Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Dünya / Sabiq səfir müxalifətə keçdi

Sabiq səfir müxalifətə keçdi

2001-2004-cü illərdə Bakıda çalışmış səfir Ünal Çeviköz CHP-dən namizəd olub

2001-2004-cü illərdə Türkiyənin Azərbaycanda səfiri olmuş Əhməd Ünal Çeviközün 24 iyun seçkilərində CHP-nin İstanbuldan deputatlığa namizədliyi irəli sürülüb. Keçmiş səfir İstanbul ikinci bölgədən namizəddir.

Qeyd edək ki, Ü.Çeviköz 2015-ci il parlament seçkilərində CHP-dən namizədliyə iddiaçı olub. Daha sonra isə aktiv siyasətə daxil olub. Bu ilin fevralında isə CHP-nin qurultayında Partiya Məclisinin üzvlüyünə seçilib. Bu səbəbdən də “Qalatasaray” Futbol Klubunun İdarə Heyəti üzvlüyündən istefa verib. Ünal Çeviköz həmçinin Ankara Politikalar Mərkəzi adlı analitik siyasi mərkəz yaradıb və ona rəhbərlik edib. Buna qədərsə Çeviköz uzun illər Türkiyə XİN sistemində çalışıb, fərqli vəzifələr tutub.

Əhməd Ünal Çeviköz 1952-ci ildə İstanbulda anadan olub. Kadıköy Maarif Kollecində lisey təhsili alıb. 1974-cü ildə Boğaziçi Universitetinin ingilis dili və ədəbiyyatı fakültəsini bitirib. 1978-ci ildə isə yenə eyni universitetin politologiya fakültəsini bitirib. 1978-ci ildə Türkiyə Xarici İşlər Nazirliyində fəaliyyətə başlayıb. Türkiyənin SSRİ-dəki səfirliyində ikinci katib, Avstriya Bregenz şəhərində isə konsul vəzifəsində çalışıb. Ankara Şərq Dairəsində çalışdıqdan bir müddət sonra Bolqarıstan səfirliyində müstəşar vəzifəsində çalışıb.

1989-cu ildə Ünal Çeviköz Türkiyə XİN-dən ayrılaraq NATO-nun qərargahında Beynəlxalq Katiblikdə çalışmağa başlayıb, daha sonra bir müddət İqtisadiyyat, ondan sonra isə Siyasət direktorluğunda işləyib. 1993-cü ildə Brüssel Universitetində beynəlxalq əlaqələr üzrə magistr dərəcəsi alıb. Bundan sonra isə 1994-cü ildə NATO-nun Moskvadakı İnformasiya Bürosunu qurub, sonra orda çalışıb. Eyni zamanda Çeviköz NATO-Rusiya qurucu sənədinin hazırlanmasında iştirak edib. 1997-ci ildə yenidən Xarici İşlər Nazirliyinə qayıdan Çeviköz XİN Balkan idarəsinin rəhbəri, ardınca Orta Asiya və Qafqaz idarəsinin müdir müavini vəzifəsində çalışıb. 2001-ci ildə Azərbaycana səfir təyin olunan Çeviköz 2004-cü ilə qədər Bakıda işləyib. 2004-2006-cı illərdə isə təcrübəli diplomat Amerikanın işğalı altında olan İraqda ən gərgin münaqişə dövründə Türkiyənin səfiri olaraq çalışıb.

Ünal Çeviköz ile ilgili görsel sonucu

2007-2010-cu illərdə yenidən Ankaraya qayıdan Ü.Çeviköz XİN-də müstəşar vəzifəsində işləyib. 2009-cu ildə Türkiyə və Ermənistan arasında sərhədlərin açılmasını nəzərdə tutan “Sürix protokolları” sənədinin hazırlanmasında yaxından iştirak edən Çeviköz bu dövrdə bir neçə dəfə İrəvana səfər edib, aktiv danışıqlar prosesini aparıb. Bu hadisə Azərbaycanda böyük etiraz yaradıb, ancaq etirazlara baxmayaraq sənəd Sürixdə imzalanıb. Lakin icra olunmayıb və daha sonra ləğv edilib.

Ünal Çeviköz isə 2010-cu ildə Türkiyənin Britaniyadakı səfiri vəzifəsinə təyinat alıb. 2014-cü ilə qədər Londonda çalışan Çeviköz daha sonra vəzifəsini tamamlayaraq Türkiyəyə dönüb. 2014-cü ilin sentyabr ayında öz istəyi ilə təqaüdə çıxıb.

Qeyd edək ki, Türkiyə XİN sistemində çalışan diplomatların daha sonra CHP-yə qatılmaları bir növ ənənəyə çevrilib. Ana müxalifət partiyasında çoxlu sayda sabiq diplomat fəaliyyət göstərir. Ancaq maraqlıdır ki, Ü.Çeviköz keçmiş prezident Abdulla Gülün komandasının üzvü hesab olunurdu. Lakin təcrübəli diplomat fəaliyyətini CHP-də davam etdirməyə qərar verib. “Sürix protokolları” səbəbindən Azərbaycanda çox da xoş xatırlanmayan Çeviköz təcrübəli diplomat, dünyanın ən qaynar bölgələrində fəaliyyət göstərmiş, siyasi münasibətləri yaxından bilən bir şəxsdir. Onun həm NATO-dakı uzun və səmərəli fəaliyyəti, ən kritik dövrdə Azərbaycanda – Qafqazda işləməsi, nəhayət, İraqda işlədiyi dövr dünya siyasətinin ən gərgin və həssas dövrünə təsadüf edir. Belə bir şəxsin Türkiyə məclisində olması Ankaranın xarici siyasətinə də müsbət mənada ciddi təsir göstərə bilər.

“Yeni Müsavat”

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …