Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / “Panikaya gərək yoxdur, Amerikaya gedən yol bağlanmayıb” – ABŞ-da yaşayan azərbaycanlı vəkil

“Panikaya gərək yoxdur, Amerikaya gedən yol bağlanmayıb” – ABŞ-da yaşayan azərbaycanlı vəkil

İsmayıl Şahtaxtinski: “Tramp bütün dünyaya öz xarakterini göstərməyə cəhd edir”

Vaşinqton yaxınlığında, Virciniya ştatında olan imiqrasiya məsələləri üzrə vəkil İsmayıl Şahtaxtinski “Yeni Müsavat”a geniş müsahibə verib.  Müsahibə son günlər Tramp administrasiyasının miqrantlarla bağlı verdiyi qərarın dünyada yaratdığı əks-səda və onun hüquqi bazası barədədir. 

– İsmayıl bəy, Donald Trampın miqrantlarla bağlı bu qərarı verəcəyi bəlli idi. Seçkiöncəsi kampaniyasında da bunun anonsunu vermişdi. Bəs nəyə görə bu cür kəskin reaksiyaya səbəb oldu? 

– Çünki kampaniya zamanı deyilənləri heç kəs ciddi qəbul etmirdi. Deyilənlərin real olmadığını Tramp da daxil olmaqla, hamı bilirdi. Amma Tramp, hər halda, özündən, razı xarakterinə uyğun olaraq, hazırda bütün dünyaya öz xarakterini göstərməyə cəhd edir. O istəmir ki, onun barəsində dediyini etməyən insan kimi danışsınlar. Jest kimi etmək istəyir bunu. Amma bu, qanuna, konstitusiyaya uyğun deyil ki, hansısa insanların ölkəyə girişi sırf hansısa millətin nümayəndəsi olduğuna görə qadağan olunsun.

– Qanunauyğun olmasa da, bu, faktiki olaraq baş verdi. Nə qədər insan ölkəyə buraxılmadı, aeroportlarda qaldı. Bu zaman prezident sərəncamı önəmi çıxdı? Qanunu qabaqladımı?

– Xeyr. Doğrudur, bura gələnlərin bəziləri saxlanıldı. Amma federal məhkəmə qərarın təsirini dondurdu. Ona görə də aeroportda saxlanılan adamlar buraxıldılar. İndi vəziyyət belədir ki, federal məhkəmələrin qərarı əsasında kimsə bura hansısa formada, əlində vizası və “Green Card” ilə gələ bilər. Əslində bu, çox məntiqə uyğun olmayan qərar idi ki, insanlar əllərində “Green Card” olsa da, Amerikaya gələ bilməzdilər. Sualınıza cavab olaraq deyirəm ki, prezident sərəncamı önə çıxmadı, yerinə yetirilə bilmədi. Amma bu yaranmış situasiya nə ilə bağlı oldu? Aviaşirkətlər həmin o siyahıdakı 7 ölkənin vətəndaşını təyyarəyə buraxmırdılar. Amma federal məhkəmənin qərarına görə kimsə sərhədə qədər gəlib çıxıbsa, heç kimin onu geri göndərməyə ixtiyarı yoxdur.

– Misirdə İran rejissorunu buraxmadılar. Baxmayaraq ki, əlində vizası vardı. Bunun hüquqi yolu nədir? Amerikaya qədər gələnləri hesab edək ki, Amerika məhkəməsi buraxdırdı. Bəs digərlərinin probleminin həll yolu nədədir? 

– Digərlərinin bura girişini 90 gün ərzində saxlayıblar. Onların vizası batmayıb, yenə də gələ biləcəklər. Amerikanın təhlükəsizliyi üçün 90 gün müddətində saxlayıblar ki, yoxlamalar aparılsın.

– Fikrinizcə, 90 günlük bu qadağa uzadıla bilərmi? 

– Qadağanın özü mənim və müxtəlif hüquqşünasların fikrincə, qeyri-qanunidir. Qanuni şəkildə bu qadağa uzadıla bilməz. Amma Tramp durub deyə bilərmi ki, mən bu müddəti uzadıram? Bəli, deyə bilər. Trampdan nə desən, gözləmək olar.

– Trampın mühacirlərlə bağlı verdiyi son qərar onların hansı formada ölkədən çıxarılması ilə nəticələnə bilər? 

“Daha çox adamı deportasiya etmək üçün Amerikanın gücü məhduddur” 

– Trampın qərarları odur ki, ölkədən statusu olmadan adamların çıxarılmasının prioritetini bir az genişləndirir. Nə mənada? Amerikada qanunsuz miqrantlar yaşayır. Onları bir anda ölkədən çıxarmaq olmaz. Deportasiya prosesi məhkəmələrdən keçməlidir. Deportasiyaya çağırılan adamın imkanı olmalıdır ki, öz sözünü desin. Ola bilər, Amerika vətəndaşıdır və onun Amerikada daimi yaşayış statusu var. Onu səhvən deportasiyaya çıxarıblar. Bu şəxsi təyyarəyə mindirib göndərmək konstitusiyaya ziddir.

Tramp hakimiyyəti də bildi ki, 12 milyon adamı birdən göndərmək mümkün deyil. Amma həm Amerikada qeyri-qanuni yaşayanlar, həm statusu olmayan, həm də burda məhkumiyyəti olan miqrantların ölkədən çıxarılması üçün qanuni əsas yaratmaq lazım idi. Obama administrasiyası bunu etdi. Sonradan isə Tramp administrasiyası bunu davam etdi. Bir fərqlə ki, Obama administrasiyası ağır cinayətlər edən şəxsləri bu kateqoriyaya aid edirdi, Tramp administrasiyası isə hər cür cinayət edənləri nəzərdə tutur – ağır və yüngüllüyündən asılı olmayaraq. Problem odur ki, bu, məntiqli addım deyil. Güclü səslənir və o zaman da deyirlər ki, Tramp administrasiyası daha çox adamı deportasiya edəcək. Yox, daha çox adamı deportasiya etməyəcək.

Reallıqda daha çox adamı deportasiya etmək üçün Amerikanın gücü məhduddur. Bir qədər gücü var ki, məsələn, ildə 100 min nəfəri tutub, federal miqrasiya saxlanma yerlərindən, sonra miqrasiya məhkəmələrindən keçirə bilərlər. Obama administrasiyası bura ancaq ağır cinayət törətmiş şəxsləri atmağı planlaşdırırdısa, Tramp administrasiyası hər cür kriminal işi olanları bura atır.

– İndiki halda “Green Card” məsələsinin taleyi də sual doğurur. Şərtlər dəyişəcəkmi? Bu qərar bu məsələyə necə təsir göstərəcək?

– Xeyr. Bu sərəncamla bağlı “Green Card” məsələsində hər hansı dəyişiklik yoxdur.

– Bu “Green Card” şansından yararlanıb, udanlar arasında İrandan, İraqdan, eləcə də siyahıdakı ölkələrdən olanlar da var. Bu halda şərtlər necə olacaq? 

– Şamil olunacaq. Çünki bura girişi 90 gün saxlayıblar.

– 120 gündə qaçqın qəbul olunması prosesi dayanıb. Bu, qanuna ziddir? 

– Beynəlxalq qanuna ziddir. Çünki Amerika müvafiq beynəlxalq konvensiya imzalayıb. O konvensiyanın şərtlərinə ziddir. Amerika neçə qaçqını qəbul etməsi ilə bağlı kvota verib.

– Bəzi firmalar elan ediblər ki, mühacirləri iş və qalacaq yerlə təmin edəcəklər. Bu, qanunən mümkündürmü?

– Bəli, qanunla mümkündür. Bura gəlib, işləyib, burda qalması mümkündür. İndiki halda söhbət ölkəyə daxil olmaqdan gedir, evinin və ya işinin olmasından yox.

– Bu qadağa uzanar və daha geniş sferanı əhatə edərsə, Amerikada saxta nikahların sayının artması ehtimalı mümkündürmü? 

–  Yox, onun bu məsələyə dəxli yoxdur. Saxta nikahlar hər zaman qeyri-qanuni olub və belə də qalacaq. Saxta nikah əsasında insanları deportasiya edirlər, həbs edirlər. Bu sahəyə heç bir aidiyyəti yoxdur. Mən istəyirəm ki, bu məsələdə panika olmasın. Düzdür, o 7 ölkədən olan insanlar üçün neqativ təsiri var ki, 90 gün ərzində bu ölkəyə daxil ola bilməyəcəklər. Qaçqınlar isə 120 gün ərzində daxil ola bilməyəcəklər.

– Bu sərəncama görə prezidenti rəsmi şəxslər məhkəməyə verə bilərmi? Senatorlar və ya konqres hansısa formada müdaxilə edə bilərmi? 

–  Əlbəttə. Konqres müdaxilə edə bilər.

– Hansı formada? Hüquqi mexanizm necədir? 

– Konqres qanun qəbul edə bilər. Konqres hər şey edə bilər, prezidentin səlahiyyətlərini də ləğv edə bilər. Konqresin qüvvəsi böyükdür. Amma söhbət ondan gedir ki, konqres bunu etməz, çünki bu qurum respublikaçıların əlindədir. Mən internet vasitəsilə izləyirəm bu panikanı. Yazırlar ki, Amerikaya gedən yol bağlandı, daha bu ölkəyə getmək mümkün olmayacaq. Elə bir şey yoxdur. Sadəcə, qərarlar miqrasiya prosesi üçün neqativdir.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …

Bir cavab yazın