Macarıstan 20-ci sanksiyalar paketini və Ukraynaya krediti bloklayıb
Avropa İttifaqı (Aİ) ölkələrinin XİN başçıları fevralın 23-də keçirilən görüşdə Rusiyaya qarşı 20-ci sanksiyalar paketi ilə bağlı razılığa gəlməyiblər. Macarıstan və Slovakiya paketin təsdiqinə qarşı çıxıb. Qərarın qəbulu üçün yekdil dəstək tələb olunur.
Aİ xarici siyasət rəhbəri Kaya Kallas baş verənləri "uğursuzluq" adlandıraraq qeyd edib ki, bu, fevralın 24-də Rusiyanın Ukraynaya genişmiqyaslı hücumunun dördüncü ildönümü ərəfəsində Avropa İttifaqına "göndərmək istədiyimiz siqnal deyil". Onun sözlərinə görə, iş davam edir.
İclasda Macarıstan Ukraynaya əvvəlcədən razılaşdırılmış 90 milyard avroluq kreditin verilməsini təsdiqləməkdən də rəsmən imtina edib. Bundan əvvəl Macarıstan, Slovakiya və Çexiya bu kreditin qarantı olmaqdan imtina etmişdi.
Macarıstan xarici işlər naziri Peter Siyarto bildirib ki, Budapeşt yalnız Ukrayna "Drujba" kəməri ilə neft tədarükünü bərpa etdikdə mövqeyinə yenidən baxacaq.