Ana səhifə / Dünya / “Mən o yalana qarşı idim” – Şərif Ağayar

“Mən o yalana qarşı idim” – Şərif Ağayar

Kulis.az saytının rəhbəri, yazar Şərif Ağayarın “Qafqazinfo”ya müsahibəsi: 

– Son romanınız yaradıcılığımda yeni mərhələdir demişdiniz, gözlədiyiniz nəticəni aldınız?

– Aldım. Çox ciddi adamlar, zövqünə və səmimiyyətinə inandığım adamlar, hətta gözləmədiyim adamlar kitab haqqında yüksək fikirlər söylədilər. Mənə görə, beş-on nəfər var ki, onlarda öz düşündüklərimin təsdiqini gördümsə, kifayətdir. Bilirsiniz, kitabın dəyərləndirilməsi bizim üçün çox həssas məsələdir. Biz ağır şərtlər altında, heç bir qazanc əldə etmədən yazırıq. Ona görə, insanların çoxu bu zəhmətə görə kitablarımız haqqında müsbət danışırlar. Yaxud dostluğa, münasibətə görə xoş sözlər söyləyirlər. Bunları hesaba almıram. Kitab haqqında ucadan, ürəklə danışmaq, mətnə güvənmək başqa işdir. Mən yüksək zövqü və ədəbi intellekti olan mütəxəssislərdən bu cür sözlər eşidə bildim və bu məni sevindirdi. Bu adamlar mənim üçün Nobel komissiyasının üzvlərindən əskik deyillər.

– Nobeldən çox danışırlar son vaxtlar…

– Orxan Pamukun təsiridir, məncə. Orxan Pamuk vasitəsi ilə biz dünyada uğur qazanmağı özümüzə daha yaxın hiss etdik. Ancaq içi boş olan, nəsr yaşantısı olmayan və ya zəif olan qələm adamları Pamukdan zərərli təsirləndilər, imitasiya yolunu tutdular. İmitasiyanın sənətə dəxli yoxdur. Bütün sahələrdə. Bu gün Pamuku, Kafkanı imitasiya eləməklə, Füzulini imitasiya etməyin prinsipial fərqi yoxdur. İkisi də bayağı görünür.

– Bəs siz özünüz nəsr əsərini hansı kriteriya ilə seçirsiniz?

– Təkcə nəsr yox, bütün ədəbi nümunələrin birinci şərti onun söz sənətinə nə qədər çevrilə bilməsidir. Ədəbiyyat hər şeydən əvvəl söz sənətidir. Söz sənətkarlığı olmayan, mətnindən içinin səsi eşidilməyən qələm adamı nə qədər oxusa da, nə qədər özünü öldürsə də, nə qədər ortalıqda görünsə də ədəbi fakta çevrilə bilməyəcək. Biz yazmaq səriştəsinə ümumi olaraq istedad deyirik və zaman keçdikcə görünür ki, elə düz də deyirik. Yazmaq üçün ilk növbədə istedad lazımdır. Özü də ədəbi istedad. Hətta daha dərinə getsək, nəsr istedadı. Bəzən olur ki, gözəl bir şair nəsrin havasına girə bilmir. Yaxud gözəl bir esseist, gözəl bir publisist… Nəsr tamam fərqli havadır. Onu ilk cümlədəncə duymaq olur. Nəsr istedadı bir statusda da görünür. Amma hər statusda deyil… Misal üçün, Nail Zeynalov adlı gənc bir oğlan var, çox gözəl yumor hissi var. Yaxud Novarg Novarg adlı bir facebook dostum var, yumor hissinə heyranam. Amma bunların heç birinin statusu nəsr mahiyyətli deyil. Atmaca, pritça, etüd xarakterlidir.

– Bəs kimdə var siz deyənlər?

– Ayxan Ayvazda, Kəramət Böyükçöldə… Mən ən cavanları deyirəm təbii ki. Hərgah bu imzaların da artıq bir neçə kitabı çıxıb. Bəzən adi bir adamda hiss edirsən bunu, amma özünün xəbəri yoxdur. Kəramət ən mənasız bir hadisəni də yazıçı kimi yazır. Çünki, məsələlərə yazıçı kimi baxır. Özündən asılı olmadan. Kəramətin heç bir zəhmət çəkmədən ulaşdığı məqama çox adam on il oxusa da ulaşa bilməz. Bunun üçün təbiət səni belə yaratmalıdır. Nəsr yazmaq bacarığı altıbarmaqlı doğulmaq kimi istisnadır. Bu qazanılmış vərdiş deyil. Əvvəldən canında olmalıdır və sən də, day Kəramət kimi etməməli, ciddi-ciddi oxumalı, özünü daha yüksək səviyyədən, daha dərin qatlardan ifadə eləməlisən. Bu misallar şərtidir. Adları dəyişə də bilərəm. Sadəcə fikrimi ifadə etmək üçün deyirəm. Mətndəki az qala bütün cümlələrin redaktəyə ehtiyacı varsa, demək nəsə yerində deyil. Yazıçının əlində qələm nəğmə oxumalıdır. Oxumursa oxucu qəlbinə sirayət edə bilməz. Nəğməni pəltək dillə oxumaq olmur, kəkələyərək oxumaq olmur. Öz yazdığı sözlərin altına yıxılıb əzilən yazıçıdan yazıçı olmaz. Yazıçı sözlərin canını almalıdır.

– Şərif Ağayarın hazırda arzularından sonrakı şəhər varmı?

– Hamımızın var. Hamımız arzularımıza çatıb ondan sonrakı, arzuların ötəsindəki anları yaşamaq istəyirik. Həyat arzulara çatmaq prosesidir. Bu proses dayansa, həyat da bitər. Biz irili-xırdalı nələrsə arzulayıb, onları əldə eləmək üçün fəaliyyət göstəririk. Arzu-istəklərin içində ən alisi azadlıqdır. Mən siyasi azadlıqdan danışmıram. Baxın, ailə qurmaq azadlığı var, sevmək azadlığı var, ayrılmaq azadlığı var, səhv eləmək azadlığı var, susmaq azadlığı var. Eyni zamanda yaşamaq, vətəndə qalmaq azadlığı var. Müharibə də bir şəkildə yaşamaq və vətənimizdə qalmaq azadlığımızı məhdudlaşdırır, əlimizdən alır. Bu mənada son romandakı azadlıq anlayışı çox geniş götürülür. Bəzən sadaladığım azadlıqları bizim ən yaxın adamlarımız məhdudlaşdırırlar. İnsan azadlıqlardan məhdud olduqca arzularla, xəyallarla yaşamağa başlayır və özü üçün arzuların ötəsində bir məkan uydurur. Ora çatsa xoşbəxt olacağını zənn edir. “Arzulardan sonrakı şəhər” romanı əsasən bu məsələlər haqqındadır. Amma əsas bunlar deyil. Əsas nə demək deyil. Bayaq dedik ki, həyat arzulara çatmaq prosesidir. Nəsr də düşünülmüş ideya və mesaja doğru yazmaq, yazmağı bacarmaq prosesidir. Düşünürəm ki, mən bunu bacarmışam.

– Yeni roman da var deyəsən…

– Var. Bu il çıxacaq yəqin ki. Çatdırmasam, gələn ilin əvvəli… Amma gəlin, bu barədə danışmayaq. Kitab çıxsın, sonra.

– Son zamanlar gənc yazıçı və şairlər ya bilərəkdən gündəmdə qalmaq, ya da elə düşündükləri üçün müxtəlif qalmaqallı fikirlər səsləndirirlər. Buna münasibətiniz necədir?

– Çox yaxşı. Etsinlər. Gənc qalmaqal edər də. Amma bu qalmaqalların, bu diqqətçəkmələrin ardınca mətn gəlməlidir. Gəlməsə, hər şey unudulacaq.

– “Hazırda ədəbiyyatımızın vəziyyəti necədir?” sualını son cavablandırdığınız gündən bəri vəziyyətdə nəsə dəyişiklik var?

– Ciddi yox. Bizdə ədəbiyyat fədakarların ümidinə qalıb. Biz bu işlə fədakarcasına məşğuluq. Lazımı mühit yoxdur. Kitab sənayesi yoxdur. Amma ayrı-ayrı fərdlərin zəhməti, fədakarlığı hesabına az-çox ədəbiyyat ab-havası duyulur.

– Və onlardan biri də sizsiniz?

– Elə düşünürəm.

– Türkiyədə qarşılaşdığım bir kitab satıcısı milliyətimi bildikdən sonra türk və azərilərin kitab oxumadıqlarını, ancaq ermənilərin yaxşı oxuduğunu söylədi. Belə bir müşahidəniz varmı? Ümumiyyətlə, Azərbaycan oxucusu necədir?

– Erməniləri müşahidə etmək imkanım olmayıb. Gürcülərin və türklərin bizdən qabaqda olduğunu bilirəm. Türkiyədə kitab industriyası oturuşub. Gürcüstanda kitaba qarşı ciddi güzəştlər tətbiq edilib və bu da ədəbiyyatın inkişafına səbəb olur. Gürcülər bizdən daha çox oxuyurlar. Türklər də. Məncə, bizdə də son on ildə oxucu sayı artıb.

– Bir az da kulis.azdan danışaq… Yeni rəhbər təyin olundunuz… 

– Kulis.az bir ədəbiyyat layihəsidir və çox uğurlu, böyük layihədir. Çalışırıq ki, bu adı, bu imici doğruldaq. Şəxsi, subyektiv ədəbi zövqümü kənara qoyub mümkün qədər obyektiv işləməyə çalışıram. Kulis.az-ı hər bir istedadlı qələm adamının, sənət adamının tribunası hesab edirəm. Mən sadəcə maaş qarşılığı onların xidmətindəyəm. Bu xidmətdən məmnun qalsalar, sevinərəm.

– Qan Turalının Kulis.az-dan getməsi, sizin gəlməyiniz ədəbi-mədəni kuluarlarda, sosial şəbəkələrdə bir balaca söz-söhbət yaratmışdı. Bu barədə danışmaq istərdiniz?

– Niyə də yox? Mən də düşünürəm ki, bu məsələ ilə bağlı aydınlıq gətirilməli bəzi məqamlar var. Adi iş günlərinin birində Tural evdən bizə qəfil yazdı ki, Kulis.az-la vidalaşır, daha gəlməyəcək. Biz çaşıb qaldıq. Götürüb Turala zəng vurdum. Soruşdum, nə məsələdir? Dedi: “telefonda heç nə deyə bilmərəm, sizə aidiyyatı yoxdur, şəxsi məsələdir, siz işinizin üstündə olun, axşam görüşərik”.

Axşam mən, Mirmehdi Ağaoğlu, Ayxan Ayvaz “Gənclik”də, “Atatürk parkı”nda Turalla görüşdük. Tural yenə dedi ki, şəxsi məsələdir, həm də yorulub, 6 ildir işləyir. Hətta mənə dedi ki, rəhbər olmağımı istəyir. Başqa kim gələsidir ki ora. Mən dedim, gəl işinə qayıt, lap lazımdırsa, mən də danışım rəhbərliklə, anlaşılmazlıq varsa aradan qaldıraq, getmə, bu, sayt üçün yaxşı olmaya bilər. Dedi, qərarı kəsindir, düşünülmüşdür. Həm də başqa layihələri var. Deyib, gülə-gülə ayrıldıq və bir-birimizə uğurlar arzuladıq. Və döndük işimizin başına…

– Halbuki xəbər yayılmışdı ki, siz istefa vermisiniz. 

– Bəli. Bir neçə gün sonra axşam hansısa saytda xəbər yayıldı ki, guya Kulis.az kollektivi istefa verib. Mən bunu səhər gördüm və təbii olaraq bir status yazdım ki, kollektiv işləyir, yerindədir, belə xəbəri yazanda heç olmasa sayta baxın, imzamızla yazılar qoyulub. Tural haqqında ona görə heç nə yazmadım ki, bu mənim səlahiyyətimdə olan məsələ deyildi və onun çıxması rəsmiləşməmişdi. Sadəcə o, işə gəlmirdi. Xəbər yalan idi, mən o yalana qarşı doğru olanı yazmalı idim və yazdım. Ancaq eşitdim ki, bu status Turalın xoşuna gəlməyib. Halbuki Tural özü nəzakət naminə o yalançı xəbəri təkzib etməli, dostlarını çətin vəziyyətdə qoymamalıydı. Axı biz söz danışmışdıq. İndi ictimaiyyət söhbətin birinci hissəsindən xəbərsizdir deyə, qafalarda sual işarələri qalıb və Tural da deyəsən bu sükutdan yararlanmaq istəyir. Yoxsa iki-üç kəlmə “Mən Kulis-az-dan getdim, dostlara uğurlar!” – yazsaydı, heç bir qaranlıq məqam qalmazdı. Niyə yazmadı, niyə etmədi, niyə dostlarına ayrı şey deyib, ədəbi-mədəni kuluarda ayrı söz-söhbətlər gəzdirdi, bu onun öz işidir. Mən sadəcə sizin sualın verdiyi imkandan istifadə edib dostların və oxucuların həqiqəti bilməsini istəyirəm. Mən Turalın əleyhinə heç bir fəaliyyətdə olmadım, olmayacam da. Bizim ədəbiyyatda, yazıçılıqda ciddi fikir ayrılıqlarımız var, amma bunun şəxsi münasibətə və işə zərrə qədər dəxli yoxdur. Bütün müəlliflər kimi Kulis.az Turalın da üzünə daima açıqdır.

Əvəzedilməz adam yoxdur. Sabah mən də gedə bilərəm və sayt yenə yaşayacaq, yenə ən yaxşı ədəbiyyat portallarından biri olaraq qalacaqdır. Çünki bazası var, ənənəsi var, adı var. Və bütün bunların yaranmasında Turalın da danılmaz əməyi olub. Yenə deyirəm, Kulis.az istedadı olan hər kəsin saytdır. Biz sadəcə işçilərik, sabah dəyişə də bilərik. Gedənə yaxşı yol, qalana can sağlığı – məsələ bu qədər sadədir.

Həmçinin oxuyun

Papa qadın məhbusların ayaqlarını yuyub öpdü

Katolik dünyasının ruhani lideri Papa Fransisk katoliklərin bu həftəsonu qeyd etməyə hazırlaşdıqları Pasxa mərasimləri çərçivəsində …

Bir cavab yazın