilə qondarma “Dağlıq Qarabağ Respublikası” arasında olan baryerlərin aradan qaldırılmasına dair tələb irəli sürüb. Bu iddia ilə erməni KİV-ləri çıxış ediblər. Pallonenin bununla bağlı öz həmkarlarına çağırış etdiyi bildirilir. Hətta konqresmenin “ABŞ-Artsax səyahət və əlaqələr” adlı layihə də hazırladığı xatırladılır.

Ermənistan mətbuatı bu məlumatları ABŞ-da fəaliyyət göstərən Erməni Milli Konqresinə istinadən yayıb. Konqresmenin fikirlərindən sitat: “Orada çox gözəl demokratik bir quruluş var. Bu səbəbdən də ABŞ-la həmin qurum arasındakı münasibətlərin qurulmasına nəsə mane ola bilməz. Mən Qarabağa etdiyim səfərlər zamanı bunun şahidi olmuşam. Buna görə də mən ABŞ hakimiyyətindən konkret addımların atılmasını tələb edirəm”.

Konqresmen öz layihəsində, həmçinin, hər iki tərəfi təmsil edən “rəsmilərin” maneəsiz qarşılıqlı səfərlərinə icazənin verilməsinin vacibliyini də gündəmə gətirib.

Konqresmenin bu təşəbbüsünə hansı qiyməti vermək olar?

Dünya Azərbaycanlıları Konqresi icra aparatının rəhbəri Samir Adıgözəlli qəzetimizə açıqlamasında bildirdi ki, bu, ABŞ konqresmenlərilə bağlı yaşanan ilk belə hal deyil: “Azərbaycan müstəqil siyasət yürüdən bir ölkə, etibarlı tərəfdaş kimi beynəlxalq aləmdə layiqli yerini tutub. Təbii ki, bütün bunlar dostlarımızı sevindirməklə bərabər, Azərbaycanın 20 faiz ərazisini işğal etmiş, 1 milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsinə səbəb olmuş Ermənistanı, dünyadakı erməni diaspor təşkilatlarını daim narahat edir. Ona görə də Ermənistan siyasi rəhbərliyi dünyadakı erməni diasporunun imkanlarından, eləcə də onların təsiri altında olan xarici diplomatlardan, siyasətçilərdən, deputatlardan öz məqsədləri üçün yararlanır. ABŞ-Azərbaycan münasibətlərinin yaxşı olduğu indiki məqamda da ermənipərəst dairələr aktivlik nümayiş etdirməkdədirlər.

Belə xoşagəlməz hallar bundan əvvəl də olub. Amerikalı konqresmen Kris Smiti və başqalarını buna misal çəkə bilərik. “Erməni soyqırımı kampaniyası”nın fəal təşkilatçılarından biri olan K.Smit ardıcıl olaraq Türkiyəyə, Türk dünyasına qarşı çıxışları və düşmən münasibəti ilə də seçilib.

Bu dəfə də erməni havadarlarından başqa konqresmenin yeni tapşırıq aldığı üzə çıxır. Məhz bu tapşırığa uyğun olaraq, Frank Pallone ABŞ-Azərbaycan münasibətlərinin inkişaf etdiyi bir məqamda Vaşinqtonla Bakı arasında gərginlik yaratmağa, əlaqələri zəiflətməyə çalışır. Ancaq əminliklə deyə bilərəm ki, bu cür səylərin heç bir faydası olmayacaq. Çünki Pallonenin demokratik adlandırdığı rejim terrorçulardan ibarət bir hərbi xuntadır. Onlar işğal altında olan ərazilərdə müvəqqəti qurum yaradıblar, onu “dövlət” adı ilə dünyaya sırımaq istəyirlər. Çox təəccüblüdür ki, həmin xuntanı heç Ermənistanın özünün tanımağa cəsarətinin çatmadığı bir halda dünyanın demokratik ölkəsinin konqresmeni ora ilə əlaqələrin qurulmasından danışır. Özü də həmin qondarma rejimi demokratik bir quruluş kimi xarakterizə edir. Konqresmenin bu addımı ilk növbədə ABŞ-ın öz adına utanc gətirir”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Ermənistanın 30 ildəki itkilərinin sayı açıqlanıb

Ermənistan mətbuatı ölkənin müxtəlif illərdə cəbhədəki itkiləri ilə bağlı statistika dərc edib. Azvision.az “news.am”a istinadən xəbər …