Cümə , Aprel 19 2024
Ana səhifə / Dünya /  ” Ölkənin bütün müəllim kollektivini və təhsil işçilərini də təbrik edirəm ”   Eldəniz Əkbərovla müsahibə

 ” Ölkənin bütün müəllim kollektivini və təhsil işçilərini də təbrik edirəm ”   Eldəniz Əkbərovla müsahibə

 

Bu gün Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən R.M.Sadıqov adına 136 saylı məktəbin direktoru Eldəniz Əkbərovun qonağı oldum. Müsahibimin məhz Eldəniz müəllim olması heç də təsadüfi deyildi. Bu ərazidə yaşadığım üçün qohum-qonşuda olan valideynlər sayəsində bir çox məktəblərin müsbət və mənfi tərəfləri ilə az-çox tanışam. Bir neçə dəfə bəzi məktəblərdə baş vermiş xoşagəlməz halları, nizam-intizamın pozulmasını, müəllim özbaşınalıqlarını çox geniş şəkildə ictimailəşdirmək istəsəm də, sonra nədənsə özümə “dur” demişəm. Bu dəfə isə özümə “yaz” dedim. İlk olaraq gördüyün yaxşı tərəfləri, nümunə olacaq müəllimləri, onların müqəddəs simasını ictimaiyyətə təqdim et, sonra neqativ olan məsələlərdən yazarsan.

Eldəniz müəllim bu məktəbə yeni drektor təyin olunub. Fəaliyyətə başlayan gündən bəri müəllimlərlə bərabər bütün şagirdlərin, valideynlərin hörmətini qazanıb. Məktəbdə apardığı ciddi dəyişikliklər, yaratdığı yeni mühit hər kəsi çox razı salıb.

Biz də “Müəllimlər günü” münasibətilə həm onu təbrik etmək, həm də bəzi suallarımızı cavablandırması üçün görüşdük.

 

 –  Siz şagird olanda məktəbinizin direktorunu xatırlayırsınızmı? Yadınızda necə bir insan kimi qalıb? Sizin oxşar və fərqli cəhətləriniz varmı? Bəs siz özünüz şagirdlərin yaddaşında necə qalmaq istərdiniz?

 

– Sualınız məndə çox qəribə hisslər oyatdı. Bir az utancla, bir az da fəxrlə deyərdim ki, vaxtilə oxuduğum məktəbin direktoru da hazırda bu məktəbdə müəllim işləyir. Onu xüsusi xatırlamağa ehtiyac hiss etmirəm, çünki hər gün görüşürəm, qarşılaşıram. Hər dəfə haradasa məktəbin həyətində, dəhlizdə, sinif otaqlarında görəndə yenə də onun qarşısında özümü şagird kimi hiss edirəm. Xüsusən də hansısa məsələ üçün iş otağıma daxil olanda içimdə utanc hissi keçirirəm. Məndən fərqli olaraq o, mənim bu uğurumla fəxr edir. Mən ondan səmimiliyi, ədalətliliyi, qanunlara hörməti, yaxşını-pisdən seçməyi, fərqləndirmək qabiliyyətini özümə nümunə götürmüşəm. Belə bir pedoqoqun qarşısında işləmək, çıxış etmək mənim üçün çox çətindir. Elə istərdim ki, yaddaşlarda da onun kimi qalım, bütün şagirdlərimin güvənc yeri olum.

 

–  Təhsilin keyfiyyəti üçün ailənin, məktəbin və cəmiyyətin vəhdəti varmı? Yüksək təhsil üçün zəruri olan bu üç sütün bir-birinə dəstək verirmi?

 

– Ailə, məktəb və cəmiyyət bir-birinə çox sıx bağlı olan üçbucaqdır. Ailədəki mühit məktəblərə, məktəblərdəki mühit isə cəmiyyətə təsir edir. Ailədə mövcud olan sosial durum uşaqların düşüncəsinə təsir etdiyi kimi, məktəbdə alınan təhsil və tərbiyyə də cəmiyyətin səviyyəsinə təsir edir. Bütün bunları bir arada yüksək tutmaq üçün çox çalışmağımız lazımdır. Dovlətin həyata keçirdiyi proqramlarla yanaşı, vətəndaşların da üzərinə çox məsuliyyət düşür.

 

– Bir insanın uğur qazanması üçün sizcə ona nə lazımdır? Sizin uğur qazanmanızda ən boyuk dəstəkçiniz kimlər olub?

k1

 

– İlk növbədə özünə inanmaq və çox çalışmaq. Uğur məqsəddən doğanda qəbuledilən olur. Real gücə söykənən də maraqlı nəticə yaradır. Məqsədlər isə insanlara sonda nəyə nail olacaqlarını və daha nə qədər iş görməyin gərəkli olduğunu söyləyir. Mənim bütün uğurlarımda həm ailəmin, həm də son uç ildə təhsildə baş verən köklü islahatların, demokratik, şəffaf bir mühitin rolu olub. Bunlar bir arada olmasaydı, yəqin ki, ciddi uğurdan söhbət gedə bilməzdi.

 

– İndiki uşaqların və valideynlərin təhsilə münasibəti sizi qane edirmi? Əslində bizim cəmiyyət həmişə təhsilə ciddi önəm verib.

 

Son 100 ilin tarixinə nəzər salsaq, görərik ki, müsəlman şərqində ilk dəfə müsair məktəblər, qızlar gimnaziyası Azərbaycanda fəaliyyətə başlayıb. Hətta əsrin əvvəllərində də gənclərimiz təhsil almaq üçün Tbilisiyə, Peterburqa, Tehrana, İstanbula və hətta Avropa ölkələrinə üz tutub. Bizdə bu sahədə möhkəm ənənə var. Odur ki, hər bir yetkin vətəndaş təhsil məsələlərinə həssas yanaşır. Bu gün sevindirici haldır ki, ibtidai sinifdə övladları təhsil alan valideynlərin 90 faizdən çoxu hər gün uşaqlarının təhsilinə görə məktəblə sıx təmas qurur. Əgər bu tendensiya 6-cı sinifdən sonrakı periodda da davam etsə orta ümumtəhsil müəssisələrinin keyfiyyət əmsalı birə beş artar. Yuxarı sinifdə oxuyan şagirdlərin valideynləri obyektiv və subyektiv səbəbdən övladları ilə daha az maraqlanır. Yeniyetmə yaşında olan şagird isə öz üzərində nəzarəti hiss etmədikcə dərsdən tədricən yayınır. Müəllimin də istinad etdiyi, hərarət aldığı subyekt valideyndir. Onu lazımı səviyyədə hiss etmədikcə müəllimin də əli işdən soyuyur. Kulminasiyada savadsız sagird, finalda isə cahil cəmiyyət dayanır.

 

–  Valideyn və şagird məsuliyyətsizliyini aradan qaldırmaq üçün təcrübədən doğan hansısa təklifləriniz olubmu?

 

eld3

– Artıq bu istiqamətdə komissiyalar yaratmışıq, mütəmadi olaraq valideynlər üçün növbədənkənar iclaslar keçiririk. Əksəriyyət üçün məsuliyyət hissinin müxtəlif metodlarla artırılmasında maraqlıyıq. Bir çox hallarda bəzi valideynlər bu iclaslara məcburi cəlb edilir. Hansı ki, davamiyyəti pozan şagirdlər də əsasən belə valideynlərin övladları olur. Bizim əsas prinsiplərimiz təkcə valideyn-şagird münasibətləri deyil, həm də müəllim-şagird münasibətlərindəki məsuliyyətsizliyi aradan qaldırmaqdır. Təəssüf ki, əksər hallarda belə müəllimlərə də rast gəlinir. Bu baxımdan müəllim və şagirdlərə qarşılıqlı inam hissini oyatmaq, münasibətləri inkişaf etdirmək, hər ikisinin də akademik nailiyyətlərə nail olmasına imkan yaratmaqdır.

 

–  Bu gün sizlərin, müəllimlərin günüdür. İlk olaraq sizi və sizin simanızda bütün müəllimləri təbrik edir, uğurlar diləyirəm. Bəs Eldəniz müəllim çalısdığı 136 saylı məktəbin müəllim kollektivini necə təbrik etmək istərdi?

 

Sizdən bir az öncə “Müəllimlər günü” ilə bağlı iclasımız keçirildi. Yeni təyin olunduğum 136 saylı məktəbin pedaqoji kollektivini təbrik etmək mənim üçün həm çox şərəfli, həm də çox çətin oldu. Birinci sualınızın cavabında qeyd etmisdim ki, mənim ilk oxuduğum məktəbin direktoru hazırda bu məktəbdə çalışır. Bu günkü iclasımızda şagirdlərin, bütün kollektivin çox hörmət etdiyi riyaziyyat müəllimi Akif Qurbanov da iştirak edirdi. O dəyərli insanın qarşısında cıxış etmək, təbrik söyləmək mənə nə qədər çətin olsa da, birtəhər ohdəsindən gəlib, təbrikimi söyləyə bildim. Bu gün mənə əlavə bir tribuna verdiyiniz üçün sizlərə təşəkkür edirəm. Fürsətdən istifadə edib olkənin bütün müəllim kollektivini və təhsil işçilərini də təbrik edirəm.

 

Könül Quliyeva
Azinforum.az 

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …

Bir cavab yazın