Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Qətlə yetirilən jurnalistin valideynləri İlham Əliyevlə görüşmək istəyir – MÜSAHİBƏ

Qətlə yetirilən jurnalistin valideynləri İlham Əliyevlə görüşmək istəyir – MÜSAHİBƏ

Bu gün  mərhum jurnalist Rasim Əliyevin öldürülməsindən 9 gün ötür. Onun ölümü yaxınlarına, dostlarına təsir etdiyi kimi ən çox valideynləri – Məmmədli bəy və Teyfurə xanıma ağır zərbə olub. Acılı valideynlərlə görüşmək, onların dərdlərinə şərik olmaqla bərabər fikirlərini öyrənmək o qədər də asan deyil. Amma hər halda “Dərdi də bölüşmək lazımdır ki, yüngüllük olsun” – deyib, Rasim Əliyevin evinə yollandıq və valideynləri ilə söhbət etdik.

Həmin müsahibəni oxuculara təqdim edirik:

– Ölkə başçısı İlham Əliyev Rasimin ölüm faktı ilə bağlı qaldırılan cinayət işini şəxsi nəzarətə götürüb. İstintaq müəyyən işləri aparır. Bəs siz öz ürək sözlərinizi, xahişinizi çatdırmaq üçün prezident İlham Əliyevlə görüşmək istərdinizmi?

Məmmədəli Əliyev: – Əlbəttə, bu məsələ ilə əlaqədar şəxsən prezidentlə görüşmək istəyərəm.

Teyfurə Əliyeva: – Sözsüz. Əgər görüş təşkil olunarsa, öncə öz təşəkkürümü, minnətdarlığımı bildirərəm ki, prezident bu məsələni şəxsi nəzarəti altına götürüb. Elə buna görə də operativ sürətdə işlər aparıldı. Bəlkə də prezident bu məsələyə müdaxilə eləməsəydi, Rasimi döyənlər belə tez zamanda həbs olunmazdılar. Amma bir istəyim də var. Oğlumun ölümündə əli olan, buna səbəb olan həkimlərin də öz layiqli cəzasını almasını istəyirəm. Prezidentlə görüşə bilsəm, həm də bu məsələləri şəxsən onun diqqətinə çatdırardım.

– Sizə istintaqla bağlı hər hansı məlumat verilirmi?

Məmmədəli Əliyev: – Hazırda istintaqın gedişatı barədə heç bir məlumatımız yoxdur. Avqustun 11-i axşam gəlib dedilər ki, sabah müstəntiqlərə gedib izahat verməlisyik. Belə də oldu,  avqustun 12-də anası da, mən də izahatımızı verdik. O gündən sonra başımız yasa çox qarışdığəndan prokurorluğa gedib hansısa yeniliyin olub-olmaması ilə maraqlana bilməmişəm. Amma avqustun 12-də prokurorluq əməkdaşları  bizə dedilər ki, istənilən vaxt bura gəlib istintaqın gedişatı ilə maraqlana bilərsiniz.

 

Millət vəkili Fuad Muradov da yas mərasiminə gəlmidi və o da bizə bildirdi ki, istənilən vaxt ona müraciət edə, qəbuluna düşə bilərik. Bizə hər zaman Rasimin işi ilə bağlı istənilən məsələdə kömək etməyə, yardım göstərməyə hazır olduğunu dedi.

Teyfurə Əliyeva: – Millət vəkili Fuad Muradov bura gəlib ailəmizə baş sağlığı verdi. Sonra bildirdi ki, bu məsələni prezident şəxsən nəzarətə götürüb, lazımi orqanlara xüsusi tapşırığını verib, biz özümüz də bu işlə maraqlanırıq. İnanıram ki, bu işdə öncə qətli sifariş edən Cavid Hüseynov və Rasimi xəstəxanada qəbul edən, onu ilk müayinə edən həkim Babək Zeynalov  öz layiqli cəzalarını alacaqlar.

Hadisə baş verən günü Rasim evdə mənə dedi ki, Cavid zəng edib, bildirib ki, uşaqları göndərirəm, gəlib səndən üzr istəyəcəklər. Rasimin bu sözdən də hər şey aydındı ki, Cavid Rasimin döyülməsini təşkil edib, sifariş verən odur. Əgər ölkə başçısı ilə görüşə bilsəm, bu fakta daha çox diqqət verilməsini ondan xahiş edəcəm. Daha sonra düzgün diaqnoz qoyulmadığına, yaxşı müayinə olunmadığına görə həkim Babək Zeynalovun məsuliyyətə cəlb olunması istəyimi İlham Əliyevə çatdırardım. Tək istəyim, bəlkə də ürəyimi sərinlədəcək hal budur ki, Cavid Hüseynov və Babək Zeynalob layiqli cəzalarını alsınlar.

– Ağır bir zərbə almısınız. Azərbaycandakı bütün analara, Rasim kimi üərkli, çəkinmədən sözü üzə deyən oğulların analarına nə demək istərdiniz?

– Allah heç bir anaya, heç bir valideynə belə müsibəti göstərməsin. Allah bütün cavanları belə namərdlərdən qorusun. Cavidin atası da Qarabağda şəhid olub, amma sanki oğlunun damarlarında azərbaycanlı qanı axmır. Onlar gərək erməni üstündə bu cür qrup halında gedəydilər. Necə ki, Cavidin də, bizim də yerlimiz Ramil Səfərov qəhrəmanlıq eləmişdi. Gərək Cavid də şəhid oğlu olduğunu sübut edə idi. O atasının qisasını ermənilərdən almalı idi. Rasim Cavidə neynımişdi, nə etmişdi, nə demişdi ki? Sivil yolla bildirmişdi ki, sənin bu hərəkəti etməyin düzgün deyil. Rasim onu tərbiyəvi yola çağırmışdı. Amma bunun əvəzində Cavid neynədi? Tərbiyəsizliyin üzərinə cinayət törətdi, bir insanın ölümünə sifariş verdi. Cavid nə qədər bu cinayəti boynuna almasa da, onun etdiklərini bütün xalq gördü. Rasimin üstünə qrup halında adam göndərməyin bir daha Cavidin tərbiyəsiz olduğunu, Rasimin də onu haqlı yerə tənqid etdiyini göstərir.

Azərbaycan vətəndaşı olaraq bu sözümü hər yerdə deyəcəm…

Mən hər yerdə bu sözü deyəcəm: Ramil Səfərov kimi Azərbaycan oğlu həm vətəninin, həm də Cəbrayılın adını uca tutdusa, Cavid Hüseynov isə nəinki Cəbrayılın adını, bütünlüklə Azərbaycanın adına qara ləkə oldu. Rasim onun etdiyi tərbiyəsizliyi onun üzünə dedi. Amma o, necə insan olduğunu qəbul etməyib tərbiyəsiz olduğunu bütün millət qarşısında sübut etdi. İkinci bir cinayətin təşkilatçısı oldu. Üzümü Cavidə tutub deyirəm, Rasim sənin göndərdiyin qoçuların qarşısına tək çıxmışdı. Amma sən Rasimin qarşısına tək çıxmağa cürətin olmadı, baxmayaraq ki, idmançı idin, qolun-qüvvən Rasimdən qat-qat güclü idi. Rasimdən o qədər qorxmusanmış ki, onun üstünə 5 nəfər göndərmisən. Namərdcəsinə də onu arxadan vurdunuz. Aldatmaqla, yalançı dəvətlə Rasimi aparıb döydünüz. Budu sizin mərdliyiniz, kişiliyiniz???

Allah hamını Cavid kimi namərdlərdən qorusun. Heç kim gözləməzdi ki, atası şəhid olan bir insanın bu cür tərbiyəsiz, belə namərd olsun. Çox təəssüf ki, oddan kül törəyib. Cavid bu hərəkəti ilə nəinki Azərbaycanın, Cəbrayılın, həmçinin şəhid atasının da adını batırdı.

Ailəliklə prezidentə arxayınıq…

Hansı xalq istəyər ki, içərisindən belə namərd oğullar çıxsın və həmin xalqın, ölkənin adını batırsın. Hansı xalqın nümayəndəsi, hansı ana, hansı prezident istəyər ki, onun xalqının adını belə cinayətlərdə hallandırsınlar. Sağ olsun prezidenti ki, belə cinayətkarları tapmaq üçün bu işlərə şəxsən özü  nəzarət edir. Biz ailəliklə prezidentə arxayınıq ki, bu cinayətkarları tapıb, layiqli cəzasını verəcəklər.

Necə ki, Avropa Oyunları zamanı deyirdilər ki, özünüzü xarici qonaqlar qarşısında tərbiyəli, mərifətli, qanacaqlı aparın. Bizdə adətdir, birisinin evinə qonaq gələndə evi düzəldir, oranı- buranı yığışdırırlar ki, təmiz, səliqəli olsun, qonaq özünü rahat hiss eləsin. Bu oyunlar ərəfəsində də məhz Bakıda, Azərbaycanda bu cür oldu. Biz azərbaycanlıların adətidir ki, qonaq gedəndə də o evin adətinə, ənənəsinə, böyüyünə, kiçiyinə hörmətlə yanaşaq. Rasim də Cavidin diqqətinə çatdırmaq istəyirdi ki, bu cür tərbiyəsiz jest edən birisinin Avropa meydanlarında, xaricilər qarşısında Azərbaycanı təmsil etməsini istəmir. Rasim öz fikrini deyib, burda hansısa təhqir varmi? Başqa nə demişdi ki, sənə, ay Cavid, məni oğulsuz qoydun?

Ən ağır cəza

Ən ağır cəza Cavidə verilməlidir, sonra Rasimi xəstəxanaya qəbul edən Babək həkimə, daha sonra 5 nəfərə. Hər döyülən ölməz. O həkimlər vaxtında müdaxilə etsəydilər, bəlkə də Rasim həyatda olardı indi.

– Valideyn olaraq son istəyiniz nədir? Nə sizi bu ağır yükdən nisbətən yüngülləşdirə bilər? 

Məmmədəli Əliyev: – Ölkə başçısından ricam, xahişim budur ki, bu qətlində iştirakı olan bütün cinayətkarlar layiqli cəzasına çatsınlar. Bundan sonra ürəyimdə nisbətən sakitlik, nisbətən təsəlli tapa bilərəm ki, oğlum qatilləri azadlıqda deyillər. Biz bu sözləri deyib özümüzə bəlkə də təskinlik veririk, amma biləndə ki, oğlumun qatilləri azadlıqda təmtaraqlı həyat tərzi keçirirlər,  elə bil valideyn kimi bizə ikinci ağır zərbə vurulur. Bu cinayət faktı hamımın gözü qarşısında olub. Cinayətkarlar layiqli cəzalarını almayana qədər bu ağırlıq hələ də bizim üzərimizdə qalacaq.

Xatırladaq ki, avqustun 8-də ANN.Az portalının əməkdaşı Rasim Əliyev bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.

Bununla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hadisə ilə bağlı Cavid Hüseynovdan başqa daha 5 nəfər həbs olunub. Onlardan biri də Cavid Hüseynovun bibisi oğlu 21 yaşlı Elşən İsmayılovdur.

Baş Prokurorluğun rəsmi məlumatında deyilir ki, Rasim Əliyev öz “Facebook” hesabında Cavid Hüseynovun jurnalistlərin suallarını cavablandırarkən etdiyi hərəkəti təndiq edib. Həmin videoda Cavid Hüseynov Kirpirli bir jurnalistin “matçtda niyə Türkiyənin bayrağını qaldırdınız” suallına əl hərəkətləri ilə cavab verdiyi görünür. Bundan sonra Cavid Hüseynov R.Əliyevə zəng edərək, onun əli ilə göstərmək istədiklərinin yalnış anlaşıldığını və əslində o Türkiyə ilə Azərbaycanın dostluğunu göstərmək istədiyini bildirib.

Jurnalist Rasim Əliyevin öldürülməsi ilə bağlı istintaq davam edir. Baş Prokurorluq qeyd edir ki, istintaqın gedişi və görülən işlərlə bağlı ölkə prezidentinə mütəmadi məruzə edilir.

Orxan Aslanlı

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …

Bir cavab yazın