Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Putin “Milyarderlər ittifaqı”nın təmsilçisini generalla əvəzləyir

Putin “Milyarderlər ittifaqı”nın təmsilçisini generalla əvəzləyir

Dağıstan rəhbərliyindəki kadr dəyişikliyinin pərdəarxası; politoloq: “Bölgə həm etnik, həm də dini baxımdan həssas bölgədir”

Sentyabrın 28-də Dağıstan Muxtar Respublikasının rəhbəri Ramazan Abdulatipovun postundan istefa verib. 71 yaşlı prezident istefasını “yaşi ilə” əlaqələndirib. Avropa.info xəbər verir ki, Dağıstan parlamenti prezidentin istefasını rəsmən bəyan   edib və deputatları bu dəyişikliklə bağlı narahat olmamağa çağırıb. Birgə əməkdaşlığa görə deputatlara təşəkkür edən Abdulatipov deyib ki, “Moskvada qaçan dovşanı qırxa bilən adamlar var”. “Onlar prezidentə elə də rəğbət görməyən həll yolları sırıyırlar. Lakin Allah rizası olmadan prezidentin qərarı qəbul olunmur” deyə, o bildirib. Bildirilir ki, prezident Putin onun istefa ərizəsini tezliklə qəbul edəcək.

Hərçənd kifayət qədər gümrah görünən R.Abdulatipovun istefasına yaşının səbəb olduğu inandırıcı görünmür, onun son açıqlamasındakı eyhamlar da bu qənaətə gəlməyə imkan verir. Məlumata görə, Dağıstanın yeni rəhbəri postuna əsas namizəd “Rosqvardiya”nın direktorunun birinci müavini, general Sergey Məlikovdur. Avar milliyyətindən olan Abdulatipovu ləzgi general əvəzləyəcək. Bu barədə “Danışır Moskva” radiostansiyasının efirində Qafqaz xalqları Konqresinin həmsədri Ruslan Qurbanov deyib. Qurbanovun bildirdiyinə görə, Ramazan Abdulatipovun istefası çoxdan hazırlanırdı. General Şimali Qafqaz federal dairəsi üzrə prezidentin səlahiyyətli nümayəndəsi təyin olunduqdan sonra Dağıstanla yaxından tanış olmaq və onun problemlərini öyrənmək imkanı əldə edib.

Bəs Dağıstan rəhbərliyinə generalın gətirilməsi Kremlin hansı planlarından xəbər verir? Virtualaz.org Dağıstandakı situasiyaya bələd olan mənbələrə istinadən bildirir ki, Abdulatipov bu respublikada vəziyyəti müsbətə doğru dəyişdirib, xüsusən iqtisadi dirçəlişə nail olub və gənclərin radikal islamçı qruplaşmalara axını azalıb. Lakin Kremldə hesab edirlər ki, Dağıstanda vəziyyəti tam nəzarət altına almaq üçün daha sərt xəttin yürüdülməsinə ehtiyac var.

Image result for Sergey Məlikov

Qeyd edək ki, R.Abdulatipov 2013-cü ilin qalmaqallı “Milyarderlər ittifaqı” layihəsində yer alan şəxslərdən biri olduğu üçün bir neçə ay sonra onun Azərbaycanla sərhəddəki bölgənin rəhbəri təyin olunması birmənalı qarşılanmamışdı. Azərbaycanda da yaxşı tanınan və ölkəmizlə əlaqələri olan şəxsin Kremlin hansısa planlarını icra edəcəyi ehtimalları var idi, ancaq bunlar doğrulmadı. İndi onun postundan getməsi və yerinə peşəkar hərbçinin təyinatı da söz-söhbətə səbəb olub. Düzdür, Dağıstan bölgəsi terrorçu qüvvələr üçün cəlbedici ünvandır və burada “dəmir əl”ə ehtiyac duyulur. Ancaq şimal təhlükəsinin daim mövcudluğunu nəzərə alsaq, Rusiyanın hərbi qüvvələrini son illərdə kifayət qədər artırdığı bölgəyə generalın təyinat alması heç də adi qarşılana bilməz. Ekspertlərin fikirləri isə fərqlidir.

Image result for Politoloq Hikmət Hacızadə

Politoloq Hikmət Hacızadə “Yeni Müsavat”a bildirdi ki, Dağıstanda ümumi vəziyyət qarışıqdır və düzəlmir:“Abdulatipov nə iqtisadiyyatı dirçəldə bildi, nə sabitlik yaratdı, nə terrorizmlə mübarizəni təşkil edə bildi. Odur ki, yerinə daha sərt adam təyin olunur”. Ekspert əmindir ki, bu təyinatın Azərbaycana aidiyyəti yoxdur: “Bunun bizə dəxli yoxdur. Rusiya Azərbaycana təhlükə yaratmaq istəsə, bunu başqa yollarla edər”.

Image result for Politoloq Elçin Mirzəbəyli

Politoloq Elçin Mirzəbəyli isə Dağıstan rəhbərinin istefasını “hakimiyyət dəyişikliyi” kimi dəyərləndirməyi doğru hesab etmir: “Dağıstan Rusiya Federasiyasının subyektlərindən biridir və bu respublikanın rəhbəri Rusiya prezidentinin təqdim etdiyi 3 namizəd arasından Dağıstan Xalq Məclisində (parlament) seçilir. Yəni Dağıstan rəhbərinin seçimində söz sahibi Rusiyanın mərkəzi hakimiyyətidir. Baş verən hadisəni o zaman hakimiyyət dəyişikliyi kimi dəyərləndirmək olardı ki, Dağıstan müstəqil dövlət, yaxud konfederativ subyekt olsun. Abdulatipovun istefası ya onun əsaslandırdığı kimi yaşı ilə bağlıdır, yaxud da Rusiya prezidenti Abdulatipovun istefaya göndərilməsi üçün bu yolu daha məqbul hesab edib. Rusiyada idarəçiliyin spesifik xüsusiyyətlərini nəzərə alsaq, ikinci ehtimalın reallığa daha çox uyğun gəlir”.

Ekspert qeyd etdi ki, Dağıstanın rəhbərliyinə əsas namizəd kimi general Sergey Malikovun təqdim olunacağı barədə fikir, sadəcə, ehtimal kimi dilə gətirilib. Bununla belə, E.Mirzəbəyli qeyd etdi ki, Dağıstanda mərkəzi hakimiyyətin möhkəmləndirilməsi ehtimalını dəyərləndirmək olar: “Bölgə həm etnik, həm də dini baxımdan həssas bölgədir. Qərbin bəzi müsəlman ölkələrindəki məzhəb təxribatından sonra İraqda etnik separatizm faktorunu gücləndirməsi çox güman ki, bir neçə aydan sonra seçki ilinə qədəm qoyacaq Rusiyanı da ciddi narahat edir. Bu baxımdan, çox güman ki, Moskva bu məsələdə daha həssas və təhlükəli görünən bölgələrdə müəyyən önləyici tədbirlər həyata keçirmək istəyir”. Məsələnin Azərbaycanla bağlı tərəfinə gəldikdə isə politoloq Dağıstanın Azərbaycan üçün əhəmiyyətindən bəhs etdi: “Dağıstan ölkəmizlə sərhəddə yerləşir və burada sabitliyin qorunub- saxlanılması bizim üçün  əhəmiyyətlidir. Dağıstana kimin rəhbər gətiriləcəyi isə Azərbaycan üçün elə də böyük önəm kəsb etmir. Bütün hallarda Dağıstan rəhbəri Kremlin təlimatlarına uyğun hərəkət edəcək”.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …