Bazar ertəsi , Yanvar 25 2021
Ana səhifə / Dünya / “Millət vəkili xalqın başında yox, yanında olmalıdır”

“Millət vəkili xalqın başında yox, yanında olmalıdır”

Aysel Əlizadə: “Seçilsəm, seçicilərin səsinə çevriləcək deputat olacağam”

Noyabrın 1-də Azərbaycanda keçiriləcək parlament seçkilərində bütün dairələri əhatə etmək üçün ictimai xadimlərin təşəbbüsü ilə “125-lər” Siyasi Klubu təsis edilib. Artıq bir çox dairələr üzrə namizədlərini bəyan edən klub, daha bir dairə üzrə öz namizədinin kimliyini açıqlayıb. 
 
Klubun təsisçilərindən biri olan, yazar Aysel Əlizadə parlament seçkilərində 8 saylı Binəqədi 1-ci seçki dairəsindən namizəd olacaq. Həmin dairənin hazırda deputatı Milli Məclisin sədri Oqtay Əsədovdur. Çox güman ki, bu ilki seçkidə də Oqtay Əsədovun namizədliyini hakim Yeni Azərbaycan Partiyası 8 saylı dairədən irəli sürəcək. Aysel Əlizadə ilə söhbətimizdə ona ünvanladığımız ilk sual da bununla bağlı oldu.
– Aysel xanım, niyə ən çətin dairələrin birindən namizədliyinizi vermək qərarına gəlmisiz? Ölkə konstitusiyasına görə dövlətin üçüncü şəxsinin deputat olduğu dairədən namizəd olmaq istəyi nə ilə bağlıdır?
– 8 saylı seçki dairəsi çoxdandır yaşadığım ərazidir. Burada məni yaxşı tanıyırlar. Üstəlik, mən də həmin ərazini  yaxşı tanıyıram, spesifikliyinə bələdəm.  Deputatın seçicilərinə əlçatan olması gərəkdi. Ərazində kimin millət vəkili olduğunu hiss etməlisən.  Şəxsən mən son beş ildə bunu hiss etməmişəm, eləcə də digər sakinlər. Bu yaxınlarda yazımda bir az bu mövzuya sataşdım ki, Oqtay müəllim seçki öncəsi təbliğatında binamızın qarşısında ağac əkdirdi. Sonra düz beş il biz problemimiz olanda niyyət edib həmin ağaca parça bağladıq.
– Oqtay müəllim sıradan bir deputat deyil, onun spiker kimi imkanları seçicilərin problemlərinin həllində daha genişdir. Seçiciləri onun qəbulunada düşə bilmirlər?
– Bəlkə kimsə düşə bilib, bundan xəbərim yoxdu. Bildiyim odu ki, seçiciləri üçün əlçatmazdı. Biz onu yalnız video buraxılışlarda görürük.

 “Problemi, dərdi olan adamlar müraciət edir, deyirsən, ilahi, mənə elə bir imkan ver, bu adamlara kömək edə bilim”

– Seçki yarışını necə təsəvvür edirsiniz? Milli Məclisin spikerinin seçkidə rəqibi olaraq yaxın iki-üç ayda seçki mübarizəsinin necə keçəcəyini düşünürsünüz? İnsanların səsini nə ilə qazanacaqsınız, hansı resurslarınız var?
– Sözsüz ki, Oqtay müəllimin çox böyük maddi və inzibati resursları var. Yalnız zaman göstərir ki, bu, xalqla anlaşmaq üçün yetərli deyil. Bəzən bu amillərə gərək də olmur. İnsanların səsləri yetəcəyi adamlara ehtiyacları var. Hamımız bu ölkə üçün nələrsə etmək istəyirik. Tanıyanlar bilir ki, imtiyaz dalınca qaçan deyiləm. Öz ruhumla rahatam. Yazıçı-jurnalist olmaq mənə yetir. Ancaq adamlara bacardığımdan artıq kömək etmək istəyəndə çətinlik yaşayıram. Buna görə də seçilsəm, onların səsinə çevriləcək millət vəkili olacağam. Tanıdıqları və yəqin ki, inandıqları üçün problemi olanda mənə üz tutan insanlar var. Detallara varmaq istəmirəm. Elə bir zamanda yaşayırıq ki, artıq məsul adamların vətəndaşların, xalqın başında yox, yanında olması gərəkdi.  Onların yanında olacağam.
– Azərbaycan seçicisi praqmatikdir. O baxımdan ki, seçki günlərində kim gəlib onun həyətini təmir etsə, maddi baxımdan dəstək versə, mərasim evi tiksə, gedib ona səs vermə ehtimalı yüksəkdir. Sizi belə şeylər qorxudurmu, bu gün yanınızda olan adamlar sabah şirnikləndirici məsələlərə uyub başqasına səs verə bilərmi?
– Ola bilər. Bu, bəlkə də bizim milli qüsurumuzdur. Biz millət olaraq materialistik. “Soğan olsun, nağd olsun” düşünmüşük həmişə. Ancaq bu təkcə xalqın üzərinə qoyulacaq məsuliyyət və yalnız xalqa yükləyəcəyimiz səbəb deyil. Bəzən görürsən hətta prezidentliyə namizəd belə yol çəkməkdən danışır. Sanki tək dərdimiz sosial infrastrukturdu. Bizim daha böyük “yolsuzluq” problemimiz var. Ancaq bunacan “qırdan pul qırtan” məmur problemimiz həllini tapsın gərək. Xalq görür və bilir ki, ona daha böyük işlərdə dəstək olan çox az adam var. Seçkidən sonra  deputatının, namizədinin üzünü görməyəcəyini bilir. Ən xırda sorunlarını yoluna qoymaq üçün fürsət yarananda bundan istifadə edir. Bilsə ki, kanalizasiya xətti onsuz da təmizlənəcək, lyukun qapağı seçkisiz də qoyulacaq, namizəddən böyük şeylər gözləyər. Böyük və əsas məsələ  isə insanların  parlamentdəki səsidi. Xalq ona görə kiməsə səs verir ki, o da xalqa səs versin.
– Namizədliyiniz açıqlanandan sonra aldığınız reaksiya necə oldu? 
– Başa düşdüm ki, ömrü boyu dürüst olmaq bir gün həlledici məqamda insana haqqında deyilən “ədalətlidir” sözünü qazandırır. Mənim üçün əslində ən böyük zövq bir yazı masasıdır, yerə səpələnmiş kağızlardır, divara yapışdırdığım misralar, notlardır. Cəmiyyətimizdə isə o qədər problem var ki, yalnız yazmaq bəs etmir. Daha nələrsə etmək gərəkdi.  Mediada olduğum üçün problemi, dərdi olan adamlar müraciət edirlər, deyirsən, ilahi, mənə elə bir imkan ver, bu adamlara kömək edə bilim. Yalnız buna görə millət vəkili olmaq istəyirəm. Bilirəm ki, əsl millət vəkilliyi heç də zövq, komfort və yalnız imtiyaz deyil,  əziyyətdir.
– Millət vəkili seçiləcəyiniz təqdirdə siz də digər deputatlar kimi olacaqsız, yoxsa… 
– Elə adamlar var, deputat olduqdan sonra dəyişiblər… Millət vəkili seçilsəm, onlar kimi olmaqdan qorxuram açığı.

 “Jurnalist, yazıçı cəmiyyətin redaktorudu. Mənə cəmiyyətimin redaktoru olmaq zövq verir”

– Özünüzə inamınız yoxdur? 
– Var, bütün hallarda ən pisini də düşünməli olursan. Jurnalist, yazıçı cəmiyyətin redaktorudu. Umberto Eko müsahibəsində jurnalistikanı, qəzetçiliyi cəmiyyətin tənqidçisi adlandırıb, baxmayaraq ki, bizi uzun illər jurnalistin qərəzsiz olmasının vacibliyinə inandırıblar. Bir detalı isə nəzərdən qaçırmışıq. Qərəzsizlik mövqesizlik deyil. Mənə cəmiyyətimin – istər hakimiyyətin, istər müxalifətin, istərsə bütünlükdə toplumun redaktoru olmaq zövq verir. Son ucda tənqid hamının və bütünlükdə ölkənin xeyrinədi. Buna qəzəblənmək, bundan incimək, öc almaq yersizdi. Təsəvvür edin, kimsə yaxşılığınız üçün sizə qüsurlarınızı deyir, siz də adama düşmən kəsilirsiz. Heç vaxt da əsassız, ağılsız, düşməncə tənqid etmirəm. Bu işi sevirəm. Bundan uzaqlaşmaq istəmirəm. Dünyanın ən gözəl sənəti yazıçılıqdı, jurnalistikadı. Mənə görə yazıçı həm də yaxşı reportyordu. Bu iki sahənin ağırlığını çəkiyə qoya bilmirəm. Aralarında bərabərlik işarəsi var mənim üçün.
– Açıqlamanızda demisiz ki, namizədliyinizi irəli sürmək sizin üçün bir az da fədakarlıqdı. Nəyi nəzərdə tutursuz? 
– Əlavə öhdəlik insanın azadlığını qısıtlayır. Maddi, sosial imkanları genişləndirən, hardasa rəhbərlik etmək, xüsusi status qazanmaq üçün hər cür təklif  almışam, istəməmişəm. Çünki azadlıqdan vaz keçmək mənim üçün faciədi. Öz azadlığımla toxluq hiss edirəm. Toxluq öncə insanın qanında olsun gərək ki, mənəvi rahatlıq hiss etsin. Damara pul, vəzifə dürtmək mümkün deyil. Mənə qələmim və minimum ehtiyaclarımın ödənməsi yetib həmişə. Bir dəfə Qabil Abbasoğlu kitab təqdimatımda dedi ki, səni həm də ona görə dəyərləndirirəm ki, yazıçılığı, yaradıcılığı heç nəyə qurban vermirsən. Bu baxımdan düşünürəm ki, yaradıcı insan üçün əlavə məsuliyyətin altına girmək bir az da qurban verməkdi. İqbal Ağazadə müsahibəsində maraqlı bir fikir söyləmişdi: “Bəzən başqalarının azadlığı üçün öz azadlığından hardasa keçməli olursan”.
– 8 saylı dairədə müxalifətdən daha şanslı namizəd olacağı halda, onun xeyrinə namizədlikdən imtina edəcəksiniz?
– Onlar mənim xeyrimə namizədlikdən imtina etsinlər.

 

Həmçinin oxuyun

“İcazəsiz aksiya ilə bağlı bir neçə maddə üzrə cinayət işləri başlanılıb” – İstintaq Komitəsi

Moskvada təşkil olunmuş razılaşdırılmamış aksiya ilə bağlı İstintaq Komitəsi tərəfindən cinayət işləri başlanılıb. Bu barədə …

Bir cavab yazın