Bazar , Oktyabr 25 2020
Ana səhifə / Dünya / Səudiyyə Ərəbistanının baş prokuroru Türkiyəyə gələcək

Səudiyyə Ərəbistanının baş prokuroru Türkiyəyə gələcək

Səudiyyə Ərəbistanının baş prokuroru şeyx Səud əl-Muacib Camal Kaşıkçının qətli ilə bağlı təhqiqat çərçivəsində oktyabrın 28-də Türkiyəyə gələcək.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, Səudiyyə Ərəbistanının baş prokuroru türkiyəli həmkarları ilə danışıqlar aparacaq.

Türkiyənin dövlət başçısı, həmçinin Camal Kaşıkçının qətlinə dair istisnasız olaraq bütün informasiyanı açıqlamağa çağırıb. “İcraçılar məlumdur. Cinayət işi ilə əlaqədar həbs olunan 18 nəfər Kaşıkçının qatilini tanıyır, çünki onların arasında icraçı da var. Səudiyyə Ərəbistanı qatilin kim olduğu barədə məlumat verməlidir”, – deyə o bildirib.

Ər-Riyad qətlin bilavasitə icraçıları barədə məlumatı yaymasa, Səudiyyə Ərəbistanının mövqeyinə şübhə yaranacağını vurğulayan Rəcəb Tayyib Ərdoğan deyib: “Əgər siz bu məsələdə şübhələri aradan qaldırmaq istəyirsinizsə, müvafiq bəyanatla çıxış edin. Həbs olunan şəxsləri danışdıra bilmirsinizsə, onları bizim məhkəməyə təhvil verin, axı, hadisə İstanbulda baş verib”.

Xatırladaq ki, Camal Kaşıkçı oktyabrın 2-də nikahla bağlı sənədləşmə işi üçün Səudiyyə Ərəbistanının İstanbuldakı baş konsulluğuna gəlmiş və həmin vaxtdan itkin düşmüşdü. Oktyabrın 20-də Səudiyyə Ərəbistanının baş prokurorluğu jurnalistin konsulluqda öldüyünü təsdiqləmiş və buna səbəb kimi diplomatik missiyada yaranmış mübahisəni göstərmişdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə oktyabrın 23-də Kaşıkçı işi barədə açıqlamasında səudiyyəli jurnalistin planlaşdırılmış bir cinayətin qurbanı olduğunu bildirib və ertəsi gün Səudiyyə Ərəbistanı tərəfi bunu etiraf edib.

Həmçinin oxuyun

Əkrəm İmamoğlu koronavirusa yoluxub

Türkiyə İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub. APA-nın …