Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Dünya / “Məmurlar rüşvətə bulaşır, dələduzluq olur” – Müsahibə

“Məmurlar rüşvətə bulaşır, dələduzluq olur” – Müsahibə

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadənin “Qafqazinfo”ya müsahibəsi

– İqtisadi böhrandan çıxış yolları ilə bağlı bir sıra partiyalar öz təkliflər paketini hazırlayıb cəmiyyətə təqdim etdi. Sizin partiyanız isə belə bir təşəbbüslə çıxış etmədi…

– Əslində, yaranmış vəziyyət partiyamızın iqtisadiyyatla bağlı platformasını həyata keçirmək məcburiyyətini yaratdı. Dünyada enerji daşıyıcılarının qiymətləri yüksək olan zaman Azərbaycanın iqtisadi qalxınması bu amillərlə bağlı idi. Belə bir məqam yaranmışdı ki, ölkə iqtisadiyyatının diversifikasiyasına Azərbaycan nail olunmalı idi. Biz hər zaman vurğulamışıq ki, hər bir ölkənin inkişafı ilk növbədə xırda və orta sahibkarlığın vəziyyəti ilə bağlıdır. İqtisadiyyatın diversifikasiyası da əslində orta və xırda sinfin imkanları ilə bağlıdır. Ölkənin inkişafı aqrar sahələrin, fermer təsərrüfatlarının güclənməsi yolu ilə həyata keçirilməlidir. Turizm, xidmət sahələri inkişaf etməlidir. İş adamları istənilən sahənin inkişafı üçün əmək sərf edir.

Azərbaycanda liberal iqtisadiyyata keçid zərurəti hər zaman olub. Məmur özbaşınalığı isə hər bir iş adamının fəaliyyəti üçün müəyyən maneələr törədirdi. Dövlət başçısının bu istiqamətdə verdiyi təkliflər də bizim dediyimiz liberal iqtisadiyyata keçidlə bağlıdır. Bir sıra sahələrdə məmur ordusunun sayı azaldılmalıdır. Azərbaycanda nazirliklərin, komitələrin sayı bir sıra ölkələrdəkindən üç dəfə artıqdır. Bizim kimi xırda ölkədə 57 dənə dövlət universiteti var. Buna nə ehtiyac var? Burada özəlləşdirmə prosesi davam etməlidir.

– Ekspertlər belə hesab edir ki, iqtisadi çətinliklərlə üzləşdiyimiz dövrdən bəri hökumət tərəfindən müxtəlif təkliflər səsləndirilsə də, amma real olaraq iş görülmür. Siz necə düşünürsünüz?

– Bunun üçün istərdik ki, prezidentin dəfələrlə verdiyi sərəncamların, fərmanların icrası ilə bağlı mexanizmlər gücləndirilsin. Buna maneçilik törədən məmurlar mütləq cəzalandırılmalıdır. İctimai nəzarət gücləndirilməlidir. Azərbaycan bütün gücünü səfərbər etməlidir.

– Müsahiblərimdən biri demişdi ki, nazirlərimiz çox varlıdır, çünki monopolistdirlər. Sizin fikrinizcə, bəs necədir?

– İstərdim ki, hər bir deyilən söz nəyəsə arxalansın. Kimisə ittiham etməzdən qabaq dəlillər olmalıdır. Ölkədə antikorrupsiya komissiyası fəaliyyət göstərir. Bununla bağlı faktlar varsa təqdim olunmalı və isbat edilməlidir. Öz çərçivəsini aşan, xoşagəlməz fəaliyyətlə məşğul olan məmurlar qanun qarşısında cavabdeh olmalıdır.

Son illərdə ən uğurlu nailiyyətimiz ASAN Xidmətin yaranması oldu. Ancaq elektron hökumət sistemi yaradılmadı. Belə bir fikir də adamın ağlına gəlir, bəlkə elə bu hökuməti də ASAN Xidmətin öhdəsinə verək, xoşagəlməz halların qarşısı alınsın.

– Məmur özbaşınalığından danışdınız. Bu günlərdə bir dövlət komitəsinin sədrinin adı 170 min dollarlıq dələduzluqda hallandırılır. Bununla bağlı nə deyə bilərsiniz?

– Hesab edirəm ki, belə faktlar qisas almaq formasında olmamalıdır. Faktlar yoxdursa, bunlar məsuliyyətsiz ittihamlar olardı. Belə bir hüquq pozuntuları varsa, hamı qanunun qarşısında eyni formada məsuliyyət daşımalıdır. İstintaqın fəaliyyətinə təzyiq göstərməmək üçün gözləmək lazımdır.

– Başqa ölkələrdə məhz bu cür faktlarla hansısa dövlət məmuru üzləşərsə, o sizin dediyiniz istintaqın fəaliyyətinə təsir etməmək üçün sözügedən məmur istefa verir. Azərbaycanda bir neçə dəfə ayrı-ayrı məmurlar barəsində ittihamlar yayılsa da, biz istefa edənini görməmişik…

– Deməli, özü-özlüyündə hökumətin fəaliyyətində çox ciddi dəyişikliklər olmalıdır. Eyni zamanda, hökumətin məhdudlaşdırılmasına ehtiyac var. Zəruri olmayan hökumət qurumları ixtisar olunmalıdır. Bu Azərbaycan büdcəsini artırmaq üçün ən gözəl üsullardan biridir. Məmurların arasına mənəvi cəhətdən yüksək olmayan insanlar da gəlir. Onlar da qanunları pozaraq rüşvətə bulaşır, dələduzluq mövcud olur.

– Daha hansı qurumların ləğv edilməsini təklif edirsiniz?

– Bu sahədə ciddi düşünmək lazımdır. Saysız-hesabsız olan komitələrin fəaliyyətini hansısa birləşmiş nazirliklərdə də icra etmək olar. Yerlərdə də hansısa formada şişirdilmiş icra qurumları var, onlara da baxış keçirilməlidir. Bir sıra sahələrdə özəlləşdirilmə aparılmaqla dövlət xərclərinin yükünü azaltmaq olar. Əldə edilən gəlirlər aztəminatlı ailələrin, müharibə əlillərinin, veteranlarının, şəhid ailələrinin müdafiəsinə xərclənilə bilər.

– Adətən parlamentdə təmsil olunan bir sıra deputatlara biznesmen deputat prizmasından baxırlar. Sizin də biznesiniz varmı?

– Belə faktlar var. Bir sıra millət vəkilləri özəl bizneslə məşğul olublar. İndi qanunvericiliyə uyğun olaraq onlar bu özəl biznesdən ayrılıblar. Bizdə olan rəsmi məlumata görə, onlar biznes idarəetməsini konfliktin olmaması üçün digər şəxslərə həvalə ediblər. Amma keçmiş biznesmenlərin parlamentdə olması normal bir haldır. Ümumiyyətlə isə, ölkədə biznesmenlərin sayı, gücü daha da artmalıdır. Onlar qanunvericiliyi pozmadan parlamentdə təmsil olunursa, buna normal baxmaq lazımdır.

Çox təəssüf ki, özəl biznesim yoxdur. Yaxşı olardı ki, hamı belə bir fəaliyyətlə məşğul olmaq imkanlarına sahib olardı. Mən bacarmadığım işlə məşğul olmuram. Ona görə də heç vaxt özəl sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışam.

– Niyə ölkədə rəsmi şəkildə özünü biznesmen elan edən sahibkar yoxdur?

– Biz xırda ölkəyik. Məsələn, ən varlı adamlar Çində, Amerikadadır. Bu ölkələrin əhalisi də milyarddan çoxdur. Onların iqtisadiyyatları ilə Azərbaycan iqtisadiyyatı müqayisə oluna bilməz. Amma bununla yanaşı istərdik ki, zəngin insanlarımız olsun. Bunun üçün də şəffaf liberal iqtisadiyyat mövcud olmalıdır.

– Maliyyə naziri xalqa çağırış etmişdi ki, pullarınızı banklarda saxlayın, ictimai sektor isə belə hesab edirdi ki, əslində çağırış bəzi məmurlara yönəlik olmalı idi ki, onlar xaricdə olan pullarını ölkəyə gətirib iqtisadiyyatın inkişafına xərcləsinlər…

– Konkret ad varsa çəkmək lazımdır. Bundan əlavə, iş adamları üçün hüququn aliliyi təmin olunmalıdır. Belə olarsa, ölkəyə xarici investisiyanın da axını güclənə bilər. Əgər bunlar məmurların vəsaitləridirsə, araşdırılmalıdır. Çalışmaq lazımdır ki, qeyri- qanuni əldə edilmiş həmin vəsaitlər ölkəyə və büdcəyə qaytarılsın.

– Bu günlərdə test üsulunun ləğv edilməsi məsələsi də müzakirə olunur. İnsan amilinin rol oynamadığı bu sistemin ləğv edilməsinin tərəfdarısınızmı?

– Test üsulunun ləğvindən yox, təkmilləşdirilməsindən söhbət gedə bilər. Bu gün orta məktəbi bitirən şagirdlər test üsulu ilə bir imtahan verərək ali məktəbə daxil ola bilər. Bu sistem məcbur etməməlidir ki, şagird qısa müddətdə iki imtahan versin. Bunları birləşdirmək olar. Vahid imtahan sistemi bir sıra ölkələrdə var. Bu gün məktəbi bitirən şagirdlərin 70 faizi universitetlərdə öz təhsillərini davam etdirmirlər. Ölkədə çox ciddi şəkildə peşə təhsili formalaşmalıdır. Bu sistemin hüquqi bazasını yaratmaq üçün parlament çox ciddi işləməlidir.

– Deputatlar çox vaxt nazirliklərə ünvanladıqları müraciətlərə cavab almamaqdan şikayətlənirlər. Hətta iclasların birində komitə sədri Arif Rəhimzadə də bu kontekstdə çıxış edərək demişdi ki, “cəsarətimiz çatsa, qurum rəhbərlərindən cavab da tələb edək”. Bu qədərmi cəsarətsizlik var bəzi deputatlarımızda? Sizcə, həmin deputatlar niyə bu vəziyyətə düşüblər?

– Mən nadir hallarda belə hallarla üzləşirəm. Seçicilərimizin bizə müraciətləri ilə bağlı icra strukturlarına müraciət edirik, nadir hallarda cavab almırıq. Ola bilər ki, bu cavablar bizi qane etməsin. O zaman məcbur oluruq ki, seçicinin tapdanmış hüquqlarını müdafiə etmək üçün bir neçə istiqamətə təkrarən müraciət edək.

– AŞPA-nın yanvar sessiyasında Qarabağla bağlı qətnamənin bizim lehimizə qəbul edilməsi üçün 4 səs çatmadı. Siyasi şərhçilərimizdən biri bildirmişdi ki, deputatlarımız bu istiqamətdə əllərindən gələni etsə də, amma Xarici İşlər Nazirliyi heç bir iş görməyib. Baxmayaraq ki, Ermənistan tərəfdən hər bir avropalı nazirə tapşırılıb ki, deputatlarınıza təsir edin, Azərbaycanın lehinə səs verməsinlər. Siz də sessiyada iştirak etmiş bir deputat kimi bu iddialar barədə nə deyə bilərsiniz?

– Mən deyə bilmərəm ki, XİN heç bir iş görməyib. Ümumiyyətlə isə Xarici İşlər Nazirliyinin daha çox işləməsini arzu edirik. Bunun üçün böyük potensial var. Azərbaycanın 78 ölkədə səfirlikləri, bundan əlavə daimi nümayəndəlikləri var. İstərdik ki, Azərbaycan bunun bəhrəsini görsün.

– Rusiyanın Ermənistana hərbi xərclər üçün 200 milyona yaxın vəsait ayırdığı haqda məlumat var. Amma Azərbaycan tərəfdən bu məsələyə reaksiya verilmədi…

– Azərbaycanın bu istiqamətdə yeganə reaksiyası öz silahlı qüvvələrini yeni müasir silahlarla təmin etmək olmalıdır. Beynəlxalq ekspertlər də deyir ki, Azərbaycan Silahlı Qüvvələri kifayət qədər inkişaf edib. Bu istiqamətdə işlər daha da artmalıdır. Bilirsiniz ki, bölgədə çox xoşagəlməz hallar baş verir. Ona görə də bu vəziyyətdə Azərbaycan ayıq olmalıdır, güclü olmaq üçün özünə dost, tərəfdaş qazanmalıdır.

– Son olaraq Xocalı faciəsinin növbəti ildönümü ilə bağlı keçirilən tədbirlərlə bağlı nə deyə bilərsiniz?

– Mən istərdim ki, hər bir azərbaycanlı faciəni dünyaya tanıtmaq, cinayətkarları ədalətin hökmünə cəlb etmək üçün müəyyən işlər görsün. Haaqa tribunalına cinayətkarlar cəlb olunmayana qədər gərək biz bu prosesi dayandırmayaq.

 

“Məmurlar rüşvətə bulaşır, dələduzluq olur”  -  Müsahibə

 

Həmçinin oxuyun

Ermənistan prezidenti Brüsselə gedib

Ermənistan prezidenti Armen Sarkisyan Brüsselə yola düşüb. Bu barədə TASS xəbər verir. Səfər zamanı Dağlıq …

Bir cavab yazın