Şənbə , Aprel 20 2024
Ana səhifə / Dünya / Mətbuat Şurası media məkanındakı neqativ hallara qarşı mübarizə aparır – MÜSAHİBƏ

Mətbuat Şurası media məkanındakı neqativ hallara qarşı mübarizə aparır – MÜSAHİBƏ

Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun müsahibəsi

– Əflatun müəllim, V çağırış Milli Məclisə deputat seçilməyinizdən xeyli müddət keçib. Bu müddət ərzində deputat seçildiyiniz 62 saylı Saatlı seçki dairəsinə daxil olan yaşayış məntəqələrinin sakinləri ilə görüşlər keçirmisinizmi? Seçiciləri narahat edən məsələlərin həlli istiqamətində nə kimi işlər görülür?

– Saatlı rayonunda seçicilərlə 5 genişmiqyaslı görüşüm olub. Bundan başqa, 3 bölgə miqyaslı tədbirdə seçicilərlə birbaşa təmas yaratmışıq. Bu görüşlərdə ümumilikdə 715 vətəndaş dinlənilib. Bunlar öz yerində, amma mən daha bir statistikaya da diqqətinizi cəlb etmək istərdim. 2016-cı ilin birinci yarısında mənə deputat kimi 89 məktub daxil olub. Bunlardan 60-ı vətəndaş müraciətidir. 29 məktub ünvanladığımız sorğulara cavab mahiyyəti daşıyıb.

Daxil olan 60 müraciətdən 45-i bilavasitə 62 saylı Saatlı seçki dairəsinə daxil olan yaşayış məntəqələrinin sakinlərindəndir. Digər 15 müraciət dairəyə daxil olmayan bölgələrin sakinlərindəndir.

Hesabat müddətində müxtəlif sosial problemlərin həllinə kömək göstərilməsi ilə bağlı 29 müraciət qeydə alınıb. Müraciətlərdə əsasən ünvanlı sosial yardım mexanizmindən faydalanmaq, mənzil şəraitinin yaxşılaşdırılması, evlə və işlə təmin olunma, müayinə və müalicə istəkləri əks olunub.

Ötən yarım il ərzində daxil olan müraciətlərin 4-nün müəllifi jurnalistika sahəsində çalışan şəxslərdir. Onlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı əsasında media nümayəndələri üçün inşası davam edən yaşayış binasından mənzil sahibinə çevrilmək arzularını ifadə ediblər.

Eyni zamanda tərəfimizdən görülən işlərə də diqqətinizi çəkmək istərdim. Əlbəttə, müraciətlərin böyük qismi aidiyyəti üzrə göndərilib. Onlardan təqribən 30 faizində vətəndaşın istəyi təmin olunub. İcraatda olanlar da, vətəndaşın istəyinin qanuni əsaslarının olmadığı məsələlər də var.

Mənim və köməkçimin mobil telefonu hər zaman açıqdır. Şifahi müraciətlər də olur. Hər gün təqribən 4-5 telefon zəngini cavablandırırıq. Əksər hallarda bu müraciətlər fərdi xarakter daşıyır. Əlbəttə, imkan daxilində hər birinin həllinə çalışırıq. Müəyyən dövlət qurumlarının nümayəndələri ilə operativ şəkildə təmas yaradırıq. Həllinə nail olduğumuz məsələlər az deyil. Əlbəttə, heç də həmişə hər kəsi məmnun etmək mümkün olmur. Reallıq budur. Ancaq, zənnimcə, əsas olan yanaşmadır. Düşünürəm ki, ötən müddətdə seçicilərin problemlərinə həssas yanaşmışam.

– Hazırda regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində böyük işlər görülür. Bu baxımdan Saatlıda vəziyyət necədir?

– Əlbəttə, müxtəlif rəqəmləri açıqlamaq mümkündür. Ancaq düşünürəm ki, Saatlı Rayon İcra Hakimiyyətinin rəsmi internet səhifəsinə daxil olmaqla da müvafiq məlumat əldə edə bilərsiniz. Saatlıda kifayət qədər işlər görülür və görülməkdədir. Yəni rayon ölkənin ümumi inkişaf tempinə adekvat şəkildə inkişafdadır.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə insan amilini qabardıb. Biz nə ediriksə, edəcəyiksə vətəndaşlarımız üçündür, onların rifahı naminədir. Ola bilər, öz potensialımızdan düzgün şəkildə istifadə etmirik. Əlbəttə, istənilən cəmiyyətin öz problemləri var. İnsanları heç də həmişə razı salmaq olmur. Nə də nəzərdə tutulan işlərin hamısını gerçəkləşdirmək mümkündür. Əsas olan ölkə başçısının etimadını doğrultmaqdır. Hər kəs ilk növbədə öz vicdanı qarşısında hesabat verməlidir. Mən bu gün nə etdim? Nəyi edə bilərdim, amma etmədim? Nəyi edə bilmək imkanlarım xaricindədir? Bu kimi suallar məni düşündürür. Hesab edirəm ki, bu tipli suallar hər bir məmuru da eyni qaydada, hələ bir qədər də artıq düşündürməlidir. Az öncə dedim ki, sualınıza cavab olaraq çeşidli statistik rəqəmlərə müraciət etmək mümkündür. Mən yalnız birinə yer verəcəyəm. 2015-ci il ərzində Saatlı Rayon İcra Hakimiyyəti başçısı tərəfindən yaşayış məntəqələrində keçirilmiş  57 səyyar qəbul-görüşlərdə 4500-ə yaxın əhali iştirak edib. Sakinlər 200-dən artıq təklif irəli sürüblər. Onlardan 60-a qədəri yerində həllini tapıb, 150-yə yaxın təklif və sorğuda irəli sürülən məsələlər nəzarət qaydasında aidiyyəti idarə, müəssisə və təşkilatlara göndərilib və yerinə yetirilməsinə nəzarət edilib. Bu rəqəmlərin hər biri insan taleyidir. O insanların ki, müxtəlif Dövlət Proqramlarının reallaşdırılması, abadlıq və quruculuq işlərinin həyata keçirilməsi onlar üçündür və onlarsız nəzərdə tutulan işləri gerçəkləşdirmək də mümkünsüzdür.

– Bəs qarşıdakı illərdə rayonda nə kimi işlərin görülməsi nəzərdə tutulur?

– Saatlı əsasən kənd təsərrüfatı rayonudur. Rayonun bəzi yerləri əkin-biçin üçün yararlı olsa da, müxtəlif hissələrində su çatışmazlığı özünü qabarıq şəkildə göstərir. Əlbəttə, bu cür problemlərin aradan qaldırılması üçün yerli icra orqanının özünün konkret fəaliyyət planı var.

Milli Məclisin deputatı olaraq mən bu planın tərkib hissələrində nəzərdə tutulanları müxtəlif aidiyyəti dövlət rəsmilərinin diqqətinə çatdırıram. Ötən müddətdə belə təmaslarımız çox olub. Müsbət nəticələr əldə etmişik. Mühüm əhəmiyyətə malik daxili yolların çəkilməsi, eləcə də Qarabağ müharibəsi veteranları və şəhid ailələri üçün yaşayış evlərinin tikilməsinə başlanılmasını vurğulamaq mümkündür. Hamısını sadalamıram, belə təşəbbüslərimiz az deyil.

Ötən ayın 14-də kənd təsərrüfatı naziri Heydər Əsədov Saatlıda oldu. Sahənin inkişafı və mövcud problemlərlə yaxından tanışlıq aparıldı, konkret tapşırıqlar verildi.

Bildiyiniz kimi, Saatlı həm də qədim tarixi abidələrin olduğu bölgələrimizdəndir. Bu, rayonun turizm imkanlarının tamamilə yeni bir xətt üzrə inkişafı üçün zəmin yaradır. Mövcud istiqamətdə iş aparmağı planlaşdırırıq. Ümumən bütün istiqamətlərdə görüləcək işlər çoxdur.

– Mətbuat Şurasının sədri olaraq Milli Məclisdə mətbuata aid bir sıra vacib məsələlərlə bağlı təkliflər vermisiniz. Hansı nəticələr gözləyirsiniz?

– Milli Məclisdəki çıxışlarımın birində diffamasiya məsələsini qaldırmışdım. Bu, olduqca həssas mövzudur. Mövzu cəmiyyətimiz, xüsusən də media ictimaiyyətimiz üçün yenilik deyil. Ancaq hər müzakirənin gedişində bizlər bu istiqamətdə yeni nələrisə öyrənə, dəyərləndirə bilirik. Diffamasiya hüquqi,  demokratik dövlət quruculuğu üçün həqiqətən çox vacibdir. Məsələnin zəruriliyinə iki aspektdən aydınlıq gətirmək istərdim. Birincisi, heç kəs, o cümlədən heç bir jurnalist kütləvi informasiya vasitəsində yaydığı materiala, kütləvi çıxışda səsləndirdiyi fikrə görə azadlıqdan məhrum edilə biləcəyinə dair diskomfort yaşamamalıdır. İkincisi, diffamasiya mühitinin özü də demokratizmə xələl gətirməməlidir. Bu mənada ki, demokratiya heç də ifadə azadlığından sui-istifadə plasdarmı deyildir.

Hər iki məqama Azərbaycan cəmiyyətində xüsusi diqqət yetirilir. Buna görə diffamasiyanın tərəfdarları və əleyhdarlarının fikirlərinin toqquşduğu nöqtələr var. Zənnimcə, bu toqquşma nöqtələri yalnız Azərbaycanda deyil. Diffamasiya mühiti Avropa Birliyinin cəmi 11 ölkəsində bərqərar olunub. Bu isə o deməkdir ki, Avropa cəmiyyətinin özündə də məsələyə birmənalı münasibət yoxdur. Əlbəttə, avropalı dostlarımız diffamasiyanın vacibliyini əsaslandırarkən yerli şəraitdən, milli dəyərlərdən, mental xüsusiyyətlərdən daha çox məsələnin prinsipiallığını əsas tuturlar. Biz də bu fikirdəyik ki, diffamasiya prinsip etibarilə vacibdir. Ancaq haqqında bəhs etdiyim toqquşan nöqtələrin uzlaşdırılması önəmlidir. Bu baxımdan müəyyən işlər həyata keçirilməkdədir. Bu il mayın 31-də Mətbuat Şurası Avropa Şurasının Azərbaycan Nümayəndəliyi ilə birgə diffamasiya sahəsində müzakirələrə start verdi. Düşünürəm ki, birgə təşəbbüsümüz yekun nəticə etibarilə parlamentarilər arasında da diffamasiya mövzusunun aktuallaşmasına gətirib çıxaracaq.

Növbəti vacib məsələ ölkəyə gətirilən qəzet kağızı və hazır çap məhsulları üzərinə əlavə dəyər vergisinin tətbiqi ilə bağlı olub. Bu məsələ də aktuallığını saxlamaqdadır. Gözləntim budur ki, hər hansısa şəkildə media bazarının devalvasiya nəticəsində itirdiklərinin kompensasiyası baş verəcək. Əlbəttə, yaxşı olardı ki, haqqında bəhs etdiyim əlavə dəyər vergisinin tətbiqi aradan qalxsın. Məsələ diqqətimizdədir.

– Mətbuatda reklam bazarı niyə zəifdir, bunun formalaşmasının yollarını nədə görürsünüz?

– Bu, hər zaman haqqında bəhs edilən mövzudur. Mətbuatda reklam bazarı niyə zəifdir? Burdan belə bir sual da doğur: mətbuat niyə zəifdir? Hər halda məsələnin bir tərəfi də budur. O anlamda ki, reklam verən sahibkar məhsulunun daha geniş oxucu auditoriyasına çıxmasına çalışır. Qəzetin tirajı min, beş min arası dəyişirsə, təbii ki, sahibkar üçün bu rəqəm qənaətbəxş deyil. Buna görə də mətbuata üz tutmur. Əlbəttə, müəyyən istisnalar da var.

İkinci amil ənənəvi medianın, mətbuatın timsalında çap mediasının öz yerini onlayn mediaya verməsidir. Diqqət yetirsək, reklamdan gəlir götürərək fəaliyyətlərini davam etdirən elektron KİV-lər daha çoxdur. Ancaq bu sahə də tam oturuşmayıb. Deyək ki, müəyyən peşəkarlıq göstəriciləri qaydasında deyil. Belədə sahibkar istər-istəməz çaşbaş qalır. Ancaq vaxt itirmək də istəmir. Birbaşa telekanallara üz tutur.

Reklam bazarının formalaşdırılması yolları hansıdır? Mətbuat Şurasında mövzu ilə bağlı müxtəlif diskussiyalar aparılıb. İlk növbədə bu yolların azad sahibkarlığın mənafeyinə zidd olmaması zəruridir. Mövcud xüsusda Türkiyə təcrübəsini, daha dəqiq desəm, ölkənin Basın Elan Kurulunun təcrübəsini öyrənmişik. Burada da əsas mexanizm ona söykənib ki, dövlət elan və reklamlarının KİV-də bölgüsündə müəyyən paritetlik olsun. Nəticə etibarilə mexanizm medianın, xüsusən də mətbuatın daha çox gəlir əldə etməsinə söykənib. Ancaq bu, ümumən reklam bazarına necə təsir göstərəcək? Mətbuat azad sahibkarları öz ətrafına toplaya biləcəkmi? Düşünürəm ki, məsələ daha çox fərdi xarakter daşıyır.

– Ötən dövr ərzində Mətbuat Şurası Azərbaycan mediasının inkişafına nə kimi töhfələr verib?

– Mətbuat Şurası jurnalistikanın təşkilatlanması baxımından vacib institutdur. 2003-cü ildən sonrakı proseslər sübut etdi ki, təşkilatlanma mediamız üçün faydalı oldu. Bu mütəşəkkilliyin nəticəsi idi ki, jurnalistlərin fəxri adlara, orden və medallara layiq görülməsi ənənəsi formalaşdı, milli mətbuatımızın yubileylərinin keçirilməsi dönməz xarakter aldı, mediaya dövlət dəstəyinin göstərilməsinə başlanıldı. Bilirsiniz, bu qeyd etdiklərim Azərbaycan dövlətinin məramından, şəxsən cənab Prezident İlham Əliyevin diqqət və qayğısından irəli gəlir. Ancaq media siyasəti həssasdır. Burada dövlət çalışır ki, çıxaracağı qərarlar həyata ictimai rəyin gəldiyi qənaət müstəvisində vəsiqə alsın. Rəyin formalaşdırılması isə media ictimaiyyətindən asılıdır. Bu cameənin hərəkətverici qüvvəsi rolunda Mətbuat Şurası, yəni jurnalistlərin özlərinin yaratdıqları təşkilat çıxış etdi.

Bir məsələni xüsusi vurğulayım. Cənab Prezident İlham Əliyevin mətbuata münasibəti olduqca həssasdır. Jurnalistlərlə görüşlərdə bəzən elə məqamlara diqqət yetirir ki, onların biz heç fərqinə belə varmırıq. Dövlət başçısı çıxışlarının birində jurnalistlərin sosial vəziyyətinə toxunmuş və xüsusi olaraq bildirmişdi ki, qələm adamlarının gəlirləri yüksək olmadığından onların qayğıya ehtiyacı var. Bu deyim vəziyyətin olduqca sadə dillə izahı idi və heç də hər dövlət başçısı duruma belə həssas yanaşmır. Onu da bilirsiniz ki, zaman-zaman jurnalistlərin mənzillə təminatı məsələsi gündəmdə olub. Dövlət başçısının bu cür dəyərləndirməsindən sonra Mətbuat Şurası jurnalistlərin bir çoxunun evinin olmadığını, kirayədə yaşadıqlarını diqqətə çatdırdı. Bu, 2010-cu il iyulun 21-də Mətbuat Şurasının yeni binasının açılışında baş verdi. Dövlət başçısı elə həmin gün jurnalistlər üçün yaşayış binasının tikintisini nəzərdə tutan Sərəncam imzaladı. Yəni, demək istəyirəm ki, dövlət ümumən mediaya dəstəyini prioritet seçir, ancaq bu dəstəyin forma və metodlarının tətbiqində jurnalistlərin özünün də rəyini nəzərə alır. Rəyin ümumiləşdirilmiş ifadəedicisi qismində isə Mətbuat Şurası çıxış edir. Demək ki, bu qurum lazımlıdır. Zənnimcə, 13 ilin ən böyük uğuru məhz faydalılıq statusuna yiyələnməkdir.

Digər tərəfdən, Mətbuat Şurası media məkanımızdakı neqativ hallara qarşı mübarizə aparır. Qiymətləndirmə aparmaq istəməzdim, amma zənnimcə, ötən müddətdə bu istiqamətdə əsaslı uğurlara imza atdığımızı söyləmək mümkündür. Cəmiyyətdə Şuraya qarşı etimad var. Dövlət də Mətbuat Şurasının missiyasına həssas yanaşır. Prezident İlham Əliyev çıxışlarında qurumun fəaliyyətinə yüksək dəyər verib. Bu bizim üçün çox önəmlidir. Ancaq media məkanımızda problemlər də qalmaqdadır. Problemlərin bir çoxu sahənin özünün dinamikliyindən irəli gəlir. Məsələn, vaxtilə biz çap mediası bolluğunun yaratdığı çətinliklərlə mübarizə aparmış və müəyyən müsbət nəticələr əldə etmişdiksə, texnoloji yeniliklərin meydana çıxardığı internet medianın fəaliyyət dəst-xətti mövcud istiqamətdə daha fərqli mübarizə metodlarının işlənilməsini və tətbiqini aktuallaşdırır.

– Mətbuat Şurası mütəmadi olaraq Bakıda jurnalistlər arasında yaradıcılıq müsabiqəsi keçirir. Bəs bölgələrdə bu istiqamətdə müsabiqələrin keçirilməsi nəzərdə tutulurmu?

– Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (FİVDF) Bakının müxtəlif rayonlarının icra hakimiyyətləri ilə birgə jurnalistlər üçün müsabiqələr təşkil edir. Düşünürəm ki, bu müsabiqələr günümüz üçün effektivdir. Ən azından ona görə ki, orada qalib olanlar jurnalistlərdir və onların hər hansı şəkildə maddi vəziyyətinin yaxşılaşdırılmasına yönələn təşəbbüslər müsbət dəyərləndirilməlidir.

İkinci bir tərəfdən, jurnalistin öz yaradıcılıq məhsulunu təqdim etməkdə stimul əldə etməsi ümumən cəmiyyət üçün də xeyirlidir. Məndə olan məlumata görə, KİVDF təkcə Bakı şəhəri üzrə yox, bölgələrdəki dövlət qurumları ilə birgə də müsabiqələr təşkil edir. O ki qaldı Mətbuat Şurasına, bu qurum indiyədək müxtəlif mərkəzi icra hakimiyyəti orqanları ilə birgə jurnalistlər arasında müsabiqələr keçirib. Bu il deputat seçildiyim Saatlı Rayonunun İcra Hakimiyyətinin başçısı Sıraqəddin Cabbarovun təşəbbüsü ilə Mətbuat Şurası Saatlı Rayon İcra Hakimiyyəti ilə birgə müsabiqə keçirdi. Əlbəttə, ayrı-ayrı dövlət qurumlarından bununla bağlı istəklər var. Gələcəkdə belə müsabiqələrin sayı arta bilər./ikisahil.az

 

Həmçinin oxuyun

Hindistan əhalinin sayına görə dünyada birinci yerdə oldu

Hindistan əhalisinin sayına görə dünyada lider ölkə olub. APA xəbər verir ki, bu barədə BMT-nin …

Bir cavab yazın