AzNews.az xarici mediaya istinadən bildirir ki, Myanmadan qaçanlar artıq dördüncü aydır Banqladeşin Koks Bazar şəhərində sığınacaq tapıb. Zorakılıqlardan qaçan 645 minə yaxın insan yoxsulluq şəraitində yaşayır.

BMT və digər 13 təşkilatın rəy sorğuları qaçqınların güclü bir şəbəkə yaradaraq, çətinliklərin öhdəsindən gəlməyə çalışdığını göstərir..

BMT-nin qaçqınlar agentliyinin sözçüsü Andrey Maheçiçin dediyinə görə, qaçqınları problemləri çoxdur. Onlar əsasən yaşayış şəraitinin ağırlığından şikayətlənir.

“Sanitariya vəziyyəti bərbaddır. Tualetlərə uzun növbələr olur. Qadın və qızların kifayət qədər yuyunma imkanı yoxdur. Bəzən onlar səhər tezdən öz çadırlarında yuyunmalı olurlar”.

Maheçiçin dediyinə görə, uşaqların nə təhsil, nə də oynamaq üçün yerləri var. O, səhiyyə xidməti sahəsində çətinliklər olduğunu bildirir:

“Qətllərə şahid olanlar, işgəncələrə məruz qalanlar və zorlananların psixoloji yardıma ehtiyacı var. Xüsusilə də, yaşlı və əlillərin. Gəncləri isə qeyri-müəyyən gələcəkləri qorxudur”

Onun dediyinə görə, Qaçqınlar agentliyi gələn il Rohinca qaçqınlarının müdafiəsi üçün yardım proqramlarınını artıracaq. Qadın və qızların sanitariya və gigiyenası üçün yardım səyləri gücləndirilib. Uşaqlar üçün təhlükəsiz oyun meydançaları yaradılacaq.

Səhiyyə rəsmiləri isə vaksinasiya qıtlığı üzündən xəstəliklərin yayılma riski barədə xəbərdarlıq verir. Natəmizlik səbəbi ilə infeksion xəstəliklərin yayılma imkanı olduqca yüksəkdir.