Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Niyazi Mehdi: “Hərdən qurd olub, ulamağım gəlir” – FOTOLAR

Niyazi Mehdi: “Hərdən qurd olub, ulamağım gəlir” – FOTOLAR

Azərbaycan cəmiyyətinin siyasi-iqtisadi, psixoloji durumu haqqında çox yazmışıq, çox oxumuşuq. Cəmiyyətimizin bir də mənəvi baxışa, fəlsəfi təhlilə ehtiyacı var. Son dövrlər cəmiyyətdə kasıblıq həddinin artması, insanların aqressiyaya meyl etməsi, qətllər, intiharlar ümumi mənzərənin heç də ürəkaçan olmadığından xəbər verir. Tanınmış filosof Niyazi Mehdi ilə onun şəxsi həyatı, durumu və cəmiyyətə baxışı haqqında söhbət etdik: 

– Niyazi bəy, belə bir ölkədə, vətəndə özünüzü necə hiss edirsiniz?

– Mıs-mırıqlı, qanı qara yerimək üçün yetərincə səbəb var. Bunun üstünə son 10 ildə dünyasını dəyişmiş dostları da gəlsəm, lap Vaqif İbrahimoğlunun “Oğul” tamaşasındakı kimi qurd olub, ulamağım gəlir. Ancaq özümə “dur!” deyirəm, hərçənd heç də həmişə alınmır. Ona görə “dur” deyirəm ki, üzündən dərd-qəm yağan adam çevrəsi və özünün ürək-damar sistemi üçün polonium gəzdirən adam qədər qorxuludur. Salam verəndə, küçədə təkcə göyçək qızlara yox, qoca qadınlara da gülümsəyəndə sən həm də şəhərin ekologiyasına kömək edirsən. Mənim qonşuluğumda super-market vardı, hər gün oradan nəsə alırdım. Satıcılarla salam verib, salam alırdım.

Bir dəfə düşündüm ki, bəs niyə orada işləyən süpürgəçilərə salam vermirəm? Belə çıxır ki, onları satıcılara baxanda aşağı təbəqə sayıram? Özümü danladım və onlara da mehribanlıqla salam-əleykim deməyə başladım. Tələbələrə “siz” deməyi bacarıram, ancaq yanıma kimsə gəlib söz deyəndə, hələ də ayağa durmadığım vaxt olur. Bütün bunları nə üçün deyirəm? Onun üçün ki, çevrənə işıq səpələməlisən, qanın qara olsa da… Bir də hamının borcu bu çətin Azərbaycanda işıqlı olmaq üçün bir-birinə nur çiləməkdir. Çox adam sayır ki, Allaha inanır, ancaq Ona inanmaq elə budur. Ən əsası odur ki, daha Azərbaycan deşilib, bata bilən gəmi olmayacaq. İslamçılar uyqar ölkələrin, sivilizasiya dünyasının, kürəsəlliyin qədrini bilmirlər. Ancaq çağdaş uyqarlıq ortamı, mühitidir, məni Azərbaycanla ilgili qiyamətin gələcəyi düşüncələrindən, esxotoloji ovqatdan qoruyan…

Dedim, nikbin olmaq üçün bir-birimizə nur səpələməliyik. Bunun üçün hansımız normal adamıqsa, özünü bir ölçü ilə ölçməyi bacarmalıdır: Sən kimsən? Elə adamsan ki, sənə görə başqa normal adamlar bu ölkəyə tüpürüb getmək istəyir, yoxsa elə adamsan ki, tüpürüb getmək istəyənlər, sənə görə fikrlərini dəyişərlər?

“Heyif, Vaqif İbrahimoğlu, Həsən Quliyev, Zəfər Quliyev bu işləri görmədilər”

– İşləriniz necədir, hazırda nə ilə məşğulsunuz? 

– Bundan da pis ola bilərdi. “Boyat düşüncələr” kitabını hazırlayıram. Bir də ayıldım ki, ahıllığa doğru dəyişmələr gedib, məndə… On il qabaq bütün əsas yazılarımın – onlar nə qədər çox olsa da, maraqlı saydığım ideyalarını yadımda saxlayardım. İndi isə gördüm ki, çox az ideyalarım yadımda qalır. Ona görə də arxivimdə olan yazılara bir də baxıb, oradan ifadəli diskursları (deyimləri) seçib, “Boyat düşüncələr” adlı əlyazmama toplayıram. Gələcəkdə kim mənimlə ilgilənsə, əziyyət çəkib, bütün yazılarımı oxumayacaq, “Boyat düşüncələr”ə baxmaq dadına çatacaq. Mən facebook-da da onları yayıram. Bunu onun üçün dedim ki, Rəhman Bədəlov, Kamal Abdulla, Nizami Cəfərov, Aydın Talıbzadə, Hikmət Hacızadə kimi onlarla parlaq düşüncə adamlarımız var. Yaxşı olardı ki, onlar indidən başlayıb öz yazıları ilə bağlı bu işləri görəydilər. Heyif ki, Vaqif İbrahimoğlu, Həsən Quliyev, Zəfər Quliyev bu işləri görmədilər. Onlarla maraqlananlar üçün düşüncələrini toplamaq çətin olacaq.

“Avropada böhranı bizdəki kimi, adi adamlar çiyinlərində duymurlar”

– Niyazi bəy, adətən, oxucular deyirlər ki, sizin danışdıqlarınızı çox çətin anlayırlar. Sizcə niyə belədir?

– Bununla bağlı dediyimi “Boyat düşüncələr”ə salmışam, onu oxuyum: “Neçə illərdir, Azərbaycanda ərəb-fars sözlərinin payı azalmış publisistik, fəlsəfi yazılar ortaya çıxıb ki, oxucular tərəfindən çətin qavranılır (məsələn, bəndənizin məqalələri). Belə mətnlərdə “yeni” türk sözlərinin sayı 20-25-dən yuxarı olmaz, çox vaxt da onların qarşılıqları mötərizədə verilir. Əgər belə yazılar səndə sayğı doğurursa, sual çıxır, bu 20-25 sözü öyrənmək nədir ki, öyrənməyib deyirsən “çətindir”?! Sualı çox düşünəndə anladım ki, mətndə düşüncə mürəkkəbliyi görən kəs aldanış qurbanıdır. Ona elə gəlir ki, mürəkkəbliyin səbəbi ərəb-fars sözlərinin yerinə “təzə” sözlərin işlənməsidir. Oxucunu bu aldanışdan çıxarım. Məsələ 20-25 sözdə deyil, məsələ “əyri strukturların oyununda”, “mədəniyyətin ən müxtəlif qatları və olayları arasında əyri trayektoriyada düşüncə gəzintisi” aparan  yazı tərzindədir. Maraqlı bir fakt. Eyni məqaləni rusca oxuyanda çoxumuz onu normal qəzet məqaləsi sayırıq. Ancaq öz dilimizdə oxuyanda bizə elə gəlir ki, nəsə çox elmi məqalədir, qəzetlik deyil. Səbəb nədir? Səbəb odur ki, yazarlarımızın deyim tərzi uzun illərdən bəridir Azərbaycan oxucusunu pis öyrədib. Biz Azərbaycan türkcəsində dolaşıqlara varıb, orada əlləşən yazılara öyrəşməmişik. Bizim yazı qavrayışımız da, nəyi yaxşı danışıq saymağımız da yalnız “hamar danışmaq”, “axıcı olmaq” estetikasından gəlir. Lao-szı isə demişdi, ən yüksək natiqlik pəltəkliyə, ən yüksək bilgəlik (müdriklik) axmaqlığa bənzəyir. (“Çətin yazılar haqqında” 1996-cı il)

“Anaya baxanda ata uşaqla ilgili daha anonim varlıqdır”

–  Siz illər sonra bir övladınızı tapmışdınız. O zaman biz də çəkmişdik sizi… İndi necədir, münasibətləriniz? 

– Uşaq adamın yanında böyüməyəndə onu çox istəmək üçün illər və olaylar gərəkir. Qadının neçə uşaq doğmasında da limit var, bədən o limiti aşa bilməz. Kişi isə Atilla kimi 300 uşağı belindən gətirə bilər. Ona görə də anaya baxanda ata uşaqla ilgili daha anonim varlıqdır. Bu səbəbdən də 34 yaşında oğluna, qızına rast gələndə sevgi üçün zamana ehtiyac olur. Biz tapışandan sonra Ştefan (oğlu) məni ancaq heyran edib. Avropada böyüyən uşaqların ata-anaları ilə bağlı çoxlu problemləri var. Ən azı ona görə ki, ayrıca dolanmaq imkanı olan kimi evlərindən qopurlar. Avropa hansısa, ancaq pis anlamda yox, heyvanlar aləmini təkrar edir. Baxın it, ayı, qartal öz balaları uğrunda hansı savaşlara gedir. Di gəl ki, uşaq böyüdümü, yadlaşırlar. Hansı at yekə balasına bala kimi baxır? Batıda bu mərhələ başlayıb. Azərbaycanda isə övladın ata-anasız dolanması çətin işdir. Ona görə də 30 yaşında da ata-anadan asılı olurlar. Ancaq bizim uşaqların əlacı olsaydı, çoxdan evdən qopub qaçardılar.

Ştefan bu kontekstdə tipik müasir alman gənclərinə oxşamır. Qardaşları ilə də mehribandır, mənimlə də… İndi yanımdadır, bir həftəliyə gəlib. Bundan qabaq isə avqust ayında 10-15 gün yanımızda qalmışdı. O, mənəviyyatca “Yaşıllar” ideolojisinə yaxındır, ona görə də bizim “Üç alov” kimi memarlıq möcüzələrimizlə ilgilənmir. Ancaq əvəzində Qız qalası, Şəki Xan sarayı, Altıağaca gedən yolda yalçın dağlar çox duyğulandırır, onu…

İndi oturub yaxşı söhbətlər edirik. Məsələn, hind qarılarına oxşamış göy göz nənəmdən, yəni onun «qoja nənəsindən» danışıram və məzə duyuram: iliyinəcən alman olan gənc, türk qoca nənəsi haqqında söhbətə qulaq asanda nə keçir ürəyindən..? İrqlərin, ulusların qarışığından nə qəribə məsələlər çıxır. Bu kontekstdə qanında erməni qanı olan adamlar haqqında deyinməyi sevən adamlara deyərdim: ümumiləşdirməyin!

– Niyazi bəy, keçək cəmiyyət məsələlərinə… Ölkədə  devalvasiya olandan sonra insanların psixoloji durumunu necə qiymətləndirirsiniz?

– Çaşqınlıq və narazılıq… 90-cı illərin ortasına qədər də belə idi. Ancaq yazıqlar olsun ki, həmin illərdən adamlar elə mexanizm götürməyiblər ki, indi onun sayəsində yeni devalvasiya dalğasında psixoloji baxımdan müqavimətli olsunlar. Bölgələrdə adamlar necədir, ucundan-qulağından eşidirəm ki, lap pisdir. Bütünlükdə heç kim iqtisadi böhrandan sığortalanmayıb. Ancaq bizim rəsmilərin sevdiyi “Avropa da krizisdədir” məsələsində bir fərq var. Bu böhranı adi adamlar çiyinlərində duymurlar. Sadəcə, dövlət, tutalım, hansısa sahəyə az pul buraxır və bunun ziyanı gələcəkdə, olsa-olsa, hansısa proqramı gec başlamasında olacaq. Bizdə isə adamlar bellərində, çiyinlərində duyurlar. Baxın, Batıda ac adamları doydurmaq, qeydinə qalmaq üçün necə xeyriyyə ocaqları işləyir. Bəs, bizdə..? O gün “Təzə Pir”də hüzr mərasimindən sonra gördüm ki, bir qrup qadın gəlib uşaqlarına, evinə səliqə ilə bükülmüş ehsan aparır. Həm kədərləndim, həm də sevindim. Ancaq eyni yardım şadlıq evlərindəki məclislərdən sonra ac adamlara edilirmi? Bilmirəm…

Bir aydan çoxdur, Heydər Əliyev adına Sarayın, Milli Bankın yanındakı eskalatorlar işləmir. Halbuki, ünlü aktyor Oleq Basilaşvili bizdən gedəndən sonra qibtə ilə söyləmişdi ki, burada eskolatorlar işlədikləri üçün qocalara yeraltı keçidə düşüb çıxmaq çətin deyil. Bəs indiki böhranda sabah necə olacaq? Eskolatorlar bir-bir dayanacaq, yoxsa işləyəcək? Gözəl binaların suvaqları çirklənib töküləcək, ya nə olacaq? Bu kimi təşvişlər adamları pis hala salır. Dövlətin bir funksiyası da adamlara psixoloji həyan olmaqdır. Adamlar bilməlidirlər ki, bu dövlət vətəndaşlarını pis gündə tək qoymayacaq. Ancaq Azərbaycan TV-lərinin saxta şənliyi adamları ovundurmur, daha da əsəbləşdirir, ümüdsüzləşdirir. Yoxsulluqda mənəvi gücünü saxlamış adamlardan çəkilmiş yaxşı bədii film daha faydalıdır, nəinki TV-lərin saxta və arsız şənliyi…

İngilis (və ya Avstriya) filosofu Karl Popper demişkən, dövlətin vəzifəsi adamları mutlu etmək deyil, bədbəxtçilik gələndə onların vəziyyətini yüngülləşdirməkdir. Güclü sığorta sistemi kasıb adam maşınını əzəndə dadına çatır. Fikir vermisinizmi, ABŞ-də təbii fəlakətdə evi dağılmış adam necə ağlaşma qurmadan dağılmış evindən danışır? Bilir ki, sığorta evini yenidən tikməyə imkan verəcək. Belə sistem devalvasiyanın ağrılarını azaltmaqla bağlı da olmalıdır. Olmadığı üçün dollarla kredit borcu olan adam nə ilə ovuna bilər?!

“İndi Azərbaycan insanını populist çıxışlarla aldatmaq xeyli çətinləşib”

– Devalvasiyanın mənfi cəhətləri bəllidir. Bəs, Azərbaycan insanına müsbət nəsə qazandıra bilərmi?

– 90-cı illərdə piramida prinsipində “Vahid” bankın sayəsində biz asan pullar qazanmaq, daha doğrusu qazandırıb aldatmaq fırıldağını görmüşdük. Sonralar bu prinsipdən banklar yox, bəzi adamlar istifadə etdi. Elə həmin illərdə Hikmət Hacızadə piramida fırıldaqlarına aldanmamaq üçün ağıllı söz dedi. Əgər nəsə tez və çox qazanmaqla şirnikdirirsə, deməli, kələkdir. Azərbaycanda iri bizneslə məşğul olanların hamısı monopoliya və “tapış” prinsipi üzündən tezcə və böyük faizdə qazanc götürmək ideyası ilə korlanıblar. Hamı əziyyətli və xırda faizlə qazanmağı qazanc saymır. Almaniyada olanda Ştefandan kafelərin, lokantaların  qazancını soruşanda söyləmişdi ki, onlar çox qazana bilməzlər, sadəcə, yaxşı dolanışığa çatan qazancları ola bilər. İndiki iqtisadi həyatımızda dövlət hamıda asan və tezcə “qaz vurub qazan doldurmaq” mərəzini öldürməlidir. O yolla yox ki, vergi və başqa repressiv vasitələrlə adamları sıxsın. Ən birinci bizim oliqarxlar tez və asan qazanmaq rejimi ilə vidalaşmalıdırlar.

“Biz uşaqlarımızın 30 yaşında da qoltuğumuz altında olmasını böyük və fədakar ata-ana sevgisi sayırıq”

Biz Sovet dönəminə baxanda bir az xəsisləşmişik, başqa sözlə, az israfcıl olmuşuq. Daha az boşuna işıq yandırırıq, su axıdırıq. İndi restorandan süfrədə dadlı yeməklər qalanda utanmırıq ofisianta deməyə ki, onları bük, evə aparacam. İndi Azərbaycan insanını populist çıxışlarla aldatmaq xeyli çətinləşib. Hakimiyyətin iqtisadi siyasətinə tənqidi, skeptik yanaşanlar atıb. Bizim sosial normalarda gələnəklərdən gəlmə xeyli nəsnələr var ki, çağdaş dünyanın ritmi, gərəkləri ilə uzlaşmır. Sözlərim bizim toylara, övladlara, nələrin yaxşılıq, nələrin pislik olmasına baxışlarımızdan gedir. Bu çətin dövr ola bilər ki, bu baxışlardan uzaqlaşmağa kömək etsin.

Bir vaxtlar bir yazıda demişdim ki, yanlış olaraq biz islahat ideyasını iqtisadiyyat və sosial dünya ilə bağlayırıq. Halbuki islahat proqramları ola bilər ki, ulusun mentalitetinə, əxlaqına yönəlsin. Azərbaycanlılar Sovet dönəmində də, indi də özlərinə çox tənqidi yanaşan adamlardır, di gəl, onlar həm də tənqid oxlarını ən yanlış hədəflərə atan adamlardır. Camaatımız bizdə nələr pisdir, nələr yaxşıdır məsələsindən çox danışırlar, di gəl çox vaxt pisimizə yaxşı, yaxşımıza pis deyirlər.

Post-strukturalizmdə “dekonstruksiya” termini var, iç üzünü açmaq, dibdə gizlənmişləri çıxarmaq əməliyyatlarını bildirir. Məsələn, biz uşaqlarımızın 30 yaşında da qoltuğumuz altında olmasını böyük və fədakar ata-ana sevgisi sayırıq. Halbuki bunun pis hal olduğunu bilməliyik, əlacsızlıqdan belə olduğumuzu bilməliyik. Seymur Baycan kimi yazarlarda milli özünəvurğunluğa səbəb olanların dekonstruksiyası güclüdür, ancaq onların bu dekonstruksiyası bizdəki yaxşı cəhətlərlə (ümid edirəm ki, yaxşı cəhətlər də var) tarazlaşmayıb.

– Cəmiyyətdə intihar, qətl, cinayət halları artır… Sizcə insanlar artıq Allahdan qorxmur?

– Məncə, intihar edənlərin çoxu heç bilmir ki, İslamda bu günahdır. Bəlkə də onlara elə gəlir ki, ölümlərini tezləşdirməklə bizdən qabaq Behiştə çatırlar. Yapon mədəniyyətində samurayın özünü öldürməsi yüksək mənəvi jest idi. Yəni intihara başqa münasibət də var. Hər halda özünü öldürənlərin çoxunun Allahdan qorxmadıqları nəticəsini çıxarmağa tələsməzdim.

– Adətən, insanların başına gələn pis hadisələr, kasıblıq, dərd-bəla insanı Allaha yaxınlaşdırır. Sizcə indi niyə belə olmadı?

– Yox, başqa fikir də var. Ramakrişna deyərdi ki, ac adamla Tanrı haqqında danışmaq mənasızdır. 50-ci illərin Ağdamında mənim nənəm yaşamın çətinliyindən hirslənəndə Allahı söymüşdü. Sonralar fəlsəfə ilə məşğul olanda bildim ki, Tanrıya qarşı qiyam deyilən fenomen var. Ancaq mən uşaq idim, nənəmin acığına Tanrını söyəndə arvad qorxu ilə mənə baxıb, “sus” deyə qışqırmışdı. Həyatdan qəzəbini küfrlə bildirəndə öz canına görə qorxmurdu, ancaq nəvəsinin canına görə qorxmuşdu. Deməli, onun qiyamı ateizmdən gəlmirdi.

– Azərbaycan ailəsini necə təsvir edərdiniz, sizin düşüncənizdə mənzərə necədir?

– Ölkədə adamların xeylisinin mənəvi səviyyəsi aşağıdırsa, onların ailə səviyyəsi də aşağıdır. Mən bir-iki il qabaq dəhşətli düşündüm ki, uşaqlarına “yalan demək ayıbdır”, “fırıldaqçılıq ayıbdır”, “yaltaqlıq ayıbdır” deməyən nə qədər ailələr var. Belə ailələrdə mənəviyyat motivləri minimum, qorxu və pul motivləri isə maksimum olur. Onların balalarının xeylisi etibarsız yığnaqlar əmələ gətirir. Aralarından oliqarxlar da çıxır. Ancaq onlardan da bəziləri yüksək iqtisadi vəziyyətdə “şpana” xasiyyətlərini saxlayırlar.

– Niyazi bəy, televiziyaların işini necə qiymətləndirirsiniz? Yerli telekanallara baxırsınızmı? Nəyə baxırsınız, daha çox..?   

– Demək olar ki, baxmıram. Bəzən bir-iki dəqiqə gördüklərimdən gəldiyim nəticələr isə ürəkaçan deyil. Televiziyada ki, maraqlı tok-şou olmadı, apar qaytar. Dilimizə tərcümə edilmiş çoxlu filmlərin verilməsini yaxşı sayıram. Tərcümələr pis olanda belə, yenə ünlü filmlərin Azərbaycan dilində səslənməsi dilimizə xeyir gətirir. Məni Rusiyanın federal kanallarında Putinin təbliğatı ilə dolu proqramlar iyrəndirir. Onlar bizim yaltaqlardan bir az ağıllı danışsalar da, ancaq yenə iyrəndirir. Belə tok-şouların bizdə olmasındansa, olmaması yaxşıdır. Yaxşı ki, türk televiziyaları var və onlardan bir az öyrənirlər.

“Söz azadlığı yalnız siyasi məsələlərə gələndə daralır və pozulur”

– Yeni çəkilən film və serialları necə qiymətləndirirsiniz?

– Az maraqlanıram. Ancaq bir ay qabaq olardı, “Oğlan evi” filminə baxdım. Başlanğıcda özümdə ilginc psixoanalitik hal gördüm. Məni ilk kadrlardan gülmək tutanda gördüm, özümü saxlayıram. Paxıllığa oxşar bir hal idi. Sanki qorxurdum ki, güləndə “hır-hır” TV verilişlərində uğunub, gedən səviyyəsiz adamlara oxşayacam. Bir an sonra özümə hirsləndim ki, istedadlı filmdir, doyunca gül…

Sözsüz, film Batının min dəfə işlədilmiş fırıldaq filmlərinin həyat sintaqmalarında və ya formullarında qurulub. Ancaq bu formulların qəlibinə salınan Azərbaycan materialları əla idi. Mən axırıncı dəfə deyəsən, Vaqif İbrahimoğlunun komediyalarında belə gülmüşdüm. Filmik hoqqalarda KVN-lə yanaşı, Vaqif üslubunu da sezirdim. Fərda Amində isə rəhmətlik Yaşar Nurinin aktyor maskalarından cizgilər görürdüm. 80-ci illərdə mən bu maskadan yazmışdım.

Yazıqlar olsun ki, film bitməli yerində bitmədi, rejissor bəlkə də əxlaq senzorundan çəkinib, göstərmək istəmişdi ki, bizdə fırıldaq mənəvi və kriminal cəza almadan keçə bilməz. Yaxşıdır ki, filmə yaraşmayan bu sonluq heç olmazsa, texniki yöndən babat qurulmuşdu. Gələcək filmlərə və bu filmlərə “hə” deməli olan komissiyalara məsləhətim: Baxın, Tarantinonun “Ad-sansız əclaflar” filminə, görün, necə həyasızlıqla tarixi olaylarla manipulyasiya edir. Qoyun, istedadlı uşaqlar istədiklərini çəksinlər!

“Söz azadlığı axmaqlığın qarşısını almaqda güclü mexanizmdir”

–  Azərbaycanda söz azadlığı hansı rəngdədir?

– 2000-ci ildən sonra söz azadlığının boğulması ilə dolu illərdə mən demişdim ki, gəlin insaflı olaq: Kültür dünyası ilə bağlı bizdə xeyli geniş söz azadlığı var. İstəyirsən, homoseksualları təriflə, istəyirsən pislə, istəyirsən ateist yazılar yaz, istəyirsən dindar yazılar yaz, hamısı olar. Söz azadlığı yalnız siyasi məsələlərə gələndə daralır və pozulur. Həbs olunanlardan sonra içimizdə öz senzuramız da işləməyə başlayıb.

Bax, bu sahədə vəziyyət pisdir. Hakimiyyət dairələri isə bir şeyi qəbul etmək istəmirlər. Adamlar söz azadlığının görməmişi olanda mediada söyüşə, əsassız böhtanlara, axmaq sözlərə tamarzı olurlar. Çünki belə danışığı “Nə qorxmaz adamdır” deyimi naxışlandırır. Ancaq söz azadlığı geniş olanda, bir az sonra ağzına gələni danışan gözdən düşür və adamlar ağıllı danışığın dəyərini bilirlər. Ona görə də, söz azadlığı axmaqlığın qarşısını almaqda güclü mexanizmdir. Siz deputatlığa, prezidentliyə namizədlər üçün çoxsilsiləli debat düzənləyin, görəcəksiniz ki, iki-üç debatdan sonra çoxunun deməyə sözü qalmayıb. Bu da bir sınaqdır.

“Ağıllı gənclər soruşurlar ki, İslam budur, bu nağıllardır?”

– Sizcə insanlar mənəvi inkişafa, mənəvi sakitliyə necə nail olmalıdırlar?

– Mənim “hərtərəfli inkişaf etmiş adam” deyimindən zəhləm gedir. Mənəvi inkişaf və sakitlik də bilmirəm nədir. Bircə onu bilirəm ki, toplumda elə ab-hava, elə iqtisadi vəziyyət ola bilər ki, adamların əsəbi, yalançı, qışqırıqçı olmasına az bəhanələri qalar. Normala yaxın durumda musiqi, dini və ya fəlsəfi söhbət insanlara kömək edir. Yeri gəlmişkən, dini söhbət deyəndə yasda mollaların əhvalatlarını, “ibrətamiz” məsəllərin dilində qurulmuş söhbətlərini demirəm.

Sovet yasaqları rejimində bəlkə də belə söhbətlərin nəsə dəyəri vardı. İndi, internetdən informasiya alınan dönəmdə bizim mollaların bu qədər geri qalması ayıbdır. Onlar özlərini gözdən salsaydılar, deyərdim öz işləridir. Onlar özləri ilə bərabər İslamı da gözdən salırlar. Ağıllı gənclər soruşur ki, İslam budur, bu nağıllardır? Bizim mollalar heç olmazsa, Türkiyə TV-lərində aparılan ilahiyytçı söhbətlərə qulaq assınlar, örnək götürsünlər. Oxuyanlarımız türk müğənnilərindən plastikanı, mimikanı, jesti oğurlamırlar? Heç olmasa, mollalar da türk ilahiyyatçılarından oğurlasınlar. Türklər də bəzi jestləri güman ki, kimdənsə oğurlayıblar.

–  Niyazi bəy, müasir Azərbaycan yazarlarından kimləri oxuyursunuz, kimləri sevmirsiniz? Sizcə, dövrün ədəbiyyatı necə olmalıdır?

– “Sevmirəm”i deməyəcəyəm. Ancaq ilk cümlələrindən məni darıxdıran yazarlar çoxdur. Yaşlı nəsildən bircə Kamal Abdulladır ki, “Gizli Dədə Qorqud”, “Sehirbazlar dərəsi”, “Unutmağa kimsə yox” romanları, hekayələri ilə mənim başımı, duyğularımı işə salıb. Son oxuduğum roman isə Aydın Talıbzadənin “Əbuhüb” romanıdır. Post-modernizmdə məntiq laxlamaları ilə ilgili Liotar sayəsində bəyəni qazanmış bir termininə toxunum. Söhbət paraloqiyadan gedir. Yunanca, bu söz məntiqsiz danışığı, daha dəqiq, yanlış mühakimələri bildirir. Liotara görə, post-modernizm fəlsəfədə, ədəbiyyatda məntiq, düzgün düşünüş, səlis danşıq qaydalarını pozan paraloqiyadan geniş istifadə edir. Hətta belə demək olar: Bir çox post-modernist fəlsəfi diskurslar paraloqist deyimlərdir.

Düşüncə və sənət tarixinin əcaib trayektoriyası var. Hamı əxlaqlı olanda yaradıcı kəs anti-əxlaq, anti-mənəviyyat sapıntılarına keçir. Tolstoyun Anna Kareninası, Floberin Madam Bovarisi, Cəfər Cabbarlının Sevili hərəsi bir şəkildə buna örnəkdir. Biz amur məsələlərində tarixən fransız qadınlarını və kişilərini xeyli sərbəst, məsuliyyətsiz sayırıq. Ancaq bir yerdə oxumuşam ki, fransız qadını və kişisi əsl katoliklər kimi belə olmayıblar, onları fransız ədəbiyyatı “korlayıb”. Əslində, modernizmin baş fiqurlarının çoxunun (Modelyani, Lotrek, Dali) bohem sənətçi, yəni normal insanların dəyərləri ilə hesablaşmayan sənətçi olması bu sapıtma və sapındırma tendensiyanın törəməsidir.

Düşüncə və sənət tarixinin başqa qəribə trayektoriyası ondadır ki, hamı ağıllı, səlis düşünüb-danşanda meydana axmaqlıq, pəltəklik, absurd, paroloqizm girir. Bəhlul Danəndə, Molla Nəsirəddin, Bektaşi dərvişləri axmaqlığa bənzəyən müdriklərin görkünü geyinmiş adamlar olublar.

Sufizmdə deyim var, əsl möminlik küfrlə qonşuluqdadır! «Küfr» dinə, İlahiyə təhqirdir. Deyimin açımı: əsl möminlik donmuş hal deyil, Allah axtarışıdır. Bu zaman Ona şübhələr, etirazlar yaranır və həmin şübhələri dəf edən kəs daha dərin Allah anlayışına gəlir. Mən Aydın Talıbzadənin dediyim romanına post-modernist paraloqistikadan baxanda “niyə ondakı uyğunsuzluqlar, suç motivləri belə təsirli görünür” sorusuna cavab tapıdım. Romanda Ortaçağa aid kəsimdə deyim var: “Tolti bəy kəlməsi min manata danışan kişilərdəndi”. Ortaçağda bizdə “manat” pul vahidi yox idi, axı… Aydın bunu bilir, ancaq tərscəsinə anaxronizmə, yəni zaman pozuntularına yol verir. Başqa anaxronizm ki, söyləmi (narrasiyanı) paraloqistik edir. İslam Ortaçağı ilə türk-monqol şirk (bütpərəst) dünyasını elə qarışığa salır ki, bilmirsən, nə nədədir. Romanda Tuncalın dünyası çağdaş dünyadır. Toltı bəyin dünyası Ortaçağdır. Ancaq bu Ortaçağın içinə heç bir məntiqi əsas verilmədən arxaika girib. Cingöz xan öləndə 40 bakirənin öldürülməsi arxaikadır, girib Ortaçağa… Romanda hibridlik, sinkretizm, simbiozluq və bunun məntiqlə əsalandırılmaması var. Bax, budur onun söyləminin post-modernist paraloqiyası…

Siz bir romandan deyimlərə baxın, onlardan Nitşe ruhu da, Avqustin fəlsəfəsi də, sezilir: “Biz sevəndə kölə oluruq, çünki sevgimiz üçün hər şeyə razı oluruq, donuz otarmağa, boynumuza xaç asmağa (Şeyx Sənana eyham)”.

“Bir tərəfdən, biz Tanrını şərəfləndiririk, deyirik ucalardan ucasan (Dədə Qorqud sözü), o biri tərəfdən isə Tanrını öz ucalığından asırıq, asırıq bizə borclu adamı boğazından asdığımız kimi”.

“İndi, heç hara getmir, heç hardan gəlmir”. “Keçmiş əbədi dayanıb”. “Gələcək əbədi gəlir”. Bu deyimlərdə Platonun da, Avqustinin də səsi var.

Nə isə romanı oxuyanda çağımızın gözəl romanlarının suyunun suyu kimi oxumadım. Ona görə də oxudan sonra nəsə pis çöküntü olmadı.

“Mənim gənclərin çoxunun mənəviyyatını həzm etməyə toleranlıq gücüm çatmır”

– Niyazi bəy, ədəbi təhlilləriniz çox maraqlıdır. Həm də etiraf edim ki, çox qəliz… Mənəviyyat məsələsinə toxundunuz. Bəs, Azərbaycan gəncinin mənəviyyatı sizi qane edirmi? 

– Mənim gənclərin çoxunun mənəviyyatını həzm etməyə toleranlıq gücüm çatmır. Ancaq qanıram ki, bizlər gənc olanda bizdən narazı idilər, indi də biz narazıyıq. Hərçənd bizdən narazı olanlar indiki bizlər qədər müasir, modernist deyildilər.

–  Niyazi bəy, ənənəvi bir müqayisə aparaq… Sizin dövrün gəncliyi ilə hazırki gəncliyi müqayisə etsək, ortaya hansı fərqlər çıxar? 

– O gənclər arasında millətçilk, türkçülük daha çox dəbdə idi, nəinki indi… O gənclər daha çox görməmiş idilər, nəinki indi… O gənclər sevgi məsələsində daha çox romantik idilər. Ancaq bu ciddi sorunun üstündə baş sındırmaq lazımdır.

– Azərbaycan insanını inkişaf dəyərlərinə görə 10 ballıq şkala üzrə neçə balla qiymətləndirmək olar?

– Çətin sualdır. Nə bilim, bəlkə 6-7…

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …

Bir cavab yazın