Çərşənbə , May 22 2019
Ana səhifə / Dünya / “Paşinyanı da Sarkisyanın taleyi gözləyir” – Proqnoz

“Paşinyanı da Sarkisyanın taleyi gözləyir” – Proqnoz

Siyasi şərhçi Elxan Şahinoğlu Ermənistanda baş verən hazırkı hadisələrdən danışıb. O “Qafqazinfo”ya açıqlamasında bildirib ki, dünənki mitinqlərdən və Paşinyanın hakimiyyətə təzyiqlərindən sonra onun artıq baş nazir seçilməsinə maneə yaradılmamasına qərar verilib: 

“Amma mənə elə gəlir ki, Ermənistanda xaoslar hələ uzun müddət davam edəcək. Çünki meydan, küçə artıq hakimiyyət üzərində təsirini artırır. Biz Ukrayna hadisələrindən də bilirik ki, küçədən başlayan inqilabın nəticələri bir qədər dağıdıcı olur. Ona görə də Ermənistanda Paşinyan baş nazir seçilsə belə, ona qarşı güclü müqavimət hərəkatı formalaşacaq”.

E. Şahinoğlu bildirib ki, Paşinyanın nə proqramı, nə də komandası var: “O, sıfırdan başlamalıdır. Üstəgəl, Ermənistanın resursları da yoxdur ki, hansısa iqtisadi islahatları genişləndirsin. Onun yeganə hədəfi Sarkisyanı istefa getməyə məcbur etmək idi. Buna nail oldu. Ancaq bundan sonra hansı addımlar atacaq?

Qarabağla bağlı Sarkisyanın siyasətini davam etdirmək istəyir. Həmin siyasət də Sarkisyanın özünü fəlakətə aparıb. Ona görə də düşünürəm ki, Ermənistanda hələ  bir müddət xaos olacaq. Daha sonra ölkə vətəndaş müharibəsinin astanasına gələ bilər. Çünki ordu və polisdə indiki hökumətlə bağlı müxtəlif fikirlər var. Xeyli zamandır ki, insanlar etiraz edir, tələbələr mitinqlərə qatılır. Zavod və fabriklərin də fəaliyyəti faktiki olaraq dayanıb. Onsuz da bərbad olan Ermənistna iqtisadiyyatı daha da ağır vəziyyətə düşüb”.

Onun sözlərinə görə, heç kim Paşinyanın ilkin mərhələdə qələbə qazanacağını gözləmirdi: “Əvvəl o, mitinqə 200 nəfərlə başlamışdı.  Daha sonra mitinq genişləndi. Sarkisyan onu həbs etdi. Ancaq həbs məsələsi də bir işə yaramadı. Çünki orduda parçalanmalar başladı.

Ancaq Paşinyanın baş nazir seçildikdən sonra da bu proseslərin dayanacağını güman etmirəm. Özü küçə vasitəsilə hakimiyyətə gəldiyinə görə gələcəkdə təzyiqlər də ona  küçədən təşkil olunacaq. İnanmıram ki, Paşinyan iqtisadiyyatda və sosial həyatda ciddi dəyişikliyə nail olsun.

Bundan əlavə, erməni gəncləri Ermənistanı sürətlə tərk edir. Qarabağda vuruşmaq istəmirlər. Paşinyan bu gəncləri xidmətə göndərsə, bu da Ermənistanda yenə narazılıq yaradacaq. Əsgər anaları Sarkisyana qarşı etiraz təşkil etdiyi kimi Paşinyana da etiraz edəcək. Paşinyan sabitlik və ölkənin inkişafını istəyirsə onun iki hədəfi olmalıdır. Azərbaycan və Türkiyə ilə münasibətləri nizamlamalıdır. Sərhədlərin açılmasını və regional layihələrin həyata keçirilməsini təmin etməlidir.  O pul qazanmaq istəyirsə işğal altındakı torpaqları boşaltmalıdır. Bunu etməyəcəksə, onu yenə Sarkisyanın taleyi gözləyəcək”.

Günel Türksoy

Həmçinin oxuyun

Baş Nazir 16 dəqiqəyə istefa verdi

Bu gün Ukrayna Nazirlər Kabinetinin 16 dəqiqə davam edən iclasında baş nazir Vladimir Qroysman rəsmən …