Ana səhifə / Dünya / “Mənim uşağımı Qənimətin qurbanı etməsinlər….”

“Mənim uşağımı Qənimətin qurbanı etməsinlər….”

“Azərbaycan saatı”na görə oğlu tutulan Fəridə Zahidova “Yeni Müsavat”a danışdı

“Azadlıq” qəzetinin baş redaktoru və “Azərbaycan saatı” teleproqramının müəllifi Qənimət Zahidin qohumlarının həbsi gündəmin əsas mövzularındandır. İyul ayında Q.Zahidin 3 qohumu həbs olunub, 2-si isə axtarışdadır. Qənimət Zahid həbsləri özünün siyasi fəaliyyəti ilə bağlayır və hakimiyyətin bu yolla onu geri çəkilməyə məcbur etmək istədiyini deyir.

Narkotiklərin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilən Rüfət Zahidovun anası Fəridə Zahidova dünən “Yeni Müsavat” qəzetinin redaksiyasına gələrək, baş vermiş olaya münasibət bildirib. Müsahibimiz öncə oğlunun həbs hekayəsindən danışıb. 

– İyulun 18-də rayona gedəndə bizə zəng gəldi. O vaxt da bizim küçədə işıqlandırma işləri aparılırdı. Yoldaşıma zəng gəldi və soruşuldu ki, evdə yoxsuz, hara gedirsiz? Yoldaşım da dedi ki, rayona gedirik. Oğlum da atasına dedi ki, bəs niyə yerini deyirsən, nə bilirsən hansı məqsədlə soruşurlar. Soruşdular ki, nə vaxt gələcəksiz? Dedi ki, gecə 12-də. Cavab da belə oldu ki, nə zaman gəlsəniz, xəbər edin. Sonra gec gəldik deyə xəbər eləmədik.

– Bəs bu zəng edən kim idi?

““Qənimətin anası deyir ki, əgər o, ailəsi ilə xaricdə rahat həyat yaşayırsa, niyə o biri balalarımın uşaqları, ailəsi bu zülmü çəkməlidir?”

– Demədi adını, bilmədik. Sonradan öyrəndik ki, Mehdiabad polisidir, axtarış şöbəsindən. Ayın 19-da səhər saat 9-10 radələrində iki maşın dolusu polis gəldi. Oğlum yatırdı. Yoldaşım açdı qapını. Dedilər ki, maşının sahibi – oğlum Rüfət sürən maşını nəzərdə tuturdular – lazımdır, mütləq bölməyə getməlidir. Mən də çıxıb soruşdum ki, niyə? Adam vurubsa, radara düşübsə, qoy yol polisi gəlsin. Bölmədə nə işi var? Həmin vaxt bunlara hardansa zəng gəldi, çıxıb getdilər. Növbəti gün oğlum görüb ki, bunun arxasınca nəsə maşın düşüb. Bundan şübhələnib. Oğlum şirkət maşını sürür, firmalardan birinin mallarını mağazalara paylayır. Arxasınca düşən maşının nömrəsini isə yanında əyləşən, firmanın ekspeditoru olan xanım yazıb. Hər ehtimala qarşı həmin əməkdaşa deyib ki, nəsə baş versə, firmaya da, evə də xəbər verərsən. Bir gün əvvəldən evə polis gəlmiş, qəribə-qəribə suallar vermişdi deyə, bilmirdik nə məsələdi. Ona görə narahat idik. Nəsə, oğlum malları Yasamal ərazisindəki mağazalara paylayıb, günorta saat 12-13 arası yeməkxanalardan birinin qabağında nahar üçün dayananda bunu polislər tutublar. Sonra bizə iş yoldaşları xəbər verdilər, hamımız onu axtardıq, amma heç bir polis bölməsindən demədilər ki, hardadır. Avqustun 3-də məktub çatıb ki, oğlunuz Narkotiklərə qarşı Mübarizə İdarəsindədir. Getmişik ora. Deyirlər ki, guya saxlanılan gün onun həm üstündən, həm də maşınından narkotik maddə çıxıb. Necə ola bilər ki, adam şirkət maşınında, yanında ekspeditel qız ola-ola narkotik gəzdirsin?! Səhər-səhər mal yığılır bu maşına, sonra maşın mağaza-mağaza gəzir. Orda narkotik olması nə qədər inandırıcıdır? Şirkət maşınında narkotik gəzdirirlər? Mən bilirəm ki, uşağım siyasətçi deyil. Narkotikanın da onunla heç bir əlaqəsi yoxdur və ola da bilməz.

musahi

– Özü ilə görüşməyə imkanınız olubmu? 

– Xeyr, qoymayıblar. Bunu ancaq mən əmisi Qənimət Zahidin verilişinin qurbanı sayıram. Ona görə də o verilişi dəstəkləmirəm, nifrət edirəm, imtina da edirəm. O uşağın Qənimətlə heç bir əlaqəsi olmayıb. Orta savadlı bir uşaqdır, ancaq şirkətlərdə maşın sürüb. Nə ona məqalə göndərməyib, nə də hansısa toplantıdan şəkil. Mətbuata, siyasətə hər hansı bağlılığı yoxdur onun. Bu sahədən uzaqdır mənim uşağım. Səhər işə gedib, axşam da evə qayıdıb. Bunu araşdırsalar, görəcəklər ki, mən deyən kimidir. Oğlumun onunla heç bir bağlılığı yoxdur. Mənim uşağımı Qənimətin qurbanı etməsinlər. Lazımdır, qəzetini bağlasın, lazımdır, özünə xəsarət yetirsin. O, günahsız uşaqdır.

““Lazımdırsa, Qənimət qəzetini bağlasın, özünə xəsarət yetirsin, amma oğlum onun ucbatından həbsdə qalmasın…”

– Qənimət bəyin özü ilə danışa bilmisizmi? O nə deyir? 

– Danışmışıq. Deyir ki, məndən imtina edin. Qohumlarım da mən gündədir. Hamı deyir ki, isinmədik istisinə, kor olduq tüstüsünə.

– Bəs indiki durumda fikriniz, planınız nədir? 

– Heç bir fikrimiz, planımız yoxdur. Mən uşağımın həqiqətən günahsız olduğunu iddia edib, dövlətimdən də onu tələb edirəm. Axı onların əlində bunu araşdırmaq nə çətin işdir? Arayıb axtarsınlar, görəcəklər ki, onun siyasətlə, mətbuatla heç bir əlaqəsi yoxdur. Tam məsuliyyətimlə deyirəm: əgər uşağımın bir günahı olsaydı, mən bir ana kimi geri çəkilərdim. Mən Allaha, Qurana and içirəm ki, bu uşaq siyasətdən uzaqdır. Heç əlinə qəzet də alıb oxumayıb, Qənimətin verilişinə isə heç baxmayıb, xəbəri də yoxdur ki, orda nədən danışırlar. Bütün günü işləyən adamdır. İşdən yorğun gələndə də ailəsinin qayğısı ilə, problemləri ilə maraqlanıb.

– Qənimət bəylə danışanda ortaq bir məxrəcə gələ bilmədizmi? 

– Bircə onu dedi ki, məndən imtina eləyin. Həqiqətən də o, çox soyuqqanlı adamdır. Mən 37 ildir ki, o evin gəliniyəm. Onun heç vaxt qohum əzizləməsini görməmişəm. Soyuqqanlı biri olub. Uşaqlıqdan öz fikri ilə hərəkət edib. 8-ci sinifdən etibarən kənddən çıxıb gedib. Sonra oxuyub, işləyib, nə əldə edibsə, özü əldə edib. Qohumlarla əlaqəsi yoxdur. Xeyrə-şərə də çox nadir hallarda gedir. Ya sonradan gedər, ya da dil-ağız edərdi. Qayınanam (Q.Zahidin anası-red.) da yaşlı adamdır. Yalvarır ki, məni polisə aparın, gedim orda sözümü deyim. O da deyir ki, bu günahsız gəncləri ordan çıxarmaq lazımdır, əgər Qənimət ailəsi ilə orda rahat həyatdadırsa, niyə o biri balalarımın uşaqları, ailəsi bu zülmü çəkməlidir? Amma rayonda baş verən həbslər zamanı polis deyib ki, Qənimət orda nə zaman susacaqsa, biz də o zaman dayanacağıq. Narkotik çox ağır ittihamdır. Bizim uşaqlarımızın gələcəyi var. Səhər bu, işə girməli, ailə saxlamalıdır. Qoy birbaşa desinlər ki, bu həbs əminə görədir. Mən də deyim ki, o əmin, o sən. Vallah, indi elə dövrdür ki, ata oğula görə cavabdeh deyil. Onda qala əmi, özü də Fransada olan əmi.

“Biz dövlətimizi sevirik, ona bağlıyıq, uşağımızın da siyasətə heç bir aidiyyəti yoxdur”

– Bəs Qənimət bəy “Azərbaycan saatı”nı bu həbslərə görə, müvəqqəti də olsa dayandırmaqla bağlı hər hansı bir şey dedimi? 

– Yox, demədi. Heç bilmirəm ki, elə bir fikri var, ya yoxdur. Əsəbimdən heç onlarla danışmamışam. Oğlum Tariyel dedi ki, zəng edib, onlarla danış, sözünü de. Dedim ki, Tariyel, mən hər şeyə əyilən adam deyiləm. Dövlətim axtarıb tapacaq ki, mənim oğlum günahsızdır və onu azad edəcək. Bunu bilə-bilə heç kimə zəng edib, alçala bilmərəm. Axı Qənimət əvvəldən belə olub. Bir adamın qolundan tutmayıb, qohuma-qardaşa kömək olmayıb. Heç kimə arxa dayanmayıb. Bir anası var, onu da ölən qardaşının uşaqları saxlayır.

– Buna bənzər bir hal Emin Milli ilə bağlı baş verdi və qohumları imtina etdi. Zahidovlar nə düşünür bu haqda? 

– Qohumlar nə düşünür, bilmirəm. Amma əgər bir qohuma görə mənim balam günahsız yerə tutulacaqsa, həbslərdə qalacaqsa, mən o qohumdan bu gün yox, dünəndən imtina edirəm. Özü də təkcə mən yox, bütün ailəm. Uşaq özü də içəridən vəkilinə deyib ki, yeri gələrsə, mən də əmimdən imtina etməyə hazıram. Rüfət nə görüb ki? 2-3 ildir müalicə ilə, əzab-əziyyətdən sonra uşaq tapıb, indi də həmin uşağına həsrət qalıb. Nə əmibazlığıdır? Əmi ona bu vaxta qədər nə edib ki?

“Əgər bir qohuma görə mənim balam günahsız yerə həbslərdə qalacaqsa, mən o qohumdan bu gün yox, dünəndən imtina edirəm”

– Bu təzyiqlərin olacağını təxmin edirdizmi? Hər halda, oğlanlarınızdan biri – Tariyel Zahidov artıq Belçikada mühacirdir, təzyiqlərə görə ölkədən gedib…. Bəlkə digər oğlunuzu da zamanında göndərsəydiniz, bunlar baş verməzdi? 

– Xeyr. Tariyeli də xaricə mən göndərməmişəm. Yoldaşı getdiyi üçün o da gedib. Əgər istəsəydim, 2 il əvvəl gedərdim. O vaxt bizim yaşadığımız evə görə kompensasiyamızı ödəyib, ordan köçürdülər. Əlimdə pulum da vardı. İstəsəm çıxıb gedərdim. Mən öz ölkəmdən, vətənimdən niyə getməliyəm ki? Mən bu ölkəyə, vətənimə inandığım üçün o biri oğlumun burdan getməsinə heç vaxt razı olmamışam. Heç ağlıma da gəlmir. Biz bu qədərini təsəvvür etmirdik axı. Hər gün televiziyalar bar-bar bağırır ki, ölkədə demokratiya, haqq-ədalət var. Mən dövlət başçısından da, onun xanımından da çox razıyam. Bəlkə də onun adına xələl gətirmək üçün günahsız insanların başına bu işi gətirirlər? Qənimətdən narazısız? Gedin onu tutun, onun verilişini orda bağlayın, onunla əlaqəsi olanları saxlayın. Lap elə kənddəki qohumlarımız olsun. Onlar nə bilirlər ki, siyasət nədi, veriliş nə deməkdir? Orta təhsilli adamlardır, daşla-palçıqla işləyən adamlardır. Mənim oğlum da orta məktəbdən sürücüdür.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …

Bir cavab yazın