Ana səhifə / Dünya / “MTN “çetesi” və Akif Çovdarovla bağlı etirazımı Eldar Mahmudova bildirdim”

“MTN “çetesi” və Akif Çovdarovla bağlı etirazımı Eldar Mahmudova bildirdim”

“MTN bir qohumumu tutub xeyli pul aldı və buraxdı”
“Hara gedəcəyimiz ABŞ-la Rusiyanın ortaya hansı yeməyi qoymasından asılı olacaq”
Moderator.az Böyük Quruluş Partiyasının Başqanı, deputat Fazil Mustafa ilə müsahibəni təqdim edir:
 
– Fazil bəy, maraqlı deyirsiniz ki, vəziyyət çox normaldır, münasibətlər yaxşıdır. Amma eyni zamanda da deyirsiniz ki, “gəlsin, o sözləri burada desin, görüm”. Yəni elə bil bir narahatlıq var. Sanki hər şeyi də demək olmur…
– Əlbəttə, demək olmur. Azərbaycanın bugünkü şərtlərində elə şeylər var ki… Müəyyən dərəcədə mətbuata, siyasətə total nəzarət var. Və müəyyən dərəcədə də istədiyimiz, arzuladığımız demokratik cəmiyyət yoxdur.  Bu, açıqca söylənilir. Amma söhbət ondan gedir ki, bir çox insanlar – bu sualı verən insanlar, yaxud da bu cür yanaşan insanların özləri – məhz mənim Azərbaycan hakimiyyətinə qarşı tutduğum mövqeni özləri xarici qurumlara qarşı cəsarətlə tuta bilmirlər. Elə yaxşıdırsa, NATO-nun bayrağını yandırsın ki, Türkiyəyə niyə dəstək vermirsən? (Gülür…)
 
– Fazil bəy, həbsdə olan Pərviz Həşimlinin, səhv etmirəmsə, qardaşı Zamin Haşımov sizə sual ünvanlayıb: Eldar Mahmudov Fazil bəyin də qohumlarını MTN-də soyub, buraxdı.
– Bəli.
– Yəni ki, MTN-nin əməllərini özü yaxşı bilir. Danışmaq zamanı gəlmədimi? Məsələn, Pərviz Həşimli hələ də MTN-nin sifarişi ilə həbsdədir (Müsahibə Prezident İlham Əliyevin 17 mart tarixli əfv sərəncamından əvvəl götürülüb – Red.).
– MTN “çetesi” ilə bağlı, Akif Çovdarovla bağlı mənim fikirlərim, facebook statuslarım var. Eləcə də Milli Məclisdə çıxışım var. Bəli, bu məsələ Azərbaycan üçün böyük bir üz qarasıdır. Açıqlığa da qovuşması lazımdır.
– Fazil bəy, sizin qohumlarınızı da tutublar?
– Mənim bir qohumumu tutmuşdular, özü də elə bir ciddi əsas olmadan. Xeyli pul alıb buraxdılar.
– İş adamı idi?
– Hə. İş adamı idi. Mən onları zərbə altına qoymamaq üçün heç bir açıqlama vermədim. Həm də həmin adam özü bu haqda danışarsa, mən də ona dəstək verərəm. Amma özünü zərbə altına qoymamaq üçün danışmadı.
 
– Çünki bu MTN olayından sonra bəzi iş adamlarının pullarını qaytardılar.
– Əgər adam özü istəmirsə, mən də başqasına problem yaratmağı düşünən adam deyiləm axı… Mən gedib özünə də bildirdim ki, bu məsələ yanlışdır, doğru deyil.
– Eldar Mahmudovun?
– Bəli, bəli…
– Bəs deyirlər ki, onunla görüşmək çox çətin olub…
– Yox, mən görüşmüşəm və fikrimi də bildirmişəm.
 “Təhsil naziri Mikayıl Cabbarova, Səhiyyə naziri Oktay Şirəliyevə dedim ki…”
– Mətbuatda belə bir informasiya da getmişdi ki, spiker Oktay Əsədov onun yarım saat qəbulunda, qapı arxasında gözləməli olub.
– Yox, bunu bilmirəm. Amma mən getmişəm, qəbulunda da olmuşam. Mənim ümumiyyətlə rəhbər şəxslərlə, nazirlərlə görüşməyimdə heç bir problem olmayıb. Müraciət edəndə görüşmüşəm. Görünür, özümə də müəyyən mənada hörmətlə yanaşırlar ki, heç vaxt bürokratik maneə qoymurlar. Bürokratik maneələr var, amma özümə qarşı xüsusi bir bürokratik maneə hiss eləməmişəm. Amma nazirlərlə də az görüşürəm. Müəyyən problemlər olanda – səhiyyə ilə, təhsillə bağlı görüşmüşəm. Məsələn, Təhsil naziri Mikayıl Cabbarovla məhz təhsil problemlərilə bağlı 2 saat yarım söhbətimiz olub. Halbuki 10 dəqiqəlik görüşümüz olmalı idi, amma söhbətimiz 2 saat yarım çəkdi. Səhiyyə naziri Oktay Şirəliyevlə də görüşəndə səhiyyə problemlərilə bağlı fikirlərimi ortaya qoymuşam, demişəm ki, belə olsa, daha yaxşı olar. Neqativlikləri müzakirə etmişik. Yəni bunları etməkdə heç bir problem yoxdur ki… Əsas odur ki, problemlər həll olunur, insanların yüz müraciəti olur, onları müzakirə edirik. Ona görə də özümə qarşı xüsusi bir əngəl hiss etməmişəm.
 
– Hakimiyyətdə indi müəyyən qruplaşmalar var.
– Bəli.
“Heç kimin himayəsində deyiləm”
 
– “İslahatçılar” deyirlər, “Naxçıvan klanı” deyirlər. Siz hansı qruplaşmada yer alırsınız? Siz deyəsən, elə o zaman da islahatçı idiniz. İndi də islahatçısınız?
– Mənim gözəlliyim odur ki, qruplaşmaların heç birinə girmirəm. Tam müstəqil olaraq fəaliyyət göstərirəm – heç kimin himayəsində də deyiləm.
– Amma sizi də müəyyən siyahılarda göstərirlər.
– Bilirsinizmi bu, nəyə oxşadı? Mən bu haqda hər zaman deyirəm. Əbülfəz bəyə ən böyük ittihamlardan biri də o idi ki, o, Heydər Əliyevə işləyir. Vallah, Əbülfəz Elçibəy heç özünə də işləməyib. Yəni xaraktercə, biz kimlərəsə işləyən adam tipi deyilik. Mən xaraktercə liderliyə iddia edən adamam. Hər zaman lider rolunda oynayıram. Heç bir zaman bacarmadığım, oynamadığım oyunda belə, liderliyi öz üzərimə götürə bilirəm. Görürsünüzmü, bu qədər qaragüruh, bu qədər….
 
– Deyəsən, Əli Kərimli ilə bağlı da eyni məsələ olmuşdu.
– Yox, Əli Kərimli ilə o məsələ deyildi.
– Çünki o zaman da liderlik məsələsi gündəmdə idi.
– Yox, onda heç mənim liderlik məsələm…
“Əli Kərimlinin irəli verilməsində, Allah şahiddir ki, hər zaman mən müstəsna rol oynamışam”
– Heç olmasa ikinci şəxs olaraq…
– Qətiyyən… Mənim ümumiyyətlə, haradasa postla yer tutmaq məsələsində problemim yoxdur.  Həbsxanada da yəqin görmüsünüz ki, adam var, heç bir postu yoxdur, sakitcə bir qıraqda oturur, amma hamı da bilir ki, bunun hörməti var. “Ulduz” bədii filmində deyilən bir sitat var: “Əsas sədrlik deyil, əsas Qədirlikdir! ” Ona görə də mənim belə bir qayğım yoxdur ki, əgər bu postu tutaramsa, mənə əlavə bir status gələcək. Əksinə, çox vaxt müəyyən postların məsuliyyətindən imtina edirəm. Amma cəmiyyət qarşısındakı cavabdehliyimdən heç vaxt imtina eləmirəm. Əli Kərimli ilə olan məsələ də sırf Elçibəylə olan məsələ idi. Mən o zaman gördüm. Məsələn, biz bir yol yoldaşıyıq. Sən bəlkə mənə deyə bilərdin ki, mənim sirrim budur, mən danışığa getmişəm, filan işi də görmüşəm. Amma mən səni aldadıram, sonra da Əbülfəz bəyə qarşı bu yolla, başqa üsullarla mübarizə aparıram, o zaman mən hansı cinahda yer almalı idim? Əksinə, Əli Kərimli ilə münasibətlərimin pozulması siyasi baxımdan mənim üçün sərf eləmirdi. Ona görə sərf eləmirdi ki, hakimiyyətin bir qanadında idi, mənə də müəyyən pay düşərdi, məni də siyahısına saldırardı və yaxud da filan-filan olardı. Mən bunların hamısından imtina elədim və kasıb Elçibəyin yanında yer aldım. (gülür…) Zənginin yanında yer almadım. Söhbət ondan gedir ki, bu məsələ sırf mənəvi məsələ idi. Siyasi məsələ də deyildi. Çünki Əli Kərimlinin irəli verilməsində, Allah şahiddir ki, universitet illərindən tutmuş son günlərə qədər mən müstəsna rol oynamışam. O, Xalq Cəbhəsinin universitet şurasının sədri olub, mən hüquq fakultəsinin. Komsomolda katib olmasından dövlət katibi olmasına qədər mənim xüsusi dəstəyim olub. Yəni əgər mən o dəstəyi verməsəydim, yəqin ki, başqa adam olardı. Demək istədiyim odur ki, mənim o məsələlərdə qətiyyən nə qısqanclıq, nə paxıllıq duyğum olmayıb. Sadəcə, sırf mənəvi məsələdir. Amma indiki vəziyyətdə tamamilə başqa bir şeydir. Mən kiminsə qruplaşmasında kiminsə direktivi ilə hərəkət eləməyi şəxsiyyətimə uyğun saymıram. Kimsə özünü məndən ağıllı sayıb, mənə göstəriş verməyəcək ki… Amma mən qırmızı, yaşıl, sarı işıqları tanıyıram.
“Bunu artıq bilirəm – qırmızı işıqda keçmək olmaz!”
 
– Yəni yaxşı sürücüsünüz? Yaxşı maşın sürürsünüz.
– Artıq qırmızı işıqda keçmək olmaz. Bunu bilirəm. Yoxsa, bu da o demək deyil ki, svetofor mənə işləyir: mən istəyəndə qırmızını yandırır, istəməyəndə yaşılı. Belə şey yoxdur.
– Siyasi məhbuslara niyə dəstək vermirsiniz?
– Siyasi məhbuslara ən son dəstəyim “Azadlıq” radiosunda da çıxdı. “Siyasi məhbus” adını bütövlükdə həqiqətən qəbul eləmirəm. Kimdir siyasi məhbus? Xaraktercə siyasi fəaliyyətə görə tutulan kimdir? Ən çox müdafiə elədiyim və həbsində siyasi motivlərin olduğuna haqq qazandırdığım Tofiq Yaqubludur. Onu da ailəsi də bilir ki, 10 dəfə parlamentdə bütün müraciətləri mən eləyirəm. Neçə dəfə demişəm ki, Qarabağ qazisidir, onun həbsindən utanmaq lazımdır. Son dəfə Xədicə İsmayılı, Nemət Pənahlını, Avropa Şurasının  siyahısında adı gedən bütün məhbusların həbsdən azad olunması məsələsini gündəmə gətirmişəm. Dəfələrlə demişəm, indi də deyirəm: İlqar Məmmədovu da, Nemət Pənahlını da həbsdə saxlamağın nə mənası var? Dövlət üçün də, heç bir mənası yoxdur.
 
“Əli İnsanovu siyasi məhbus hesab eləmirəm”
– Əli İnsanovun da…
– Əli İnsanovu siyasi məhbus hesab eləmirəm. Amma Əli İnsanovun da uzun müddət həbsdə saxlanılmasının nə mənası var? Bilirsinizmi, qisasçılıq motivi görünən hər bir şeyə son vermək lazımdır. Dövlət hüquqla işləməlidir. Hüquqda ki qisasçılıq motivləri göründü, o, dövlətə böyük zərbə vurur. Sabah da eyni şeyi başqaları təkrarlayacaq, o da yaxşı alınmayacaq.
 
– Son 3 sual. Cavid Məmmədzadə soruşur ki, Fazil bəy İlham Əliyevə müxalifətdirsə,  niyə onu diktator adlandırmaqdan qorxur?
– Qorxur ifadəsini bir az anlamadım. İlham Əliyevə qarşı olmaq… Diktator necə olur?
 
“Başından böyük tullanmağın nəticələrini görürəm”
– Diktator olsa, məncə, biz də belə danışmarıq. Tarixdə, klassik mənada elədir.
– Cavid Məmmədova mən şərait yaradım, gəlsin, televiziyada çıxış eləsin, ürəyindən keçənləri sərt şəkildə qışqırsın, desin. Bilirsinizmi, mənə öz üslübunuzu diqtə eləməyin yeri yoxdur. Mən real siyasətlə məşğul olan adamam. Mən ölkədə nöqsanları da görürəm, müxalifətin də hüdudlarını görürəm. Başından böyük tullanmağın da nəticələrini görürəm ki, mümkün olan həddə qədər siyasət yürüdülməlidir. İlham Əliyevin bu gün müəyyən fəaliyyəti də var ki, məsələn, xarici siyasəti kifayət qədər yüksək səviyyədə seçim üzərində qurub. Yəni başqa bu siyasəti necə eləmək olar? Mən özlüyümdə düşünürəm ki, lap müxalifətəm. Rusiya ilə başqa necə davranmaq olar? Ancaq zərərsizləşdirmək yolu ilə…
 
– Fazil bəy, heç prezidentin özü ilə görüşmüsünüzmü?
– Yox, görüşməmişəm.
 
– Hələ görüşməmisiniz?
– Hələ görüşməmişəm.
 
– Hətta prezident seçkilərində də görüşmədiniz?
– Yox. Prezident seçkilərində də görüşmədik.
– Fazil bəy, uzun illərdir, nəyisə dəyişmək istəyirsiniz. Hətta ölkə prezidenti dəyişmək istəyənlərlə belə görüşmür. Siz bu ölkənin kifayət qədər savadlı, tanınmış, intellektual beyin potensialı olan adamsınız. Prezident nə əcəb, heç olmasa seçkilərdə alternativi olmuş adamları belə bir araya yığıb müzakirə eləmir?
– Biz dəfələrlə bu məsələni gündəmə gətiririk ki, bu ənənə dəyişməlidir. Həqiqətən də mətbuatla prezident görüşür, nə olur? Nə problem var? Siyasətçilərlə, partiya sədrləri ilə də, xüsusilə kritik dönəmlərdə görüşmək yaxşı bir ənənədir. Bu, artıq bizim seçimimiz deyil.
 
 
“Prezident yaxşı bir ənənənin əsasını qoya bilər”
 
 
 
– Prezident özü qərar verir?
– Prezidentin özünün seçimidir. Qəbul eləsə, yaxşı bir haldır və yaxşı bir ənənənin əsasınə qoya bilər. Bu bir az da gərginliyi aradan götürər. Hətta mən bu böhranla bağlı müraciət elədim ki, dialoq yaradaq. Təkcə parlament partiyaları yox, bütün kənarda olan – AXC, Müsavat partiyalarını da çağırıb, birlikdə müzakirə eləmək lazımdır ki, kimin fikri nədir, təklifləri dəyərləndirək. Görürsən ki, buna da maraq çox yoxdur.
 
– Dərhal da gərginliklər götürülər. Çox adam sakit nəfəs ala bilər.
– Çox vaxt da inzibati yolla məsələlər çözülməz. Çox təəssüf ki, hələ də buna gələ bilməmişik.
 
– Asif Kazımsoy soruşur: “Özünü müxalifətçi sayan Fazil Mustafa ən son perezidenti nə vaxt tənqid edib, yoxsa onun fikrincə, prezidenti tənqid etmək olmaz və yaxud da İlham Əliyev onun üçün ideal prezidentdirmi?”
– Vallah, Asif Kazımsoya baxanda İlham Əliyev həqiqətən də daha ağıllı və cəmiyyətin gələcəyini görən insandır. Nəyə görə? Ona görə ki, İlham Əliyev Sovet məktəbindən çıxmış adamdır. O gördü ki, müasir dünyanın standartları nədir. Azərbaycan şərtlərində nəyi eləmək olar, nəyi eləmək olmaz. Çünki dünyanın Azərbaycana müdaxilə imkanları – nə qədər desək ki, biz sizinlə hesablaşmırıq -kifayət qədər güclüdür. Bu müdaxilə imkanları içində bu dövlətin bu formada da olsa, ən azı Qarabağ aktuallığını saxlayır, verilməyib.  Ərazi bütövlüyü qorunur…
“Ola bilsin, məmur özbaşınalığı var, amma kütlə xaosu yoxdur”
– Yəni de-fakto var.
– Bəli, de-fakto bunu qoruyub, saxlamaq vacibdir. Ola bilsin, məmur özbaşınalığı var, amma kütlə xaosu yoxdur. Bu, çox önəmli bir şeydir. Kütlə xaosu daha dəhşətli bir şeydir və o “yandıraq, dağıdaq, qıraq” prinsipilə yaşayır. Polis kimdənsə 5 manat alırsa, bunu yoluna qoymaq olar, kütlə xaosunu dəyişmək olmur. Ona görə bu insanlar hələ də narazıdır. Xəstəlik nədədir? Mütləq səni xəstəxananın palatasında görməlidirlər ki, xəstə olduğuna inansınlar. Adamı bu cinaha qoyandan sonra, onun haqqında rəy bildirirlər. Özləri üçün cızdıqları 5-6 cinah var. Səni bu cinahlarda yerləşdirəndən sonra, qiymət verməyə başlayırlar. Adamın fikri nədir, düşüncəsi nədir, baxışları nədir, maraqlı deyil. Adam o cinahda olduğu üçün onun fikrini, düşüncəsini dinləmək maraqları yoxdur. Sən nə deyirsən, nə demirsən, mənası yoxdur. Ona görə də, bu bədbəxt heç olmasa, sosial şəbəkələrə girib, mənim statuslarımı, yazılarımı oxusun. Baxsın ki, mən hansı problemləri ortaya qoyuram. O problemlərə toxunsun ki, sən bunu yazmısan.
 
– Hər halda prezidentin tənqid edilməsini istəyirlər.
– Yox… Tənqid edirəm. Mən daxili siyasətdə nöqsanları tənqid edirəm, xarici siyasətdə də deyirəm ki, doğru addım atıb. Yəni tənqid necə olmalıdır? İndi bunların istədikləri odur ki, tənqidi də nəsə təhqiramiz formada deyəsən. O da bizim üsluba uyğun deyil. Ümumiyyətlə, bu üslubu doğru hesab eləmirəm. Hətta hakimiyyət tərəfindən də hər hansı bir təhqiramiz ifadələr işlədəndə, ona da iradımı bildirirəm ki, bu ifadələri işlətməyin. Hətta Əli Kərimlinin evinin qarşısında mitinq keçirilərkən, parlamentdə mən etiraz elədim ki, ayıbdır, belə şeyləri yığışdırın. Ailələri siyasətin içinə qatmayın. Siyasi mübarizəni başqa formada aparın. Demək istədiyim odur ki, bu adamlar ancaq nəzərdə tutduqları cinahda adamı yerləşdirəndən sonra müəyyən bir fikir bildirməyə başlayırlar. Ona görə, mən bu cəmiyyəti tanıdığım üçün, bu insan obrazlarını tanıdığım üçün… Molla Nəsrəddinin bir fil məsələsi var. Molla Nəsrəddinə hamı şikayət edir ki, padşahın fili hər yanı dağıdır, gedək, şikayət edək özünə. Gedirlər, qapıya çatanda Molla Nəsrəddin arxaya dönüb, baxır ki, heç kim yoxdur… O da acığa düşüb, padşaha deyir: “Gəlmişdik deyək ki, fil təkdir, darıxır, birini də göndərin…” Mən indi bütün bunları yazan adamların arxamda olmayacaqlarını tam əminliyimlə bildiyimə görə, siyasət aparıram.
 
 
 
– Rəna Hacıyeva soruşur ki, axırımız necə olacaq? Əfqan Əsədov da deyir ki, “Fazil bəyə qısa bir sual – biz hara gedirik? ”
– Bir gün Molla Nəsrəddin başqasının bostanına girir, orada yemişləri bir-bir qoparıb, bir yerə yığır. Kisələrə doldurur. Bu vaxt bostançı gəlib, onu yaxalayır. Soruşur ki, “Molla, burada nə eləyirsən?” Deyir, “mən bayırda yatmışdım, külək də möhkəm əsib, məni bura gətirib”. Soruşur ki, “bəs onda yemişləri kim dərib?” Deyir, “külək məni aparmasın deyə, yemişlərdən yapışdım, bir-bir qopdular”, Soruşur ki, “onda bu yemişləri kisələrə kim yığıb?” Deyir, “Vallah, elə mən də onu fikirləşirdim ki, sən gəlib çıxdın.” (Gülür…) Hara gedəcəyimizi əslində indi müəyyən eləmək bizim təxminlərimizlə uzlaşmır. Çünki hara gedəcəyimizi ABŞ ilə Rusiyanın ortaya hansı yeməyi qoymasından asılı olacaq. Çünki biz artıq bu müəyyənləşmənin iştirakçısı deyilik. Əgər nefti qaldırdılarsa, biz də yaxşıya doğru gedəcəyik. Qiymət azaldısa, biz də çökəcəyik. Ya da müharibə qızışdırıldısa, başqa bir problemimiz ortaya çıxacaq. Ona görə də bizim müəyyənləşdirdiyimiz indiki şərtlərdə  bir şey yoxdur. Ümid edək ki, Azərbaycanda daha əqli-səlim düşüncə qalib gələcəkdir. Ölkənin demokratikləşməsi, nisbətən əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması istiqamətində müsbət bir tendensiya başlayacaqdır. Bizim də çalışmamız əslində buna yönəlib.
– İnşallah. Təşəkkür edirəm, Fazil bəy.(strateq.az)

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …

Bir cavab yazın