Ana səhifə / Dünya / “Rektor-namizədin seçkiyə qatılması kimlərinsə mənə qarşı “böyük cəbhə” açdığı qənaətinə gətirə bilər”

“Rektor-namizədin seçkiyə qatılması kimlərinsə mənə qarşı “böyük cəbhə” açdığı qənaətinə gətirə bilər”

Seçki kampaniyasına saylı günlər qalsa da, ölkədə seçki ab-havası hiss olunmur. Sanki 1 noyabr tarixində  Azərbaycanda hakimiyyətin təşəbbüsü ilə texniki bir prosedur gerçəkləşdiriləcək. Prosesə qatılanlarla seçkiləri boykot edən siyasi qüvvələrin hədsiz passiviliyi durmu daha da süstləşdirir.

Bəs, seçkiqabağı durumu dəyişmək mümkündürmü? Namizədlərin, iştirakçıların fəallığı cəmiyyəti fəallaşdıra bilərmi? Strateq.az-ın bu istiqamətdə suallarını keçmiş millət vəkili, iqtisadçı-ekspert Nazim Məmmədov cavablandırıb.

 

– Nazim müəllim, seçki prosesinin ilkin mərhələsi – imzatoplama arxada qaldı. Necə keçdi bu mərhələ, durumu necə qiymətləndirirsiniz?

– İmzatoplama mərhələsi çox normal keçdi, 20-yə yaxın kənddən 10 nəfər 621 imza toplamışdı, imzaların  DSK-ya  təhvil  verilməsində özüm də iştirak etdim, normal münasibət gördüm. Baxmayaraq ki, KİV-də Gədəbəydə imza toplayanlara təzyiq olunması ilə bağlı yazılara  tez-tez rast gəlinirdi, müxtəlif  şaiyələr eşidirdik, ancaq bizim imzatoplayanlar heç bir təzyiqlə üzləşməmişdilər. Ancaq məndən sonra imza vərəqləri götürmüş bəzi namizədlərin imzalarının toplanmasında ciddi qanun pozuntularının olmasının şahidiyik, bu barədə DSK sədrinə iradım  da  olub ki, o  imza  vərəqləri diqqətlə  yoxlanılsın. Ona  görə ki, mənim  nümayəndələrim  qapı-qapı  gəzərək  imza toplayırlar, bir  neçə  “ağıllı  namizədlər” qohumunun icra nümayəndəsi olduğu kənddə seçicilərin xəbərləri olmadan imza vərəqlərini 1 gündə  doldurub  qaytarırlar. Mənim namizədliyim 5 günə təsdiq olunubsa, əksər namizədlərin təsdiqi 1 günə başa çatdı, bütün bunlara biz, təbii ki, seçicilərə hörmətsizlik kimi baxırıq. Bu  kimi  hallara  görə gələcəkdə 450  imza  tələbinin  Seçki Məcəlləsindən  qaldırılmasının  və depozit  pul vəsaiti  ilə  əvəzlənməsini  təklif edirik.

– Amma ölkədə seçki ab-havası hiss olunmur. Namizədlər çox passivdir. Belə ümumi rəy formalaşıb ki, hakimiyyətin razılığı olmadan parlamentə düşmək mümkün deyil və seçki kampaniyası aparmaq gərəksizdir. Bəs Siz necə düşünürsüz? Aktiv seçki kampaniyası aparmaqla nəyəsə nail olmaq mümkündürmü?

– Mən  tam əksini  düşünürəm. Seçkinin  əsas iştirakçıları namizədlər və  elektoratdır. Əgər namizədlər  fəal olsalar, cəmiyyət də fəallaşar, seçki kampaniyası da normal atmosferdə keçər. Bir  neçə  ay bundan öncə, mənim  seçkidə  iştirakımla bağlı müsahibəmi oxumuş insanlar bu  sualları mənə  tez-tez  verirdilər, bu  gün  də  belə  düşünənlər  var ki, seçki  yuxarılarda  həll  olunur. Yenə  xatırladıram: kimsə deyirsə ki, ona  “dobro”  veriblər, o sizi aldadır, məqsədi  seçkidə iştirak  etmək deyil, seçkiyə  kölgə  salmaq, öz  şəxsi  ambisiyasını yeritməkdir. Bu  tipli  namizədlərdən  bir  neçəsi  bizim  dairədə  də  var, hansılar  ki, iyun-iyul  aylarında  bulaqların ətrafında  içki  havasına  belə  şaiyələr  yayıblar. Mənə  qohum  olan  adamların  yanında “biz artıq “yuxarıdan “dobro” almışıq” deyərək, guya, ruh düşkünlüyü  yaratmaq  istəyiblər. Bunlar  həmin  namizədlərdir  ki, 1995-ci  ildən indiyə qədər  iştirakları seçkini  fəallaşdırmaqla  yox, seçicilərlə işləməklə  deyil, müxtəlif  siyasi  bloklarda  olmaqla, bədbinlik  yaymaqla  tanınırlar.

– Yeri gəlmişkən, alternativlərin əksəriyyəti hakim partiyanın üzvləridir. Hakim partiya isə ötən seçkilərdən fərqli taktika yürüdür. Əvvəl rəsmi namizədlərindən başqa YAP üzvü olan alternativlərə müxtəlif təzyiqlər edilirdi. Amma bu dəfə YAP üzvü olan xeyli məktəb direktorları, həkimlər, büdcə təşkilatlarında çalışanlar namizəddirlər. Elə sizin namizəd olduğunuz dairədə Avrasiya Universitetinin rektoru Nazim Hüseynli də deputatlığa iddiasını irəli sürüb. Bu paradoks nə ilə bağlıdır?

– Mən  hakim  partiyanın  necə  taktika  yürütməyini  deyə  bilmərəm, çünki  istənilən  siyasi  təşkilatın hər  seçkinin  keçirildiyi  zamanın  tələblərinə  uyğun  hərəkət  etməsi  məntiqlidir. YAP  böyük  resursları olan partiyadır, hər  rayonda  minlərlə  üzvü, tərəfdaşları var, bu  üzvlərinə vahid  namizədlərinə  mane  olmamaq üçün müraciətlərin səslənməsi  də  çox  normaldır, bunu  təzyiq  kimi  qiymətləndirmirəm. Bizim  dairədən  də  bir  neçə  məktəb  direktorunun  mən  namizədliyimi  verdikdən, imza  vərəqlərini  DSK-ya  təhvil  verəndən  sonra, həmçinin  “klon adla”  rektor-namizədin seçkiyə  qatılması  kimlərinsə  mənə  qarşı  “böyük  cəbhə” açdığı  qənaətinə  gətirə  bilər. Ancaq  bunları  fikirləşməyə vaxtım yoxdur.  Çünki  seçki ilə ciddi məşğulam, təbliğat-təşviqat  materiallarını  tamamlayıb  çapa  vermişəm, namizədlərlə müşahidəçilər  haqqında  danışıqlar  aparıram, seçki  təcrübəsi  olan müşahidəçilər  cəlb  etmək  əsas işlərimdən  biridir. Bunun  üçün  seçkidə  iştirak  edən, etməyən istənilən  siyasi  qüvvələrlə  anlaşmanın  tərəfdarıyam.

– AŞPA müşahidə missiyasının Azərbaycanda seçkiləri müşahidə etməsi ilə bağlı qərarı seçkiqabağı situasiyanı nisbətən canlandırdı. Rəsmi şəxslər bu qərarı uğur kimi dəyərləndiriblər. Beynəlxalq müşahidəçilərlə əməkdaşlıq etməyi düşünürsüzmü?

– Mən də AŞPA-nın qəarını çox  müsbət  qiymətləndirirəm, Avropa  institutlarının  Azərbaycanda  seçkiləri  müşahidə  etməsi  əlavə  legitimlik  yaradır, imkan  tapıb  onlarla  da  görüşməyə  cəhd  edəcəm. Ancaq  mən  “Facebook”da  yazdığım  bir  fikri  yenə  də  qeyd  etməliyəm. Seçkilərdə  əsas  legitimlik  yaradan, seçkidə  iştirak  edən  namizədlərin  qalib  gəlmiş  namizədin  qələbəsini tanımasıdır. Ona  görə  bir  daha  namizədlərə  səslənirəm  ki, heç  kim  yuxarılarda  “dobro”  axtarmasın, heç  kim  “seyid  cəddinə  ümidli  olan  kimi”, siyahılara  ümid  etməsin, halal  mübarizə  aparsın, qalib  gələni  də  təbrik  etməyi  yaddan  çıxartmasın. Bu ictimai  əhəmiyyətli  dövlət  tədbirini  bəhanə  edib özündə  olan  anadangəlmə  paxıllığını  üzə  çıxarmasın, qohumlar  arasında  düşmənçilik  toxumu  səpməsin. Çünki  bir  neçə  namizəddən  bunları  dəfələrlə  görmüşük. Əsas  odur  ki, seçilən  adam  seçiciləri  düşünən, millətini  sevən, doğru-dürüst  bir  insan olsun,  həm  də  dövləti  düşünən  faydalı birisi  olsun.

– Sosial şəbəkələrdəki çıxışlarınızda seçkini udacağınıza əminlik ifadə olunur. Bu optimizm nədən qaynaqlanır? Real durumu nəzərə alırsınızmı?

– Mən həyatda  dürüstlük  tərəfdarı  olmuşam, ömrümdə  haram  tikə  yeməmişəm. 2005-ci  ildən bəri insanları  necə təmsil  etmək nümunəsini  yaşadan  adamlardan biri  olmaqla, heç  vaxt  şəxsi  mənafeyimi  dövlət  maraqlarından  üstün  tutmamışam. Hər  hansı  bir  problemlə üzləşən seçici ən uzağı  bir-neçə  saata  məni  real  olaraq  tapıb. Öz  bilik-bacarığımı Azərbaycanın  daha  da  inkişaf  etməsinə  yönəltmişəm, mən  hakimiyyətin, cənab  prezidentin  nüfuzuna  xələl  gətirəcək heç  bir  addım  atmamışam. Deputat  olarkən, hər  iki  rayonda  yerli  icra  hakimiyyəti  orqanlarından vətəndaşların  problemlərini  həll  etməklərini tələb  etmişəm, bir  sözlə, seçicilərə  arxa-dayaq  olmuşam. Bizim dairədə  müstəqil  müşahidəçilərin  apardıqları  monitorinqlərin  nəticəsi  onu  göstərir  ki, 2010-cu  ildən  onları  təmsil  edən  hörmətli  deputat, ya işlərinin çoxluğu, ya yaşlı olması, ya da digər hansısa səbəbdən  seçki  dairəsində  işləməyib.  Onun  bu  fəaliyyətsizliyi, həmçinin  mənim  2005-ci  ildən  bu  günə  qədər  fəal  ictimai  mövqeyim  nüfuzumu  daha  da  artırmaqla  şansımızı yüksəldib. Bütün  bunlara  baxmayaraq, mən  fəal  təbliğat  kampaniyasını  daha  da  sürətləndirəcəm və  qalib  gələcəyimə şübhəm  yoxdur. Siyasi hakimiyyət  isə  mənim  dəyişməz  mövqeyimi  bilir. Hakimiyyəti  əvvəllər  necə  müdafiə  etmişəmsə, eləcə  də  müdafiə  etməkdə  davam  edəcəm. Əsas  sual  odur  ki,  Nazim  Məmmədovun  timsalında  seçicilərin  rahat  səs  verəcəyi, hakimiyyəti  normal təmsil  edə  biləcək, əqidəsini  satmayan  namizədləri  parlamentə  buraxmaqla, yaxud  buraxmamaqla siyasi  hakimiyyət  nə  qazanır, nə  itirir?!

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …

Bir cavab yazın