Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / “Nəqliyyatda qocalara yer verməyin”- ingilis alimin məsləhətinə reaksiyalar

“Nəqliyyatda qocalara yer verməyin”- ingilis alimin məsləhətinə reaksiyalar

Adil Qeybulla: “İngilislərin o yaşlarda sağlamlıq göstəriciləri azərbaycanlılara nisbətən çox yaxşı olur”

Britaniyalı alimlər maraqlı bir təklif irəli sürüblər. Oksford Universitetindəki bir professor yaşlı adamların ayaqüstə qalmalarının onlara yaxşı təsir edəcəyini deyib. Alim iddia edib ki, müəyyən yaşdan sonra insanların daha çox fiziki hərəkətdə olması onların səhhəti üçün daha faydalıdır. Buna görə də yaşlı insanlara yer verməklə biz onların sağlamlığına ciddi ziyan vurmuş oluruq.

Azərbaycanda isə durum bir qədər fərqlidir. Gənclərdən kimsə yaşlılara yer verməsə, qınaq obyektinə çevrilir. Hətta buna görə tez-tez yaşlı nəslin nümayəndələri ilə gənclər arasında mübahisələr də yaranır. Ümumiyyətlə, bu məsələ  Azərbaycan mentalitetinə xas bir xüsusiyyətdir ki, uşaqlara özlərini dərk etməyə başladığı vaxtdan başlayaraq, istər ictimai nəqliyyatda, istər metroda, istərsə də digər yerlərdə yaşlılara hər zaman yer verməyin, onlara hörmət etməyin vacib bir addım olduğunu öyrədirik. Ancaq çox zaman şahidi oluruq ki, gənclər yaşlılara, hətta hamilə qadınlara belə yer vermir, onları görməzlikdən gəlirlər. Bir çox hallarda da bəzən hansısa yaşlı bir qadın avtobusa minir və gənc bir qızı ayağa qaldırıb özü oturur. Gənclər isə bəzən bu addımı düzgün qarşılamır. Gənclər bəzən  yaşlılara yer verərkən onlara “sağ ol” belə deyilmədiyindən gileylənir. Ancaq yaşlılar da düşünməlidir ki, hansısa gəncin qalxıb yer verməməsi onun səhhətindəki problemlə də bağlı ola bilər. Şahidi olduğumuz bir hadisə də bunu deməyə əsas verir. Metroda qatara minən yaşlı bir qadın gənc oğlanın ona yer vermədiyini görərik deyinməyə başladı. Bir neçə stansiya keçdikdən sonra yaşlı qadın otursa da, hələ də deyinməyə, gəncləri “mədəniyyətsiz”  adlandırmağa davam edirdi. Bu zaman ona yer verməyən gənc oğlan yanındakı dərman dolu torbanı ortalığa ataraq “sənə yer verməməyimin səbəbi bu dərmanlardır, xəstəyəm, yenicə əməliyyat olunmuşam. Ayaq üstə dura bilmirəm” deyərək əsəbi şəkildə bağırması oldu. Düzdür, yaşlı qadın hələ də deyinməyə davam edirdi. Amma bu dəfə qatarda olan insanlar gənci yox, artıq yaşlı qadını qınamağa başlamışdı.

Düzdür, yaşlılara yer verməyən gənclərin heç də hamısı xəstə olduqları və ya hansısa problemləri olduqları üçün oturmurlar. Bunu çoxu “mən də 20 qəpik ödəyib yol gedirəm, niyə durmalıyam” kimi düşüncələrlə də izah edirlər. Bir sözlə, yaşlılar da, gənclər də bir-birinə qarşı anlayışlı davranmalıdır.

Image result for Adil Qeybulla

Yaşlıların ayaq üstə qalmasının onların sağlamlığı üçün xeyirli olmasına gəlincə isə tibb elmləri doktoru, professor Adil Qeybulla ingilislərin o yaşlarda sağlamlıq göstəricilərinin azərbaycanlılara nisbətən çox yaxşı olduğunu dedi: “Biz birinci növbədə sağlamlıq göstəricilərini əsas götürməliyik. Ola bilər ki, cavan bir adamın elə bir xəstəliyi olsun ki, onun ayaq üstə durması çətindir və hökmən oturmalıdır. Ola bilər ki, yaşlı bir adamın elə görkəmi olsun ki, onun oturmağa ehtiyacı olmasın. Bu məsələ fərdi olmalıdır. Amma mən hesab edirəm ki, yaşlılara hörmət milli xüsusiyyətidir. Bunu qoruyub saxlamaq lazımdır. Biz yaşlı insanların hörmətini saxlayırıqsa, eyni zamanda onlara yer veririksə, bu, əslində pis  hal deyil. Əlbəttə, cəmiyyət bundan uduzmursa, mənafelərə ziyan dəymirsə, cəmiyyətin inkişafını ləngitmirsə, mən bu cür məsələlərdə adət-ənənələri saxlamağın tərəfdarıyam. Amma o adət-ənənələr  ki, cəmiyyətin inkişafına zərbə vurur, düşünürəm ki, həmin adət-ənənələr dünyanın inkişaf modelinə uyğunlaşsa, daha  yaxşı olar. İstənilən 18-20 yaşlı insanın başının üstündə 70 yaşlı adam dayanıbsa, ona yer verməyi normal hesab edirəm. İngilislərin o yaşlarda sağlamlıq göstəriciləri çox yaxşı olur. Onlar idmanla məşğul olur, özlərinə diqqət edir. Amma bizim millət tənbəldir, idmanla məşğul olmur, bizdə kütləvi idman yoxdur, çox qida qəbul edir, az hərəkət edirik. Ona görə də orqanizm sıradan çıxır. Bəzən görürsən ki, 50 yaşında bir qadındır, pilləkənləri düşə bilmir, dizləri tutulub. Yaxud da kişidir, təngnəfəsliyi, çəki artıqlığı var. Yaşlı İnsanlar, sağlamlığı üçün hərəkətli olmalıdırlar. Nəin ki, sağlamlıq bütün həyat tərzi üçün hərəkətlilik yaxşı. Yaxşı qalmaq üçün orqanizm gərək saat kimi işləsin. Yəni az qida qəbul etmək, çox hərəkət etmək, orqanizmi çalışdırmaq, zərərli vərdişlərdən uzaq durmaq lazımdır. Çünki bunların hamısı orqanizmi sıradan çıxaran amillərdir. Diqqət edin, şadlıq evlərində, restoranlarda insanlar nə qədər qida qəbul edir. Təəssüflər olsun ki, bizim qida mədəniyyətimiz yüksək səviyyədə deyil. Mətbəx həddən artıq yağlı qidalarla dolu, insanlar isə yeməyə meyllidir. Bütün bunların hamısı orqanizmi sıradan çıxaran ənənələrdir. Xarici ölkələrdə insanlar kütləvi şəkildə velosiped sürür, idmanla məşğul olur, qaçır. Amma bizdə şadlıq evinə gedir, çoxlu qida qəbul edir, alkoqol qəbul edir, gəlib evdə uzanır. O alkoqol da piyləri həll edib qana sovurur. Buna görə də hətta gənc yaşda insanda ürək əməliyyatına ehtiyac duyulur. Mən düşünürəm ki, biz həyat tərzimizi dəyişməliyik”.

Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …