Ana səhifə / Dünya / “Ölü yuyana “mürdəşir” deyirik, olmazmı ki, maşın yuyanlara da “avtoşir” deyək?”

“Ölü yuyana “mürdəşir” deyirik, olmazmı ki, maşın yuyanlara da “avtoşir” deyək?”

Moderator.az-ın suallarını yazıçı Qəni Camalzadə cavablandırır.

–  İstərdim əvvəlcə Həcc ziyarətindən danışıb, yaşadığınız hisləri bizimlə bölüşəsiniz.

– Bismilləhir rəhmanir rəhim. Hər bir müsəlmanın arzusudur bu ziyarətdə olmaq. Oruc tuturuq, namaz qılırıq, amma yenə də istəyirik Allahu-təalanın məsləhət gördüyü yolu gedək. Həcc ziyarətində ətrafımda olan adamlar gənc və maraqlı adamlarıydı. Gənc adamlar bu il daha çox idi. Əvvəlcə Mədinədə olduq. Peyğəmbərimizin məzarını ziyarət etdim, peyğəmbər məscidində namaz qıldım. Mədinədə otel də gözəl idi. Məkkədə ehrama girdik. Ümrəyi-təməddül ziyarətini həyata keçirdik. Yüz minlərlə insanın fırlandığı yerdə tər iyi gəlmir. Bu çox qəribə iş idi. Ziyarətdən çıxanda geyindiyimiz  ehramdan tər qoxusu gəlmirdi. Bir neçə gün qaldıqdan sonra isə Ərafata getdik. Bir sutka orada qaldıqdan sonra Minaya yola düşdük. Ərəfat dağlar arasında bir cənnət guşəsidir. Orda balaca bir hissədə ağaclar bitir. Müzdəlifədə daş yığıb, Minada şeytana daş atdıq.

Yol həqiqətən ağır yoldur. 55 dərəcə istidə adamın beyni qaynayır. Süni kölgə yaratmaq olmaz. Yəni başı bağlamaq, əlinlə günün qarşısını kəsməyə icazə yoxdur.

Ziyarətin ikinci gün isə həmin dəhşətli faciə baş verdi. Hadisə baş verəndə biz artıq ziyarətdən qayıtmışdıq. Sabahısı gün biz yenə  şeytana daş atdıq, qurbanımızı kəsdik, özümüzlə götürdüyümüz qazanda ehsan bişirdik.

O qurban ətindən özümüz də daddıq. Qara daşa, həcərül-əsvədə mən əlimi vurmuşam. O dəhşətli sıxlıqda, mən Allahu-əkbər deyə-deyə daşa toxundum. Hətta öpə də bilərdim, sıxlığa görə ehtiyat etdim. Son ziyarəti də edib, mehmanxanaya qayıtdıq. Yerimiz çox yaxşı idi. Doğrudur yemək çoxlarının, həmçinin mənim xoşuma gəlmirdi. Amma gedib kənarda yemək imkanımız vardı. Gəlişimiz bir az ağır oldu. Mehmanxanadan Ciddə hava limanına gəldik, orda 15-16 saat qalmalı olduq. Təyyarəyə görə yubandıq.

– Və ziyarətdən sonra xəstələndiniz.

– Xəstələnməmək mümkün deyildi. Mən mehmanxanadan çıxanda lazımsız paltarları, ayaqqabıları orda qoydum. Həmin gecə avtobusda kondisioner işləyirdi, içəri bum-buz idi. Bildim ki, xəstələnəcəm. Geri qayıdıb özümlə qalın sviter götürdüm. O məni xilas elədi. Sonra aeroportda 15-16 saat gözlədim. Sonra yenə kondisionerlə soyudulan yerə daxil olduq, təkrar üşüdüm. Çox da bərk xəstələnmədim.

– İstərdim bir az da yazı-pozu məsələlərindən danışaq. Yazmaq sizin üçün tələbatdır, yoxsa məhşurlaşmaq üçün vasitə?

– Mənim birinci yazım 1968-ci ildə “Pioner” jurnalında çap olunub. Mənim Fəridə adlı müəlliməm yazılarımı düzəldib, jurnala göndərdi. Belə bir fikir yarandı ki, mən yaza bilirəm. Poltexnik İnstitutunun ikinci kursunda, ədəbiyyat dərnəklərinə getməyə başladım. Mən həm də bu dərnəklərdən bəhrələnirdim. Dördüncü kursda oxuyanda “Ədəbiyyat və incəsənət” qəzetində ilk hekayəm çıxdı. Ali təhsil aldıqdan sonra mühəndislik etməyə başladım. Çörəyimi ədəbiyyatdan qazanmadım. Ədəbiyyatı bir gəlin kimi düşünməmişəm. O gəlindən tələb eləmək olmaz ki, bozbaş bişirsin. Onu sadəcə qarşımda oturdub tamaşa eləmişəm.

1984-85-ci illərdə əvvəlcə almanaxda çap olundum, sonra isə ayrıca kitabım çıxdı. Bir-iki il sonra yenə kitabım çıxmalı idi. Amma ölkə qarışdı. “Yazıçı” nəşriyyatında planda olsam da, kitabım çıxmadı.

– İstərdim o qarışıq illərdən danışasınız. Məsələn o qarışıq illərdə parlaq gələcək vəd edən bir neçə adam parlaya bilmədi.

– O dövr çətin dövr idi. O dövrdə monumental əsər yazmaq, roman çap etdirmək mümkün deyildi. “Molodaya Qvardiya” nəşriyyatında hekayələrim çapını gözləyirdi. Vermədilər. Onda ermənilər o nəşriyyatda at oynadırdı.

Ümumiyyətlə o illərdə hadisələrin içində idik. Yazmaq barədə demək olar ki, düşünmürdük. Mən özüm 1992-1994-cü illərdə orduda zabit kimi xidmət etmişəm. Orduda kontuziya aldığım üçün məni bir müddət saxlayıb təxris etdilər. Təxrisdən sonra bir müddət canımla məşğul oldum. 2-3 ili müalicəyə sərf elədim. “Yazçı” nəşriyyatında 1989-cu ildə çıxmalı olan kitabı, 1998-ci ildə öz hesabıma çıxardım. Bu kitabın çıxmasında görkəmli yazıçımız Məmməd Orucun da böyük rolu oldu. Daha sonra bir hekayələr kitabım da çıxdı. Sonra romanı hazırladım.

– Məmməd Orucla dostluğunuz barədə danışsaydınız, maraqlı olardı…

– Məmməd Orucu “Azərbaycan gəncləri”ndə çap olunan oçerikləri ilə tanıdım. Sonra “Azərbaycan” jurnalında tanış olduq.

Məmməd müəllim o vaxt “Azərbaycan” jurnalında mənim hekayələrimi vermək istəyirdi, amma İsa İsmayılzadə bəzi hekayələrimin çapına icazə vermədi. Yəqin narahat olurdu, qorxurdu. Vəzifədə olmaq belədir.

Romanlarımın hamısını Məmməd Oruca təqdim etmişəm, o da “Azərbaycan” jurnalında “Ön söz” yazıb çap  etdirib. Bir dəfə yazmışdı ki, “Yaşıdların ədəbiyyatdan getdiyi vaxtda, sən roman yazırsan”. Məmməd müəllim həm yaşda, həm də başda bizdən böyükdür. Ədəbiyyatın içində olan adamdır. Biz isə ədəbiyyatdan kənardayıq.

– Yəqin kifayət qədər tanınmamağınızın səbəbi də, ədəbiyyatdan kənarda olmağınızdır.

– Əlbəttə, bunun da təsiri var. 10 il xəstəliklərlə vuruşdum, il yarım müharibədə oldum.

– Məmməd Oruc və Əsəd Cahangir sizin adınızı öz yazılarında qeyd ediblər. Və bu bəzən şübhəylə qarşılanıb.

– Vaqif Yusifli də mənim haqqımda yazıb. Əsəd Cahangir də çox savadlı, maraqlı tənqidçidir. Ola bilsin, onun yazdıqlarını düz başa düşməyiblər. Bəziləri sadəcə adımı çəkib. Tehran Əlişanoğlu da mənim haqqımda bir neçə abzasda fikirlərini yazıb.

Bilirsiniz, bu gün vəziyyət başqa cürdür. Bu gün heç kəs heç kəsin kitabını oxumur. Amma bilirəm ki, hər şey Allahın məsləhəti ilə olur. Başıma gələn bütün işlərdə, Allahın köməyini hiss etmişəm.

– Satirik hekayələr yazan adam kimi, hazırda satirik mətnlərin səviyyəsi sizi qane edirmi?

– Mənim “Fosforlu əkizlər” adlı romanımda ironiya böyükdür. Bir kişinin eşşəyi əkiz doğur, biri qızıl, biri gümüş. Buna inananlar da, tərəddüd edənlər var. Məndə bu məslələr satiradır. İndi bizdə satira yoxdur. Yazılan satiralar portret səviyyəsindədir. Satitira yoğrulmalı, böyük qrupu əhatə etməlidir. Mənim yüzlərlə yumoristik hekayələrim var. Konkret yumoristəm. Bu üslübu romana gətirmək üçün çalışıram. “Karxana” romanımda isə yumor yoxdur. Bu romanda kriminal aləmin “krallar”ından biri, bir din xadimi üz-üzə gəlir.

Mən indi qəbahətin bağışlanması, əfv olunması ilə bağlı düşünürəm. Hər bir müsəlman bağışlanmaq barədə düşünməlidir. Yaşa dolduqca gəldiyim qənaətləri yazıram. Yazıçının günahı nə ola bilər? Hərdən yazırlar ki, hansısa yazıçı hansısa yazıçıdan danos yazıb, tutdurub, sürgün etdirib, güllələtdirib. Görün yazı nəyə qadirdir. Əlində silah olan daha çox şeylərə qadirdir. Hərdən atdığım toplar yuxuma girir. Axı onlar adam da öldürüb. Eyni şeyi bizə qarşı da ediblər.

– Atdığı toplara görə, narahat olan yazıçı bəs işğal olunmuş torpaqlarımızın qaytarılması barədə nə düşünür?

– O torpaqlar ancaq müharibə ilə, qırmaqla geri qayıda bilər. Bu günahları vətən üçün, övladların üçün, yarımçıq arzular üçün qəbul edib, bilərək gedirsən. Bu başqa söhbətin mövzusudur. Allah bağışlayacaq, yoxsa bağışlamayacaq, bu onun işidir. Amma vətən üçün döyüşmək haqq işi sayılır.

– Bakıda kəndlərinə yaxından bələd olan və dindar adam kimi Nardaranda baş verən hadisələri necə qiymətləndirirsiz?

– Mən bu suala dəqiq cavab verə bilmirəm, çünki hadisələrin içində deyiləm. Məndən soruşsalar ki, motorun içində nə problem var, bunu bilərəm. Amma bilmədiyim hadisələr haqqında danışa bilmərəm. Mən dindar deyiləm, molla deyiləm, teokrat deyiləm. Mən allahın yoluna gələn azmış bəndələrdən biriyəm.

Bütün bunlarla yanaşı qeyd etməliyəm ki, cəmiyyətin özündə də ədalətsizlik var.

Saytlarda oxyuruq tutulanları. Deməli, artıq həmin o nazirlik səviyyəsində ədalətsizlik baş verib. Orda varsa, aşağı qurumlarda da ola bilər. Bu narazılıqlar vaxtında həll olunmalı idi. Həll olunmadıqca dindar da, dinsiz də ayağa qalxa bilər. Bir yanaşma tərzi olmalıdır. Mənim mülkümü sökəndə mən prezidentə müraciət etdim. Yəqin ki, onun qərarı ilə mənim sökülmüş mülkümü bərpa etdilər. Bu ədalətin nümunəsidir. Mən mülküm söküləndə saytlara, “Amerikanın səsinə” zəng etmirəm. Mən səbr edib elə adama zəng edirəm ki, o  bu məsələni həll edir. Mən çox alicənablıq görmüşəm.

– “Karxana” kitabınız çapdan çıxıb. Təbrik edirəm. Maraqlıdır, oxucu bu kitabı niyə oxumalıdır?

– Ona görə oxumalıdır ki, bu kitabı Qəni Camalzadə kimi peşəkar yazıçı yazıb. Bu gün saytlarımızda nə qədər qeyri-peşəkar yazılar çap olunur. Oxuyanda görürsən ki, bu yazıların nə başı var, nə də ayağı. Bütün bu yazılar qusuntu olsa da, çap edilir. Mənim daxilimdə bir senzor, bir redaktor oturub. Mən yazdığım sözə görə məsuliyyət daşıyıram. Peşəkar yazıçıları çıxmaq şərti ilə, çoxlarının içində bu redaktor-senzor yoxdur. İkincisi, bu əsərdə Xeyir və Şərin mübarizəsində Xeyirin qələbəsi göstərilir. Və buna görə də “Karxana”nı oxumağa dəyər.

Bakını tanımaq üçün oxumalıdırlar. Bu kitabda mənəvi etnoqrafiya var.

Bir az kriminal da var. Ümumiyyətlə oxunmalı kitabdır.

Kitabdakı bəzi hekayələrdə zəmanəni qabaqladığımı deyə bilərəm. Öz xalqından ayrılan yazıçıların gələcəyi alleqorik şəkildə təsvir edilir. Mən peşəkarcasına yazmışam, redaktorum da peşəkar şəkildə redaktə edib. Korrektorum da  peşəkar işləyib.

Mən inanıram ki, bu kitabda çox mətləblər var. Anlaşıqlı dilllə, geydirmə sözlərdən qaçaraq yazmışam. Bu gün ədəbiyyatda elə sözlərə rast gəlirik ki, yazıçı bunu özü yaradıb. Mən də belə axtarışlar edirəm. Məsələn biz ölüyuyana mürdəşir deyirik. Maşınyuyanlara isə yuyucu deyirlər. Olmazmı ki, maşınyuyanlara avtoşir deyək? “Şir” “şirələmək”,  “yumaq” mənasında işlənir. Buna gərək başqaları da dəstək versin.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …

Bir cavab yazın