Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Dünya / Qazaxıstanda “Türk dünyasının mənəvi yenilənməsi” beynəlxalq konfransı keçirilib

Qazaxıstanda “Türk dünyasının mənəvi yenilənməsi” beynəlxalq konfransı keçirilib

 

Qazaxıstanın Türküstan şəhərində Beynəlxalq Türk Akademiyası (TWESCO) tərəfindən “Müqəddəs Türküstan və türk dünyasının mənəvi yenilənməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Azinforum.az -ın xəbərinə görə, Qazaxıstanın Türküstan əyaləti valiliyi, Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Türk-Qazax Universitetinin də dəstək verdiyi konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Rusiya, Fransa, Hindistan və digər ölkələrdən türkoloqlar və diplomatik missiya nümayəndələri iştirak edib.

Türküstan valisi Canseyit Tüymebayev Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin iyun ayında Türküstan əyalətinin yaradılması və əyalət mərkəzinin də Türküstan şəhərinə köçürülməsi ilə bağlı qərarının Türküstan şəhərinin inkişafına və türk dünyasının mənəvi mərkəzi kimi möhkəmlənməsinə böyük töhfə verəcəyini bildirib.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) keçmiş baş katibi Xəlil Akıncı türk dünyası arasında inteqrasiyanın güclənməsi üçün öncə türklərin özünüdərkinin reallaşmasının vacibliyinə diqqət çəkib. Bu baxımdan Qazaxıstanın başlatdığı “Türk dünyasının mənəvi yenilənməsi” proqramının əhəmiyyətini vurğulayıb.

Türklərin XII-XIII əsrlərdə Orta Asiyadan başlayaraq bütün dünyada söz sahibi olduqlarını, bunun məntiqi nəticəsi olaraq yenidən müasir sivilizasiyaya yiyələnmək istədiklərini qeyd edən H.Akıncı böyük fasilədən sonra türk dünyasının təşkilatlanması istiqamətində mühüm addımlar atıldığını, bu prosesdə Beynəlxalq Türk Akademiyasının əhəmiyyətli rol oynadığını bildirib.

TWESCO prezidenti Darxan Kıdırəli Prezident Nazarbayevin Türküstan ideyasını dəstəkləmək və sentyabr ayında Qırğızıstanda keçirilən Türk Şurasının toplantısında dövlət başçılarının qarşıya qoyduqları tapşırıqları həyata keçirmək məqsədilə bu konfransı təşkil etdiklərini qeyd edib.

Üç sessiyadan ibarət olan konfransda türk dünyasının müqəddəs məkanları, tarixi şəxsiyyətləri, habelə, türk dil və əlifbaları məsələləri müzakirə olunub.

Konfrans çərçivəsində TWESCO tərəfindən türkologiyanın inkişafındakı xidmətlərinə görə bir neçə alim “Vilhelm Thomsen” medalı ilə mükafatlandırılıb.

Bununla yanaşı, türk dünyası ilə bağlı önəmli xəbər və şərhlər yayımlayan kütləvi informasiya vasitələri nümayəndələrinə Beynəlxalq Türk Akademiyasının “İsmayıl Qaspıralı” media mükafatı təqdim edilib.

Konfrans çərçivəsində TWESCO ilə Türküstan valiliyi və Özbəkistan Milli Elmlər Akademiyası arasında əməkdaşlığa dair memorandum da imzalanıb.

 

Həmçinin oxuyun

Ermənistan Müdafiə Nazirliyinin brifinqində biabırçı anlar – FOTO

Ermənistan Müdafiə Nazirliyinin brifinqində biabırçı anlar yaşanıb.  Bununla bağlı foto sosial şəbəkədə paylaşılıb.  Fotoda nazirliyin …