Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Dünya / Nazarbayevin qudasının Şuşa məscidi ilə bağlı təxribatı kəskin etirazlar doğurdu

Nazarbayevin qudasının Şuşa məscidi ilə bağlı təxribatı kəskin etirazlar doğurdu

Dağlıq Qarabağın Azərbaycanlı İcması Qazaxıstan hökumətinə müraciət edəcək; Bayram Səfərov: “İstəyirlər ki, Azərbaycan abidələrindəki milli arxitektura nümunələrini itirsinlər”

Yanvarın 31-də “Forbes Qazaxıstan” jurnalının “Erməni inkişaf təşəbbüsləri” (İDeA) fonduna istinadən verdiyi məlumata görə, Qazaxıstanın ən varlı adamlarından biri, biznesmen Kayrat Boranbayev işğal altında olan Şuşanın “Gövhər Ağa” məscidinin bərpasını maliyyələşdirəcək.

Azərbaycanın bəlli səbəblərdən nəzarət edə bilmədiyi ərazilərdə sərvətlərimizin talanması və tarixi abidələrimizin məhv edilməsi istiqamətində qanunsuz fəaliyyətlər illərdir ki, davam edir. Lakin bu dəfə söhbət Azərbaycana dost olan türkdilli ölkənin vətəndaşından getdiyi üçün daha çox təəssüf doğurur. Xatırladaq ki, türk dünyasının ağsaqqallarından hesab edilən Qazaxıstan prezidenti Nursultan Nazarbayev Qarabağ məsələsində dəfələrlə prinsipial mövqe ortaya qoyub. Aprel döyüşlərindən KMTM-nin İrəvanda keçirilməsi nəzərdə tutulan iclasına N.Nazarbayevin nümayişkaranə şəkildə qatılmaması erməniləri xeyli qəzəbləndirmişdi. Türkdilli dövlətlərin bir araya gəlməsində də qazax prezidentin rolu danılmazdır. Belə olan halda, qazax iş adamının, xüsusilə də Nazarbayevin qudasının Azərbaycana qarşı xain davranışı qəbulolunmazdır. Yeri gəlmişkən, Azərbaycan prezidenti İslam ölkələrinə xitabən məscid dağıdan Ermənistanla əlaqələri kəsməyə çağırmışdı. Görünür, Ermənistan özü haqqında “məscid bərpa edən” imici yaratmaq istəyir və bu prosesdə elə türk-islam faktorundan yararlanmaqla dividentlər əldə etməyə çalışır. Bundan əvvəl İrandan gətirilmiş arxitektorların da Şuşa məscidində təmir işləri apardığı barədə xəbərlər yaymışdılar. Ancaq bəllidir ki, bu məscidlərin ilkin halına gətirilməsindən yox, onların tamamilə dəyişdirilib, ən azı farslaşdırılmasından söhbət gedə bilər ki, bu da qəbulolunmazdır.

Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin həyat yoldaşı, 122 saylı Xankəndi seçki dairəsinin deputatı Flora Qasımova isə bildirdi ki, gərək həmin iş adamı bu işə getməyəydi: “Qazaxıstan türkdilli dövlətdir, bizimlə normal münasibətləri var. Həmçinin Nazarbayev Azərbaycana dost insandır, uzun illər onun Heydər Əliyevlə dostluğu olub, indi də yeri düşəndə Azərbaycanı müdafiə edir. Digər tərəfdən, qazax iş adamı bu məscidi kiminçün təmir etdirir, orada azərbaycanlı var ki?” Xanım deputat məsələnin ümumilikdə həlli istiqamətində addımların atılmasını zəruri sayır: “Milli Məclisdə də təklif olundu ki, İşğal Olunmuş Ərazilərlə bağlı qanun qəbul olunsun. Ora iş adamı elə-belə gəlmir, ya bu işləri müftə görmür ki. Oradan özünə qazanc götürür. Belələrinə qarşı qanunvericiliklə mübarizə aparmaq lazımdır ki, həmin iş adamları ərazilərimizə qanunsuz daxil olmağa cürət eləməsinlər. Qanun qəbul etsək, Azərbaycanın razılığı olmadan işğal zonasına gələn iş adamları haqqında cinayət işi qaldırardıq, onların talançılığını dayandırmaq üçün hüquqi addımlar atardıq. Biz o zaman həmin qanunu qəbul etsəydik, indi cinayət işi qaldırardıq və Qazaxıstanın müvafiq qurumlarına müraciət edərdik. Təkcə bu deyil ki, o qədər elə faktlar var”.

Deputat Flora Qasımova ile ilgili görsel sonucu

Deputat Flora Qasımova: “Belələrinə qarşı qanunvericiliklə mübarizə aparmaq lazımdır”

F.Qasımova diplomatiyamızın da bu kimi hallara qarşı tədbirli olmasını zəruri saydı: “Bizim Qazaxıstandakı səfirliyimiz niyə vaxtında münasibət bildirməyib, dərhal onların Xarici İşlər Nazirliyinə müraciət etməyib? Uzaqbaşı həmin bu qazax iş adamını da bizim XİN ”qara siyahı”ya salacaq. Onun indiyədək nə xeyri olub?” Xanım deputat bildirdi ki, Gövhər ağa məscidi ilə bağlı onun ağrılı xatirələri var: “Mənim ulu babam – Hacı Mollaşükür Məhərrəmov Qarabağın axundu olub, o məsciddə oturub”.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov “Yeni Müsavat”a bildirdi ki, bununla bağlı araşdırmalar aparır: “Mən bu faktı pisləyirəm. Azərbaycan torpaqları işğaldan azad olunmalıdır, biz də gedib öz tarixi abidələrimizi, həmçinin məscidlərimizi bərpa etməliyik. Bunlar belə pullu çıxıblar gedib ermənilərlə işbirliyi qururlar? Əgər pulları varsa, elə Qazaxıstandakı kasıb-kusuba, ya Azərbaycandakı qaçqın-köçkünlərə xərcləsinlər. Niyə erməni ilə işbirliyi qururlar?”

B.Səfərov müsəlman-türk respublikasının adının belə işlərdə hallanmasını təəssüflə qeyd etdi. Bildirdi ki, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri olaraq Qazaxıstanın ölkəmizdəki səfirliyinə də etirazını bildirəcək.

İcma rəhbəri ermənilərin guya məscidlərin “qayğısına qaldıqları” barədə təbliğatı da mənasız saydı və bunun beynəlxalq ictimaiyyəti çaşdırmaq niyyəti güddüyünü bildirdi: “Məscidlərin təmiri lazım deyil e, bizim torpağımız işğaldan azad olunsun. Onlar həm də istəyirlər ki, Azərbaycan abidələrindəki milli arxitektura nümunələrini itirsinlər”.

QAT sədri Akif Nağı isə hesab edir ki, bu, erməni təxribatı da ola bilər: “Ola bilər ki, heç Qazaxıstandan kimsənin elə bir fikri yoxdur. Ermənilər müxtəlif vasitələrlə Azərbaycanla digər ölkələrin arasını vurmağa çalışır. O cümlədən bu məqsədi üçün məscid məsələsindən də istifadə etməyə çalışır. Ermənilərin məqsədi məscid təmir etmək deyil. Elə olsaydı, işğal altıdakı 50-dən artıq məscidi, yüzlərlə qəbiristanlığı məhv etməzdilər. Quranın tələblərinə görə , məscidi ancaq imanlı və təqvalı insanlar təmir edə bilərlər. Ona görə də, hörmətli Nazarbayev də, onun qohumu da bu məsələni fikirləşməlidirlər. Digər tərəfdən, dost Qazaxıstan rəhbərliyinə Dağlıq Qarabağ məsələsində həmişə obyektiv mövqe tutduğuna görə təşəkkür edirik, onlar bilməlidirlər ki, bu hərəkətləri ilə işğalçı Ermənistana yardım göstərir. Onun işğalçı hərəkətlərinə şərik olurlar. Çox vaxt yalan-gerçək İranın da həmin məscidi guya təmir etməsi ilə bağlı dezinformasiyalar yayırlar. Hər bir müsəlman ölkəsi bilməlidir ki, Ermənistanla istənilən əlaqə işğalçıya yardım deməkdir”.

Yeri gəlmişkən, bu məlumatın Qazaxıstan parlamenti Məclisinin sədri Nurlan Niqmatulinin Bakıya rəsmi səfər etdiyi gün yayılması da təəccüb doğurur. Niqmatulin Milli Məclisin spikeri Oqtay Əsədov və digər rəsmi şəxslərlə görüşüb. Həmçinin  qonaq Milli Məclisin sədri Oqtay Əsədova “Şərəf” ordenini təqdim edib. Maraqlıdır, ikitərəfli görüşdə Kayrat Boranbayevin xəyanətindən bəhs olunubmu?

Hələlik rəsmi Bakı məsələyə münasibət bildirməyə lüzum görmür.

Qazaxıstan Respublikasının Azərbaycandakı səfirliyi isə Koran Boranbayevin Azərbaycanın işğal olunmuş Şuşa şəhərində yerləşən Yuxarı Gövhər ağa məsçidinin bərpasına vəsait ayırması barədə gedən xəbərləri təkzib edib.

Qazaxıstanın Azərbaycandakı səfirliyindən musavat.com saytına verilən məlumata görə, “qazaxıstanlı sahibkar Kayrat Boranbayev ümumiyyətlə Dağlıq Qarabağa səfər etməyib və burada hər hansı bir layihənin nə planlaşdırılması, nə də maliyyələşdirilməsində iştirak etməyib”.

Həmçinin oxuyun

Ərdoğan nazirləri toplayır – Qarabağ da müzakirə olunacaq

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Prezident İqamətgahında Nazirlər Kabinetinin toplantısı baş …