Ana səhifə / Dünya / Mirkazım Seyidov: “Rusiya sülhməramlı missiya yerinə yetirirsə, azərbaycanlılara münasibətdə belə qərəzə yol verməməlidir”

Mirkazım Seyidov: “Rusiya sülhməramlı missiya yerinə yetirirsə, azərbaycanlılara münasibətdə belə qərəzə yol verməməlidir”

Rusiyanın Novosibirsk şəhəri ətrafındakı Maşkovo qəsəbəsində mayın 28-də baş vermiş qanlı yol əhvalatı sürətlə milli zəminə keçərək federal miqyasda müzakirə predmetinə çevrilib, eləcə də bu hadisəyə Rusiyada göstərilən qərəzli münasibət Azərbaycan ictimaiyyətini hiddətləndirib. Həmin gün yol patrul polisinin müfəttişi Aleksandr Qusev qaydaları pozan “Toyota” avtomobilini saxlayıb və bu zaman yaşanan çəkişmə vaxtı öz tabel silahı ilə avtomobildəkilərdən birini – 19 yaşlı Vəkil Abdullayevi vurub.

Müfəttiş əvvəlcə həbs olunsa da, daha sonra işə İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin qarışıb və Qusev azadlığa buraxılıb. Əvəzində Vəkil Abdullayevlə birlikdə olan digər iki azərbaycanlı həbs olunub.

Bu hadisə ilə bağlı bizim Rusiyadakı diaspor fəallarımız nə düşünür? Uzun müddət məhz Novosibirsk şəhərində Azərbaycan diasporuna rəhbərlik etmiş Mirkazım Seyidov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, bu hadisə bütün dünyada olan azərbaycanlıları hiddətləndirib: “Novosibirskdə belə hadisələr tez-tez olur. Analoji hallar baş verəndə oradakı diaspor təşkilatlarımız hər zaman səslərini qaldırıblar. Bu dəfə də eyni cür oldu. Keçən həftə Novosibirskdə olan 5 diaspor təşkilatının hamısı bir araya gəlib, həmyerlimizə qarşı olan haqsızlığa etiraz etdi. Hətta həmin şəhərdə mitinq də keçirilib. Hakimiyyət həmin aksiyaya icazə verməyib. Buna baxmayaraq, diasporumuz səylərini davam etdirir. Mən yaradıcısı olduğum diaspor təşkilatına hazırda rəhbərlik edən Fərman Rəsul oğlu Tağıyevlə əlaqə saxladım. Belə qərara gəldik ki, həmin Konqresin adından da dövlət rəhbərinə müraciət edilsin. Bu hadisə Azərbaycan-Rusiya münasibətlərinə kölgə salır. Cinayətkar polisə göstərilən bu “mərhəmət” mənim yadıma bir neçə il əvvəl  Rusiyada yaşayan Orxan Zeynalova qarşı edilən hərəkəti saldı. Həmin vaxt da daxili işlər nazirinin otağında həmyerlimizə qarşı alçaldıcı rəftar olunmuşdu. Azərbaycanın Rusiyadakı səfiri kəskin reaksiya verməlidir. Dərhal həmyerlilərimizin azad olunması tələb edilməli, cinayəti törədən polisin həbsinə nail olunmalıdır. Diaspor Komitəmiz də səyləri artırmalıdır. Həmin qurumlar Novosibirskin rəhbərliyi ilə əlaqələr saxlamalıdır. Diaspor təşkilatlarımız təzyiqləri artırmalıdır. Mən Putinə rus dilində videomüraciət edəcəm. Rusiya sülhməramlı missiya yerinə yetirirsə, azərbaycanlılara münasibətdə belə qərəzə yol verməməlidir. Rusiya haqqın- ədalətin tərəfində durmasa, bu, iki ölkə arasındakı münasibətlərdə dərin çatın yaranmasına səbəb olacaq. Rusiyanın digər şəhərlərində olan diaspor təşkilatlarımız da öz haqq səsini ucaltmalıdır”.

Məhəmmədəli QƏRİBLİ

Həmçinin oxuyun

İranın yeni prezidenti seçildi

İbrahim Rəisi İranda keçirilən prezident seçkilərində qalib gəlib. İlkin nəticələrə əsasən, məhkəmə hakimiyyətinin rəhbəri İbrahim …