Cümə , Dekabr 4 2020
Ana səhifə / Dünya / Sabiq nazir Nəriman Yusifov:“12 illik Kreml həyatımda çox hadisələrin şahidi, iştirakçısı oldum”

Sabiq nazir Nəriman Yusifov:“12 illik Kreml həyatımda çox hadisələrin şahidi, iştirakçısı oldum”

“Müstəqillik böyük nemətdir”

Bakıda hüquq professoru İlham Rəhimovun təşəbbüsü ilə uzun illər həm Azərbaycan SSR-də, həm də SSRİ miqyasında yüksək vəzifələrdə çalışan Nəriman Yusifovun 90 illik yubileyi qeyd olunub. Mərasimə Azərbaycanın hüquq ictimaiyyətinin tanınan simaları, hökumət rəsmiləri, aydınlar qatılıb. Səmimi ortamda baş tutan yubiley tədbirində yaxınları, bərabər çalışdığı insanlar Nəriman Yusifovun şəxsiyyəti və fəaliyyəti haqqında yüksək fikirlər səsləndiriblər. Tədbirdə Nəriman Yusifovun həyatına işıq tutan “12 il Moskvada – Kremldə” kitabı da təqdim edilib.

“Mənə, Qərbi Azərbaycan torpaqlarının bir tərəfdən Ağrıdağ ətəklərində yerləşən, indiki Ermənistanın ərazisində qalmış Vedibasar mahalının Böyük Vedi kəndində doğulmuş, Bakıda ali hüquq təhsili almış Allah bəndəsinə, 1966-78-ci illərdə 12 il Moskvada Kremldə SSRİ Ali Soveti Rəyasət Heyətinin aparatında məsul vəzifələrdə işləmək xoşbəxtliyi nəsib olub…
Hansı ölkədə, şəhərdə, hansı mahalda oluramsa-olum, televizorda Moskvanı, dünyanın diqqət mərkəzində olan Kremli, onun Spasskaya qülləsinin zirvəsindəki saatı gördükdə, bu saatla üzbəüz olan xidməti otağım, hər gün bu qüllənin altındakı eyniadlı darvazadan keçərək işə və işdən sonra həmin darvazadan çıxıb Qırmızı Meydanla evə getməyim yadıma düşür…” Nəriman Yusifov kitabda həyatını bu cümlələrlə özətləməyə başlayır. “12 il Moskvada – Kremldə” kitabının unikallığı həm də Sovet İttifaqının rəsmi həyatı ilə bağlı çox özəl informasiyalar daşımasındadır. Kitabda müəllif Mikoyan, Şevardnadze, Voroşilov, Georqadze, marşal Budyonnı, Kosıgin, Rudenko ilə bağlı xatirələrin maraqlı olayların fonunda təqdim edir.
Azərbaycana döndükdən sonra Bakı şəhər prokuroru, ədliyyə naziri vəzifələrində çalışan Nəriman Yusifov ədliyyə sistemində böyük məktəb hesab edilir. Kitabın həmin illəri əhatə edən hissəsində Nəriman Yusifovun rəhbərliyi altında çalışan insanlar haqqında xatirələri toplanıb.

Yubiley mərasimindəki qonaqları tək-tək salamlayan Nəriman Yusifov musavat.com-un bir neçə sualını da cavablandırıb.

– Nəriman müəllim, Azərbaycan Ədliyyə Nazirliyinə rəhbərlik dönəminiz, sizcə, daha çox nə ilə yadda qalıb?

– Moskvada çalışdığım illər fəaliyyətimin çox önəmli hissəsidir. 1966-cı ildən başlayaraq mən artıq Azərbaycan yox, ümumittifaq səviyyəli vəzifə daşıyırdım. Bu böyük məsuliyyət deməkdir. Həmin illər çox böyük təcrübə qazandım. 12 illik Kreml həyatımda çox hadisələrin şahidi, iştirakçısı oldum. SSRİ kimi nəhəng bir ölkənin rəhbərləri ilə təmaslar, bərabər çalışmaq böyük məktəbdir. Azərbaycana qayıdanda da Moskvada qazandığım təcrübəni respublikada tətbiq etmək üçün cəhdlər edirdim. Mərkəzi idarəetmədəki müsbət tendensiyalar o zamanlar respublikalara o qədər də tez gəlib çatmırdı. Çalışırdım ki, müsbət yeniliklərin respublikaya gətirilməsini bacardığım qədər sürətləndirim.

721f677e47665c80ce681fc69a4a5449.jpg (97 KB)

– Yerli hakimiyyət bəyənirdimi sizin yenilikçi təşəbbüslərinizi?

– Yenilik etmək heç zaman asan deyil. İnsanlar köhnə düzənin dağılmasından, yeni tendensiyalardan çox zaman ehtiyat edir. Söhbət yalnız rəhbərlərdən getmir, bu, vətəndaşlara da aiddir. Əsas odur, yenilikləri gətirməyə cəhd edən insan onun cəmiyyətə xeyir verəcəyinə inansın və işində ardıcıl olsun. Uğur o zaman əldə edilir. Təcrübə, əlaqələr idarəetmədə böyük faktordur, ancaq çalışqanlıq da çox vacibdir. Vəzifəmə görə, təxminən 10 il Kommunist Partiyası Mərkəzi Komitəsi Rəyasət Heyətinin bütün yığıncaqlarında iştirak etmişəm. Bu, 2 akademiya bitirmək kimidir. Bir tərəfdə Siyasi Büronun üzvləri, bir tərəfdə SSRİ Ali Sovetinin sədri… Müzakirələr, qərarların qəbul edilməsi, hesabatların təqdim edilməsi. Azərbaycana gələndə də o iş metodlarını yerli səviyyədə tətbiq etməyə səy göstərdim. Əgər mənim Azərbaycan Ədliyyə Nazirliyinə rəhbərlik etdiyim dönəm müsbət çalarlarla yadda qalıbsa, buna görə Moskva təcrübəsinə borcluyam.

– Azərbaycan Ədliyyə Nazirliyinə rəhbərlik etdiyiniz dönəm haqqında yüksək fikirlər səsləndirilir. Sizcə, bu, ədliyyə sisteminə gətirdiyiniz hansı xüsusiyyətlərlə bağlıdır?

– Təbiətim belədir ki, mən natəmiz işlərə hər zaman çox pis baxıram. İşlədiyim dönəmdə də belə halların qarşısını almağa çalışmışam. Bu gün də baxışım eynidir. Mənim üçün hər zaman ədalət prinsipi öndə olub. Natəmiz işlərlə kəskin mübarizə apardığım üçün bir çox məmurlarla problemlər yaşamışam, ancaq bu prinsipimdən dönməmişəm. Elə olub ciddiyyətim, barışmazlığım, Mərkəzi Komitədə kimlərisə qıcıqlandırıb. Çox zaman partiya yoldaşlarımdan daha çox vətəndaşlardan dəstək görmüşəm. Çünki sadə insanlar onların hüquqlarını qoruyan məmurlara çox böyük hörmətlə yanaşırlar.

– Nəriman müəllim, Kremldə daha çox yerli kadrlarının olmasına bütün sovet respublikaları, o sıradan Azərbaycanda çalışıb. Siz 12 il Kremldə çalışdıqdan, bəlli bir mövqeyə yüksəldikdən sonra necə oldu ki, Azərbaycana qayıtdınız? Bu məsələdə Azərbaycanı sevməyən qüvvələrin əli var idimi?

neriman yusifov3.jpg (67 KB)

– Səhhətim əl vermədi. Kreml dünyadakı iki supergücdən birinin idarəetmə mərkəzidir və hər zaman xüsusi olaraq qorunub. 12 il həmin məkanda çalışdıqdan sonra başımda möhkəm ağrılar əmələ gəldi. Kreml xəstəxanasının həkimləri bildirdilər ki, səhhətim məhz həmin qoruma qurğularından ziyan çəkir, ona görə də təcili doğulduğum torpaqlara qayıtmalıyam. Ermənistanda doğulmuşam, amma ora qayıtmaq istəmirdim, ona görə də Azərbaycanı seçdim. Dəniz, günəş, qum 12 il aldığım şüalanmanı orqanizmimdən təmizlədi. Azərbaycan Mərkəzi Komitəsinin üzvləri Moskvaya tez-tez gəlirdilər, yaxşı münasibətlərimiz vardı, mənim Bakıya qayıtmağımdan xəbərdar idilər. Respublika prokuroru ilə görüşəndə mənə bildirdi ki, Bakı prokuroru vəzifəsi boşdur, sizi orada görmək istəyirik. Mən bu təklif haqqında çox düşündüm. Çox kiçik vəzifə kimi görünürdü mənə…

– Kiçik?

– Əlbəttə. Kremldə ciddi bir post tutan ümumittifaq miqyaslı məmur üçün respublikalardan birinin paytaxtının prokuroru vəzifəsi böyük görünmür. Mən 15 respublikanın 15-nə də vətəndaşlıq məsələləri üzrə rəhbərlik edirdim. Ancaq sonradan qəbul etdim. Qısa dönəmdən sonra Azərbaycanın ədliyə naziri postuna təyin olundum.

– Kremldə çalışdığınız 12 ildə SSRİ-yə rəhbərlik edən şəxsləri yaxından izləmək imkanınız olub. Sovet liderlərindən kimin Azərbaycana münasibəti daha yaxşı idi?

– Mən Moskvaya gedəndən 3 il sonra Azərbaycana Heydər Əliyev rəhbərlik etməyə başladı. Onun bütün sovet liderləri ilə münasibətləri yaxşı olub. Səbəb isə Azərbaycan Respublikasının göstəricilərinin hər zaman yüksək olması idi. SSRİ Ali Sovetinin sədrləri, SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibləri Azərbaycana gəlirdilər, çox yaxşı münasibətlər qurulmuşdu. Leonid Brejnevin Heydər Əliyevə çox özəl münasibəti var idi və Azərbaycana tez-tez gəlirdi. Azərbaycanın rəhbərləri ilə Kreml rəhbərlərinin belə isti münasibətinə digər respublikalar həsəd aparırdılar.

neriman yusifov2.jpg (96 KB)

– Siz həm Azərbaycanın sovet quruluşundakı illərinin, həm də müstəqillik illərinin şahidisiniz. Necə görürsünüz müstəqil Azərbaycanı?

– SSRİ dağılmazdan öncə mən artıq təqaüddəydim. Bu proseslərin iştirakıçısı olmamışam, ancaq düşünürəm ki, müstəqillik böyük nemətdir. Bütün əmək fəaliyyətim SSRİ dönəminə aiddir. Hesab eləmirəm ki, SSRİ Azərbaycanı hansısa məsələdə sıxışdırıb, kənarlaşdırıb, yad gözlə baxıb. SSRİ böyük bir ailə idi. Amma müstəqillik tamamilə başqadır. Yaşım 90-dır. İndi gördüyümüz Azərbaycan, Bakı faktiki mənim gözlərimin önündə qurulub. Nə Rusiya imperiyasının tərkibində olanda, nə bolşevik inqilabından sonra, nə də SSRİ-nin yüksəliş illərində Azərbaycanda müstəqillik dönəmindəki kimi inkişaf olmayıb. Mən Bakıya 1945-ci ildə Ermənistandan gələndə buralar kəndə bənzəyirdi. Amma indi Bakıya baxın – dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Bundan gözəl nə ola bilər? Bu da onu sübut edir ki, müstəqillik hər bir millət üçün vacibdir. Onun qədrini bilməliyik.

Həmçinin oxuyun

Koronavirus bütün dünyada tüğyan edir – STATİSTİKA

Dünyada yeni növ koronavirus infeksiyasına (COVID-19) yoluxanların sayı 64 milyon 844 min 771 nəfərə çatıb. …

Bir cavab yazın