Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Dünya / Məşhur meyxanaçını kosmosdan gələn alov yandırıb – Həmid Herisçi yazır

Məşhur meyxanaçını kosmosdan gələn alov yandırıb – Həmid Herisçi yazır

Şair, meyxana ustası Məşədi Babanın həyatı ilə bağlı sensasion iddialar; onun babası meteorit parçasını necə tapmışdı?

Əfsanəvi meyxana ustası Məşədi Babanın ulu babası da, deyilənə görə, çoxbilmişlərdənmiş. Bir gün o, çıxır dahar üstə – yəni daşlı, qayalı bir yerə salır yolunu. Görür, aha, dahar üstə ay dəmiri – meteorit parçası düşüb qalıb. Özü də, ins-cinsdən kimsənin bu haqda xəbəri yoxdu hələ. Xəbər yayılır kəndə. Söz-söhbət başlayır. Meteoriti tapan həmin o kəsə, kənddə tənbəllik eləməyib “Aydəmir kişi” adını verirlər.
***
Amma təkcə elə yalnız bircə o ay dəmiri ilə kifayətlənmir Aydəmirovlar ailəsinin növbəti tapıntıları. Bəlli olur ki, bu ailədə itmiş əşyaları tapmaq, aşkarlamaq istedadı mövcuddu. Bəlli olur ki, Aydəmirovlar hər sözün, hər kəlmənin həmqafiyəsini də tapmaqda mahir, bacarıqlı ustadırlar. Bakıda kimin atı-eşşəyi itirsə, qır-qızılı qeybə çəkilirsə, üz tutur Aydəmirovların əyri, cırıltılı taxta qapısına. Həəəə, uzun növbənin bir ucu gəlib çıxır yaxındakı Şamxal hamamının darısqal həyətinə…
 
Amma  bir gün…
Amma bir gün Maştağada daş elə bil qayaya rast gəlir. Qafiyə tapmaqda ad çıxarmış Aydəmirovlar “usta” sözünün həmqafiyəsini tapa bilməyib özlərini, başlarını itirirlər.
– Deyirsiz yəni “Usta” sözü təkdi? Yekdi? Həmqafiyəsi ola bilməz?
Kəndin ağsaqqalları – Kərbəlayi Bilal, Ağasəlim Çıldağ, Seyid Aslan bu düyünə ilişib bir xeyli zaman durduqları yerdə mat-məəttəl qalırlar.
Yay gedir, payız gəlir.
“Usta” kəlməsinin həmqafiyəsi tapılmır ki, tapılmır.
***
İlk payız küləkləri əsincə Maştağada, Nardaranda bir də görürsən köhnə divarların bir parçası yerindən qopub aşdı. Düşdü böyrü üstə. Yaranmış dəlikdən, yarıqdan kasıb bir ailənin yoxsul məişəti göründü –  külək, seyrəlmiş süpürgəni həyətin ortasına vızıldadıb, köhnə yamaqlı təkərlərin yığıldığı küncdə ev sahibi əlini dizinə çırpır… Çarşablı bir qarı, üzünü qibləyə tutub dua-tənə pıçıldayır… Cayıllardan biri isə bir kənarda dayanıb dodaqları altda şeir zümzümələyir. Əruz vəznlərini məşq edir…
Kənddə belələrindən ən zirəyi, məharətlisi isə, yadda saxlayın, balaca Məşədi Baba idi o vaxtlar. Ağsaqqalların “Usta kəlməsinin həmqafiyəsi yoxdu?” sualını eşidincə özünü itirmir bu maştağalı dəcəl uşaq. Dahar üstə bir sağa gedir, bir sola. Bir xeyli vaxt dodaqları altda nəsə zümzümə edir. Axır, həyətdən evə qayıdıb dəhlizə sıçrayır:
– Tapdım! Tapdım, “Usta” sözünün həmqafiyəsini! Tapdım! “Kapusta! Kapusta!”
***
Rusca “kələm” mənasını verən həmin kəlməni eşidən ağsaqqallar gülməkdən qarınlarını tutub ikiqat olurlar. Əvvəlcə, Kərbəlayi Bilal gəlir özünə. Qəddini dikəldib yavaşca nəsə pıçıldayır özü-özünə. Ürəyindəki şək-şübhəni daha bir başqa özgəsiylə bölüşmür.
– Deyəsən elə ancaq bu uşaq, məhz bu dəcəl uşaq, “usta” adını götürüb qamarlayacaq Maştağada. Amma, elə biləsən bəla var bu uşağın qismətində. Bəla…  
***
Həmin bəla, nəhayət, tezliklə özünü göstərir. Evdəkilər bir gün gözlərini açıb görürlər bəs Məşədi Baba məktəbdən evə axsaya-axsaya qayıdıb.
– Noolub bala? Niyə axsayırsan belə? De…de dərdini bilim. – anasının yalvar-yaxarına baxmayaraq Məşədi Baba sirrini özündən kənardakılara açmır. Axsaya-axsaya gedir-gəlir, gedir-gəlir məktəbə. Gecələr başlayır ufuldamağa. Anası əlini uşağının alnına basıb görür uşağın, vaxsey, əməlli-başlı qızdırması var. Təcili yardıma zəng vurub uşağı xəstəxanaya gətirirlər. Müayinə zamanı həkim əlini çırpır dizinə:
– Tez…təcili olaraq uşağı əməliyyata aparmaq lazımdı. Yazığın ayaq pəncəsi yaralanıb. Yarasından kir süzülür. Görmürsüz?
Yazıq Məşədi Baba, yaman dəcəlmiş, dalaşqanmış məktəbdə. Müəlliməyə söz qaytarıbmış. Müəllimə də dinc durmur əvəzində. Qədim mollaxanalardakı kimi, uşağın ayaq pəncələrini keçirir bir növ fallağaya. Xətkeş qalxır yuxarı, enir aşağı. Qalxır yuxarı, enir aşağı… Məşədi Babanın ayaq pəncələri al qana boyanır. Sümükləri zədələnir.
Bacısı – qara çarşablı Gülxəndan, o ağrılı günləri belə yada salır indi:
– Birinci əməliyyatdan sonra yaraları tez sağalsa da, sonradan səhlənkarlıq edir Məşədi Baba. Ayağı tam sağalmamış, məktəb həyətində futbol oynamağa ara vermir.
Bu vaxt mövzuya rəhmətliyin anası – doqquz uşaq anası ağbirçək Fəzilə xanım müdaxilə etməyi özünə borc bilir.
– Birinci əməliyyat ikinciylə, ikincisi üçüncüylə, nəhayət, dördüncüylə əvəzlənir. Hər dəfə də Məşədi Baba, ayağı sağalmamış cumur futbola. Dörd dəfə bu uşağa narkoz verilir. Özü də gör hansı dərəcədə… Dörd dəfə Məşədi Baba o dünyaya gedib qayıdır, gedib qayıdır. Biz də öz növbəmizdə…o dünyaya gedib qayıdırdıq. Gedib qayıdırdıq.
 
– Qısası, sağaldımı axır Məşədi Babanın yaraları, həəə? Yoxsa sağalmadımı? – sualıma, kədər dolu cavab gəlir anasından.
– Ayağı sağalmağına sağaldı eyyyy. Əsəbləri korlandı əvəzində. Bir kişi vardı, Hacı Əkbər adında. İmkanlı şəxsdi. O müalicə etdi Babanı. Yazığı sonra bıçaqlayıb öldürdülər… Məşədi Baba, qazamatdaykən onun qatilləri ilə görüşür təsadüfən. Ardını danışmağa daha məndə güc qalmayıb.
Fəzilə xanım bərk kövrəlir bu zaman. Gözləri hədəqəsindən çıxır elə bil. Yazıq, başlayır ağlayıb hönkürməyə:
– Oğlum əlaçıydı. Şəklini Maştağadakı 209 saylı məktəbin şərəf lövhəsindən çıxarmağa indi də kimsənin cürəti çatmır. Nadir Qafarzadə ilə birgə “Qırmızı qərənfillər” musiqi dərnəyinə gedərdi balam… Mənim balam…
***
Əvvəllər şirin sovet vaxtlarında Maştağada məscidlər bağlı idi, üstü daş kitabəli qədim hamamlar isə açıq. İndi tam tərsinədir – məscidlərin işi, şükür, təkərə düşüb. Hamamlar isə it yuvasına dönüb, xarabalığa çevriliblər. Adam yanlarından keçəndə üfunət qoxusundan zara gəlib əli ilə burun dəliklərini tutmalı olur…
Məşədi Babagilin evi tərəfdəki köhnə Şamxal hamamı belə xarabazar ünvanlardan biridir. Sovet vaxtlarından qalma dəmir ticarət pavilyonu bütün şüşələrini itirərək bir tərəfdə paslanıb çürüyür. Yağışdan sonra küçələr Rusiyanın Volqa çayını xatırladır. Piyadalar, bir kənarda dayanıb qarşı tərəfə necə keçəcəkləri barədə dərin fikirlərə dalırlar. Dükanların ətrafını əzik pepsi-kola qabları, uduşsuz simsim kartları bəzəyir. Hər dəfə bu kartlar uduşsuz çıxanda maştağalılar əsəbiləşirlər. Kartları vəhşi güclə qara asfalta çırpıb, az sonra öz acı bəxtləri ilə barışırlar:
– Allah öz bəndəsinin ruzisini dahar üstündə də verər.
“Dahar” sözü nardaranlıların, maştağalıların dilində daşlı hamar əraziyə deyilir. Belə yerlərdə ruzi tapmaq, məhsul yetişdirmək, meyxana demək hər kişinin işi deyil. İncəqəlblilər bir də görürsən gedib dahar üstündə özünü yelə verir. Vəhşi xəzriyə sinə gərib, əllərini quş qanadları kimi yana açır, bir az irəli əyilərək bədənlərinin ağırlığını xəzri küləyinə tapşırırlarE Dahar üstündə haqq-hesablar çürüdülür, dava düşür, qətllər, bıçaqlanmalar baş alıb gedir, toy mağarları, yas çadırları qurulur. Dahar üstə meyxanaçılar, şairlər şeir-qəzəl aləminə qovuşur, əsərlərini qələmə alırlar.
Məşədi Babaya da, qonşusu Elçin Atakişiyev kimi, meyxana, əruz vəhyi elə dahar üstə, daşlı bir ərazidə verilir bir gün. İkisinin də şan-şöhrəti tezliklə bütün Bakı ətrafı kəndlərə yayılır. Toy-məclislərinin sayı-hesabı tezliklə itir hər ikisi üçün. 
Maştağada adətdi – toyun axırına yaxın qüdrətli meyxana ustasının böyrünə bir stul da əlavə edərlər ki, görsünlər çoxmu boş qalacaq o? Gözü qızmış bir cayıl, nəhayət, gəlib oturacaqmı bu boş stulda? Meyxana deməyə cürət edəcəkmi ağır-sanbal el ustaları hüzurunda?
– Hə, bir gün Ağasəlim Çildağın böyrünə belə bir boş stul qoyurlar. Deyirlər ki, bəs yenə əvvəlki kimi boş qalacaq o. Ancaq bu dəfə həmin stul boş qalmır. Əvvəl Məşədi Baba, sonra Elçin gəlib oturur Ağasəlimin böyründə adətən boş qalan həmin stulda. Qafiyəni götürüb başlayırlar səhərəcən meyxana deməyə.
Məşədinin qardaşı Şahin, ötən şirin xatirələrdən ayrılıb indiki acı günlərə, reallıqlara qayıtmağı sevmir. İmkan versən, o ölən gününəcən elə hey Elçindən, Məşədi Babadan danışar. Çalışıram onu bu xoşbəxtlikdən tez məhrum etməyim.
– Yadımdadı, 1993-cü ildə avtobus sərnişinlərini salondan aşağı endirib Qarabağ döyüşlərinə aparırdılar. Rəhmətlik qardaşım da bir gün belə tutatuta düşür Əzizbəyov metrostansiyası tərəfdə. Ancaq özünü itirmir. Başlayır bədahətən həmin bu tutatut barədə ayaqüstü meyxana deməyə. Polis rəisi feyzyab olur eşitdiklərindən. Avtobusdakı dustaqlar yadından çıxır. Məşədi Baba hər dəfə təzə qafiyə açınca avtobusdakılar fürsəti əldən verməyib aradan çıxırlar. Axırıncı beyt gələndə görürlər ki, avtobusda bir nəfər dustaq belə qalmayıb.
Meyxanaçıların günü-gündən artan şan-şöhrəti tezliklə dövlət dairələrinin narahatçılığına səbəb olur. Meyxanaçılar arasında ixtilaf, ziddiyyət salanların sayı günü-gündən artır. Bir xəbər gəlir ki, bəs gecəykən kənd parkında dava düşüb. Daharlıq qana boyanıb.
Səhəri gün, gəlib görürlər ki, Elçinin cansız bədəni bir tərəfdə uzanıb, sərxoş Məşədi Baba bir başqa tərəfdə. Ortadakı bomboş araq şüşəsi küləyin təsiriylə gah sağa dığırlanır, gah sola. Macəra filmlərinə layiq bu qəliz mənzərəyə uzun müddət kimsə yaxın gəlməyə cürət etmir. Qətlin səbəbləri aydın olmasa da, günahı Məşədi Babada görürlər. Yazıq ayılanda bir də görür ki, əlləri qandallıdır. Ağır Cinayətlər məhkəməsinin kəsdiyi doqquz il cəzanın, beş ilini can-başla çəkən Məşədi Baba, bayırda özünə dinclik tapammır ki, tapammır.
Maştağanın bomboş küçələrində vaxtaşırı Elçinin narahat qara kölgəsi tərəfindən izlənilir, izlənilir, izlənilir… Axırda vəziyyət lap dözülməz həddə gəlib çatır. Kənddə “Elçindən sonra meyxanaya qulaq asmıram!” deyənlərin sayı gün-gündən artır.
Məşədi Baba özü də bir gün bu mövzunu təsdiqləyir. Bacısı Gülxəndanın dediyinə görə, vaxtaşırı dodaqları altında “Birisi qəbrə getdi, birisi zindana, Bundan sonra ləzzət etmir meyxana” kəlmələrini mızıldayaraq tənhalığa çəkilir.
Nəhayət, bir gün Məşədi Baba simurq, səməndər quşuna dönüb alışır öz-özünə.
***
İnsanların qəfil, heç nədən od tutub alışması təkcə elə Yanıq Kərəm, Məşədi Baba nümunəsi ilə kifayətlənmir. Hər il dünyada yüzlərlə, minlərlə adi insan elə durduğu yerdə qəfil alovlanıb bir ovuc külə dönür. Elmdə bu fenomenə “furor” deyib, səbəbini ilahi, kosmik ünvanda axtarmağa üstünlük verərlər. Həmin ilahi alov, nədənsə yalnız öz qurbanlarının bədənini hədəf alır, ətrafdakı ən yaxın digər əşyalardan ustalıqla yan ötür. Furor fenomenini, digər alov növlərindən məhz bu vacib cəhət ayırır.
Keçək misallara: 1943-cü il. Amerika. Çilingər Alan Smoul qəfil öz-özünə alovlanıb. Möcüzədir lap – əlində sıxdığı qəzetə isə alov şölələri neyçünsə əsla toxunmayıb.
1992-ci il Avstraliya. Hüquqşünas Ronan Prayts yatdığı yerdə alışıb külə dönüb. Amma çarpayıya, yorğan-döşəyə heç nə olmayıb.
Digər amerikalı 60 yaşlı Mariya Rizer də oxşar tale ilə üzləşib. Yanıb külə dönüb. Ancaq möcüzəli alov şölələri bu xanımın üst paltarlarına toxunmağa cürət etməyib.
6 dekabr 1993. Minsk şəhəri. Müəmmalı yüksək hərarətli alov, yaşlı təqaüdçünü külə döndərsə də, nədənsə ayaqlarını, bir də əsasını sağ-salamat buraxıb.
Braziliya 1990-cı il. Çimərlikdə, elə suyun içindəcə bir zavallı xanım yanıb yox olub – bir okean su, həmin qadına kömək əlini uzatmayıb. Xanımın nazik çimərlik geyiminə isə, möcüzəyə bir bax, bir zərrə belə ziyan dəyməyib.
Rusiya. 1990-cı il. Volqa çöllərində mal otaran çoban qışlaqda od-alov sütunları içində səssizcə yanaraq özündən sonra bir ovuc kül qoyub. Ətrafdakı saman tayalarını isə, qəribədir, əsla alışdırmayıb.
 
Avstriya. 1996-cı il. Eşq yaşayan iki sevgili hamamdaca, elə su şırnağı altında alışıb kül olublar. Axar su, alova mane ola bilməyib.
***
Məşədi Baba alovu da, məncə elə eyni ilahi mənbədən – kosmosun efir qatından qaynaqlanıb. Mən, intihar söhbətinə inanmıram. Bilirəm, yaxşı bilirəm o söhbətin tarixçəsini. Guya Məşədi Baba əvvəlcə, bir qızın eşqiylə, ata həyətindəki daxmasını yandırıb. Az sonra avtomobilini oda yaxıb. Axır, girişib öz bədəninə. Nöyütü töküb başına, kibrit çöpünə əl atıb…
Yoxxxx… inanmıram buna. İnanmıram. Simurq kimi, səməndər kimi alışıb yanan bu sonuncu şairimiz özündən sonra çoxlu sirlər, müəmmalar miras buraxıb bizim üçün. Razıyam, o sualların cavablarını tapmaq çətindi indi bizlərə. Dünyada bədahətən, birdən-birə şer demək ənənəsi vallah indi ancaq Azərbaycanda qalıb. Düzünü desək, Maştağa kəndində. Bu sənətin sirləri, sehrləri, tilsimləri, isimləri bizləri həmişə narahat edəcək. Bizləri dahar üstə gəzdirəcək hələ bir xeyli…
Tələsməyək bu işdə. Öz simurq quşumuzla – Məşədi Babayla həmişə qürur duyaq. Vaxt ilə onu bir sual düşündürüb. “Usta” kəlməsinin həmqafiyəsi varmı görəsən heç?
Məşədi Baba kimi mən də bu suala müsbət cavab vermək istəyirəm. “Usta” kəlməsinin dilimizdə, israr edirəm, həmqafiyəsi var, bəli. Qafiyəni bax bu cümləmdə tapdım – “Öz ustasından gələn şair başqadı, istedadından gələn şair başqa”.
Məşədi Baba, öz ustasından yox, öz istedadından gələn simurqumuzdu. Səməndər quşumuzdu.
Heyf onu qoruya bilmədik. Heyf.
Məşədi Baba kimi xalq şairləri, mistikləri bir başqa cür nəfəs alıb, möcüzələr yarada bilərlər. Şərq şeirində buna “əruz bəhrləri” deyilir. Klassik şeirimizdə əruz vasitəsi ilə 21 cür xüsusi nəfəs almaq üsulu mövcuddur. Bu cür əruz ölçülərində nəfəs almağı, şeir deməyi bacardınsa, vəssalam, yaradıcılığında qeyb aləminə gedib-gəlməyi bacaracaqsan. Dürlü, fərqli xəbərlər, şeirlər, qəzəllər, sirlər gətirəcəksən ordan.
Hind fəlsəfəsində bu cür nəfəs almağa “PRANAYAMA” deyirlər. Avropada oxşar təcrübələr yalnız 1970-ci illərdən meydana çıxıb. “HOLOTROP NƏFƏS” adlanan bu parapsixoloji elm sahəsi vasitəsi ilə müxtəlif xəstəliklərdən qurtarmaq, şəfa tapmaq, fərqli mistik təfəkkürə yiyələnmək mümkündür…
Azərbaycanda isə bütün bunlar min illərdir ki, şairlərə, ədəbiyyata xidmət edir… Biz əruzun 14 bəhrindən istifadə edirik. 14 cür fərqli nəfəs alma üsulu ilə qeyb aləminə daxil oluruq. Bu da sizə əruzun həqiqi sirri. Bu da sizə Məşədi Baba alovunun həqiqi izahı. “Ay dəmiri”nin yerdəki sərgüzəşti. Macərası…







Həmçinin oxuyun

Rusiyada Harri Kasparovun həbsinə qərar verildi

Erməniəsilli Rusiya şahmatçısı Harri Kasparov və Dövlət Dumasının keçmiş deputatı Gennadi Qudkov “terror icması” yaratmaqda …

Bir cavab yazın