Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya / Ölümün caynağından qurtaran İlhamə Quliyeva: “Bunu etiraf etməliyəm” – MÜSAHİBƏ

Ölümün caynağından qurtaran İlhamə Quliyeva: “Bunu etiraf etməliyəm” – MÜSAHİBƏ

Artıq bir aya yaxındır ki, Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunan xalq artisti İlhamə Quliyeva yaxın günlərdə evə buraxılacaq.

 

Xalq artisti Publika.az-a müsahibəsində səhhətinin getdikcə yaxşılaşdığını deyib.

 

İlhamə xanım, özünüzü necə hiss edirsiniz, evə nə vaxt buraxılacaqsınız?

– Artıq yaxşılaşıram. Həkimlər gecə-gündüz başımın üstündə dayanıb, qayğımı çəkirlər. Hamısına öz minnətdarlığımı bildirirəm. Məni ölümün caynağından qurtardılar. Artıq evə gedə bilərəm, sadəcə olaraq, həkimlər müalicəmin yarımçıq qalmasını istəmir. Deyirlər ki, tamamilə sağal, sonra get.

 

Böyrəklərinizdə ciddi problemlər yaranmışdı, indi vəziyyət necədir?

– Əslində, heç bir problemim yox idi, şəkər məni bu hala saldı. Buna da keçmiş köməkçimin başıma açdığı oyunlar səbəb oldu. Əsəbiləşdim, şəkərim qalxdı, xəstəxanaya düşdüm. Yüksək təzyiq, şəkər böyrəklərimi də sıradan çıxarmışdı, amma sağ olsunlar, həkimlər vaxtında qarşısını aldılar. Amma qətiyyətlə mənə tapşırıblar ki, əsəbiləşmək olmaz.

 

Ay İlhamə xanım, əsəbiləşmək üçün də o qədər səbəblər var ki… Amma belə başa düşdüm ki, həddini aşan, sizin təbirinizcə desək, çaşan müğənnilərə yerini göstərmək üçün əsəb itirməcəyəcəksiniz…

– Əgər günahları varsa, onları yerlərində otuzduracağam, başa salacağam. Çünki buna mənim hüququm var.

 

– Yeri gəlmişkən, müğənni Natəvan Həbibi bu gün sosial şəbəkədə taclı müğənnilərə söz atıb… 

– Natəvan bu sözləri yazarkən heç vaxt məni nəzərdə tuta bilməz. Çünki üç gün bundan əvvəl mənə zəng elədi və yanıma gəlmək istədiyini bildirdi. Mən də razılıq verdim. O mənim xətrimi çox istəyir. Sadəcə, olaraq araya girib, söz gəzdirənlər oldu. İndi hər şey yaxşıdır. Natəvanın xalası da rəhmətə gedib, buna görə mən də ona başsağlığı verdim. Əslində, o, düz deyir, başına tac qoyan müğənnilərin sayı artıb. O qədər özünə kraliça deyənlər var ki… Qoy desinlər. O tacın da, kraliça titulunun da müəllifi var – xanım İlhamə. Qoy nə istəyirlər desinlər, nə qədər istəyirlər başlarına tac qoysunlar. Hamı da desin ki, bunlar İlhamənin davamçılarıdır.

 

– Natəvanla barışmağınız xoş xəbər oldu ki…

– Əslində, o qız məni çox istəyir. Sadəcə, ortada söz gəzdirənlər, aravuranlar oldu. Belə insanlar olmasa, ortalıqda umu-küsülər də olmaz.

 

– Bu günlərdə ATV-nin “Nanəli” verilişinin iştirakçıları sizi yoluxmağa gəlmişdi. Aralarında bircə münsiflərdən biri Flora Kərimova yox idi…

– O qədər yanıma gələnlər var ki… Çoxu xəstəxananın həyətində gözləyir, halımı soruşurlar. O qədər zənglər olur ki…

 

– Ancaq Flora Kərimova da verilişlərdən birində sizə jest elədi. Mahnılarınızdan birininin ifasından sonra ilk ifaçının siz olduğunuzu xüsusi vurğuladı.

– Sağ olsun. Allah həmişə onun köməyində olsun. Sənətkar sənətkara həmişə dəyər verməyi bacarır. Mən də sənətkaram, o da sənətkardır. Bunu hər yerdə demişəm, yenə təkrar edirəm. Elə sənətkarlar var ki, mahnıya öz möhürünü vurur, bunu necə deməmək olar? Bəzi mahnılar var ki, onu mən də oxumuşam, Flora Kərimova da. Amma ilk dəfə o oxuyubsa, bunu etiraf etməliyəm. Onun sənətkarlığını dana bilmərəm.

 

– Hərdən mənə elə gəlir ki, siz daxilinizdə bir-birinizi çox istəyirsiniz… Çünki bir-biriniz barəsində heç vaxt kobud sözlər söyləməmisiniz.

– Arada söz gəzdirənlər olmasa, hər şey yaxşı olardı.  Söz aparıb gətirənlər çoxdur.

 

– Mərdümazar olmasaydı, bağ çəpəri neyləyərdi? Tezliklə sağalın, sizin üçün çox darıxmışıq.

– Elə mən də dördüncü hakimiyyət üçün çox darıxmışam. Sağalım, gəlim, “oktyabr hadisələri” ilə bağlı maraqlı açıqlamalar verəcəyəm. Bilirsiniz nəyi nəzərdə tuturam.

 

– Əlbəttə, bunu hamı bilir.

 

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …

Bir cavab yazın