Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Pənah Hüseynin imza vərəqələri və qeydiyyat sənədləri oğurlanıb?

Pənah Hüseynin imza vərəqələri və qeydiyyat sənədləri oğurlanıb?

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn deputatlığa namizədliyini irəli sürüb. Musavat.com Pənah Hüseynin imza toplama kompaniyası və imza vərəqələrinin Dairə Seçki Komissiyasında yoxlanılması prosesi zamanı baş verən neqativ hallar haqqında müsahibəsini diqqətinizə təqdim edir: 
– Pənah bəy, müxalifətdən olan namizədlərə qarşı təzyiqlər və  qanunsuzluqlar barədə seçki dairələrindən gələn informasiyalar günbəgün intensivləşir. Sizin namizədliyinizlə bağlı vəziyyət nə yerdədir?
– “Azadlıq-2015”-in irəli sürdüyü namizədlərə münasibətdə təzyiq, qanun pozuntuları və ayrıseçkilik faktları kifayət qədərdir. Bu barədə bizim bir neçə bəyanatımız dərc edilib. Lakin şəxsən mənə qarşı və ya mənlə əlaqəli hər hansı bir təzyiq və qanunsuzluq halı olmamışdı.
– Bəs, indi baş veribmi, ya baş verirmi?
– Namizədliyimlə, lakin seçki komissiyası üzvləri ilə əlaqədar olmayan məsələlər var ki,  mən hazırda bunlar barədə danışmaq istəmirəm. Lakin bu gün “heç nə yoxdur” demək də mümkün deyil. Və bu “heç nə olmayan” şeylər artıq seçki komissiyası ilə bağlıdır. Bu “heç nə olmayan” şeylərin yuxarıda  toxunduğum, ancaq haqqında hələlik danışmaq istəmədiyim məsələ ilə əlaqəsi də istisna deyil.
– Konkret olaraq, deyə bilərsinizmi ki, narahatlıq nədən ibarətdir?
– Seçki Məcəlləsinin 59.3-cü maddəsinə görə, müvafiq seçki komissiyası imza vərəqələrinin yoxlanılması haqqında namizədə və ya səlahiyyətli nümayəndəyə qabaqcadan məlumat verməlidir. Belə ki, göstərilən şəxslər imza vərəqələrinin yoxlanılması prosesində iştirak etmək hüququna malikdirlər. Mən imza vərəqlərini və tələb olunan digər sənədləri sentyabrın 25-də saat 12-də təhvil vermişəm. DSK sədrinə,  katiblərinə, o cümlədən də işçi qrupun rəhbəri kimi təqdim olunan katib Azər müəllimə bildirmişəm ki, yoxlama prosesində özüm və nümayəndələrimiz iştirak etmək istəyirik.  Bizim seçki dairəsinin ərzisində “Azadlıq-2015”-in bir neçə səlahiyyətli nümayəndəsi var. Özüm demək olar ki, son dövrlərdə hər gün buradayam. Bilavasitə, yaxud telefonla dairə seçki komissiyasının sədri və katibi ilə mütəmadi  əlaqə saxlayırıq. Artıq sabah, yəni noyabrın 1-də mənim qeydiyyatımla bağlı qanunun müəyyən etdiyi son müddət olan 7 gün tamam olur. Lakin hələ də nə mənə, nə də mənim səlahiyyətli nümayəndələrimə heç bir məlumat verilməyib ki, imza vərəqələrinin yoxlanılmasında iştirak edək. Belə çıxır ki, mənim imza vərəqlərimin yoxlanılmasına başlanılmayıb?
– Bəlkə yoxlama həqiqətən də başlanmayıb?
– Lakin qanunun müəyyən etdiyi son müddətə cəmi bir gün qalır və Seçki Məcəlləsinin 59.13-cü maddəsinə görə, imza vərəqələrinin yoxlanılmasının nəticələri haqqında işçi qrupun rəhbərinin tərtib edib, imzaladığı protokolun surəti namizədin qeydə alınmasına baxan seçki komissiyasının iclasının başlanmasına ən azı 24 saat qalmış namizədə, siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsinə verilir. Bundan əlavə, yenə Seçki Məcəlləsinin həmin maddəsinə görə, imzalar yoxlanılarkən lazimi sayda seçici imzalarının olmadığı aşkar edilərsə, namizəd və ya səlahiyyətli nümayəndə işçi qrupun təsdiq etdiyi protokolun surəti ilə yanaşı, seçici imzalarının etibarsız sayılmasının əsasları göstərilməklə, müvafiq qovluğun nömrəsi, müvafiq imza vərəqəsindəki sətrin nömrəsi qeyd olunan yoxlamanın nəticələri barədə cədvəlin surətini də almaq hüququna malikdir. Əgər təqdim olunan məlumatlarda anlaşılmazlıqlar varsa, onların da düzəldilməsi üçün qanunla nəzərdə tutulan hərəkətlərə şərait yaradılmalıdır və s. Seçki Dairəsində deyirlər ki, qərar sabahkı iclasda çıxarılacaq. Əgər iclas sabah olacaqsa ki, başqa müddət də mümkün deyil, yoxlama olmayıbsa, iclasa nə çıxarılacaq? Yoxlama olubsa, bizə niyə deyilməyib və protokol, rəy  hanı..? Mən səhərdən dairədəyəm. Dairədə bir katib və qadın işçidən başqa heç kim yoxdur. Yoxlama filan getmir. Belə görünür ki, imza vərəqləri dairədə yoxdur. İmza vərəqlərinin dairədən çıxarılması da nonsensdir. Görürsünüz ki, məsələ elə də sadə deyil. Qəribə olan odur ki, mən imzaları təhvil verdiyim gün imza vərəqləri alan şəxslər barədə artıq qeydiyyat qərarları var.
– Dediyiniz protokol, xüsusən də cədvəl yoxdursa, sizə verilməyibsə, ən azı indiki zaman üçün mənfi ehtimallar haqqında düşünməyə bəlkə də əsas yoxdur?
– Normal məntiqlə düşünsək, belə çıxır. Prinsipcə imza vərəqləri və ona əlavə edilən sənədlərdə də bir problem yoxdur. Ancaq son günlər bizə müxtəlif şayiələr gəlib, çatır. Məsələn deyirlər ki, mənim sənədlərim hazırda heç dairədə də deyil, yoxlamağa aparıblar, gəlib çıxmır. İnandırıcı gəlmir. Ancaq sənədləri göstərən yoxdur. Deyirlər ki, sədr Bakıdadır. Gözləyirik.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …

Bir cavab yazın