Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Dünya / “O səs Türkiyə” münsiflərini “dalaşdıran” azərbaycanlı: “Mənimlə fəxr etdiklərini deyirlər”

“O səs Türkiyə” münsiflərini “dalaşdıran” azərbaycanlı: “Mənimlə fəxr etdiklərini deyirlər”

Gənc ifaçı Zülfü Əsədzadə “O səs Türkiyə” müsabiqəsində çıxışı ilə Azərbaycan və Türkiyə tamaşaçısını özünə heyran etməyi bacardı. Musiqisi Cahangir Cahangirov, sözləri Zeynal Cabbarzadəyə aid olan  “Ay qız” mahnısını ifa edən Zülfü 4 münsifi də özünə tərəf döndərə bildi. Hətta münsiflər onun üçün mübarizə aparıb, bir-birindən maraqlı təkliflər irəli sürdü. 
 
Musavat.com saytının əməkdaşı gənc müğənni ilə söhbətə onun özündən başlayıb. 
– Zülfü Əsədzadə özünü oxuculara necə təqdim edər?
 – Mən 1994-cü il oktyabrın 9-da anadan olmuşam. Uşaq yaşlarımdan Aybəniz Haşımovanın “Bülbüllər” qrupunun üzvüyəm. Musiqi təhsilimi Mədəniyyət və İncəsənət Universitetində davam etdirmişəm. Hazırda Türkiyədə təhsil alıram. Onu bildirim ki, Aybəniz xanımın tələbəsi olduğum üçün fəxr edirəm. Çünki onun öyrətdikləri sayəsində Türkiyə səhnəsində gözəl çıxış etdim.
– Çıxışınızla hər iki ölkədə diqqət çəkdiniz. Bu qədər diqqət gözləyirdinizmi? 
– Həyəcanlı idim. İstəyirdim ki, ifamı yüksək səviyyədə göstərim. Sırf ona görə həyəcan keçirirdim. Mahnı oxumaq mənim peşəmdirsə, onu yüksək səviyyədə göstərməliyəm. Səsimə bələdəm, amma bu qədər maraqla qarşılanacağına əmin deyildim.
– Münsiflər sanki sizin üçün yarışdı, bir-birindən maraqlı təkliflər etdilər…
– Öncə bütün münsiflərə təşəkkür edirəm ki, mənim istedadımı dəyərləndirdilər. Çoxu mənə məsləhət görür ki, gərək Sibel Canı seçəydin. Ürəyimdə Gökhan və Hakanı tutmuşdum. Mən yarışmaya ötən il qatılmaq istəyirdim. Bakıda təhsil aldığım üçün bu arzumu reallaşdıra bilmədim. Bu il isə mənə mane olacaq amil yox idi. Ona görə arzuladığım müsabiqədə, arzuladığım münsifi seçdim.
– Sizin qədər sizə dəstək üçün studiyada olan Aybəniz Haşımovanın qızı Aynişan da həyəcanlı idi…
– Mən yalnız ifamı düzgün göstərmək üçün həyəcanlanırdım. Demək olar ki, bütün əziyyəti Aynişan çəkdi, o məndən çox həyəcanlanırdı.  Səhnəyə çıxmazdan öncə məni psixoloji hazırlayırdı, mənəvi dəstək olurdu.  Həyəcanlı və qaramsal olan iştirakçıları məndən uzaq tuturdu.  İfaçılıq qabiliyyətimə ikimiz də bələd olsaq da, Aynişan çox həyəcan keçirirdi. Ona təşəkkür edirəm.
Bu zaman söhbətə Aynişan Quliyeva qoşulur: “Zülfü o qədər istedadlıdır ki, onun mənim dəstəyimə ehtiyacı yoxdur. Mən orada Zülfüyə mənəvi dəstək oldum. Orada heç kimi Zülfüyə yaxınlaşmağa qoymurdum. Anam mənə uşaqlıqdan tapşırıb ki, səhnəyə çıxmazdan öncə heç kimlə danışma. Çünki onlar həyəcanını sənə ötürər. Oradakıların çoxu qeyri-peşəkardır, səhnə psixologiyasını bilmir. Mən Zülfünü mənfi düşüncələrdən qoruyurdum. Zülfünü diqqətlə dinlədikləri üçün gec döndülər. Mən də müsabiqəyə qatılanda belə olmuşdu, axırda dönmüşdülər. Özümü sonradan izləyəndə çox kövrəlmişdim, çünki orada bir kadr var ki, gözümün işığı sönür. O anı Zülfü də yaşadı. O qədər pis oldum ki, ağlamaq istəyirdim. Sonda münsiflər döndü. Bərkdən qışqırdım, aparıcı qız qorxdu”.
– Gələcək çıxışlar üçün hazırlaşırsınızmı? 
– Əlbəttə, hazırlaşıram, səsim üzərində işləyirik. Mahnını yəqin oradakı müəllimlərimizlə birlikdə seçəcəyik. Mən bir çox janrda mahnılar oxuya bilirəm. Mənim üçün seçilən mahnını rahatlıqla oxuyacağımı düşünürəm. Özüm də mahnı siyahısı hazırlayıram.
– Müsabiqədən birincilik gözləyirsiniz?
– Mənim üçün önəmli olan keyfiyyətli çıxış göstərməkdir. Birincilik haqda düşünmürəm. Neçənci olmağım önəmli deyil. O müsabiqədə birinci olmayıb, yaddaşlarda qalan xeyli iştirakçı var. Hər şey qismətdir.
– Yəqin ki, müsabiqədən sonra gələn mesajların ardı-arası kəsilməz…
– Mənə İrandan, Azərbaycandan, Türkiyədən çoxlu mesajlar gəlir. Xoş sözlər yazırlar. Bildirirlər ki, mənimlə fəxr edirlər. Hamısına minnətdaram.





Həmçinin oxuyun

Gürcüstan parlamenti ilk oxunuşda “rus qanunu”nu qəbul etdi

Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib.83 deputat “lehinə” səs …

Bir cavab yazın