Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Qənimət Zahidin qardaşı: “Oğlum deyirdi ki, ata bir gün əmimə görə başımız ağrıyacaq” – REPORTAJ, VİDEO, FOTOLAR

Qənimət Zahidin qardaşı: “Oğlum deyirdi ki, ata bir gün əmimə görə başımız ağrıyacaq” – REPORTAJ, VİDEO, FOTOLAR

Xəbər verdiyimiz kimi, iyul ayının 18-də “Azadlıq” qəzetinin baş redaktoru və “Azərbaycan saatı” teleproqramının müəllifi  Qənimət Zahidin iki qardaşı oğlu və bir əmisi oğlu həbs edilib. 
 
Mətbuatda gedən müzakirələrdə bu həbslər Qənimət Zahidin müəllifi olduğu “Azərbaycan saatı” televiziya proqramında hakimiyyəti tənqid etməsi ilə əlaqələndirilir. 
 
Qeyd edək ki, Qənimət Zahidin digər qardaşı oğlu Rüfət isə Azərbaycan Cinayət Məcəlləsinin 234.1.1 maddəsi ilə ittiham edilərək, həbs olunub.
Musavat.com-un əməkdaşı həbs olunan Rüfət Zahidovun ailəsinə baş çəkərək, ailənin durumu ilə maraqlanıb. Artıq bir aya yaxındır ki, Zahidovlar ailəsi övladları Rüfətin həbsi ilə barışmır, onun şərlənərək, həbs edildiyini deyirlər.
Rüfət Zahidovun atası Fərasət Zahidov oğlunun həbs edilməsini belə izah etdi: “İyunun 18-də Ramazan Bayramı ilə bağlı Şamaxı rayonuna getməli olduq. Yarım saat olardı ki, yola çıxmışdıq, mənə zəng gəldi. Dedilər ki, biz işıq idarəsindən gəlmişik, hardasınız? Rayona getdiyimizi dedim. “Bakıya qayıdanda bizə xəbər edin” dedilər. Biz rayona çatdıq, əzizlərimizin qəbrini ziyarət etdik. Bu vaxt mənə kürəkənim zəng edib, dedi ki, polislər kəndə tökülüşüblər və deyirlər ki, Fərasət kəndə niyə gəlib? Çaşıb qaldım. Bir qədər keçdi, sonra xəbər gəldi ki,qardaşım oğlu Turalı tutublar. Guya ki, polisləri təhqir eləyib, onlar da saxlayıblar. Axşam evə qayıtdıq. Qonşu bizə bildirdi ki, sizi polislər axtarırdı. Səhəri gün 4 polis maşını gəldi. Evimizə girdilər. Oturub, söhbət etdik, çay içdik. Sonra dedilər ki, bizimlə şöbəyə getməlisiz. Rüfətin maşınını da aparmaq istəyirdilər. Anası etiraz elədi ki, maşın başqa ünvanda qeydiyyatdadır. Elə hazırlaşıb çıxırdıq ki, şöbəyə gedək, polislərə zəng gəldi ki, gətirməyin, qoyun qalsın. Biz sevindik və bu söhbətdən sonra rahatlaşdıq”.
Fərasət Zahidov oğlu Rüfətin həmin ərəfələrdə hər gün izləndiyini bildirdi: “İyulun 20-də oğlum işə getmişdi. Mənə zəng edib dedi ki, ata arxamca maşın düşüb, məni izləyirlər. Oğlum şəxsi maşını ilə işə gedib, şirkət maşını ilə çıxanda yenidən izləyiblər. Yasamal rayonunda “Şəki kafesi”ndə nahar edərkən, mülki geyimli şəxlər gəlib, Rüfətə yaxınlaşıb deyiblər ki, “Maşını bir az kənara çəkin, biz də saxlayaq”. Oğlum maşını kənara çəkmək istəyəndə Narkomaniyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları maşında narkotik maddənin olduğunu deyiblər. Rüfəti aparıblar, Badamdar qəsəbəsində yerləşən Narkomaniya ilə Mübarizə İdarəsinə və yoxlanış zamanı arxa cibindən narkotik çıxıb. Oğlumla işləyən ekspeditor xanım zəng elədi və mənə dedi ki, “Oğlunuzu apardılar”. Dərhal “102” xidmətinə zəng elədim. Hadisə ilə bağlı məlumat verdim. Onlar da xeyli sorğu-sual etdilər. Sonda heç nə əldə edə bilmədik. Sonradan Rüfətin Badamdarda olduğunu öyrəndik. Narkomaniya ilə Mübarizə İdarəsinə getdik. Bizə bildirdilər ki, o, saxlanılıb, evinizə gedin. Səhəri gün xəbər tutduq ki, Rüfəti Səbail Rayon Polis İdarəsinə aparıblar. Polis idarəsinə getdik, lakin görüşə icazə vermədilər. Kor-peşman qayıtdıq evə… Səhəri gün Rüfətə yemək apardım, lakin özünü görə bilmədim. Orada müstəntiqlə görüşdüm, mənə dedi ki, “Rüfəti Kürdəxanı təcridxanasına göndərəcəklər”.
Oğlu həbsdə olan ata artıq bir aya yaxındır ki, onunla görüşə bilmir: “Həftədə iki dəfə telefon vasitəsi ilə əlaqə saxlayırıq. Bu günlərdə müstəntiq ilə danışacağam, əgər, icazə ala bilsəm, bazar günü Rüfətlə görüşə biləcəyik. Rüfətlə hər dəfə danışanda şərləndiyini deyir. Bu işlə heç vaxt məşğul olmadığını və heç siqaret belə, çəkmədiyini deyir. Biz də bilirik ki, Rüfət bir qutu siqareti bir həftəyə, 10 günə çəkirdi”.
Fərasət Zahidov oğlunun həbsinin qardaşı Qənimət Zahidin fəaliyyəti ilə bağlı olduğunu deyir: “Oğlumun həbsi əmisi Qənimət Zahidin “Azərbaycan saatı” verilişindəki fəaliyyəti ilə əlaqədardır. Rüfətin də bu yolla şərləndiyinə əminəm. Bizim özümüzün heç bir siyasi fəaliyyətimiz yoxdur. 28 ildir ki, mebel sahəsində işləmişəm. Ö zəhmətimizlə, fəhləliklə pulumuzu qazanmışıq. Rüfət isə taksi sürücüsü işləyib. Əvvəllər bizə heç bir təzyiq olmayıb. Amma bilirdim ki, Qənimət Zahidin fəaliyyətinə görə bizi nə vaxtsa, narahat eləyə bilərlər”.
Fərasət Zahidov bu barədə yaxın günlərdə Qənimət Zahidlə telefonla danışdığını deyir: “Rüfət həbs olunandan sonra danışmışam və demişəm ki, “Əl çək, bu verilişdən… Heç kimə xeyir gətirməyəcək”. O isə mənə dedi ki, “Bu, mənim yolumdur, belə də gedəcəm”. Qənimətlə kobud danışdım və dedim ki, “Sən orada oturub, veriliş aparırsan, rayonda qohumlarını incidirlər, həbs edirlər. Bunlar bir tərəfə qalsın, 87 yaşlı anan gözüyaşlıdır bu saat, onu fikirləş…” Bütün bunlara baxmayaraq, dedi ki, “Qərarım qətidir. Tutduğum bu yolla gedəcəyəm”.
Müsahibim mətbuat vasitəilə ölkə prezidentinə də müraciət etdi: “Cənab prezident, oğlum yeni ailə qurub, iki aylıq körpəsi var. Üzünü doyunca görməyib. Bizim Qənimət Zahidin siyasi fəaliyyəti ilə heç bir əlaqəmiz yoxdur. Ailəmiz, qohumlar, oğlum Rüfət “Azərbaycan saatı” verilişinə görə narahat olurdu. Deyirdi ki, “Ata bir gün əmim Qənimətə görə başımız ağrıyacaq”. Biz də onu dəfələrlə bu əməlindən çəkindirmək istəmişik. Xahiş edirəm ki, oğlumu bu böhtandan qurtarasınız”.
Rüfətin anası Fəridə Zahidova da deyir ki, oğlunun həbs olunduğunu eşidəndə buna inana bilməyib:“Rüfətin polislər tərəfindən aparıldığını biləndə inana bilmədim. Sonradan nakotik üstündə tutulduğunu eşitdim və bu həbsin əmisinin verilişi üzündən olduğunu bildim. Çünki Rüfətin ailəcanlı, zəhmətkeş övlad olduğunu bilirəm. Həmişə pis vərdişlərdən uzaq olub. Onun belə maddə ilə tutulması böhtandır. Heç vaxt siyasətlə məşğul olmayan, heç siyasi verilişləri izləməyən bir şəxsi necə həbs edə bilərlər. Rüfət orta təhsilli olub. Bir çox şirkətlərdə sürücü kimi işləyib. Heç bir şikayət gəlməyib. Əmisi Qənimət Zahidin fəaliyyətinə görə niyə Rüfət həbs olunmalıdır? Mən istəyirəm ki, hər şey ədalətli olsun. Desinlər ki, əminin verilişi ilə bağlı hökümətin gördüyü işləri görmədiyi üçün səni tuturuq. Narkotiklə tutulmasını istəmirəm. Bu, çox ağır ittihamdır. Mən hesab edirəm ki, ölkə başçısı bundan xəbər tutarsa, mənim oğlumun günahsız olduğunu üzə çıxaracaq. Getsinlər, Qənimət Zahidin qəzetini bağlasınlar, ona yalan materiallar göndərənlər həbs olunsunlar. Yoldaşım da siyasətlə məşğul olmur. Fəhlə ailəsiyik. Əmisi Qənimətin Rüfətə nə maddi, nə də mənəvi dəstəyi olmayıb. Rüfətin toyunda heç təbrik də eləmədi. Elə əmidən ötrü mənim balam niyə zindanda qalsın? Onun heç vecinə də deyil ki, mənim qardaşımın balasını tutacaqlar, ailəsi nə edəcək? Uşağının qırxı çıxan kimi Rüfəti həbs etdilər. İnanıram ki, prezident İlham Əliyev məni gözüyaşlı qoymayacaq, övladımı əfv edəcək”.












 

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …

Bir cavab yazın