Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Dünya / Maksim Musayev: “Sən xalqın manatını yemisən e…”

Maksim Musayev: “Sən xalqın manatını yemisən e…”

Maksim Musayevdən Eldar İbrahimova sərt reaksiya

Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, deputat Eldar İbrahimovun “Yeni Müsavat”a son müsahibəsi birmənalı qarşılanmayıb.  Alternativ fikir müəlliflərindən biri də sabiq deputat, YAP üzvü Maksim Musayevdir. Bizə müsahibəsində komitə sədri olan partiyadaşının fikirlərini heç cür qəbul etmədiyini bildirdi:

– Eldar İbrahimovun sizə cavablarından belə çıxır ki, biz kar-korlar icmasında, ya da savadsızlar ölkəsində yaşayırıq. Bu qədər susmaq bəsdir! Deyir “inşallah, neftin qiyməti qalxar, hər şey düzələr”. Bu dərk eləmir ki, qeyri-neft sektorunun inkişaf etməsində aqrar siyasət birinci yerdə olmalıdır. Aqrar siyasət o qədər dəqiq tənzimlənməlidir ki, neftin qiymətinin aşağı-yuxarı düşməsi vəziyyətə ciddi təsir göstərməsin. Deyir, bu vəziyyət kənd təsərrüfatında özünü o qədər ciddi göstərməyəcək. Necə yəni ciddi təsir göstərməyəcək? İlk növbədə kənd təsərrüfatına, kəndlinin cibinə, aqrar sahəyə təsir edəcək. Bu o qədər ciddi məsələdir ki, hamıya ciddi təsiri var. Mən dərk eləyə bilmirəm, necə olur bu adam  25 ilə yaxındır Milli Məclisdə Azərbaycanın aqrar siyasətinə rəhbərlik edir.

Təsəvvürə gətirin, qiymətləri neftlə müqayisə edir. Ortaya sual çıxır, sən neft siyasəti üzrə komitənin sədrisən, yoxsa aqrar siyasət komitəsinin? Məgər bu qiymət artımında sənin, parlamentin, YAP-ın İdarə Heyətinin günahı yoxdur? Siz sual verirsiniz ki, hasardan danışır. Məgər hasar siyasəti var? Hasarla bağlı suallara cavab verir, amma deyə bilmir ki, bizdə taxılın, kartofun maya dəyəri nə qədərdir. İndi qiymət qalxıb, kartof almağa imkan da yoxdur. Deyə bilmir ki, hansı sortları becəririk.  Sən indiyə kimi hansı kənddə olmusan? Altında da maşın var, şükür Allaha, deputatlar üçün böyük imkanlar yaradıblar, get, kəndlilərlə görüş. Əgər hektardan 55-60 sentner taxıl götürülürsə, demək, bizdə çörəyin qiyməti 5 qəpikdən yuxarı olmamalıydı. Yaxud deyir hər inəkdən 5-7 min litr süd istehsal olunur. Əgər dediyinə əsasən hesablama aparsaq, belə çıxır ki, hər birimizin evində iki yox, üç kran olmalıdır: biri soyuq suyun, biri isti suyun, biri də süd kranı. Ki, açaq, su əvəzinə süd içək.

“Qocaman YAP-çıdan partiya yoldaşına kəskin suallar: “Məgər bu qiymət artımında sənin, parlamentin, YAP-ın İdarə Heyətinin günahı yoxdur; nə qədər boş-boş danışmaq, xalqa nə qədər yalan fikirlər demək olar?”

– Yox, Eldar İbrahimov iki rayonda pilot layihəsinin həyata keçirildiyini deyir…

– Nə pilot? Sizə quzu kəsim, boş-boş danışmaq bəs deyilmi? Nə qədər boş-boş danışmaq, xalqa nə qədər yalan fikirlər demək olar? Bu vəziyyət məni çox narahat etdiyi üçün fikirlərimi söyləyirəm. Bəsdir daha, düz danışmaq lazımdır. Bir də ki, özünün üzərinə düşən günahları yıxır Prezident Administrasiyasının üzərinə. Deyir, orda hazırlıqlar gedir, iş aparılır. Yaxud da deyir hökumətdə, Nazirlər Kabinetində iş gedir. Məmurları tərifləyir ki, bizdə yaxşı kadrlar var. Belə tərifli məmuru olan ölkədə birdən-birə qiymət artarmı? Bu qiymət artımında məgər sənin günahın yoxdur? Siz sual verirsiniz ki, deputatların maaşı artırıla bilərmi? O nə desə yaxşıdır: “Hələ ki heç nə yoxdur”. Bunun ümidi var ki, artmalıdır. Utanmalıdır ki, artım gözləyir. Bizim büdcəmiz 25 faiz azalıb. Deməlidir ki, bir halda büdcədə pul azalıb, bizim də maaşımızı kəsməlidirlər, qoy bizim kəndlilərimizin gəliri artsın, kənd müəllimlərinin, həkimlərin maaşı artsın. Bu, öz cibini düşünür. Bilmirəm siz onun dediklərinə fikir verdiniz, ya yox?

– Biz sadəcə müsahibəni olduğu kimi oxucuya təqdim etdik. Bütün fikirlərə hörmətlə yanaşırıq… 

– Sizin elə ən yekə oxucunuz mən deyiləmmi? Görün onun dedikləri məni nə qədər narahat edib.

– Eldar İbrahimovu yəqin ki, illərdir tanıyırsınız…

– Ay sizə quzu kəsim, mən Eldarı Naxçıvanda hələ sıravi işdə işləyəndən tanıyıram. Özü də o dövrdə bu, çox düz, yaxşı, həddindən artıq normal işləyən bir adam idi. İkimiz də 1-ci çağırış deputat olmuşuq, o, mənim yanımda oturub. Düzdür, o deyir YAP-ın yaradılmasında Maksim Musayevin əməyi olmayıb. Özü və Allahı bilər. Amma onun əməyini mən gözümlə görmüşəm. Masallıdan Əbilov Şirvan var idi, Naxçıvanda YAP yaradılanda mən onunla bir otaqda qalırdım, Eldar İbrahimov gəlib yorğanları üstümüzə örtüb gedirdi. Ancaq özü də deyir ki, mən bilmirəm Maksim YAP-ın üzvüdür, ya yox.

– Tanıyırsınızsa, deməli, onun savadına, aqrar sahənin bilicisi olmasına da şübhəniz olmamalıdır, elə deyilmi?   

– Bilmir! Qətiyyən bilmir. Bilən adam belə danışmaz. O, İqtisad Universitetində kafedra müdiridir. Kafedra müdiri belə şey danışarmı?

– Ola bilərmi ki, vəziyyətin ciddiliyindən, narahatlığın çoxluğundan arqumentlər zəif olub?

– Deyə biməzdimi ki, xahiş edirəm mənə yox, digərlərinə müraciət elə. Görmürsən axırda nə deyir? Siz neft haqqında sual vermisiniz, deyib get, onu neftçilərdən soruş. Sənsən e cavabdeh! Əgər qeyri-neft sektoru zəifləyibsə, cavabını verməlisən. Bir də ki, idxal və ixrac haqqında qanun hazırlamalısan. Deyir, biz bir azdan sonra xarici bazarı ələ alacağıq. Sən heç öz vətəndaşlarını kartofla, tərəvəzlə təmin edə bilmirsən. Ya danışmasın, ağzına su alıb dursun, ya da…

– Haqq üçün deyək ki, əslində danışmaq istəmirdi, bizim israrlı xahişimizi nəzərə alıb müsahibə verdi. 

– Bir də ki, bu, əsl YAP-çıdır da. Ona sual verirəm, neçə ildir sən YAP İdarə Heyətinin üzvüsən. YAP İdarə Heyəti bir dəfə yığılıb müzakirə edibmi ki, Azərbaycanda manatın dəyərinə təhlükə gözlənilir?

– Siz özünüz də YAP üzvüsünüz…

– Bəli, YAP üzvüyəm, qalıram, çıxartmaq istəyirlər, amma çıxara bilməyəcəklər.

– Özünüz də partiya rəhbərliyinə vəziyyətlə bağlı müraciət edə, təkliflər verə bilərdiniz. Niyə etmədiniz? 

– Məni YAP-a çağırmırlar. Tədbirlər, yubileylər keçirilir, deyirlər onu qoymayın bura gəlsin. Çünki mən belə danışıram.

– Mətbuat vasitəsilə müraciət edə bilməzdinizmi? 

– Yox. Mən kimə yalvarım? Əli Əhmədova yalvarım? O vaxt YAP-ı yaradanda bunlar bizim əleyhimizə gedən adamlar idi.

– Yeri gəlmişkən, YAP üzvü Eldar Sabiroğlunun müstəntiq oğlunun müxalifətə keçməsi xəbərini necə qarşıladınız? 

– Mən bu nəsli 50-ci ildən tanıyıram. Rüfətin (Eldar Sabiroğlunun oğlu-E.P.) ana babası Tahir çox sanballı adam idi. O, Zəngibasar (ermənilər indi Masis qoyub-E.P.) rayonunun partiya komitəsinin katibi işləyirdi, çox vətənpərvər adam idi, millətini həddən artıq sevirdi. O qardaşlar elə idi. Onun bir qardaşı da var idi – Məhərrəm Bayramov – “Sovet Ermənistanı” qəzetinin redaktoru oldu. Açığı, mən Rüfəti tanımıram, heç görməmişəm də.

Babasını tanıyıram, bilirəm ki, onun babası ilə mənim atam İrəvan Partiya Məktəbində bir yerdə oxuyurdular. Atam da Basarkeçər (Vardenis-E.P.) rayonunda 1-ci katib idi. Mən də İrəvanda Kirov adına Azərbaycan orta məktəbində oxuyurdum, kənddən gəlib onlarla qalırdım. Orda görürdüm ki, bunlar çox vətənpərvər fikirlər söyləyirlər, Əziz Əliyev, Topçubaşov haqqında maraqlı məsələlər danışırdılar. Eldar Sabiroğlu ilə də bir partiyanın üzvü olmuşuq, onun YAP-da xidmətlərini görmüşəm. Əvvəllər eşitmişdim ki, “Sovet Ermənistanı” qəzetinin müxbiri olub, qaçqınlar gələndə mən onu tanımışam. Eyni zamanda o, Eldar İbrahimov, mən deputat olduq.

Vaxt gələcək bunlar cavab verəcəklər”

– Ancaq bu gün o, narazıdır, oğlu müxalifətə keçib. Bu vəziyyətdə haqlı kimdir, sizcə? 

– Mən bu məsələ barədə heç nə deyə bilmərəm. Çünki məni YAP-a yaxın buraxmırlar, nə qədər də çalışsalar, mən YAP-dan çıxmayacağam. Bu məsələ YAP-ın daxili işidir, oturub orda müzakirə etməli, hə-yoxunu deməli, mənfi-müsbətini təhlil etməlidirlər. Niyə etmirlər, bilmirəm.

– Sizcə, manatın ucuzlaşması, neftin dəyərdən düşməsi ölkəmizə nə vəd edir? 

– Mən yalnız onu deyə bilərəm ki, kənd təsərrüfatının, aqrar sahənin geri qalması açıq-aydın görünür. Bu sahədə inkişaf olmayacaqsa, başqa məsələ barədə danışmağa haqqımız yoxdur.

– Kənd təsərrüfatı naziri var…

– Mən o nazirləri qınamıram.

– Amma Eldar İbrahimovu qınadınız. 

– Eldar qanun hazırlayır.

– Bəlkə münasibətlərinizdə problem yaranıb? 

– Nə problem? Bir yerdə o qədər yeyib-içmişik ki. Bir dəfə də deyib ki, Maksim Musayev YAP-ın üzvü deyil, cavabını vermişəm. Görürəm ki, artıq qocalıb, deyirəm getsin, yerini versin başqasına da. Gəlsin, mən onu “pensionerlər klubu”na qəbul edib, ona elə gözəl xidmət elətdirim ki, çayı, çörəyi də yerbəyer olsun. Bir dəstə qoca yığılıb ora, yerlərini istedadlı uşaqlara verməlidirlər. Müxbirlərin də bir mənfi cəhəti var, kimisə tənqid edəndə deyirsiniz yəqin aralarında nəsə olub. Ancaq mən YAP-ın yaranmasında onun xidmətlərini də sadaladım, ardınca tənqidi sözümü dedim. Demək, düşmən olmayılıq? Yox, qətiyyən.  O qədər baş-ayaq vurub, mən  dinmirəm, danışmıram. Əgər o, intervü verməsəydi, yenə dinməzdim. Görün nə deyir, “heç kəs heç kimin 1 manatını yeyə bilməz”. Sən xalqın manatını yemisən e… Aqrar islahatı pis günə qoyandan sonra. Bunlar hər şeyi yuxarıların üstünə yıxırlar. Belə olmaz! Gəl ədalətli danışaq. Bizim prezident qədər ağır yük daşıyan yoxdur. Baxın, sutkada neçə saat işləyir, neçə ölkəyə gedir-gəlir, nə qədər qonaq qəbul edir, müqavilələrə imza atır. Prezidentimizin, cənab İlham Əiiyevin işlədiyinin 10 faizini də yox, beşcə faizini hər bir məmur işləsə, bizim respublikamız cənnətə çevrilər.

– Bu gün gömrük və vergidə də şəffaflığın tətbiqinin zəruriliyindən daha çox danışılır. Hətta prezident də bu barədə fikrini dedi…   

– Gəlin, açıq danışaq. Mən Vergi və Gömrük Məcəlləsinə səs verənlərdən biriyəm. 4 ay müzakirə getdi, günlərlə, həftələrlə maddə-maddə müzakirə etmişik. Özü də Heydər Əliyev bu məsələlərə həddindən artıq diqqət yetirirdi. Mən 19 qanunun yazılmasında iştirak etmişəm. Bələdiyyələrlə bağlı qanunun hazırlanması ərəfəsində bizi bir neçə ölkəyə göndərdi. Deyirdi bax, bilin, bizim milli bələdiyyəmiz olmalıdır, sizi göndərirəm ki, ordan-burdan yaxşı şeyləri götürəsiniz. Ancaq bu Eldar İbrahimov bələdiyyələr haqqında bir cümlə işlətmir. Qeyri-neft sektoruna töhfə verəsi bir qurum da bələdiyyələr deyilmi? Bələdiyyələrin başını aparıb icra hakimiyyətinə bağlayıblar. İcra hakimiyyətləri bələdiyyələri çağırıb bir saat qapısında saxlayır. Biz belə qanun yazmamışıq, bizə Heydər Əliyev bunu deməmişdi. Sualınıza gəldikdə, gömrüklə vergi deyilmi bu millətə zülm edən? Bunlar ayılmalıdırlar. Vaxt gələcək bunlar cavab verəcəklər. Görürsən nazirlərimiz, nazirliklərdəki məmurlar necə cavab verir? Göydə Allah var, Allah hər şeyi tənzimləyir.

Həmçinin oxuyun

3 uşaq anası 9 saatlıq əməliyyatdan sonra vəfat etdi – Azərbaycanlı həkim ittiham edilir

Türkiyədə qadın əməliyyatdan sonra ölüb. Hadisə Kayseri şəhərində yerləşən özəl xəstəxanalardan birində qeydə alınıb. 3 …

Bir cavab yazın