Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Dünya / Rusiya ictimai-siyasi fikrində tarixi dönüş – “Azərbaycan, ya Ermənistan” müzakirələri qızışır

Rusiya ictimai-siyasi fikrində tarixi dönüş – “Azərbaycan, ya Ermənistan” müzakirələri qızışır

Ermənistanda baş vərən hakimiyyət dəyişikliyindən sonra həmin ölkə ilə indiyə kimi çox yaxın  münasibətlərdə olan Rusiyada maraqlı proseslər cərəyan etməyə başlayıb. Məlumdur ki, Ermənistanda hazırda hakimiyyətə gələn Nikol Paşinyan anti-Rusiya meylli siyasətçi kimi tanınıb.

Onun cəmiyyətdə populyarlaşmasını indiyə qədər Rusiya əleyhinə, xüsusilə də Ermənistanın Avrasiya İttifaqından çıxmasının zəruri olması ilə bağlı səsləndirdiyi fikirlərlə əlaqələndirirlər. Rəsmi Moskva hesab edir ki, Ermənistanda baş verən hadisələr tam olaraq onun nəzarəti altında deyil. Məhz buna görə də Ermənistanla bağlı müəyyən pərdəarxası layihələrə start verib. Biz bunu Rusiyanın ictimai-siyasi həyatında gedən müzakirələrdə aydın görürük. Artıq Rusiyada Ermənistanın xəyanətkar, fürsətcil ölkə olması barədə fikirlər səslənməyə başlayıb. Nə qədər qəribə olsa da, biz bu sayaq fikirləri Rusiyanın tanınmış siyasətçilərinin, jurnalistlərinin dilindən eşidirik. Bu istiqamətdə aparılan müzakirələr çoxtirajlı media nümunələri tərəfindən cəmiyyətə təqdim olunur. Məsələn, bu günlərdə “Komsomolskaya pravda” radiostansiyasının efirindən  tanınmış jurnalist Leontyevin haqlı olaraq erməniləri necə tənqid etdiyinin şahidi olduq. O bildirdi ki, indiki vəziyyətdə Rusiya Ermənistana görə qardaş Azərbaycanla münasibətləri korlamamaldır. Bunun ardınca Rusiyanın tanınmış siyasətçilərindən olan Jirinovski erməniləri ciddi tənqid edərək bildirdi ki, Ermənistan adlı dövlət yalnız Moskvanın dəstəyinə görə mövcuddur. Biz Rusiyada bu istiqamətdə aparılan müzakirələrdə  maraqlı bir seçim ətrafında fikir mübadiləsinin aparıldığının şahidi oluruq. Gündəmə Moskva üçün Ermənistanın və ya Azərbaycanın daha çox önəm daşıdığı kimi mövzular çıxarılır və onun ətrafında diskussiyalar edilir. Nə qədər maraqlı olsa da, biz Rusiyanın ictimai rəyində bundan əvvəl belə müzakirələrə rast gəlmirdik. Onlar daim Ermənistanı öz səmimi müttəfiqləri kimi qələmə verməyə çalışıblar. Onu da qeyd edək ki, son günlər ərzində bu mövzu istiqamətində aparılan müzakirələrdə Rusiyadakı ziyalıların Azərbaycanın roluna böyük önəm verdiklərinə dair rəylər cəmiyyətə təqdim edilir.

Rusiyanın ictimai-siyasi fikrində “Azərbaycan, ya Ermənistan” müqayisələrinin aparılmasına bizim ekspertlərin münasibəti necədir?

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistan heç bir parametrinə görə Azərbaycanla müqayisə oluna bilməz: “Ermənistan bir dövlət kimi hər zaman Rusiyanın təsiri altında olub. Azərbaycan isə Rusiya ilə qonşu dövlət münasibəti qurub. Bizim Rusiya ilə aramızda olan münasibətin kökündə səmimiyyət durub. Ermənistan isə daim öz maraqlarını güdüb və həmin ölkədən maksimum faydalanmağa çalışıb. Bunu Rusiyada hamıdan gözəl bilirlər. Bir qədər dara düşən kimi Rusiyanı qurban verməyə hazır olurlar. Hazırda Rusiya basqı altındadır, hiss edilir ki, Ermənistanda yeni hakimiyyət anti-Rusiya xəttini yürütməyə çalışır. Azərbaycanın iqrtisadi gücü və siyasi nüfuzu da Ermənistanla müqayisə olunmayacaq dərəcədədir. Bizimlə Rusiya arasındakı münasibətlər çoxşaxəlidir, iqtisadi, siyasi, mədəni əlaqələri əhatə edir. Ermənistan özü barədə “qara ləkə” obrazı yaradıb. Hazırda Rusiyadakı ictimai fikir buna yönəlib ki, Ermənistanla müqayisədə onlar dəstəyi Azərbaycana verməlidirlər. Çünki görürlər ki, balaca fürsət düşən kimi Ermənistan onları satmağa çalışır. Azərbaycan isə Rusiya ilə münasibətlərin dərinləşməsinə önəm verir. Belə bir vəziyyətin yaranması yaxşıdır. Bundan sonra Rusiya öz addımlarını düşünərək atar və xəyanətkar dövlətə layiq olduğu qiymətini verər”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

Rumıniyanın məşhur cadugəri: “Trampın mühacirlərə qarşı davranışlarını əngəlləyəcəyik”

Rumıniyada və ətraf ölkələrdə çox yayğın olan cadugər ailələrin cəmiyyətdə mühüm yeri var. Rumıniya parlamentində …