Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Nigar Yaqublu: “Düşünürdüm ki, Nərgizdən sonra yəqin atamı həbsxanaya qaytarmazlar”

Nigar Yaqublu: “Düşünürdüm ki, Nərgizdən sonra yəqin atamı həbsxanaya qaytarmazlar”

“Nərgizin oğlu bir az böyüyəndən sonra yay aylarında bura gələr…”

Müsavat başqanının müavini, hazırda həbsdə olan Tofiq Yaqublunun ailəsində matəm əhvalı davam edir. Qızı Nərgiz Yaqublunun vaxtsız ölümü həm siyasi məhbusu, həm də ailənin digər üzvlərini pərişan edib. Ailə toparlana bilmir, T.Yaqublunun böyük qızı, keçmiş siyasi məhbus olan Nigarın sosial şəbəkədəki statuslarında isə bu itki hər gün daha ağrılı şəkildə özünü göstərir. Musavat.com Nigarla itirdiyi bacısı, onun oğlu, Tofiq bəyin durumu barədə qısaca söhbətləşdi. 

– Nigar, necədir vəziyyətin, halın-əhvalın? Sosial şəbəkədən izlədiklərimdən görürəm: Nərgizli statuslarının arası kəsilmir… Yazmaq azaldırmı ağrılarını? 

– Elə bir vəziyyətdir ki, adam “necəsən” sualına cavab verə bilmir. Nərgizsiz həyatımız çox pərişandır. Onun yoxluğuna bir türlü inana bilmirəm. Bəzən fikirlərimi facebookda paylaşıram. Bu bir az məni sakitləşdirir. Elə bilirəm ki, Nərgiz yazdıqlarımı görür. Onun üçün necə darıxdığımı hiss edir.

– Maya xala necədir? Rəhimin universitetə hazırlığı nə yerdədir?

– Ananın durumu isə daha pərişandır. Övlad itkisini yaşamaq ona ən böyük zərbə oldu. Bəzən öz-özünə deyir ki, kaş, o da həbs olunardı. Bilərdim ki, müəyyən dönəmdən sonra geri qayıdacaq. Amma reallıq…… Qardaşın Rəhimə gəlincə, bu ayın 25-i universitetə qəbul imtahanı verəcək. Onun universitetə hazırlıq  illəri çox gərgin və stressli keçdi. Ancaq həyat davam edir. O da bir məslək sahibi olmalıdır.

–  Nərgizin oğlundan xəbər ala bilirsizmi? Uşağı yanınızda saxlamaqla bağlı atası ilə danışığınız olubmu? 

Düşünürdüm ki, Nərgizdən sonra yəqin atamı həbsxanaya qaytarmazlar”

– Kənanımızı çox istərdik ki, yanımızda saxlayaq. Amma onun bir atası var və körpəni ondan istəməyə haqqımız yox. Düzü, bu barədə ailələr arasında heç bir danışıq olmayıb, Kənan bir az böyüyəndən sonra yay aylarında bura gələr. Qalan aylarda biz onun yanına gedərik.

– Tofiq bəydən nə xəbər var? Axirinci dəfə nə zaman əlaqə saxlamısız? Nə deyir?

– Elə bu gün (bazar günü-red.) ata ilə görüşdüm. Nərgizin yoxluğu onu çox üzür. Bəlli etməməyə çalışsa da, ancaq bəzən bu mümkün olmur. Havaların çox isti olması oradakı məhbuslar üçün əlavə bir işgəncədir. Məlum həbsxananın rejim qaydaları bunu deməyə əsas verir. Üstəlik də həbsxana daş karxanalarının ortasında yerləşdiyindən küləkli havada orada nəfəs almaq daha da çətin olur. Tozdan göz gözü görmür. Ata da astma xəstəsi olduğundan belə vəziyyət onun sağlamlığına daha da mənfi təsir göstərir.

– Əfvlə bağlı gözləntiləri varmı?

– Ümumiyyətlə, əfvlə bağlı heç bir gözləntim olmayıb heç vaxt. Hətta bu məsələ gündəmə gələndə belə bu söhbətlərə inanmamışam. Və hər dəfə də bu öz təsdiqini tapıb. Düşünürəm ki, yəqin yeni ildə azad edərlər siyasi məhbusların bir qismini. Ancaq onların arasında atanın olacağına o qədər inamım yoxdur. Tofiq Yaqublunu azad etmək üçün xeyli fürsətlər olub. Düşünürdüm ki, Nərgizdən sonra yəqin onu həbsxanaya qaytarmazlar. Ən azından insanın acısına sayğı duyarlar. Ancaq reallıq onu göstərdi ki, bunlardan heç bir insanlıq gözləməyə dəyməz.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …

Bir cavab yazın