Cümə , İyul 19 2019
Ana səhifə / Dünya / Onun mənə ilk sözü: “Ə, qurumpet, ya skazal”

Onun mənə ilk sözü: “Ə, qurumpet, ya skazal”

Şair Aqşin Yenisey mərhum jurnalist Elçin Səlcuq haqqında danışır:
 
– Aqşin, Elçin Səlcuqu ilk dəfə necə gördün, sizi kim, harda və hansı şəraitdə tanış elədi?
– Səhv etmirəmsə, 2001-ci il idi, “Azadlıq” qəzetində şeirlərim çıxmışdı. O vaxt qəzetin redaksiyası Xalq Cəbhəsi partiyasının Xəqani-33-dəki qərərgahında yerləşirdi. Gəzə-gəzə axşamüstü gedib oradakı məşhur çayxanaya çıxmışdıq, Zamin Hacı, Murad Köhnəqala və balacaboy bir kişi oturub çay içirdilər. Muradı o vaxt yeni tanıyırdım. Məni Zamin Hacı və Elçinlə tanış elədi. Heç on dəqiqə keçməmişdi ki, Elçin artıq məni çayxananın ortasındakı hovuzun yanına dalaşmağa çağırdı. Yəni kişisənsə, dur gəl ortada dalaşaq, kim döysə o haqlıdır. Ondan eşitdiyim ilk söz bu olub: “Ə, qurumpet, ya skazal!”.
– Niyə dalaşmaq istəyirdi ki? Söhbətiniz nə üstündə çəp gəlmişdi? 
– Murad bizi tanış eləyəndə Elçinin məşhur jurnalist olduğunu söylədi. Mən də dilucu etiraf etdim ki, oxumamışam. “Oxumamışam” deyən kimi Elçin qabağımdakı armudu stəkanı götürüb qırağa qoydu və bağırdı ki, oxumamısansa bizim çayı içmə. Sonra lap əsəbiləşdi. Çaxır tuluğuna oxşayan çantasından bir qəzet çıxarıb öz yazısını göstərdi və əmr etdi ki, on dəqiqə vaxtın var, get bir qıraqda bu yazını əzbərlə, gəl danış. Hətta çayxanada laqqırtı vuranların üstünə bağırdı ki, sakitliyi təmin edin. Sözsüz ki, ömrümdə birinci dəfə gördüyüm adamın belə ötkəmliyi xoş olmadı. Dava da buna görə düşdü.
– Bildiyimə görə, Elçin Səlcuqun belə işləri çox olub. Ancaq nədənsə, hamı onu çox istəyirdi. Səncə, onu sevimli bir insana çevirən nə idi, hansı özəl cəhətləri vardı?
– Elçin kimi adamları hamı çox istəyə bilməz, yalan söhbətdir. Çoxu onu yola verirdi. Heç o da hamını çox istəmirdi. Elçinin ilk baxışda üzünün, paltarının energetikasından adam tanımaq istedadı var idi. Əvvəllər mənə elə gəlirdi ki, onu adamlarla konfliktə çəkən içkinin üzə çıxardığı aqressiyadır. Amma sonralar gördüm ki, Elçin insanları qabaqcadan tanıyaraq, onları gələcək əclaflıqlarına görə cəzalandırır, söyür, acılayır. Onun söydüyü elə bir adam tanımıram ki, sonradan bu söyüşə layiq olmaq üçün cəmiyyətdə əlindən gələni eləməsin. Ölümünə yaxın demək olar ki, bütün dostları ondan üz çevirdilər, həm də ən yaxınları.
 
– Sənin Elçinlə münasibətin dostluq səviyyəsində idimi? Onun xətrinə dəydiyin və sonra peşman olduğun məqamlar olubmu? Yoxsa həmişə incidən Elçin tərəf olurdu? 
– Bizi tanıyanlar bilir ki, onu ən çox aldadan adam mən idim dostlar arasında. Qoy birini danışım. Bir dəfə kəndə gedəndə pulum az idi, Elçinə dedim ki, bir az pul ver kənddən gələndə sənə ovçulardan çöl ördəyi alım gətirim. Pulu aldım, gələndə isə ona öz həyətimizdən üç-dörd kənd toyuğunun qanad-quyruğunu kəsib gətirdim. Toyuqları çöl ördəyi adıyla ona verəndə şübhələndi, ora-buralarına baxıb soruşdu ki, bəs qırmalar bu quşların harasına dəyib, bədənlərində güllə yeri yoxdu axı. And içdim ki, özüm güllə başına dəyən ördəkləri seçdim ki, yeyəndə qırma dişlərini sındırmasın. Sonra uşaqlardan öyrənəndə ki, ona çöl ördəyi adına həyət toyuğu soxuşdurmuşam, bir ay məni itirib axtarmadı. Çox olub belə hadisələr. Amma sözün əsl mənasında mənim Bakıda tanıdığım ən yaxın dostum idi.
– Görəsən, sizi bir-birinizlə dost eləyən nə idi? Hansı xüsusiyyətlər vardı ki, onu ancaq Elçində tapmaq olardı, başqa heç kəs o cür deyildi.
– Çox maraqlıdır ki, heç nə. Onun və mənim olan şərik heç nəyimiz yox idi. Görünür, bu “heç nə” bizi bütün ənənəvi dostluq məsuliyyətlərindən azad edirdi.
Hərdən mənə elə gəlirdi ki, o, bizə də bizimlə yeyib-içməyə yox, öz dalınca gəlirdi.
– Bu gün Elçin həyatda yoxdur. Ancaq sənin kimi yaxın dostları onun haqqında çoxlu xatirələr danışır və yaşadır. Bəs bir gün dostlar da həyatda olmayanda Elçin Səlcuqu nə yaşadacaq, hansı yazısı, hansı əsəri onu unudulmağa qoymayacaq?  
– Onu deyim ki, heç Elçin özü də yazılarında iddialı deyildi. Elə adamlar ki, tale onları başqalarının mətnində yaşamaq üçün gətirib çıxarır ədəbiyyata. Onlar elə bil, öz həyatlarını yazıçı olmaq üçün yox, qəhrəman olmaq üçün fəda edirlər. Mən Elçini xatırlayanda Yadıma Hessenin Knulpu, Kamyunun Mersosu və onlarla bu cür əsər qəhrəmanı düşür. Bu cür insanlar olmasa, ədəbiyyat, yazıçılar əliyalın qalar oxucu qarşısında.
 
– Bayaq dedin ki, tale Elçin Səlcuqu başqalarının mətnində yaşamaq üçün gətirib çıxarıb ədəbiyyata. Bəs sən özün hansısa bir əsərində Elçini obrazını yaratmağı düşünürsənmi? 
– Mənim gələcəkdə yazacağım əsərlərdən birinin qəhrəmanı mütləq Elçinin prototipi olacaq. Sadəcə, o, obrazı yaratmaq üçün Elçinin həyatının heç olmasa, kalkasını yaşamaq lazımdır. Yəni mən hələ özümü onun həyatına layiq yazıçı bilmirəm. Onun ölüsü də  bir ədəbi obraz kimi mənim diriliyimdən qat-qat güclü və canlıdır.
– Maraqlıdı, belə yaxın dost olmusunuz, bəs nə əcəb bu günə kimi onun haqqında ayrıca bir məqalə yazmamısan. 
– Məqalə yox, bayaq dediyim kimi, onun prototipini bir əsərdə yaratmaq istəyirəm. Xeyli qeydlərim, əhvalatlarım var. O, elə adam idi ki, adam onu bir görəndə sevinirdi, bir də ondan ayrılanda.
– Ona şeir də həsr eləməmisən? 
– Bir neçə şeir yazmışam. O, öləndən sonra mesaj kimi bənd-bənd yazıb Şahbaz Xuduoğluna göndərdiyim “Axşamçağı” şerini onun dilindən yazmışam. Amma içkili olduğum üçün belə bir şeir yazdığımı xatırlamırdım, ta Şahbaz bəy o şeri öz telefonundan köçürüb Elçinin xatirə jurnalında çap edənə qədər.
– Elçinlə son görüşünüz yəqin ki, yadındadır. Nə danışırdı? 
– Ölümündən bir həftə əvvəl bizə gəlmişdi. Xəstəxanadan təzə çıxsa da, içirdi. Çox aydın şəkildə dedi ki, daha yaşamaq üçün heç bir əsası qalmayıb. Təsəlli verməyin mənasız olduğunu görüb, gücüm yalnız ona çatdı ki, mədəmin ağrıdığını bəhanə edib onunla içməkdən imtina etdim, dərman almaq adıyla evdən çıxdım. Bilirdim ki, tək qalıb darıxacaq, çıxıb harasa gedəcək. Axşam qayıdanda gördüm ki, evdə nə qədər kartof, soğan, yağ, qənd var, hamısını yığıb aparıb.
Hara getmişdi ki?
– Gecənin bir aləmi başqa nömrədən zəng etdi ki, Şaiq Vəligildəyəm. Sonra öyrəndim ki, bizdə tək içəndə Şaiq Vəli zəng edib ki, pulum yoxdu, evdə də hər şey qurtarıb. Elçində o cür ağır vəziyyətdə, özü də içkili süfrədəki, soyuducudakı, səbətdəki nə varsa yığıb Sumqayıta, onlara aparıb. Gücü son tikəsinə çatıb. Heç üç gün keçmədi ki, Səlcuqdan ölüm xəbərini aldım.
– O, bir dəfə yaxşı müalicə almışdı, xeyri də olmuşdu. Təzədən içməsəydi, yaşayacaqdı. Görəsən, o, niyə içirdi, dərdi nə idi?
– Belə bir həyatı olan adam, səncə, qolf oynaya bilərdi?
 
– Tez-tez deyirlər ki, Elçin mərd adam idi. Yaxından tanıdığın bir insan kimi deyə bilərsənmi onun mərdliyi nədə idi və bu mərdlik hansı məqamlarda üzə çıxırdı? 
– Mən inanmıram ki, Elçin nə vaxtsa kiməsə nəyisə məhz mərd adam olduğu üçün etmiş olsun. O, sadəcə, öz inandığı həqiqətin tərəfində ölümə gedəcək qədər səmimi idi.
 
– Elçin Səlcuqun həqiqəti nə idi?
– Deyim ki, onun həqiqəti heç də həmişə düz-əməlli bir şey olmurdu. Məsələn, o bir dəfə yanında bərkdən siqnal verib onu qorxutduğu üçün avtobus sürücüsü ilə yolun ortasında əlbəyaxa oldu. Yəni onun üçün inandığı həqiqətin balacası-böyüyü yox idi.
– Yəqin, sən bilərsən, Elçinin ürəyində qalan hansısa bir arzusu vardımı? Yoxsa arzularla yaşayan adam deyildi. 
– O öləndə mən çox fikirləşdim ki, görəsən, onun hansı arzusu ürəyində qaldı. Ha fikirləşdim, belə bir arzu ağlıma gəlmədi. Mənə elə gəlir ki, onun uğrunda yaşadığı şeylər özündən qabaq ölmüşdü həyatda.
 
– Aqşin, bəs olub-keçənləri xatırlamaqla aran necədi? Elçini yada salan şeylər nələrdi? 
– Mən hər gün Elçinin lazım olduğu yerləri görürəm cəmiyyətdə. Və gəldiyim nəticə budur ki, Elçin kimi adamlar nə Azərbaycan ədəbiyyatının, nə Azərbaycan jurnalistikasının, nə də Azərbaycan ailəsinin itkisidir. Elçin Azərbaycanın azadlığının itkisidir./teleqraf.com/

Həmçinin oxuyun

Güclü külək, leysan yağışları və dolu Gürcüstanda ciddi problemlər yaradıb

Güclü külək, leysan yağışları və dolu Gürcüstanda yenidən ciddi problemlər yaradıb. AZƏRTAC xəbər verir ki, …

Bir cavab yazın