Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Moro müsəlmanlarına müstəqillik verildi: muxtar dövlət yaradılır

Moro müsəlmanlarına müstəqillik verildi: muxtar dövlət yaradılır

Filippin prezidenti Rodriqo Duterte Moro müsəlmanlarına hərtərəfli muxtariyyət verilməsi ilə bağlı qanun layihəsini imzalayıb.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, qanunun ən tezi 90-150 gün ərzində moroların yaşadığı bölgədə xalq referendumuna təqdim edilməsi lazımdır.
Bölgə müsəlmanlarının hüquqi və iqtisadi haqlarının müdafiə edildiyi qanun layihəsində Mindanao əyaləti ətrafındakı adalara mövcud muxtariyyətdən daha geniş muxtariyyət verilməsi nəzərdə tutulub.
Yenin qanunvericiliyə əsasən bölgədə Banqsamoro Muxtar Respublikası yaradılacaq.
Bölgədə həmçinin dini azadlıqlar məsələsində müstəqil olan Şəriət məhkəmələri də açılacaq.
Bonqsamoda daxili hövzələr mərkəzi hökumətlə ortaq şəkildə idarə olunacaq. Muxtar Respublika enerji ehtiyatlarının idarə edilməsi səlahiyyətlərinə də sahib olacaq.
Bundan əlavə keçmiş Moro Milli Qurtuluş Cəbhəsi və Moro İslam Qurduluş Cəbhəsində vuruşan döyüşçülər polis orqanlarına qatıla biləcəklər.
Qeyd edək ki, Filippin hökuməti ilə Moro İslam Qurduluş Cəbhəsi arasında 1990-cı illərin sonunda başlayan və təxminən 15 il davam edən sülh danışıqlarının ardından 15 oktyabr 2012-ci ildə “Çərçivə sazişi” imzalanmış, bölgədə davamlı sülhün bərqərar olması üçün görüşlər keçirilmişdi. Daha sonra 28 mart 2014-cü il tarixdə paytaxt Manilada Malakananq sarayının bağçasında mindən çox insanın iştirakı ilə “Banqsamoro Sülh Sazişi” imzalanmışdı.
“Banqsamoro Aktı”na əsasən 2016-cı ildə Mindanao və Sulu Adalarında müəyyən bölgələrdə muxtariyyət rejiminə keçilməsinə qərar verilmişdi. Banqsamorodakı bölgə hökumətinə daha çox muxtariyyət verilən sazişə görə Bangsamoro Muxtar Vilayətinin öz büdcəsi hesabına polis gücünə sahib olması və bölgədə seçkilər keçirilməsinə dair qərar qəbul edilmişdi. lakin aradan keçən zaman müddətində Moro müsəlmanlarının uzun müddətdir gözlədikləri tam muxtar idarəçilik bərqərar olunmadığından bölgədə qarşıdurmalar başlamış və “Bangsamoro Aktı” qeyri müəyyən vaxta təxirə salınmışdı.
Moro İslam Qurduluş Cəbhəsi sazişdən sonra silahları buraxmağa başlasa da Filippin Senatının 2016-cı il seçkiləri ilə əlaqədar tətilə getməzdən öncə davamlı sülhü qoruyacaq “Bangsamoro Aktı”nı qəbul etməməsi sülh danışıqlarını ləngitmişdi.
Filippin prezidentliyinə Dutertenin seçilməsindən sonra 2016-cı ildə tərəflər müzakirə masasına əyləşmiş və sülh danışıqları prosesi sürətlənmişdi.
Qeyd edək ki, Filippinin Mindanao, Palavan, Sulu və digər cənub adalarında yaşayan müsəlman toplum Morolar adını daşıyır.
Filippin əhalisinin təxminən 11 faizini təşkil edən, yaşam tərzləri ilə əlaqədar olaraq təzyiqlərə məruz qalan morolar islam dininin XIV əsrdə qəbul ediblər.
Banqsamoro və ya Banqsa moro olaraq da adlandırılan morolar Filippində katolik olmayan ən böyük ikinci qrupu təmsil edir və içərisində 13 fərqli dildə danışan millətləri birləşdirir.
İrqi və mədəni baxımdan filippinlərin böyük bir kəsimi ilə eyni ənənələri daşıyan morolar yüz illər boyu ispanlara və amerikalılara qarşı mübarizə aparıblar. XX əsrə qədər öz müstəqil dövlətləri olan morolar 1946-cı ildə ABŞ müstəmləkəçi rejimi tərəfindən xristian Filippin idarəçiliyinə verildikdən sonra müstəqilliklərini itiriblər.
Morrolar həmin tarixdən başlayaraq öz müstəqilliklərinə qovuşmaq üçün danışıqlara başlayıblar. Siyasi müzakirələrin nəticəsiz qalması və müsəlman topluma qarşı hücumlar nəticəsində etnik təmizliyə məruz qalması səbəbindən morolar 1970-ci ildə silahlı mübarizəyə başlama qərarı alıblar.
Qeyd edək ki, Filippin dövləti ilə morolar arasında 40 ildən artıqdır davam edən qarşıdurmalarda 120 mindən çox insan həlak olub, 2 milyon insan qaçqın vəziyyətinə düşüb.
Hazırda 10 milyondan çox moro var və onların ən sıx yaşadığı bölgələr Maguindanao, Lanao del Sur, Sulu, Tavi Tavi və Basilandır.
Moro etimologiya baxımından “Moor” (Mərakeşli) sözündən götürülüb. “Moor” şimal şərqi Afrikada keçmiş Romanın Mavritaniya əyalətində yaşayanlara latınca deyilən “Mauru” sözündən gəlir. Bu gün həmin ərazidə Əlcəzair, Mavritaniya və Mərakeş yerləşir.
İslam dinini Filippinə ərəb tacirləri gətirib. Daha sonra bir hissəsi burada evlənib yaşadıqdan sonra ölkənin cənubunda islam dini daha geniş vüsət alıb.
Tarixçilər 1280-ci ildə Sulu adalarına ayaq basan Tuan Maşhaikanın burada ailə qurduqdan sonra ilk müsəlman quruluşunun əsasını qoyduğunu qəbul edir. Maşaikanın ardınca 14-cü əsrin ortalarında bölgəyə gələn Kərim-ül Mahdumun islamın yayılmasında önəmli rolu olub.

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …